Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qədirbilən İran xalqına xidmət etmək Allahın insana nəsib etdiyi uğurdur!

Ali Məqamlı Rəhbərin Şimali Xorasan vilayətinə səfərinin sonuncu – 7-ci günündə Nazilər Kabinetinin üzvləri Bocnurdda xüsusi iclas keçirdikdən sonra bu gün (çərşənbə günü) günorta Həzrət Ayətullah Xamenei ilə görüşərək vilayət əhalisinin problemlərinin həlli, vilayətin inkişaf tempinin sürətləndirilməsi istiqamətində qəbul etdikləri qərarları ona təqdim etdilər.

Görüş zamanı Həzrət Ayətullah Xamenei qeyd etdi ki, qədirbilən İran xalqına, o cümlədən Şimali Xorasanın mömin, istiqanlı, inqilaba sadiq, saf qəlbli və aydın düşüncəli əhalisinə xidmət etmək Allahın insana nəsib etdiyi uğurdur. O vurğuladı: “Bu nəcib və layiqli camaata mümkün olduğu qədər yüksək səviyyədə və çox xidmət etmək lazımdır”.

Hökumətin Şimali Xorasanın vəziyyətini yaxşılaşdırmaq istiqamətində qəbul etdiyi qərarların yaxşı və kompleks xarakterli olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu qərarların hamısı valinin ardıcıl və ciddi nəzarəti, habelə yüksək ranqlı rəsmilərin xüsusi diqqəti sayəsində reallaşdırılmalı, əhali onların təsirini öz yaşayışında hiss etməlidir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, Şimali Xorasanda vəziyyətin yaxşılaşdırılması istiqamətində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarların reallaşdırılması üçün müvafiq siyasətlərin ardıcıl şəkildə həyata keçirilməsi, vilayət administrasiyasının səbatla səy göstərməsi vacibdir. O, əlavə etdi: “Qəbul etdiyiniz qərarların mövcud imkan və resurslar, insan potensialı, çevik nəticə vermə, xalqın həyatına daha geniş təsir göstərmə baxımından prioritet ardıcıllığını müəyyənləşdirin”.

Həzrət Ayətullah Xamenei mütəxəssis rəyləri əsasında sənədləşdirilmiş hesabatlara istinadən vilayətdə üç məsələnin prioritet əhəmiyyət daşıdığını qeyd etdi: əkinçilik, turizm, vilayətdəki zavod və sənaye müəssisələrinə dəstək verilməsi.

“Şimali Xorasan əhalisinin yarısının kəndlərdə yaşaması, münbit torpaqların, geniş çeşidli və keyfiyyətli məhsulların, münasib iqlim şəraitinin mövcudluğu vilayətdə əkinçiliyin prioritet əhəmiyyət daşıdığına daha bir sübutdur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Regionda əkinçiliyin rövnəqləndirilməsi çoxlu sayda yeni iş yerlərinin yaranmasına, əhalinin və vilayətdəki qurumların gəlirlərinin artmasına, işsizlikdən qaynaqlanan sosial problemlərin həllinə yol açacaq”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar qeyd etdi ki, sənayeləşmə və modernləşdirmə, əkin torpaqlarının inteqrasiyası, emal sənayesinin və soyuducu kameraların yaradılması vilayətdə əkinçiliyi rövnəqləndirəcək amillər sırasına daxildir.

O həmçinin Şimali Xorasan vilayətinin 8-ci imamın (ə) müqəddəs qəbrini ziyarətə gedən milyonlarla zəvvarın yolu üstündə olduğuna toxunaraq dedi: “Bu məziyyəti, həmçinin vilayətdə gəzməli-görməli məkanların mövcudluğunu nəzərə alaraq demək olar ki,  turizm vilayətin prioritet məsələləri sırasında ikinci yeri tuta bilər”.

Həzrət Ayətullah Xamenei rəsmilərə aşağıdakı tövsiyəni verdi: “Regionda turizmə prioritet əhəmiyyət verməklə, həmçinin İmam Rzanın (ə) ziyarətinə gələn zəvvarların, heç olmasa, bir qismini vilayətin mühüm turizm məkanlarına cəlb etmək istiqamətində proqramlar hazırlamaqla Şimali Xorasanın ümumi vəziyyətinin yaxşılaşdırılmasına səy göstərin”.

Ali Məqamlı Rəhbər bildirdi ki, Şimali Xorasanın üçüncü prioritet məsələsi mühüm zavodların, o cümlədən poladəritmə və boru zavodlarının problemlərinin həlli, yarımçıq qalmış buxar-qaz elektrik stansiyası layihəsinin tamamlanmasıdır.

Fürsətdən istifadə edən Həzrət Ayətullah Xamenei yarımçıq qalmış layihələrin tamamlanıb istifadəyə verilməsi məqsədilə həyata keçirilən “Mehr-e mandeqar” proqramı çərçivəsində görülmüş işlərə görə hökumət nümayəndələrinə qədirdanlığını ifadə edərək dedi ki, X hökumətin xidmətinin sonuncu ilində mövcud enerji və imkanlar, məntiqi olaraq, yarımçıq qalmış layihələrə sərf olunmalıdır.

Həzrət Ayətullah Xamenei dərin və sonsuz məhəbbətinə görə vilayət əhalisinə bir daha təşəkkürünü bildirərək dedi: “Xalqın sevgisi, əsasən, onun İslama, inqilaba qəlbən bağlılığından qaynaqlanır. Əlbəttə, əhalinin haqlı və məntiqli gözləntiləri də var ki, biz onları hazırladığımız fəaliyyət proqramları, gərgin zəhmət və səylərimizlə layiqli şəkildə cavablandırmalıyıq”.

Görüşün əvvəlində ölkə başçısının birinci müavini cənab Rəhimi vilayətdəki vəziyyət, Hökumət Kabinetinin bu gün səhər baş tutan iclasında qəbul edilmiş qərarlarla bağlı hesabat verərək dedi: “İnfrastruktur, mədəniyyət, idman, yoxsul regionların və ucqar kəndlərin problemlərinin həlli, istehsalat, iqtisadiyyat, əkinçilik və banklardan kreditlərin ayrılması sahələrində mühüm qərarlar qəbul olunmuşdur”.

Ölkə başçısının birinci müavini dedi: “Nazirlər Kabinetinin iclası Şimali Xorasan vilayətinin inkişaf və yüksəlişi, mövcud problemlərin həlli istiqamətində müxtəlif qərarları ehtiva etdi. Bu qərarların reallaşdırılması üçün ümumilikdə 3800 milyard tümən həcmində kreditin ayrılması nəzərdə tutuldu”.

Cənab Rəhiminin dediyinə görə, Nazirlər Kabineti vilayətdəki yarımçıq qalmış layihələrin tamamlanması üçün də 1000 milyard tümən təxsis etmişdir.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /