Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənin nüfuz etməkdə məqsədi sistemin güc əsaslarını sıradan çıxarmaqdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və Məclisin beşinci mərhələsinə seçilmiş nümayəndələri ilə görüşündə bu məclisin həqiqətən, böyük bir hadisə olduğunu qeyd edərək onun inqilabi mahiyyətini və xəttini açıqladı: “Sistemin bəqası, inkişafı və hədəflərinin həyata keçməsinin yeganə yolu “dövlətin həqiqi mənada güclü olması” və “böyük cihad”, yəni düşmənə itaət göstərməməkdir”.

O, seçkilərin yaxşı keçməsi, onun xalq tərəfindən yaxşı qarşılanması, ekspertlərin möhtərəm və səmərəli məclisinin təşkilinə görə Allah şükür etdi: “Xubriqan Məclisi Allahın bir nemətidir. Hətta konstitusiyada nəzərdə tutulmuş vəzifələrindən asılı olmayaraq, o, böyük və faydalı bir hadisə hesab edilir”.

İnqilabın rəhbəri qeyd etdi ki, xalqın seçilmiş və etimad göstərdiyi bu kollektivin alimlər, dini və elmi ekspertlərdən təşkil olunması özü-özlüyündə mühüm əhəmiyyət daşıyır: “Bu uca və ali heyət fikir mübadiləsi aparmaq, uzlaşmaq və effektiv fəaliyyət göstərmək üçün böyük potensiala malikdir”.

Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinə üzv olan alimlərin xalqın müxtəlif təbəqələri ilə əlaqəsi və onların xalqın düşüncə tərzinə təsir göstərmək gücündə olması məsələsinə toxunaraq dedi: “Bu kollektiv lazımi vaxt başa çatana qədər konstitusyada müəyyən edilmiş vəzifələri ifa etmək üçün hərəkətsiz qalmamalıdır”.

O bildirdi ki, müxtəlif məsələlərlə bağlı seminarlar keçirilməsi, diqqət mərkəzində olan məsələlər üzərində bir araya gəlmək, mövqelər və tələblərin elan edilməsi, ümumi tələb və diskursun növünü formalaşdırmaq Xubriqan Məclisinin potensiallarındandır: “Bu məqsədin reallaşacağı təqdirdə müxtəlif qüvvələr, dövlət rəsmiləri və icraçılar da tələb olunanı təmin etmək üçün təbii qaydada fəaliyyət göstərəcəklər”.

İnqilabın rəhbəri vurğuladı ki, Xubriqan Məclisinin yolu və hədəfləri elə inqilabın yolu və hədəfləri olmalıdır: “İslam hakimiyyəti, azadlıq, müstəqillik, sosial ədalət, ümumi rifah, yoxsulluq və savadsızlığın aradan qaldırılması, Qərbdə vüsət almış əxlaqi, iqtisadi, sosial və siyasi fəsadların dağıdıcı selinə qarşı müqavimət göstərmək, imperializm cəphəsinin hegemonluğu qarşısında duruş gətirmək İran xalqının islami inqilabının ən mühüm hədəflərindəndir”.

O, hegemonluğun imperializmin mahiyyəti və təbiətindən irəli gəldiyini dedi: “İmperializm cəbhəsi təbiətinə uyğun olaraq xalqlar üzərində hökmranlığın miqyasını artırmaq niyyəti güdür. Hər hansı ölkə və xalq müqavimət göstərməsə, onların toruna düşür”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam heç şübhəsiz, zülm və imperializmin kökünü kəsən bir dindir: “Əlbəttə, beynəlxalq zorakılara qarşı müqavimət göstərməyi və imperiya cəbhəsini məhv etməyi hökumət sistemi formasında təşəkkül tapmış, hərbi, siyasi, iqtisadi, mədəni və informasiya vasitələrinə malik olan İslam bacarar”.

O, inqilabın qorunmasının onu yaratmaqdan daha çətin olduğunu qeyd edərək dünyanın zorakılar cəbhəsinə qarşı düzgün mübarizə formasından danışdı: “İran xalqının düşmənləri öz gündəliklərinə ilk başlanğıcda sərt hücum planı daxil etdilər. 8 illik məcburi müharibə, inqilabın ilk vaxtlarında baş verən üsyanlar, terrorçu qruplaşmaların himayə edilməsi, İranın neft platformalarına hücum və sərnişin təyyarəsinin salınması bu hücumun təzahürlərindəndir. Ancaq bütün hücumlar Allahın yardımı, İmam Xomeyninin ilahi əzəməti, xalqın dözüm və müqaviməti sayəsində düşmənlərin məğlubiyyətilə nəticələndi”.

İnqilabın rəhbəri yumşaq müharibəni dünya zorakılarının fasiləsiz hücumlarının başqa bir mərhələsi olduğunu vurğuladı: “Ardı-arası kəsilməyən iqtisadi sanksiyalar, davamlı siyasi hücumlar, aldadıcı təbliğatlar, İslam respublikasının digər ölkələrdəki dayaqlaırını vurmaq düşmənlərin hücumlarının ikinci mərhələdə tətbiq etdikləri üsullardır. Allahın lütfü, xalqın və dövlət rəsmilərinin müqaviməti sayəsində bu hücumlar onların nəzərdə tutduqları nəticəni verməyib”.

Həzrət Ayətullah Xamenei hücumların üçüncü, yəni “nüfuz” mərhələsinin çox təhlükəli və yumşaq müharibənin davamı olduğunu vurğuladı: “İmperializm nüfuz strategiyasında qarşıya bir neçə məqsəd qoyub: qərar qəbul edən və qərar verən mərkəzlərə təsir göstərmək, xalqın inanclarını dəyişmək, dövlət rəsmilərinin hesablamalarını və mövqelərini dəyişmək”.

O bildirdi ki, inqilabın əsaslarına və institutlarına hücum, o cümlədən Keşikçilər Korpusuna, Mühafizəçilər Şurasına, inqilabın hizbullahçı və ruhani gənclərinə hucumlar yadların cari metodlarındandır: “Düşəminin yumşaq müharibənin bu mərhələsindəki əsl məqsədi sistemin daxili güc əsaslarının sıradan çıxmasına zəmin yaratmaqdır”.

İnqilabın rəhbəri dedi: “Əgər bu məqsəd həyata keçsə və İslam Resoublikası güc əsaslarından məhrum olsa, onu aradan aparmaq və ya əsas hərəkət istiqamətini dəyişmək çətin iş deyil. Bu səbəbdən də düşmənə tabe olmamaq və onun istəkləri qarşısında müqavimət göstərilməsinin “Böyük cihad” olduğunu xüsusilə vurğulayırıq”.

Həzrət Ayətullah Xamenei məclisin inqilabi fəaliyyət yolunu açıqladıqdan sonra əlavə etdi: “Savadlı və deduksiya bacarığı olan şəxslər tərəfindən dini qaydalara əsaslanan innovasiyaların həyata keçirilməsi, düşmənin vurduğu xəsarətlərin, o cümlədən etnik və məzhəb ixtilafları, mövqe ixtilafları, düşmənin ölkədə yaratdığı süni qütbləşmələrin aradan qaldırılması Xubriqan Məclisinin vəzifələrindəndir”.

O, xalqın Xubriqan Məclisinin beşinci mərhələsinə seçilmiş nümayəndələrinə xitab edərək dedi: “Durğunluq yolverilməzdir, İslam və inqilabın hədəflərini həyata keçirmək üçün inkişaf prinsipini hər zaman ciddi şəkildə diqqət mərkəzində saxlayın”.

İnqilabın rəhbəri çıxışının sonunda dövlət rəsmilərinin bu zaman kəsiyindəki ümumi vəzifələrindən danışdı.

O bildirdi ki, ölkənin həqiqətən, güclü olmasının yeganə yolu inqilabın və xalqın hədəflərinin bəqası, inkişafı və reallaşmasından keçir: “Bu yolda bütün dövlət rəsmiləri və orqanlarının üzərinə riayət edilməsi ciddilik tələb edən vəzifələr düşür”.

İnqilabın rəhbəri qeyd etdi ki, ölkənin qüdrətli olması hətta dünyanın əsl güc sahiblərindən imtiyaz əldə edilməsinə səbəb olur: “Əks təqdirdə, hətta kiçik və zəif dövlətlər də İrana qarşı tələblər irəli sürərlər”.

Həzrət Ayətullah Xamenei ölkənin gücü sayəsində düşməndən alınan imtiyazlardan birini belə şərh etdi: “Əziz dostlarımız deyirlər ki, nüvə danışıqlarında imtiyaz əldə etdik və rəqiblər İranın nüvə sənayesini qəbul etdilər. Bu hadisə İran iqtidarının zənginləşməsindən, yəni 20% zənginləşdirmədən sonra baş verdi. Çünki hər kəs bilir ki, zənginləşdirmədə 20%-ə çatmaq işin ən çətin mərhələsidir”.

İnqilabın rəhbəri on doqquz min birinci nəsil sentrifuqa istehsalı, on min sentrifuqa istifadəsi, iki, üç və dördüncü nəsil sentrifuqa istehsalı, habelə ağr su istehsalı zavodunun İranın nüvə gücünün göstəricilərindən olduğunu dedi: “Bir vaxtlar İranda hətta bir sentrifuqanın olmasına razı olmayan düşmən ölkənin nüvə gücü ilə qarşılaşdıqdan sonra qəbul etmək məcburiyyətində qaldı. Əslində, imtiyazı amerikalılar vermədi, biz öz gücümüz sayəsində aldıq”.

İnqilabın rəhbəri əlavə etdi: “Allahın köməkliyi ilə, müqavimət iqtisadiyyatı obyektiv nəticələrini verdikdən və ölkə iqtisadiyyatı gücləndikdən sonra düşmən sanksiya silahının təsirsiz olduğunu da dərk edəcək”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, daxili güc prinsiplərinin həyata keçirilməsini dövlət rəsmiləri və orqanlarından tələb etmək Xubriqan Məclisinin imkanlarındandır: “Bu böyük kollektiv sözügedən prosesdə də effektiv rol oynaya bilər”.

Həzrət Ayətullah Xamenei onu da qeyd etdi ki, təqva, cəsarət, bəsirət, lazımi vaxtda dəqiqlik, başqalarının qınaqlarından qorxmamaq, düşmən cəbhəsini doğru-düzgün və dəqiq tanımaq, fəaliyyətlərini dəqiq öyrənmək, inqilabi olmağın əsl meyarlarındandır.

O vurğuladı ki, bəzən düşmən məqsədyönlü olaraq üzdə müsbət işlər görür və bu da İranın daxilində yaxşı qarşılanır. Ancaq düşmənin əsl məqsədini dərk etsək, aldanmarıq.

İnqilab rəhbərinin xalqın Xubriqan Məclisinə seçilmiş nümayəndələrinə son tövsiyəsi özünə inam və ruhi məğlubiyyətdən qorunmaqla bağlı oldu.

O dedi: “Özünüzü qorxu hissi və daxili məğlubiyyətdən qoruyun. Yoxsa, məğlub olacaqsınız”.

İnqilabın rəhbəri çıxşının əvvəlində Xubriqan Məclisinin yeni üzvlərinə, xüsusilə gənc və təravətli müctəhidlərə “xoş gəlmisiniz” dedi və dünyasını dəyişmiş məclis üzvləri, xüsusilə mərhum Ayətullah Vaiz Təbəsinin xatirəsini əziz tutdu.

İslam inqilabının rəhbərindən əvvəl çıxış edən Xubriqan Məclisinin sədri Ayətullah Cənnəti inqilab rəhbərinə Xübriqan Məclisinin işə başlaması münasibətilə verdiyi ilhamverici bəyanata görə təşəkkür etdi. O, bu məclisin abu-havasının sakit və nizam-intizamlı olduğunu qeyd edərək Xubriqan Məclisinin xüsusi mövqeyindən danışdı: “Xalqın düşüncəsində bu məclis xüsusi nüfuza malikdir”.

Çıxışını “üzərimizə düşən hər bir vəzifəni elə yerinə yetirməliyik ki, Allah və xalqın razılığına səbəb olsun” məzmunu ilə davam etdirən məclisin sədri dedi: “İnqilab yolunu bütün istiqamətlərdə izləyəcəyik”.

Xubriqan Məclisinin ikinci sədr müavini Ayətullah Haşimi Şahrudi də bir məlumatda Xubriqan Məclisinin birinci iclasındakı çıxışlardan danışdı: “İnqilabi olmağın zəruriliyi, inqilabi düşünmək, inqilabi davranmaq”, “inqilab rəhbərinin göstərişlərini icra etmək üçün bütün orqan və idarələri ciddi cəhdlə stimullaşdırmaq”, “hamının, xüsusilə dövlət rəsmilərinin cəmiyyətdə iki qütblülük yaradan məsələləri danışmaqdan çəkinməsi zərurəti” məclis üzvlərinin çıxışlarında yer alan mühüm mövzulardan idi”.

Ayətullah Haşimi Şahrudi əlavə etdi: “Xubriqan Məclisinin üzvləri ölkənin qarşılaşdığı problemlərdən, o cümlədən, mədəni çatışmazlıqlar, məişət və iqtisadiyyat, gənclərin məşğulluğu, duğrunluq, qaçaqçılıq, müqavimət iqtisadiyyatının reallaşmaması, İslam bankçılığının icra edilməməsi, yanlış və ifrat fikirlərin meydana gəlməsi, virtual aləmin ziyanları və sərhəd əyalətlərin problemləri ilə bağlı narahatlıqlarını və tələblərini bildirdilər”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /