Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkənin problemləri öz həllini inqilab ruhiyyəsində tapacaq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 13 Aban tarixinə təsadüf edən Şagird günü və Beynəlxalq İmperializmlə Milli Mübarizə günü ərəfəsində minlərlə şagird və tələbə ilə görüşdü. O, bu görüşdə İmamın (r.ə) və xalqın ABŞ-a qarşı müqavimətinin məntiqli və həqiqi mahiyyətinin gənc nəslin düşüncəsindəki tablosunu təhrif etmək, habelə problemlərin yeganə həlli yolunun ABŞ-la müzakirə və saziş olduğunu təlqin etmək üçün göstərilən bəzi təhlükəli səy və fəaliyyətlərlə bağlı xəbərdarlıq etdi: “Ölkənin problemlərini həll edəcək amil Allaha təvəkkül, özünə güvən, əməl və fəaliyyət cəsarəti, ayıqlıq, İmamın tövsiyələrinə əməl, təşəbbüskarlıq, gələcəyə inam, düşməndən qorxmazlıq və onun qarşısında təslim olmamaq məzmunlarını ehtiva edən inqilabçı ruhiyyə və təfəkkürdür”.

İslam İnqilabının Rəhbəri 13 Aban gününün tarixi hadisələrinə işarə edərək həmin günün ən mühüm hadisəsinin casusluq yuvasının ələ keçirilməsi olduğunu dedi: “Həmin gün əslində, casusluq yuvasını ələ keçirərək atdıqları addımlarla düşmənin bütün növ hərəkətlərinin qarşısını alan mömin, inqilabçı, cəsur, igid və təşəbbüskar gənclərin günüdür”.

Həzrət Ayətullah Xamenei dahi İmamın (r.ə) casusluq yuvasının ələ keçirilməsi hadisəsini “ikinci inqilab” kimi səciyyələndirdiyini xatırlatdı: “Bu cür səciyyələndirmə və adlandırma ABŞ-ın inqilabdan əvvəl və sonra İran xalqına qarşı hazıladığı məkrli planlar və çirkin niyyətlərlə bağlı idi. Çünki ABŞ İslam İnqilabını məğlubiyyətə uğratmaq üçün heç bir rəsmi və qeyri-rəsmi addımı əsirgəməmişdir. İnqilabçı gənclər o zaman casusluq yuvasını ələ keçirməklə onun hiyləgər planlarını puça çıxardılar”.

O, ABŞ səfirliyinin yerləşdiyi binadan əldə edilmiş sənədlərə işarə edərək dedi: “Casusluq yuvası ələ keçirilərkən bu sənədlər tikə-tikə doğranmışdı. İnqilabçı gənclərin səyi və zəhmətləri hesabına toplanıb quraşdırılmış həmin sənədlər ABŞ-ın İran xalqına qarşı düşmənçiliyi və hiyləgər planlarının nə qədər dərin olduğunu göstərdi”.

ABŞ səfirliyindən əldə edilmiş sənədlərdən yetmiş cild kitab düzəldiyini qeyd edən İslam İnqilabının Rəhbəri məktəb və universitetlərdə bu mühüm və qiymətli kitablara diqqətsizlik göstərildiyini tənqid etdi: “Nə üçün məktəb və universitetlərin dərs proqramlarında bu kitablardan heç bir əsər-əlamət yoxdur?”

Yeni Təlim-tərbiyə və Elmlər naziri tərəfindən bu məsələnin nəzarətə alınmasının zəruri olduğunu vurğulayan rəhbər çıxışının bu hissəsini yekunlaşdırarkən əlavə etdi: “4 Noyabr 1979-cu il tarixində casusluq yuvasının ələ keçirilməsi uzun illər İranı özününkü hesab edən, İran xalqının sərvətini və mənbələrini qarət edən acgöz hegemonun hiyləgər planları və düşmənçiliklərinə qarşı təbii reaksiya olmuşdur. İslam İnqilabının qələbəsi ilə bu ölkə onun əlindən çıxdı”.

O, vurğuladı: “Bu böyük hadisəyə rəhbərliyi də şəxsən İmam (r.ə) özü edirdi. Çünki həmin vaxt inqilabçı gənclərin casusluq yuvasını tutması hərəkatını neytrallaşdırmaq üçün müxtəlif təhriklər edilirdi. Ancaq İmam onların qarşısında qətiyyətlə dayandı”.

İslam İnqilabının Rəhbəri sonra kütlənin, xüsusilə gənclərin beyninə iki yanlış fikri salmaq üçün göstərilən bəzi təhlükəli səy və fəaliyyətlərə işarə edərək dedi: “Bu iki yanlış bunlardır: 1. Dahi İmamın ABŞ-a qarşı çıxması və “Var gücünüzlə ABŞ-ın başına çığırın” deməsi təəssübkeşlik və inadkarlıqdan irəli gəlir; 2. Ölkənin problemlərinin həlli ABŞ-la müzakirələr və anlaşmadan asılıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu iki yanlış fikir ABŞ, ona bağlı qüvvələr, bəzi peşman olmuşlar, nəfəsi kəsilmişlər və dünyapərəstlər tərəfindən cəmiyyətə, xüsusilə mətbuat və universitetlər vasitəsilə inyeksiya edilməkdədir”.

O, birinci yanlış fikir haqqında belə dedi: “İmamın (r.ə) ABŞ qarşısında dayanma səbəbinin təəssübkeşlik, inadkarlıq və təkəbbürdən qaynaqlandığını təbliğ edirlər. Demək istəyirlər ki, İmamın ABŞ-a qarşı çıxmasının heç bir məntiqi əsası olmamışdır! Halbuki İslam sistemi və İran xalqının ABŞ-a qarşı müqaviməti tam məntiqi dəlillərə əsaslanır”.

İslam İnqilabının Rəhbəri bu dəlilləri izah edərkən əlavə etdi: “İmperialist ABŞ dövlətinin mahiyyəti və siyasəti tamahkarlıq və hərisliyə əsaslanır. O, uzun illər mütəmadi olaraq bu siyasəti dünyanın müxtəlif regionlarında, xüsusilə Qərbi Asiya regionunda və inqilabdan əvvəl İranda həyata keçirmişdir. Buna görə də əgər inqilabın elə ilk aylarında azacıq diqqətsizliyə yol verilsəydi, İmam ABŞ-ın qarşısında dayanmasaydı, qapıdan çıxmış düşmən yenidən pəncərədən girəcəkdi”.

Həzrət Ayətullah Xamenei ABŞ-a qarşı müqavimətin məntiqi dəlillərindən bir başqasının insani dəyərlərin müdafiəsi olduğunu bildirdi: “ABŞ dövləti insani dəyərlərdən kilometrlərcə uzaq düşüb. İmam (r.ə); “Var gücünüzlə ABŞ-ın başına çığırın” deyərkən demək istəyirdi ki, insani dəyərlərlə heç bir uyğunluğu olmayan dövlət və sistemə ölüm olsun”.

O, ABŞ-ın prezident seçkilərinin iki namizədinin debatlarına işarə edərək dedi: “Bu iki namizəd bu günlərdə ABŞ-ın daxilindəki həqiqətləri və faciələri açıq şəkildə bəyan edirlər. Biz daha öncə bundan çox-çox az miqdarını deyəndə bir qrup insan inanmır və ya inanmaq istəmirdi. Ancaq indi onların debatlardakı açıqlamaları ABŞ-da insani dəyərlərin məhv olduğunu göstərir”.

ABŞ-dakı prezident seçkilərinin irqi ayrıseçkilik, Amerikada yoxsulluq, Amerikanın sərvətinin 90 %-nin bu ölkənin əhalisinin 1 %-nin əlində olması məsələləri ilə bağlı son debatlara toxunan İslam İnqilabının Rəhbəri dedi: “İnsani dəyərlər və insan hüquqlarının tapdalanması, ayrıseçkilik və irqçilik Amerika cəmiyyətinin bu günkü reallıqlarındandır”.

Həzrət Ayətullah Xamenei İmamın ABŞ-a qarşı çıxmasının məntiqi dəlillərindən birinin inqilabın ilk günlərində ABŞ tərəfindən Məhəmmədrza Pəhləviyə sığınacaq verilməsi və 18 avqust 1953-cü il çevrilişini yenidən planlaşdırmağa çalışması ilə bağlı olduğunu dedi: “İmam (r.ə) “Var gücünüzlə ABŞ-ın başına çığırın!” deməklə, əslində, xalqı ayıltdı, onların gözünü açdı və İslam inqilabının ilk illərində böyük bir hiyləgər planın formalaşmasına mane oldu”.

O, inqilabın ilk illərində ABŞ-ın hazırladığı müxtəlif planlara, 8 illik Məcburi Müharibə dövründə Səddamın hərtərəfli müdafiəsi, habelə müharibə bitdikdən sonra da onun bu günə qədər davam edən, xüsusilə Birgə Fəaliyyətlərin Kompleks Planı (BFKP) və ondan sonrakı fəaliyyətləri məsələsinə toxunaraq əlavə etdi: “Elə bir neçə gün əvvəl ABŞ-ın nüvə məsələləri ilə bağlı müzakirələrdə iştirak edən nümayəndəsi açıq şəkildə bildirdi ki, Biz BFKP-dan sonra da İrana qarşı sanksiya tətbiq etdik. Biz belə bir dövlətlə qarşı-qarşıyayıq”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Əgər İran xalqı İmamın vaxtında ABŞ qarşısında dayanıbsa, bu gün də ABŞ əleyhinə şüar verməkdə və bu dövlətin qarşısında dayanmaqda davam edirsə, deməli, bu, əsaslı və möhkəm məntiqə əsaslanır”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında amerikalılar və bəzilərinin cəmiyyətə inyeksiya etməyə çalışdıqları başqa bir yanlış fikrə işarə edərək dedi: “Çox təhlükəli olan bu fikirdə qeyd edilir ki, əgər biz ABŞ-la uzlaşsaq, ölkənin bütün problemləri həll olacaq!”

O, bu sözün və bu fikrin yalan, yanlış və hiylə olduğunu sübuta yetirən dəqiq dəlillər olduğunu israrla vuğruladı: “BFKP və amerikalıların ondan sonrakı davranışı bu fikrin yanlışlığını sübuta yetirən ən bariz nümunədir”.

İslam İnqilabının Rəhbəri nüvə danışıqlarının ilk günündən amerikalıların yalançı olması və verdikləri sözün üzərində dayanmamaları məsələsini dəfələrlə vurğuladığını qeyd etdi: “İndi onların verdikləri vədə əməl etmədiklərini söyləyən təkcə mən deyiləm, ölkənin möhtərəm rəsmiləri, hətta çox zəhmətlərə qatlaşmış müzakirə iştirakçıları da ABŞ-ın verdiyi sözə əməl etmədiyini deyirlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Baş Assambleyanın son toplantısı çərçivəsində təşkil edilən qarşı tərəflərin xarici işlər nazirlərinin iclasında çıxış edən xarici işlər nazirimiz amerikalıların BFKP-dakı yalanlarını əks etdirən uzun-uzadı bir iddianamə oxudu. Təbii ki, onların heç bir cavabı olmadı”.

O, dedi: “Bu, ABŞ-ın reallığıdır. Bir qrup deyir ki, həmin bu ABŞ-la Suriya, Livanın Hizbullah, İraq, Əfqanıstan, Yəmən, hətta ölkənin daxili məsələlərini müzakirə edib razılığa gələk”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bir an olsun, İran xalqına qarşı düşmənçilikdən əl çəkməyən bir dövlətmi ölkənin problemlərini həll edəcək?”

Həzrət Ayətullah Xamenei dedi: “ABŞ-ın əsas məqsədi İranın inkişafının qarşısını almaqdır. Bu ölkə ilə müzakirə bizim iqtisadi problemləri həll edəcəkmi?”

O, vurğuladı: “ABŞ-la müzakirə bizim propblemləri həll etməyəcək. Çünki birincisi, onlar yalançı, sözlərinin üstündə durmayan, hiyləgər və arxadan kürəyə xəncər sancanlardırlar. İkincisi, ABŞ özü böhran içindədir. Böhran içində olan bir ölkə başqa bir ölkənin problemlərini necə həll edə bilər?”

İslam İnqilabının Rəhbəri mühüm beynəlxalq mərkəzlərin, hətta amerikalıların özlərinin ABŞ-da iqtisadi, siyasi, beynəlxalq və əxlaqi böhran olduğunu etiraf etdiklərinə işarə edərək dedi: “Hal hazırda bu ölkənin borcları onun Ümumi Daxili Məhsul həddinə yaxınlaşıb. Beynəlxalq parametrlərə əsasən, bu, böhran əlamətidir”.

Həzrət Ayətullah Xamenei dedi: “Belə bir böhrana məruz qalmış ölkə İranın iqtisadi problemlərini həll etmək, yoxsa böhrandan xilas olmaq üçün İranın sərvət və mənbələrindən istifadə etmək məqsədi güdür?”

O, ABŞ-ın siyası böhranına da açıqlama gətirdi: “Bu gün dünyanın hər hansı nöqtəsində hər hansı bir xalq diktator hökumətə qarşı qiyam qaldırırsa, birinci şüarı “Amerikaya ölüm” olur. Bundan böyük böhran varmı? ”

İslam İnqilabının Rəhbəri Livanın 33 günlük müharibəsi dövründə ABŞ-ın sionist rejimin mərkəzdə olması şərti ilə Böyük Orta Şərq layihəsi hazırladığına işarə edərək dedi: “Bu gün amerikalıların vəziyyəti elədir ki, Suriya, İraq, Livan, Yəmən və Şimali Afrika hadisələrində aciz qalıblar. Məgər bu, böhran vəziyyəti deyilmi?”

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının regiondakı mövqeyinin ABŞ-la əsk qütblülük təşkil etdiyini dedi: “Allahın lütfü ilə İran xalqı cəsarəti, zəkası və müqaviməti hesabına problemləri həll edəcək. Hal hazırda Qərbi Asiya və Fars körfəzi regionunda bir sima parlaqdır”.

O, əxlaqi böhranın ABŞ əhalisi, xüsusilə bu dövlətin siyasətçi və dövlət rəsmilərinin başqa bir problemi olduğunu dedi: “ABŞ-ın prezident seçkilərindəki bu iki namizədinin son həftələrdə qeyri-əxlaqi məsələlərlə bağlı məqsədyönlü olduğu ehtimal edilən açıqlamaları ABŞ-ın abrını aparmaq üçün yetərlidir”.

İslam İnqilabının Rəhbəri “Ölkənin problemlərinin həlli ABŞ-la sazişdən asılıdır” məzmunlu yanlış cümlənin təbliğinə göstərilən səyləri kəskin şəkildə tənqid etdi: “ABŞ-la müzakirə nəinki problemləri həll edir, əksinə onu daha da artırır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Problemləri özümüz, ölkəmizin imkanlarından və gənc qüvvələrdən istifadə etməklə həll etməliyik”.

O, qeyd etdi ki, gəncələr xalqın ümidləri, gələcəyi təyin edənlər, elə də uzaq olmayan gələcək zamanda ölkənin idarəediciləridirlər. Sonra o, gənclərə xitab edərək dedi: “Mənim əzizlərim, ölkənin problemlərinin həlli Allah-taalaya təvəkkül, xalqın içindən iradə və qətiyyətin baş qaldırması, möhkəm əzmkarlıq, müqavimət, zəka, ayıqlıq, özünə güclü etimad, inqilabçı ruhiyyənin yayılması ilə şərtlənir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “İnqilabçı ruhiyyəsinin mənası əməl və fəaliyyətdə cəsarətli olmaq, dalanı yıxmaq üçün təşəbbüskarlıq, düşməndən qorxmazlıq, onun qarşısında təslim olmamaq, gələcəyə inam və ilahi vədə imanın olmasıdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Təəssüflər olsun ki, bəziləri inqilabçı ruhiyyəsini yaymaq əvəzinə elə danışır, elə idarəçilik edirlər ki, gənc nəslin gələcəyə və inqilaba inamı itir, İmamın yolundan uzaqlaşır. Sonra da həmin adamlar zəmanədən şikayətlənib giley-güzar edirlər”.

O, əlavə etdi: “Zəmanəni biz yaradırıq. Əgər zəmanənin pis olduğunu deyiriksə, onda baxıb görməliyik, necə davranmışıq ki, zəmanənin pis olduğunu düşünürük”.

O, vurğuladı: “Biz addımlarımızı möhkəmlətməsək, əziz İmamın vəsiyyətnamədəki tövsiyyələrinə əməl etməsək, azadlıq adı altında xalqı və gəncləri laqeydliyə doğru sövq etsək, rasional baxış adı altında düşmən qarşısında sazişi və təslimçiliyi təlqin etsək, məlumdur ki, zəmanə pis olacaq”.

İslam İnqilabının Rəhbəri Həzrət Əmirül-möminin Əli əlayehissalamın bir hədisinə işarə edərək dedi: “O cənab bir vaxtlar düz yolda olmuş bəzi qəlblərin tənəzzül səbəbini dünyaya və yersiz sevgilərə aludə olmaq, mənsəbpərəstlik, dostbazlıq, tərəfbazlıqla izah etmişdir”.

Gənclərə ayıqlıqlarını günbəgün artırmağı tövsiyə edən Həzrət Ayətullah Xamenei gənclərə xitab edərək dedi: “Ehtiyatlı olun, hər adamın dediyi sözü qəbul etməyin. Ən əsas və mühüm olan inqilab və əziz İmamın yoludur. Onun sözlərini əsas götürməlisiniz”.

O, çıxışının sonunda vurğuladı: “Əgər dahi İmam bu gün sağ olsaydı, xalqın oyanışına səbəb olan öz bütsındıran İbrahim nidasını hayqırardı”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /