Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bütün İran xalqı bu qətiyyət və cəsarətlə öyünsün

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ünvanladığı bir müraciətdə mömin və ixlaslı yanğınsöndürənlərin Plasko qəzasındakı əzəmətli və məzlumcasına fədakarlığını böyük hörmətlə andı və bu ağrılı-acılı on gündə var gücləri ilə böyük bir işi başa çatdırmış bütün qurumlara və insanlara təşəkkür etdi: “Bu şəhidlər Müqəddəs Müdafiə dövrünün fədakarlıq xatirələrini yenidən canlandırdılar və göstərdilər ki, iranlı mömin vəzifəsini yerinə yetirərkən təhlükə yarandıqda belə, dillərə dastan olacaq cəsarət və mətin iradə nümayiş etdirir, Allah yolunda canını tərəddüd etmədən təqdim edir”.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Bağışlayan və Mərhəmətli Allahın adı ilə

On gün ağrı-acılı narahatlıq və axtarışdan sonra indi artıq İran xalqının cəsur və mömin yanğınsöndürənlərinin əzəmətli və məzlumcasına fədakarlıqları xatırlanmalı və hörmətlə yad ediləmilidir. Bunlar həqiqətən, iddiası az olan ixlaslı qəhrəmanlar adlandırılmalı, hamı tərəfindən tanınmalı və verdikləri dərs xatirələrə həkk edilməlidir.

Bu igid oğullar öz həmvətənlərinin canını və malını xilas etmək üçün heyrətamiz cəsarət nümayiş etdirərək alovun və uçqunun içinə girdilər, canlarını təhlükəyə ataraq özlərini fəda etdilər. Müqəddəs Müdafiə dövrünün fədakarlıq xatirələrini yenidən canlandırdılar və göstərdilər ki, mömin iranlı vəzifəsini yerinə yetirərkən təhlükə yarandıqda belə, dillərə dastan olacaq cəsarət və mətin iradə nümayiş etdirir, Allah yolunda canını tərəddüd etmədən təqdim edir. Zərərçəkmiş ailələr və bütün İran xalqı imandan qaynaqlanan bu cəsarət və əzmkarlıqla öyünməlidirlər. Ekspertlər İran və mömin iranlı barəsindəki analiz və hesablamalarında bu fenomeni nəzərə alsınlar. Bu hadisə bir tərəfdən kədərli, digər tərəfdən isə qürurvericidir. Bunlar çətin və təhlükəli xidmət yolunun şəhidləridirlər və Allahın istəyi ilə əsla unudulmayacaqlar.

Mən bu əzizlər və Plasko qəzasında digər həlak olanların ailələri və yaxınlarının dərdinə şərikəm və Allah-taaladan onların özlərinə rəhmət, yaxınlarına səbir diləyirəm.

Habelə bu on ağır gün ərzində yanğınsöndürənlər və orada çətin vəziyyətdə qalmış insanların xilası üçün var-gücləri ilə çalışmış, çiyinləri üzərinə ağır iş, fəaliyyət və narahatlıq yükü götürmüş, birlik və səmimiyyətlə böyük bir işi sona çatdırmış qurumlara və insanlara təşəkkürümü bildirir və onlara ilahi mükafat diləyirəm.

Seyyid Əli Xamenei
29 yanvar 2017

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /