Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Namizədlər söz verməlidirlər ki, yalnız xalqa arxalanacaqlar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri sonuncu peyğəmbər Həzrət Məhəmməd Mustafanın (s) əzəmətli “Məbəs” bayramı münasibətilə dövlət rəsmiləri, xalqın müxtəlif təbəqələrindən olan nümayəndələri və İslam ölkələrinin səfirləri ilə görüşdü. Bu görüşdə “Besət”in bütün insan cəmiyyətləri üçün islahedici, işıqlı və əbədi bir proqram olduğunu deyən Ali Məqamlı Rəhbər beynəlxalq düşmənlər və hegemonlara qarşı İslam təlimlərinə əsaslanan müqavimətin zəruri olduğunu vurğuladı: “Xalq qarşıdan gələn seçkilərdəki iştirakı ilə İslam və İranın düşmənlərini məyus edəcək. Bundan əlavə, möhtərəm namizədlər xalqa söz verməlidirlər ki, ölkənin inkişafı və problemlərin həlli üçün ölkə hüdudlarından kənara göz dikməyəcəklər”.

Hər kəsi “Mübarək Məbəs” bayramı münasibətilə təbrik edən Həzrət Ayətullah Xamenei əziz İran xalqına və bütün dünya müsəlmanlarına belə bir xatırlama verdi: “Sonuncu peyğəmbərin (s) besəti (peyğəmbərliyə seçilməsi) zülmət, cəhalət, zülm və təkəbbürə qərq olmuş bir dünyada baş verdi. İslamın əziz peyğəmbəri (s) nura, yəni zülmə qarşı mübarizə, ədalət, insaf və vəhdət prinsiplərinə əsaslanan bir hökumətin təşkilinə çağırış etməklə göstərdi ki, “Besət” proqramı bütün insan cəmiyyətləri, habelə bütün dövrlərdə reallaşa və icra edilə biləcək bir proqramdır, eyni zamanda ən böyük insan sivilizasiyasını formalaşdıran bazis ola bilər”.

O vurğuladı ki, müasir dünyanın “Besət” proqramına çox ehtiyacı var, buna görə də dünya ictimaiyyətinin “Besət”in məna və məzmundan xəbərdar olması çox vacibdir: “Peyğəmbər dövlətinin bir damlasının təzahür etdiyi İslam Respublikası qurulduqdan sonra insan cəmiyyətlərinin düşmənləri bu əzəmətli hərəkətin mənşəyi olan İslama qarşı düşmənçilik və mübarizəni öz ciddi gündəliklərinə daxil etdilər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, insan cəmiyyətlərinin inkişafı və çiçəklənməsində İslamın əvəzsiz imkana, maddi və mənəvi mədəniyyəti formalaşdıracaq potensiala malik olması, habelə zülm və təcavüzkarlığa qarşı gücü və qüdrəti imperialistlərin parlaq İslama qarşı düşmənçiliklərinin əsas səbəblərindəndir.

O əlavə etdi: “İslam adı daşıyan terrorçu qrupların yaradılması, İslam ölkələri, o cümlədən İraq, Suriya, Bəhreyn və Yəmənin arasına təfriqə salınması İslamla mübarizə aparmaq üçün despot ABŞ və mənfur sionist rejimin əl atdığı hiyləgər planlardandır ”.

İnqilabın Rəhbəri vurğuladı: “Məlumdur ki, dünyanın despot gücləri digər müsəlman ölkələri ilə müqayisədə İslam Respublikası ilə daha çox düşmənçilik edirlər. Ancaq onların əsas problemi İslamın özü ilədir. Bütün müsəlmanlar bu həqiqəti dərk etməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, imperialistlərin İslama qarşı düşmənçiliklərinin səbəbini anlamaq İslam ölkələrinin rəhbərliklərinin vəzifəsidir: “İslam dövlətləri bilməlidirlər ki, ABŞ-ın bir İslam ölkəsi ilə yoldaşlıq edib, digəri ilə düşmənçilik etməkdə məqsədi İslam dünyasındakı vəhdətin qarşısını almaq, müsəlmanların İslam cəmiyyətlərinin mənafelərindən ortaq faydalanmasına mane olmaqdır”.

İnqilabın Rəhbəri amerikalıların regiondakı təfriqəçi siyasətlərinin uğur qazanmasından təəssüf hissi keçirdiyini dedi: “Talançıların əlləri bəzi region dövlətlərinin cibindədir və bu işi davam etdirmək üçün ya İslam Respublikasını, ya İranı, ya da şiəçiliyi onların düşməni kimi göstərirlər. Ancaq hamımız bu nüansı anlamalıyıq ki, hegemonlar qarşısında bir olmaq və müqavimət göstərmək İslam dünyasının inkişaf yoludur”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İran xalqının hegemonlara qarşı mübarizədəki əzm və iradəsi qətiyyətli və sarsılmazdır: “Bütün xalq, gənclər, inqilabçı və mömin insanlar imeperialistlər qarşısında dayanmışlar. Hər hansı ölkədə “Peyğəmbərin (s) besəti”nə əsaslanan bu müqavimət gerçəkləşsə, düşmənlər nüfuz edə və bir iş görə bilməzlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, xalqın imanı, birliyi, səhnədə olması İslam Respublikasının şücaət və müqavimətinin faktorudur: “Qarşıdan gələn seçkilərdə iştirak xalqın səhnədəki yüksək əhval-ruhiyyəli iştirakının göstəricilərindəndir”.

O, seçkilərin müxtəlif yönlərinə işarə edərək dedi: “İslam dövlətində seçkilərdə iştirak xalqın vəzifəsi, hökumət rəhbərliyinin formalaşmasındakı mövqeyi, haqqı və gücünün təzahürüdür. Bundan əlavə, xalqın birlikdə müqaviməti düşməni cəsarət, dinamiklik və nüfuz imkanından məhrum edir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ABŞ-ın bütün keçmiş və indiki rəhbərlərinin İran xalqına qarşı düşmənçilikdə ortaq və hədələyici siyasətləri bu ölkənin bütün siyasi cərəyanlarının rəsmilərinin mənfur niyyətindən xəbər verir: “Amerikalılar bütün dövrlərdə İrana zərbə vurmaq üçün əllərindən gələn hər şeyi etdilər. Ancaq hamı bilməlidir ki, hər kəs İrana hücum etsə, şübhəsiz ki, öz zərərinə olacaq. Çünki İran xalqının bu hərəkət qarşısındakı reaksiyası sərt olacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, Allahın lütfü, xalqın iman və müqaviməti sayəsində İran xalqının gələcəyi əvvəlkindən daha yaxşı olacaq: “Bu imanı, vəhdəti, müqaviməti və səhnədə olmağı qoruyub saxlamaq lazımdır. Habelə daxili imkan və potensiallardan, rasional proqramlardan istifadə etməklə dövlətin daxili strukturunu möhkəmləndirmək lazımdır ki, düşmən məkrli planlar hazırlamaqdan məyus olub düşmənçilikdən əl çəksin”.

Çıxışının sonunda İslam İnqilabının Rəhbərinin seçki namizədlərindən istəyi bu oldu ki, onlar təbliğatları və platformalarında xalqa bir söz versinlər: “Söz versinlər ki, ölkənin və iqtisadiyyatın inkişafı, habelə problemlərin həllində gözlərini ölkə hüdudlarından kənara dikməyəcək, əksinə xalqın və ölkənin imkan və potensiallarına arxalanacaqlar”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezident bildirdi ki, “Məbəs” Allahın bəşəriyyətə ünvanladığı sonuncu mesajın başlanğıcıdır: “İslam peyğəmbəri (s) öz besəti ilə insanları ədalət və qardaşlıq yoluna gətirdi”.

Ölkə başçısı İslam dünyasının düşmənçilik, terror, təkfirçilik, qeyri-sabitlik və münaqişə problemlərinə məruz qaldığını bildirdi: “Bu gün İslam dünyasında İslam peyğəmbərinin (s) “Besət” mesajını dinləməyə bütün dövrlərdən çox ehtiyacımız var. Bütün səy və fəaliyyətlərimizi ortaya qoymalıyıq ki, İslam ölkələri problemlərdən və qeyri-sabitlikdən xilas olsun”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /