Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqının təcrübələri göstərir ki, gələcək mömin gənclərindir

Quranın baharı olan Mübarək Ramazan ayının birinci günü İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə “Qurani-Kərimlə ünsiyyət” adlı üç saatlıq nurani bir məclis keçirildi.

Həzrət Ayətullah Xamenei bu mərasimdə Quran güllərinin böyük İran bağçasında çiçklənməsindən sevinc hissi keçirdiyini dedi: “Mübarək Quran toxumu bu torpağa səpilmişdir. Bu gün ölkənin ümumi mühiti Quranla tanışdır. Ölkənin ayrı-ayrı yerlərində uşaqlar və gənclər Quranla ünsiyyətdədirlər. Halbuki tağut dövründə ölkənin ümumi mühiti Qurana qarşı biganə idi”.

O qeyd edi ki, ölkənin Qurana əsaslanan hərəkətində nailiyyətlər əldə edilməsi İnqilabın və İslam dövlətinin hünəridir: “Bu nailiyyətlərin olmasına baxmayaraq, hələ də yolun başındayıq. Quran məclisləri Quranla ünsiyyət və ümumxalq düşüncəsinin Quran əsaslı zehniyyətə çevrilməsinə bir giriş olmalıdır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, Quranla ünsiyyət bəşəriyyətin həyatla bağlı suallarına düzgün cavablar tapılmasına səbəb olur: “İdeallara doğru hərəkət edən bir cəmiyyətdə ortaya davarnış və münasibətlərin keyfiyyəti, mövqelər, dostluqlar və düşmənçiliklərin növü, dünya həyatına dair işlərə münasibətin hansı formada olması ilə bağlı minlərlə sual çıxır. Quranın bütün bu suallara cavabı var”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, müasir dünyanın bədbəxtliyi və doğru yoldan sapmasının səbəbi bu suallara verilən yanlış və nadürüst cavablardır: “Allah insanları qarşılıqlı ünsiyyət qurmaq, bir-birlərini sevmək və bir-birlərinə yardım göstərmək üçün yaratmışdır. Ancaq bu gün dünyanın hər yerində müharibə, münaqişə, qorxu və azğınlıq var”.

O bildirdi ki, bu problemlərdən xilas yolu Quranın bələdçiliyindədir: “Təəssüflər olsun ki, bu gün İslam cəmiyyəti digər cəmiyyətlər kimi problem içindədir. Səudiyyə dövləti kimi dövlətlərdə bəzi müsəlman cəmiyyətlərinin taleyi nalayiq insanların əlinə keçmişdir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, belə bir vəziyyətin yaranmasının səbəbi iman və Quran həqiqətlərindən uzaq düşməkdir: “Bu insanlar üzdə Qurana inanırlar, hətta Quranın milyonlarla nüsxəsini çap edirlər. Ancaq əməldə Quranın göstərişinin əksinə davranır, kafirlərlə ünsiyyətdə olur, öz xalqlarının həyat səviyyəsini yaxşılaşdırmaq üçün sərf olunmalı olan sərvəti kafirlərə və xalqın düşmənlərinə verirlər”.

O bildirdi ki, bəzi mürtəce dövlətlər pul qarşılığında İslam düşmənlərinin onlarla səmimi münasibət yaradacağını düşünürlər. Ancaq o, bunun xam xəyal olduğunu dedi: “Həqiqət ondan ibarətdir ki, heç bir səmimiyyət yoxdur. Amerikalılar özləri də dedikləri kimi, onları sağır və sonda başlarını qoparacaqlar”.

Yəmən və Bəhreyndəki anti-dini davranışlara toxunan Həzrət Ayətullah Xamenei Quranın batilin məhv olacağı ilə bağlı verdiyi vədi xatırlatdı: “Müsəlmanlara qarşı bu cür davranan şəxslər batildirlər, batil isə müləq, süqut və tənəzzülə uğrayacaq. Əlbəttə, onun nə zaman məhv olacağı möminlərin necə əməl edəcəklərindən asılıdır. Əgər mömin cəmiyyət doğru-düzgün əməl etsə, batilin məhvi daha tez baş verəcək”.

O bildirdi ki, gələcək İslam, Quran və mömin gənclərindir: “Allah vəd verib ki, gələcək möminlərin və Onun yolunda cihad edənlərindir. Hətta bu vəd olmasaydı belə, İran xalqının keçən qırx ildəki təcrübələrinə əsasən bu proqnoz məntiqli və doğru görünür”.

İslam İnqilabının Rəhbəri Pəhləvi rejimi ilə amerikalıların çox yaxın münasibətlərinə işarə edərək dedi: “Ölkəmizdə elə bir hökumət hakimiyyət başında olub ki, amerikalılar açıq şəkildə onu özlərinin Fars körfəzindəki jandarmı adlandırırdılar. Ancaq bütün bu beynəlxalq dəstəklərə baxmayaraq, İran xalqı özünün iman gücü, mübarizə və fədakarlığı ilə o rejimi süquta uğratmağı və yerində imperialist güclərin hətta görməyə belə taqətləri olmadığı İslam Respublikasını qura bildilər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bu qiymətli təcrübə haqq cəbhəsinin qalibiyyətinin mühüm bir göstəricisidir. O, habelə Qurani-Kərimin “Əgər imanınız olsa, üstünsünüz” ayəsinə işarə edərək dedi: “İman yolunda güclü, açıqsözlü və qətiyyətli olun. İsrarla bəyan edirəm ki, İslam prinsiplərini bəyan edərkən millətin hər bir üzvü və dövlət rəsmiləri açıqsözlü olsunlar”.

O, beynəlxalq əlaqə və münasibətlərin yaradılmasının vacibliyini tam dəstəklədiyini dedi: “Beynəlxalq əlaqə və münasibətlərin inkişafı əsas və prinsiplərin açıq şəkildə qeyd edilməsi ilə heç bir təzad təşkil etmir. Əməl meydanına daxil olmaq və Allaha təvəkkül etmək lazımdır”.

İslam İnqilabının Rəhbəri İran xalqının təcrübəsi və məcburi müharibə zamanı əldə edilmiş qələbəyə işarə edərək dedi: “Xalq məcburi müharibədə əliyalın qalib gəldi. Xalq siyasi və beynəlxalq məsələlərdə təcrübəsiz olmasına baxmayaraq, düşmənlərin hiyləsi üzərində qələbə çaldı, Xalqımız 40 ildir ki, hər tərəfdən ona doğru qılınc çəkmiş və maddi cəhətdən güclü olan bir cəbhə ilə qarşı-qarşıyadır. Bu təcrübələr göstərir ki, güclü, şərəfli və uğurlu inkişaf yolu Quranla ünsiyyətdədir”.

Quran məclisləri və dərslərinin keçirilməsinin zəruriliyini vurğulayan Həzrət Ayətullah Xamenei bildirdi ki, Quranın tilavəti məsələsi onun mənaları və məzmunları ilə birlikdə diqqət mərkəzində olmalıdır: “Quranın tilavəti zamanı zil, bəm və səs ahəngi məna və məzmunları dinləyiciyə ötürə biləcək şəkildə olmalıdır. Buna görə də Quranla daha çox ünsiyyətdə olub onun dilini öyrənmək lazımdır”.

Bu nurani məclisdə Hamid Əlizadə, Əhmədrza Lütfi, Rza Məhəmmədpur, Seyyid Məhəmməd Hüseynipur, Vəhid Nəzəriyan, Həsən Əbdi, Həmzə Oudəzadə, Mehdi Adili, Hamid Sultani, Məhəmmədcavad Pənahi, Məhəmmədrza Sütudəniya cənabları, Mişkat, Səbilürrəşad və Məhəmməd Rəsulullah mədhiyyəçi və xor qrupları İmam Xomeyni (r.ə) hüseyniyyəsini Quranın qəlb oxşayan ətri və münacatlarla ətirləndirdilər.

Görüşün sonunda İslam İnqilabının Rəhbərinin imamlığı ilə Məğrib və İşa namazları qılındı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /