Ali Məqamlı Rəhbər:

Müasir cəhalətlə qəbilə cəhalətinin birgə rəqsini həcv edin

Əhli-beytin (ə) kərəm və səxavət sahibi olan nümayəndəsi Həzrət İmam Həsəni-Müctəbanın (ə) mövlud axşamı mədəniyyət işçiləri, Fars ədəbiyyatı və poeziyasının ustad sənətkarları, ölkənin gənc və veteran şairlərindən bir qrupu, habelə Hindistan, Əfqanıstan və Türkiyədən gəlmiş şairlər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Bu görüşdə ölkə poeziyasının irəliləməkdə və inkişaf etməkdə olan hərəkətindən məmnun qaldığını deyən Həzrət Ayətullah Xamenei poeziyanın bir milli sərvət olduğunu vurğuladı: “İnqilabın ilk vaxtlarından başlayaraq poeziyanı İnqilab hədəflərindən kənar istiqamətlərə yönəltmək cəhdləri mövcud olmuşdur. Bu cəhdlər indi də var”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, poeziyanın İslam İnqilabından əvvəlki dövrə aid olan cərəyanı əsasən, milli oyanış və məlumatlandırmadan kənar məzmunların təsvirinə xidmət etmişdir: “O dövrün ədəbi mühitində müasirlik və modernizmlik iddiası edən şəxslərin çoxu ölkənin inkişafına heç bir xidmət göstərmir, həqiqi və düzgün yenilik etmirdilər”.

O qeyd etdi ki, İslam İnqilabının qələbəsi ayıqlığı artıran və ölkənin hədəflərinə xidmət edən poeziyaya maraq göstərən gənclər və şairlərin gəlişi ilə səciyyələnən yeni şeir dövrünün başlanğıcı oldu: “Bu qəbil şairlərin dairəsi günbəgün böyüdü. Bu gün xoşbəxlikdən üstünlük İnqilab və dini məqsədlərlə uyğunluq təşkil edən və inkişafda olan şeirlərdədir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, dayanmaq və son dayanacağa çatmaq təsəvvürü şairlər üçün öldürücü bir zəhərdir: “Ölkənin poeziya ağacı daha çox boy atıb çiçəklənmək imkanı və potensialına malikdir. Yeni məzmun axtarışına, ifadə və sözlərin inkişafına, aktual məzmunların transferinə daha çox diqqət və səy göstərilməlidir”.

İslam İnqilabının Rəhbəri ölkədə baş verən hadisələr və milli şəxsiyyətlərin həyatını əks etdirən məlumatların zəifliyinə toxunaraq iranlıların bu sahədə tənbəl və səhlənkar olduqlarını dedi: “Dahi imamımız dost və düşmənin böyüklüyünü etiraf etdiyi birinci dərəcəli şəxsiyyətdir. Ancaq indiyə qədər bu şəxsiyyət haqqında neçə kitab yazılıb?”

O qeyd etdi ki, Suriya hadisələri, Hərəmin müdafiəçiləri və İraqda baş verən mühüm hadisələr yüzlərlə, minlərlə şeirin mövzusudur: “İnsanların çoxunun amerikalıların İraqla bağlı hansı məqsədi güddüklərindən və başlarının daşa necə dəydiyindən xəbəri yoxdur. Səddam İraqının Şəhid Həkimin İraqına necə çevrilməsi prosesi açıqlamaya ehtiyacı olan çox mühüm hadisədir”.

Həzrət Ayətullah Xamenei şairlərə bəzi mövzuları nəzmə çəkməyi, habelə müasir dünyanın bəzi qəribə məsələlərinə həcv yazmağı tövsiyə etdi: “Əziz Peyğəmbər (s) şair səhabələrindən birinə müşrikləri həcv etmək göstərişi vermişdi. Bu gün də müasir cəhalət qılıncının qəbilə cəhaləti ilə birlikdə rəqs etməsi və ya Səudiyyə Ərəbistanı kimi bir dövlətin BMT-nin İnsan Hüquqları Komissiyasında yer alması həqiqətən, həcv mövzusu olan məsələlərdəndir”.

Bu görüşdə 30 nəfər şair İslam İnqilabının Rəhbəri qarşısında öz şeirlərini oxudu.

Şairlər İslam İnqilabının Rəhbərinin imamətliyi ilə Məğrib və İşa namazlarını qılıb onunla birlikdə iftar etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /