Ali Məqamlı Rəhbər:

İslam Respublikası qüdrətlə dayanıb və xalq düşmənə sillə vuracaq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) Hərəmin və sərhədlərin müdafiəsi uğrunda şəhid olanların bir qrupunun ailəsi ilə görüşdü. Bu görüşdə şəhidlərin ölkə və xalq üzərində həyat haqqına sahib olduğunu deyən İnqilabın Rəhbəri vurğuladı ki, dövlət məmurları şəhidlərə və onların ailələrinə minnətdar olmalıdırlar. ABŞ rəsmilərinin son günlərdəki təhdid və kin-küdurət dolu sözlərinə işarə edən Rəhbər bu sözlərin absurd olduğunu dedi: “ABŞ-ın dövlət rəhbərləri İnqilabın qələbəsinin ilk günlərindən başlayaraq daim İslam Respublikası sistemini dəyişmək istəyində olmuşlar. Ancaq İran xalqına sillə vura bilməyəcəklər, əksinə, İran xalqı onlara sillə vuracaq”.

Həzrət Ayətullah Xamenei bu görüşün əvvəlində qeyd etdi ki, “Şəhidlik” çox yüksək mənaları olan dərin bir anlayış, Allah-taala ilə edilmiş faydalı bir ticarətdir: “Şəhidlik ticarət xüsusiyyətinə malik bir ölümdür. Bu ticarətdə Allah insanın tələf olub getməyə məhkum olan canını əbədi xoşbəxtlik qarşılığında satın alır. Şəhid şəfaət edə biləcək bir dərəcəyə yüksəlir”.

O qeyd etdi ki, şəhid ailələrinin ən yaxın insanlarını itirmək müsibətinə səbr edib dözüm göstərmələri çox üstün bir dəyərdir: “İslam İnqilabı və onun gücünün qorunmasının əsl amilləri şəhidlik, cihad, şəhidlərin ailələrinin səbri və dözümü kimi böyük anlayışlar və dəyərlərdir. Düşmən cəmiyyəti bu dəyərlərdən məhrum etməyə çalışır. Təəssüflər olsun ki, bəziləri də bu kontekstdə qələmlərini əsirgəmirlər”.

İslam İnqilabının Rəhbəri qatı düşmənçiliklərin olmasına baxmayaraq, İslam dövlətinin qalıcı olmasına işarə edərək dedi: “ABŞ prezidentinin absurd danışması təzə məsələ deyil. Çünki İslam dövləti elə ilk vaxtdan müxtəlif planlarla qarşı-qarşıyadır. Ancaq İran xalqına qarşı düşmən mvöqeyində olanlar heç nə edə bilməyəcəklər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İslam dövləti yeni göyərmiş nazik bir fidan olduğu vaxt ona heç bir bir zərər vura bilmədikləri halda, indi gövdəli bir ağaca çevrilmiş bu dövlətə nə edə bilərlər?”

O, son çıxışlarında İslam dövlətinin dəyişilməsi tələblərini irəli sürən ABŞ rəsmilərinə səslənərək dedi: “Keçən 38 il ərzində sizin İslam dövlətinin dəyişilməsini istəmədiyiniz bir zaman olubmu? Ancaq həmişə başınız daşa dəyib. Bundan sonra da belə olacaq”.

İslam İnqilabının Rəhbəri Ağ evin yeni rəhbərlərinin təcrübəsiz və naşı olduqlarını dedi: “Bu təcrübəsiz adamlar İran xalqını və onun dövlət rəhbərlərini tanımayıblar. Ağızlarının payını aldıqda hesab-kitabın nə olduğunu anlayacaqlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “ABŞ liderləri İslam İnqilabının qələbə çaldığı ilk gündən İran İslam Respublikasını çökürtməyə çalışmışlar. Ancaq belə bir həsrəti olanlar bu arzunu qəbrə aparmışlar. Bundan sonra da belə olacaq”.

O vurğuladı: “Bütün düşmənlər, habelə səmimi dostlar, bəzən ürəkləri titrəyən dostlar, ümumiyyətlə, hər kəs bilsin ki, İslam Respublikası möhkəm və qüdrətlə dayanıb. Düşmənlər İran xalqına sillə zərbəsi endirə bilməyəcəklər, əksinə, xalq onlara sillə vurcaq”.

Cəmiyyətdə şəhidlərin qiymətinin bilinməsinin zəruri olduğunu vurğulayan İslam İnqilabının Rəhbəri şəhidlərin rolunun çox böyük olduğunu dedi: “Əgər Hərəmin müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlər olmasaydı, bu gün Əhli-beytə düşmən olan xəbis və iğtişaşçı ünsürlərlə İranın şəhərlərində döyüşməli olacaqdıq. Çünki onlar qarşılarına İraq sərhədlərindən İrana keçmək məqsədi qoymuşdular. Lakin qarşıları alındı, darmadağın edildilər. İndi də İraq və Suriyada köklərinin tamamilə kəsilməsi davam edir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, ölkə hazırkı əmin-amanlığında Hərəmin və sərhədlərin müdafiəçilərinə borcludur: “Ölkənin sərhədləri və şəhərlərinin təhlükəsizliyi bütün varlıqları ilə İranı müdafiə edən, habelə narkotik maddələrin keçirilməsinin qarşısını alan sərhədçilərin fəaliyyətlərinin nəticəsidir. Əlbəttə, bu səy və fəaliyyətlər gözə görünmür. Sərhədçilər və sərhəd şəhidləri məzlumdurlar”.

O vurğuladı ki, təhlükəsizlik və kəşfiyyat fəaliyyətlərini yerinə yetirərkən şəhid olan insanlar da təhlükəsizliyi təmin edən, terrorist fəaliyyətlərin və günahsız insanlaırn qətlə yetirilməsinin qarşısını alan fədakarlardandırlar: “Dövlətə xidmət təkcə su və çörək təminatı deyil, təhlükəsizliyin təmini ondan da yüksəkdə dayanır. Şəhidlər, Hərəmin, dövlətin sərhədləri və şəhərlərinin müdafiəçiləri təhlükəsizliyi təmin etməklə ölkənin boynunda həyat haqqı qoyurlar”.

Həzrət Ayətullah Xamenei şəhidlər və onların ailələrinin qədrinin bilinməsinin zəruri olduğunu vurğuladı: “Hamımız şəhidlərə minnət borcluyuq. Şəhidlərin xatirəsinin unudulmasına və ya onların ailələrinə qarşı hörmətsizlik və diqqətsizlik göstərilməsinə səbəb olan hər hansı işi görmüş hər kəs əslində dövlətə xəyanət etmişdir”.

Görüşün sonunda İslam İnqilabının Rəhbərinin imamətliyi ilə Məğrib və İşa namazları qılındı. Görüş iştirakçıları onunla birlikdə iftar etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /