Ali Məqamlı Rəhbər:

Ali Məqamlı Rəhbərin həcc ziyarətində olan zəvvarlara müraciəti

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məkkədə həcc ziyarətində olan zəvvarlara ünvanladığı müraciətdə imperializm sisteminin müsəlmanlar arasına konflikt salmaq məqsədi ilə yürütdüyü siyasətlərə toxunaraq qeyd edir ki, müsəlman ölkələrinin başçılarının, habelə İslam dünyasının bütün aydınlarının vəzifəsi vəhdət yaratmaq, xalqları məlumatlandırmaq, müsəlman ölkələrində baş verən faciələri dərhal dayandırmaqdır. O, əlavə edir: “Fələstini müdafiə etmək, işğal olunmuş ölkəsi üçün 70 ilə yaxındır ki mübarizə aparan bir xalqa dəstək olmaq hamımızın ən önəmli vəzifəsidir”.

Vəli-fəqihin nümayəndəsi, iranlı hacıların kuratoru Höccətül-islam vəl-muslimin Qaziəsgər tərəfindən bu gün (cümə axşamı) səhər Ərəfat çölündə oxunmuş müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 

و الحمد ﷲ ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد خاتم النّبیّین و آله الطّاهرین و صحبه المنتجبین

Uca Yaradana şükürlər edirəm ki, bu il də dünyanın dörd bir yanından axışıb gələn möminlər karvanına həcc ziyarətini yerinə yetirmək səadətini bəxş etdi, onlar ilahi feyz ilə dolub-daşan bu ləzzətli çeşmədən bəhrələnə bildilər, dəyərli və mübarək saatları ilə möcüzəvi bir iksir kimi qəlbləri dəyişməyə, ruhlara bəzək vurub gözəlləşdirməyə qadir olan bu gündüz və gecələrdə Allah-taalanın əzəmətli evinin yaxınlığında, ibadət, təslimkarlıq, zikr və Yaradana yaxınlıq halında olmağa müvəffəq oldular.

Həcc ziyarəti sirr və rəmzlərlə dolu bir ibadət, Beyti-Şərif isə ilahi bərəkətlə dolub-daşan, Həzrəti-Haqqın açıq-aşkar nişanələrinin təcəssümü olan bir məkandır. Həcc ziyarəti mömin, təslimkar və düşünən bəndəni mənəvi məqamlara yetişdirə, onu ülvi və nurani bir insan edə bilər; həmçinin onu gözüaçıq, şücaətli, addım atmağa, mübarizə aparmağa qadir olan bir insan da edə bilər. Bu misilsiz vacib ibadətdə mənəvi-siyasi, fərdi-ictimai cəhətlərdən hər ikisi kifayət qədər qabarıq və aydındır və müsəlman cəmiyyətinin bu gün həmin cəhətlərdən hər ikisinə kifayət qədər böyük ehtiyacı var.

Bir tərəfdən ixtiyarında cürbəcür modern texnologiyalar olan maddiyatpərəstlik cadusu müsəlmanları yolundan azdıraraq fəsada sürükləyir, digər tərəfdən isə imperializm sisteminin müsəlmanlar arasında konflikt və müharibələr yaratmaq, müsəlman ölkələrini ixtilaf və asayiş pozuntusu içərisində qaynayan cəhənnəmə çevirmək siyasəti öz işini görür. Həcc ziyarəti İslam ümmətinin bu iki böyük bəlasının hər ikisinə şəfa bəxş etməyə qadirdir; həm qəlbləri pasdan təmizləyib təqva və mərifət işığı ilə parlada bilər, həm də gözləri İslam dünyasının acı reallıqlarına açıb, əzmləri onlara qarşı mübarizə üçün səfərbər edər, addımları möhkəmlədər, əlləri və düşüncələri iş görməyə hazır vəziyyətə gətirə bilər.

Bu gün İslam dünyasında təhlükəsizlik pozulub; mənəvi-əxlaqi cəhətdən də, siyasi cəhətdən də. Buna səbəb olan əsas amil isə bizim qəflətdə olmağımız və düşmənlərin amansız hücumlarıdır. Biz məkrli düşmənin hücumları qarşısında öhdəmizə düşən dini və məntiqi vəzifəmizi yerinə yetirməmişik; həm «اَشِّدآءُ عَلَی الکُفّار» – kafirlərə qarşı sərt olmağı yaddan çıxarmışıq, həm də «رُحَمآءُ بَینَهُم» – öz aramızda, bir-birimizə qarşı mərhəmətli və mülayim olmağı. Nəticəsi isə budur ki, sionist düşmən İslam dünyasının göbəyində fitnəkarlıqla məşğuldur, biz də Fələstini xilas etməyin qəti vəzifəmiz olduğuna əhəmiyyət vermədən başımız Suriya, İraq, Yəmən, Liviya və Bəhreyndə gedən vətəndaş müharibələrinə, Əfqanıstan, Pakistan və başqa yerlərdə terrorizmlə mübarizəyə qarışıb.

Müsəlman ölkələrinin başçılarının, İslam dünyasındakı din, siyasət və mədəniyyət xadimlərinin çiyinlərinə çox ağır vəzifələr düşür: vəhdət yaratmaq, hamını etnik və məzhəb mənsubiyyəti zəminində konfliktlərdən çəkindirmək vəzifəsi; xalqları imperializm və sionizmin düşmənçilik metodları barədə məlumatlandırmaq vəzifəsi; hamını yumuşaq və sərt müharibənin müxtəlif meydanlarında düşmənə qarşı mübarizəyə hazırlamaq vəzifəsi; müsəlman ölkələrində baş verən, bu gün nümunəsini Yəməndə müşahidə etdiyimiz, bütün dünyanın kədərinə və etirazına səbəb olan acı olayları dərhal dayandırmaq vəzifəsi; Myanmar və digər yerlərdə azlıq halında yaşayıb zülmə məruz qalan müsəlmanları qətiyyətli surətdə dəstəkləmək vəzifəsi; və hamısından daha önəmlisi Fələstini müdafiə etmək, işğal olunmuş ölkəsi uğrunda 70 ildən çoxdur ki mübarizə aparan bir xalqa dəstək olaraq onunla əməkdaşlıq etmək vəzifəsi.

Bunlar bizim hamımızın çiyinlərinə düşən mühüm vəzifələrdir. Xalqlar bu vəzifələrin reallaşdırılmasını öz dövlətlərindən tələb etməli, ziyalı və görkəmli xadimlər bu yolda möhkəm əzm və saf niyyətlə çalışmalıdır. Bu işlər Allahın dininə yardım etməyin danılmaz nümunələridir, Allahın dininə yardım etmək isə, ilahi vədə əsasən, heç şübhəsiz arxasınca Allahın köməyini gətirəcəkdir. Bunlar həcc ziyarətinin bizə öyrətdiyi dərslərdən bir hissəsidir. Ümidvaram, onları dərk edəcək və yerinə yetirəcəyik. Allahdan hamınızın ziyarətinin qəbul olunmasını diləyir, Mina və Məscidül-həram şəhidlərinin xatirəsini ehtiramla yad edir, Rəhim və Kərim Allahdan onlara dərgahında ən ali dərəcələri nəsib etməsini arzu edirəm.

Allahın salamı və rəhməti nəsibiniz olsun.

Seyid Əli Xamenei
7 şəhrivər 1396
7 zilhiccə 1438

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /