Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

BFKP-dakı hər bir yanlış hərəkətə İİR əks reaksiya verəcək

Bu gün (bazar günü) səhər Ali Baş Komandanın iştirakı ilə Polis Akadamiyasının tələbələrinin buraxılış mərasimi keçirildi.

Polis Akademiyasının həyətinə daxil olan Həzrət Ayətullah Xamenei əvvəlcə şəhidlərin xatirə abidəsinin olduğu yerə getdi, “Fatihə” oxuyaraq Uca Tanrıdan Polis Qüvvələri sıralarından şəhid olmuş insanlara ali dərəcələr nəsib etməsini dilədi.

İslam İnqilabının Rəhbəri daha sonra meydandakı polis, sərhəd xidməti və yol polisi birləşmələrini salamladı.

O, habelə meydanda olan başıuca veteranlarla hal-əhval tutdu.

Həzrət Ayətullah Xamenei mərasimdə İslam inqilabının qələbəsindən sonra hegemon sistemin liderləri, xüsusilə ABŞ və onun ardıcıllarının İranda törətdikləri iğtişaş və qarışıqlıqlara işarə edərək dedi: “Keçən 37 il ərzində ölkədəki əmin-amanlığı pozmaq üçün həyata keçirilmiş bütün çirkin və məkrli fəaliyyətlərə baxmayaraq, silahlı qüvvələr, o cümlədən Polis Qüvvələri və mömin gənclər tam qüvvə və rəşadət nümayiş etdirərək ölkənin təhlükəsizliyinin keşiyində dayanıblar”.

O, Polis Qüvvələrinin ölkə daxilindəki vəzifələrinin genişliyi və müxtəlifliyinə işarə edərək dedi: “Heç bir idarə və orqan xalqla Polis qüvvələri qədər təmasda olmur. Buna görə də bu orqanın gücü, qüdrəti, vaxtında hərəkəti və rəşadəti dövlətin qürur və başıucalıq səbəbidir”.

Polis Qüvvələrinin xalqın təhlükəsizliyini təmin etməklə İslam Respublikasının heysiyyətinin qorunmasına zəmin yaratdığını vurğulayan Ali Baş Komandan regionun indiki qarışıq vəziyyətində ölkədəki əmin-amanlığın nümunə olduğunu dedi: “Düşmənlərin bulaşıq əllərinin regiona terrorçuluq toxumu səpdiyi bir şəraitdə ölkənin təhlükəsizliyini təmin etmək və Polis Qüvvələrinin korrupsiya və cinayətkarlığa qarşı mübarizəsi mühüm əhəmiyyət daşıyır. Polis Akademiyası kimi mərkəzlərdə bu rol elmi, tədqiqi, praktiki və treninq cəhətlərdən günbəgün daha da gücləndirilməli və ciddiyyətlə izlənilməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İslam Respublikası və İslam hökumətinə yaraşan bir polis qüvvəsinə, İslami və Qurani bir cəmiyyətə malik olmalıyıq. Allahın lütfü ilə belə bir məqsədə nail olacağıq”.

O, xalqa qarşı sevgi və səmimiyyətlə müşayiət olunan iqtidarın olmasının zəruriliyini vurğuladı: “Qanuna bağlılıq və onun tərəddüdsüz icrası üçün cürət və cəsarət göstərmək Polis Qüvvələrinin əsas vəzifələridir”.

İslam İnqilabının Rəhbəri daha sonra hal-hazırda regiondakı qarışıqlığın səbəbini izah edərkən regiona nüfuz etmək, öz qeyri-qanuni maraqlarını təmin etmək və xalqları zəiflətmək üçün ABŞ və sionizmin etdiyi bədxah və məkrli müdaxilələrə işarə edərək əlavə etdi: “Onlar bir gün İŞİD-i yaratdılar. Lakin İŞİD müqavimət hərəkatı və mömin gənclərin əzmi qarşısında son anlarını yaşadığı bir vaxtda başqa çirkin yollar axtarmağa başlayıblar. Ancaq Allahın lütfü, İran və müqavimət gənclərinin əzmi sayəsində hegemon sistemin əlaltılarının burnu yenidən torpağa sürtüləcək”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, hegemon güclərin, xüsusilə ABŞI-ın nüfuzu və tamahkarlığına qarşı yeganə mübarizə yolu region xalqları və dövlətlərinin güclü olduğunu hiss etməsi və ondan istifadəsidir: “Əgər biz geri çəkilsək, düşmən irəliləyəcək”.

O, habelə ABŞ-ın Birgə Fəaliyyətlərin Kompleks Planındakı həyasızlıq və utanmazlığına işarə edərək dedi: “Onlar bu məsələdə hər gün bir çirkinlik və bir hoqqa nümayiş etdirirlər. Bu isə Amerikanı Böyük Şeytan adlandırmış dahi İmamın sözünün düzlüyünü göstərir. Həqiqətən də ABŞ rejimi şeytanlardan daha xəbisdir”.

İslam İnqilabının Rəhbəri İran alimlərinin nüvə biliklərinə nail olmaq üçün göstərdikləri elmi səy və təlaşların səbəbi haqqında qısa məlumat verdi: “Ekspertlərin dəqiq və elmi hesablamalarına əsasən bir neçə ildən sonra ölkənin elektrik ehtiyatının təmini üçün atom stansiyalarının istehsalına əsaslanan minimum 20 min meqavata ehtiyac var. Bu səbəbdən İran xalqı öz ehtiyacını təmin etmək üçün elmi və praktiki bir yola əl atdı, qanuni, doğru və təhlükəsiz bir addım atdı. Ancaq İran və digər xalqların elmi nailiyyətlərinə qarşı olan Amerika bu qanuni hərəkət qarşısında dayandı və qəddar sanksiyalar tətbiq etdi”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkə rəhbərləri belə qənaətə gəldilər ki, danışıqlar aparsınlar və öz hüquqlarından bir hissəsinə göz yummaq bahasına olsa belə, sanksiyaları ortadan qaldırsınlar. Ancaq bu gün görürük ki, bütün qərarlar, öhdəliklər və danışıqlar çərçivəsində aparılmış müzakirələrə rəğmən, ABŞ-ın bu müzakirələr və onun nəticəsinə qarşı davranışı qəddar, quldur və zorakı davranışdır”.

O, “İran xalqı və rəhbərliyi düşmənin bu düşməncəsinə hərəkəti qarşısında hansı addımı atmalıdır?” – deyə bir sual ünvanlayaraq dedi: “Ölkə rəhbərliyi  ABŞ rejiminin cinayətkar liderlərinə sübut etməlidir ki, öz xalqlarına güvənirlər. Qüdrətli İran xalqı İslamın bərəkəti sayəsində gücə boyun əyməyəcək”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Amerikalılar bilsinlər ki, İran xalqı özünün şərəfli və qüdrətli mövqelərində dayanacaq və xalqın mənafeyinə aid olan mühüm məsələlərdə geri çəkilmək İslam Respublikasının leksikonunda yoxdur və o irəliləyəcəkdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Düşmən bilsin ki, dünyanın digər nöqtələrində zorakılıq və quldurluq nəticə versə də, İslam Respublikasında nəticə verməyəcək, bu dövlət möhkəm və qüdrətlə dayanıb”.

O bildirdi ki, İran xalqına qarşı gün-gündən artmaqda davam edən düşmənçiliyin səbəbi digər xalqlara ilham verir: “ABŞ-ın cinayətkar, yalançı və fırıldaqçı rəhbərləri İran xalqını və İslam Respublikasını həyasızcasına yalançılıqda ittiham edirlər. Halbuki, İran xalqı dürüstcəsinə hərəkət edib addım atmış və bu yolu sona qədər sədaqətlə qət edəcək”.

İslam İnqilabının Rəhbəri ABŞ rəhbərlərinə səslənərək dedi: “Yalançı sizsiniz. Yalançı heç bir xalqın səadət və və xoşbəxtliyini qəbul etməyənlər, nəyin bahasına olursa-olsun öz qeyri-qanuni maraqlarının təmin edilməsini düşünənlərdir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqı möhkəm dayanıb. Hegemon sistemin BFKP-dakı hər bir yanlış hərəkəti İslam Respublikasının əks reaksiyası ilə qarşılaşacaqdır”.

Çıxışının sonunda yol qəzaları məsələsinə toxunan ali Məqamlı Rəhbər bu məsələ, habelə narkotik maddələrin qaçaqmalçılığı və banditizmlə mübarizə istiqamətində dəqiq, sürətli və əhatəli proqram hazırlanmasının zəruriliyini vurğuladı: “Yol qəzaları məsələsinə gəlincə, Polis Qüvvələri, Nəqliyyat Nazirliyi və Sənaye Mərkəzləri kimi digər qurumlar bu cür acı və xoşagəlməz hadisələrin qarşısının alınması istiqamətindəki payını müəyyən etməli, zəif cəhətlərini aradan qaldıraraq öz vəzifələrinə əməl etməlidirlər”.

İslam İnqilabının Rəhbəri habelə, hökumət rəhbərlərini Polis Qüvvələrinə köməklik göstərməyə çağırdı.

Mərasimdə çıxış edən Polis Qüvvələrinin komandanı briqada generalı Əştəri bildirdi ki, bu qurumda xalqa xidmət göstərən insanlar dövlətə və xalqa minnətsiz xidmət göstərən layiqli polis olmaq məqsədi daşıyırlar: “Vəzifə və döyüş bacarıqlarının artırılması, əməliyyat qərargahlarının təşkili, sərhədlərə davamlı nəzarət, dövlət qanunlarını və ümumi asayişi pozanlara qarşı amansızcasına mübarizə Polis Qüvvələrinin proqramlarının sərlövhəsidir”.

Polis Akademiyasının komandanı general Bəxtiyari də bu univeristetin elmi, mədəni, təhsil və bacarıqların artırılması proqramları haqqında məlumat verdi.

Mərasimdə Polis Akademiyasının nümunəvi komandirləri, müdirləri və müəllimlərindən bir neçəsinin hədiyyəsi Ali Baş Komandan tərəfindən təqdim edildi. Universitetin iki tələbəsi epolet və rütbə ilə təltif olundu.

Polis Akademiyasının məzun mərasimi şəhidlərin önündə andiçmə proqramı, əlbəyaxa döyüş hərəkətlərinin nümayişi ilə davam etdi.

Mərasimdə habelə, meydanda düzülmüş birləşmələr Ali Baş Komandanın önündən təntənəli paradla ötüb keçdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /