Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sionist rejim regionda “Yeni İsrail” yaratmaq niyyətindədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu axşam (çərşənbə) Türkiyə prezidenti cənab Rəcəb Təyyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasındakı iqtisadi əməkdaşlıqların artırılmasının zəruri olduğunu vurğuladı. İslam dünyasının mühüm məsələlərində İran və Türkiyənin bir araya gəlməsi və əməkdaşlıq etməsinin çox mühüm və effektiv olduğunu deyən Ali Məqamlı Rəhbər İraqın Kürdüstan əyalətində keçirilmiş referendumun ABŞ və Sionist rejimin maraqlarına xidmət etdiyini dedi: “ABŞ və əcnəbi güclərə güvənmək olmaz, onlar regionda “Yeni İsrail” yaratmaq niyyətindədirlər”

Həzrət Ayətullah Xamenei Şərqi Asiya və Myanmadan tutmuş Şimali Afrikaya qədər İslam dünyasında mövcud olan ciddi problemlərdən söz açaraq dedi: “Əgər İran və Türkiyə bu problemlərə qarşı hər hansı məsələdə razılığa gəlsələr, bu saziş mütləq, reallaşacaq və onun faydası hər iki ölkəyə, eyni zamanda İslam dünyasına toxunacaq”.

O, iki ölkə arasındakı iqtisadi əməkdaşlıqların genişləndirilməsinin zəruri olduğunu dedi: “Təəssüflər olsun ki, çoxlu potensialların olmasına baxmayaraq, iqtisadi əməkdaşlıqların səviyyəsi son bir neçə ildə heç qalxmamışdır. Bu sahədə əvvəlkindən daha çox çalışıb fəaliyyət göstərmək lazımdır”.

İslam İnqilabının Rəhbəri İran və Türkiyənin Astana sammitindəki əməkdaşlıqlarından və bu əməkdaşlıqlar nəticəsində Suriya hadisələrinin yaxşılaşmasından məmnun qaldığını bildirdi: “Əlbəttə, İŞİD və təkfirçilərin problemi bu şəkildə həll olmayacaq. Problemin həlli üçün uzunmüddətli və real proqram işləyib hazırlamaq lazımdır”.

Çıxşının davamında İraqın Kürdüstan əyalətində keçirilən referendumun regiona xəyanət olduğunu və onun gələcəyini təhlükəyə atdığını deyən İnqilabın Rəhbəri bu addımın qonşulara yaradacağı uzunmüddətli problemlərə işarə edərək dedi: “İran və Türkiyə bu məsələ ilə mübarizədə mümkün olan hər bir addımı atmalıdır. İraq dövləti də bu hadisədə ciddi qərar qəbul etməli və addım atmalıdır”.

Həzrət Ayətullah Xamenei həmin məsələ ilə mübarizədə İran və Türkiyənin əməkdaşlıq etməsi, həmfikir olması, vahid və ciddi siyasi və iqtisadi qərarlar qəbul etməsinin çox mühüm əhəmiyyət daşıdığını dedi: “Amerika və Avropa dövlətinin bu məsələyə baxışı İran və Türkiyənin baxışından tamamilə fərqlənir. ABŞ İran və Türkiyəyə qarşı daim pozucu bir amilə sahib olmaq istəyindədir. Buna görə də amerikalılar, avropalılar və onların mövqelərinə heç cür güvənmək olmaz ”.

Həzrət Ayətullah Xamenei Türkiyə prezidentinə xitab edərək dedi: “Qeyd etdiyiniz kimi, son hadisələrdən birinci növbədə sionist rejim, ondan sonra amerikalılar faydalanırlar”.

İslam İnqilabının Rəhbəri düşmənlərin İran və Türkiyənin başını qatmağa və bu iki ölkəni regionun mühüm problemlərindən uzaq tutmağa çalışdıqlarına işarə edərək dedi: “Xarici qüvvələr, xüsusilə sionist rejim regionda “Yeni bir İsrail” yaratmaq, ixtilaf və qarışıqlıq salmaq üçün bir vasitə yaratmaq niyyətindədirlər”.

O vurğuladı: “Son hadisələrə uzunmüddətli və starteji baxış bucağından baxaraq ciddi və sürətli qərarlar qəbul etmək, vahid addımlar çərçivəsində bu məsələ ilə mübarizə aparmaq lazımdır”.

Ölkəmizin prezidenti cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə Türkiyə prezidenti cənab Rəcəb Təyyib Ərdoğan qeyd etdi ki, İran və Türkiyə arasında güclü regional ittifaq yaratmaq lazımdır: “Suriya və İraq məsələsində İran İslam Respublikasının prezidenti ilə apardığımız danışıqlarda yekun qərarlara vara bildik”.

Türkiyə prezidenti İraq Kürdüstanı məsələsində İran, Türkiyə və İraqın ortaq və eynivaxtlı addımlar atmasının zəruri olduğunu dedi: “İnkar olunmaz sənədlər və faktlar ABŞ və İsrailin Kürdüstan məsələsində ümumi razılığa gəldiklərini göstərir. Barzani referendum keçirməklə bağışlanmaz səhvə yol verdi”.

Cənab Ərdoğan dedi ki, İsraildən başqa heç kəs İraq Kürdüstanını rəsmən tanımadı: “İraqın qonşuları bu qərarı əsla qəbul etməyəcəklər. Buna görə də İraq Kürdüstanının rəhbərləri bundan sonra heç bir addım ata bilməyəcəklər və qurtuluş yolları da olmayacaq”.

Türkiyə prezidenti qeyd etdi ki, ABŞ, Fransa və İsrail Orta Şərq dövlətlərini parçalamaq və bu şəraitdən öz xeyirlərinə istifadə etmək istəyirlər: “Onların Suriya ilə də bağlı həmin planları var. İran və Türkiyənin bu məsələdə birliyi və vahid qərar qəbul etməsi çox mühümdür”.

Cənab Ərdoğan iki ölkə arasındakı iqtisadi əməkdaşlıqların həcminin 30 milyard dollara qədər artırılmasının zəruri olduğunu vurğulayaraq dedi: “Bir-birimizlə əməkdaşlıq çərçivəsində həyata keçirə biləcəyimiz çoxlu işlər var. Baxmayaraq ki, bəziləri bu əməkdaşlıqların genişlənməsindən məmnun qalmayacaq və bu müsbət addımları dayandırmaq üçün səy göstərəcəklər”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /