Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Əgər qarşı tərəf BFKP-nı cırsa, biz də onu tikə-tikə edərik

Bu gün (çərşənbə günü) səhər ölkənin minlərlə yüksək elmi intellekt və istedada malik olan gəncləri ilə görüşdə vətənin intellektual gənclərinin İranın parlaq gələcəyinə ümid səbəbi olduqlarını deyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Böyük Şeytanın hiylə və kələyi qarşısında ayıq olmağın zəruri olduğunu vurğulayaraq xalqa, məsul şəxslərə, siyasi və media fəallarına BFKP ətrafında baş verən son hadisələrlə bağlı yeddi tövsiyə verdi.

Siyasi asılılığın xalqların gözü kölgəli olmasına səbəb olan çox təhlükəli bir faktor olduğunu deyən Həzrət Ayətullah Xamenei İranın ABŞ-dan asılılığının tam kəsilməsinə toxunaraq dedi: “Düşmən İran İslam Respublikasının inkişaf və fəaliyyətlərini görür; İranın asılı və geri qalmış bir dövlətdən siyasi, müdafiə və elmi iqtidarı günbəgün artmaqda olan nüfuzlu və təsir gücünə malik bir dövlətə çevrilməsindən tamamilə əsəbi və narahatdır”.

İnqilabın Rəhbəri bildirdi ki, ABŞ rejiminin İran xalqı ilə düşmənçiliyi İnqilabın qələbəsinin elə ilk günlərindən başlamışdır: “O günlər nə nüvə enerjisi, nə raket, nə də regional nüfuz problemi var idi. Ancaq amerikalılar anlamışdılar ki, İnqilabın qələbəsi ilə əllərinin altında olan, müti və çox mənfəətli bir dövlət olan İranı itiriblər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İranın xalqların təsəvvüründə nümunəyə çevrilməsi imperialistlərin qəzəbinə və ümidsizliyinə daha çox səbəb olmuşdur: “İran xalqı son qırx ildə dünyaya sübut etdi ki, super dövlətlərdən qorxmamaq, onlara qarşı müqavimət göstərmək, sanksiya və təzyiqlərə baxmayaraq, davamlı inkişafa nail olmaq olar”.

O dedi ki, tam sanksiyalar rejiminə baxmayaraq, İranın hərbi və raket sahəsindəki nailiyyətləri bəzi kinli düşmənlərin heyrətinə, hətta tərifinə səbəb olmuşdur: “Sionist bir generalın neçə il bundan qabaq bu mövzuda yazdığı məqalə sözügedən reallığın bir nümunəsidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, gənc intellektlərlə olan yaxşı və faydalı toplantının vaxtını ABŞ prezidentinə cavab verməklə zay etmək istəmirik: “Buna baxmayaraq, hamılıqla bir mühüm nüansa diqqət yetirməliyik. O da düşməni tanımaq zərurətidir. Çünki düşmənlərini tanımayan, onları dost və ya bitərəf hesab edən hər bir millət mütləq, təhdid və təhlükəyə məruz qalacaq”.

O əlavə etdi: “Möminlərin əmiri “Nəhcül-bəlağə”də belə buyurur: “Yuxulamıram və ətrafımda nə baş verdiyini başa düşürəm”. İran xalqı və rəhbərləri də yuxulamamalı və qəflət yuxusuna getməməlidirlər. Çünki belə olan surətdə bizə gecə basqını edərlər və yağmalanarıq”.

İslam İnqilabının Rəhbəri dövlət rəsmilərinin Trampın sayıqlamalarına verdikləri yaxşı və düzgün cavablara işarə edərək ABŞ prezidenti və rəhbərlərinin İranın və regionun inkişafını dərk etmədikləri üçün mental retardasiyaya düçar olduqlarını dedi: “Onlar gənc, mömin, inqilabçı və inkişaf etmiş İranı 50 il geriyə qaytarmaq istəyirlər. Əlbəttə, bu işin mümkünsüzlüyü məlumdur. Ancaq onların beynində tormuzlanma getdiyi üçün bu gerçəyi dərk etməkdə acizdirlər. Buna görə də hesablamalarda səhvə yol verir və İran xalqı qarşısında ardıcıl məğlubiyyətə uğrayıb və uğramaqda davam edirlər”.

İnqilabın Rəhbəri çox cinayətkar olan ABŞ rejimini mərhum İmamın həqiqətən, doğru təbiri ilə Böyük Şeytan adlandırdı: “ABŞ dövləti təhlükəli və mənfur Beynəlxalq Sionizm Şəbəkəsinin üzvü, müstəqil xalqların düşməni, regionda və dünyada gedən əksər müharibələrin səbəkarıdır; zəli kimi xalqların varını-yoxunu sormaq niyyətindədir”.

O, Trampın seçki kompaiyalarında İŞİD-in ABŞ tərəfindən yaradılması ilə bağlı dediyi sözləri xatrıladaraq dedi: “ABŞ liderlərinin ABŞ və İŞİD-in regionla bağlı təhlükəli hədəfləri önündə səd çəkmiş mühafizəçi qoşuna qarşı hay-küy salıb çıxışlar etməsi təbiidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Amerika rəsmilərinin qəzəbinə səbəb olan başqa bir amil ABŞ-ın region, xüsusilə Suriya, Livan və İraqla bağlı planlarının puça çıxmasıdır: “İslam Respublikası ABŞ-ın mənfur planlarını darmadağın etmişdir”.

İslam İnqilabının Rəhbəri amerikalıların qəzəb və ümidsizliyinin səbəblərini açıqladıqdan sonra xalq, dövlət rəsmiləri, siyasi və media aktivlərinə son hadisələrlə bağlı yeddi mühüm tövsiyə verdi.

Həzrət Ayətullah Xameneinin vurğuladığı ilk nüans bu oldu: “Hamı əmin olsun ki, ABŞ bu dəfə də İranın inqilabçı xalqından sillə zərbəsi alacaq və məğlubiyyətə uğrayacaq”.

İnqilabın Rəhbərinin ikinci tövsiyəsi bu oldu ki, ABŞ-ın hiylə və məkrindən xəbərsiz qalmaq olmaz.

O vurğuladı: “ABŞ prezidentinin əbləhliyi düşmənin hiylə və kələyindən xəbərsiz qalmağımıza, onu kiçik görməyimizə səbəb olmamalıdır. Əksinə, hamılıqla tam tədbirli, ayıq və hazırlıqlı vəziyyətdə səhnədə olmalıyıq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, hərbi müharibə baş vermir. Ancaq elə məsələlər var ki, müharibədən az əhəmiyyət daşımır. Buna görə uzaqgörən və ehtiyatlı olmalıyıq”.

İnqilabın Rəhbəri üçüncü tövsiyəsində vurğuladı ki, ABŞ İranın güc komponentləri ilə düşmənçilik edir: “Düşmənin əksinə olaraq hamımız bu komponentləri gücləndirməliyik”.

O, elm və müdafiə gücünün İran xalqının əsas güc komponentlərindən olduğunu dedi: “Raket imkanları düşmənin acığına hər gün artırılmalıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, iqtisadiyyat İranın güc komponentlərindən bir başqasıdır: “Asılılığı azaltmaq və endogen iqtisadi gücü artırmaq üçün ciddi cəhd göstərmək lazımdır”.

İnqilabın Rəhbəri bu məsələ haqqında belə dedi: “Dəfələrlə demişəm ki, xarici, xüsusilə qərblilərin investisiya qoyuluşu ilə bağlı heç bir problemimiz yoxdur. Sadəcə, ölkə iqtisadiyyatı Tramp kimi bir şəxsin nərəsi ilə laxlayacaq bir sütuna söykənməməlidir”.

O əlavə etdi: “İranın iqtisadiyyatı daxili imkan və potensial sütununa söykənməlidir; müqavimət iqtisadiyyatının elan edilmiş siyasətləri izlənib icra edilməlidir”.

İnqilabın Rəhbərinin son hadisələrlə bağlı verdiyi dördüncü mühüm tövsiyə düşmənin təlqinlərinə etinasızlıq göstərilməsi ilə bağlı oldu.

Həzrət Ayətullah Xamenei dedi: “Birgə Faəliyyətlərin Kompleks Planında düşmən bildirdi ki, əgər razılıq əldə edilsə, düşmənçiliklərə son qoyulacaq. Razılıq əldə etdik, ancaq düşmənçiliklər daha da artdı”.

O vurğuladı: “Bu gün artıq belə hallara yol vermək olmaz ki, məsələn, filan məsələdə razılığa gəlsək, filan cür olacaq. Bunlar düşmənin nəzər nöqtəsi olan təlqinlərdir. Biz bu təlqinlərə etina etməməli, öz maraqlarımızı dərk etməli və onları düşməndən dinləməməliyik”.

İslam İnqilabı Rəhbəri beşinci tövsiyəsində bildirdi ki, müdafiə gücünün artırılmasında Müqəddəs Müdafiə praktikasına əsaslanmaq lazımdır.

O vurğuladı: “O illərdə Tehran Səddam və onun Qərb himayədarlarının raket yağışı altında müdafiəsiz idi. Ölkə gəncləri bu problemi həll etmək üçün sıfırdan başladılar. Tədricən elə bir gücə nail oldular ki, düşmən bizim kimi bir mübarizə gücünü gördükdə dayandı”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İndi də ölkəmizin müdafiə gücünü artırmalıyıq ki, düşmənlər cəsarətlənməsinlər, hücuma keçməyə və özlərini pis aparmağa cürətlənməsinlər”.

İnqilabın Rəhbəri növbəti tövsiyəsində avropalıların son məsələ ilə bağlı davranışlaırndan danışdı.

O dedi: “Avropalılar BFKP-nının onların və amerikalıların xeyrinə olduğunu başa düşdükləri üçün ABŞ prezidentinin BFKP-nı cıracağı ilə bağlı fikirlərinə qarşı çıxdılar. Bu mövqe yaxşıdır, ancaq yetərli deyil”.

İnqilabın Rəhbəri dedi: “Qarşı Tərəf BFKP-nını cirmayınca biz onu cırmarıq. Ancaq onlar BFKP-nını cırsalar, biz də onu parça-parça edərik”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Avropalılar ABŞ dövlətinin fəaliyyətləri, o cümlədən BFKP-nın pozulması və konqresdən çıxması gözlənilən sanksiyalara qarşı çıxmalı, İranın müdafiə gücü və onun regiondakı iştirakı kimi məsələlərdə amerikalılarla həmfikir olmaqdan çəkinməlidirlər. Çünki avropalıların ABŞ-ın hədələrinə razı olmalarını qətiyyən qəbul etmirik”.

İnqilabın Rəhbərinin bu məsələyə münasibəti belə oldu: “Raket və atom silahına sahib olanlar İranın 2 ya 3 min km-lik raketlərinin olmasına qarşıdırlar. İrana aid olan bu və digər məsələlərin sizə nə dəxli var?”

İnqilabın Rəhbərinin son tövsiyəsi müqavimət iqtisadiyyatı və onun prinsiplərinin, o cümlədən daxili istehsal, qeyri-zəruri idxalların qadağan edilməsi, qaçaqmalçılığın qarşısının alınması və iş yerlərinin açılması məsələsinə ciddiyət göstərilməsi ilə bağlı oldu.

O bildirdi: “İlin yarıdan çoxu geridə qalıb, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi və seçki çıxışları zamanı səsələndirilən geriliklərin ortadan qaldırılması üçün daha artıq səy göstərmək lazımdır ki, İran iqtisadiyyatı neft asılılığından çıxıb əlavə dəyərə əsaslanan bir iqtisadiyyata çevrilsin”.

Çıxşının başqa bir yerində gənc intellektlərlə görüşün şirin, arzuolunan, gələcəyə və qarşıda duran üfüqlərə ümid hissi ilə dolu olduğunu deyən İslam İnqilabının Rəhbəri vurğuladı ki, intellektlər Allahın nemətləridirlər; bu nemətin şükrünü etmək lazımdır: “Mənim istedada dərin və güclü inamım var. Ölkə rəsmiləri də inanmalıdırlar ki, istedadlarımız var və bu istedadlar ölkənin taleyini dəyişə bilərlər”.

O bildirdi ki, elmi inkişaf ölkənin gücünə zəmin yaradır: “Ölkəmizin elm sahəsində parlaq keçmişinin olmasına baxmayaraq, təəssüflər olsun ki, yadların imperiyası dövründə elm karvanından geri qaldı. Bu gerilik aradan qaldırılmalıdır”.

Qərbliləşmənın qarşısının alınmasının əsas yollarından birinin asılılığa son qoymaq olduğunu deyən İslam İnqilabının Rəhbəri vurğuladı ki, asılılıqdan xilas olmağın əsas vasitələrindən biri elmi inkişafdır: “Ayrı-ayrı qurumlar elmi və texnoloji inkişaf yolunda heç bir maneə yaratmamalıdırlar”.

Həzrət Ayətullah Xamenei ölkənin fövqəladə potensiallarına əsaslanaraq elmi və texnoloji inkişaf bazasının hazır olduğunu dedi və İntellektuallar Fondunun və Prezidentin Elmi Məsələlər üzrə Müavinliyinin fəaliyyətlərindən razı qaldığını bildirdi: “Əlbəttə, bu səviyyədə inkişafa qane olmaq olmaz, çünki arzu olunan nöqtəyə çatmaq üçün uzun yolumuz var”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında bir əsas nüansa toxunaraq dedi: “Elmi inkişafda modelləşdirmə aparılmalıdır ki, ayrı-ayrı dövlətlərin idarəetmə metod və üslubları bu istiqamətə təsir göstərməsin və ölkənin elmi inkişafı dayanmasın”.

Həzrət Ayətullah Xamenei elm və texnologiyaya dair məsələlərlə bağlı da bir neçə nüansa toxundu.

Elmi baza əsaslı şirkətlərin kriteriyalarının keyfiyyətinin yaxşılaşdırılması, elm və texnologiya büdcəsinin artırılması, bu sahədə maliyyə mənbələrinin düzgün idarə edilməsi və elmi məqalələrin keyfiyyətinin artırılması zərurəti İnqilabın Rəhbərinin toxunduğu nüanslardan oldu.

O, Prezidentin Elmi Məsələlər üzrə Müavinliyi və İntellektuallar Fonduna israrla tövsiyə etdi ki, qurumların potensiallarından əvvəlkindən daha çox istifadə etsinlər.

İslam İnqilabının Rəhbəri habelə dedi: “Ölkə sənayesi ilə bağlı əsaslı fikirləşmək lazımdır. Çünki sənayenin montaj problemi var. Nə qədər ki, bu problem var, innovasiya diqqət mərkəzində olmayacaq, elmi hərəkətlilik və fəallıq dayanacaq. Belə olan şəraitdə universitet və sənaye sahəsi arasında əlaqə olmayacaq”.

O, Prezidentin Elmi Məsələlər üzrə Müavinliyi və İntellektuallar Fondundakı mədəni fəaliyyətlərə əhəməiyyət verilməsinin zəruriliyindən danışdı: “Keçən illər ərzində baş vermiş və bizim bir neçə alimimizin şəhid olması ilə nəticələnən fiziki terrordan daha acısı və təhlükəlisi alimlərimizin fikri və mədəni əsarətidir. Buna görə də intellektuallar təqva ilə özlərini qorumalıdırlar”.

İnqilabın Rəhbəri çıxşının sonunda bildirdi ki, ölkənin bu günkü şəraiti və mövqeyi gənclər üçün imanlarını artırmaq, inkişaf istiqamətində çalışmaq və problemləri aradan qaldırmaq sahəsində ən yaxşı imkana malikdir: “Əminəm ki, siz gənclər daha yaxşı, daha inkişaf etmiş, daha nizam-intizamlı və qabaqcıl bir İrana malik olacaqsınız”.

Bu görüşün əvvəlində Prezidentin Elmi və Texnoloji Məsələlər üzrə müavini və Milli İntellektuallar Fondunun rəhbəri doktor Səttari iqtisadi strategiyanın neft iqtisadiyyatından yaradıcı, mömin və özgüvəni olan insan gücünə əsaslanan bir iqtisadiyyat istiqamətində dəyişməsinin zəruriliyindən söz açaraq dedi: “Uğurlu təhsil modelinin layihələndirilməsi, xüsusi istedadlıların daha da gücləndirilməsi üzərində mərkəzləşmə, ölkə xaricində olan iranlıların cəlb edilməsi və intellektuallar şəbəkəsinin yaradılması Milli İntellektuallar Fondunun ən mühüm fəaliyyətləri və strategiyalarındandır”.

Mərasimin əvvəlində çıxış edən altı intellektual gənc öz narahatlıqlarını və təkliflərini bildirdilər. Çıxışçılar:

- Məhəmməd Salarinəsəb. Mekatronik mühəndis, 2011-ci ildə keçirilmiş Xarəzmi festivalının laureatı;

- Məhəmmədəmin Sadiqi. Kompüter ixtisası üzrə doktor, Beynəlxalq Kompüter Olimpiadasının bürünc medalçısı;

- Məhəmməd Həqşünas. İdarəetmə ixtisası üzrə aspirant, Ümumrespublika imtahanının qalibi;

- Seyyidrza Kazimi. Elm fəsləsəfəsi ixtisası üzrə magistr, elmi bazaya əsaslanan şirkətin icraçı direktoru;

- İsa Zarepur. Kompüter mühəndisliyi ixtisası üzrə doktor;

- Fatimə Xoşnevisan. İdarəetmə ixtisası üzrə aspirant, Milli İntellektuallar Fondunun mükafatçısı

Çıxışçılar aşağıdakı mövzular ətrafında danışdılar:

- Elm və Təhsil Mərkəzlərində gərginlikdən uzaq sakit bir mühit yaradılması zərurəti;

- Qərar qəbul etdirən qurumlar və sənaye sahəsində intellektlərdən istifadənin zəruriliyi;

- Universitetlərin praktiki və yerli tədqiqatlar istiqaməti üzrə dəyişdirilməsi zərurəti;

- Daxili və sağlam istehsal vasitəsilə virtual məkanda idxalatla mübarizə zərurəti;

- Elmi bazaya əsaslanan şirkətlər və yeni biznes qanunlarının islahı zərurəti.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /