Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Məqamlı Rəhbər Rusiya prezidenti ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Rusiya prezidenti Vladimir Putinlə bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə cənab Putinin bütün sahələrdə əməkdaşlığı günbəgün daha da genişləndirmək təklifini alqışladığını bildirərək vurğuladı: “Son illər regional məsələlərdə və ikitərəfli əməkdaşlıqda əldə olunmuş müsbət təcrübədən ölkələrimiz arasında əlaqələri daha da möhkəmlətmək və genişləndirmək üçün faydalanmalıyıq”.

Həzrət Ayətullah Xamenei iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq üçün potensialın hazırkından daha yüksək səviyyədə olduğunu qeyd edərək dedi: “Nəqliyyat sahəsində mühüm mərkəz olan Çabahar və Sankt-Peterburq limanlarından istifadə edə, habelə digər iqtisadi sferalarda daha geniş əməkdaşlıq qura bilərik”.

Ali Məqamlı Rəhbər iki ölkənin Suriya məsələsində çox müsbət əməkdaşlıq təcrübəsi yaşadığını bildirərək dedi: “Bu əməkdaşlığın nəticələri göstərdi ki, Tehran və Moskva çətin meydanlarda müştərək hədəflərini reallaşdırmağa qadirdirlər”.

O, əlavə etdi: “Terrorçuları himayə edən Amerika koalisiyasının Suriyada məğlubiyyətə uğraması inkarolunmaz bir reallıqdır, lakin onlar hələ də hansısa planlar cızmaqdadırlar. Buna görə də Suriya probleminin tam şəkildə həllini tapması üçün sıx əməkdaşlığın davam etdirilməsinə ehtiyac var”.

Ali Məqamlı Rəhbər bir neçə xarici ölkə tərəfindən himayə edilən təkfirçi terrorçularına qarşı İran və Rusiyanın müştərək mübarizəsinin mühüm nəticələrə malik olduğunu qeyd edərək dedi: “Tehran və Moskvanın çox gözəl bir tandemdə Suriyada terrorçuların fitnə-fəsadına qarşı müştərək mübarizə aparması böyük məna kəsb edir və Qərbi Asiya regionundakı problemlərin həllində Rusiyanın təsirini artırmışdır”.

“Suriyadakı problemlərlə bağlı son qərarı verən Suriya xalqı olmalıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Sizin də qeyd etdiyiniz kimi, Suriyada hökumətlə bağlı bütün məsələlər, problemlərin həlli yolları bu ölkənin öz daxilindən qaynaqlanmalı, Suriya dövlətinə heç bir planın icrası üçün təzyiq göstərilməməli, planlar da mümkün qədər kompleks xarakterli olmalıdır”.

Ali Məqamlı Rəhbər görüş əsnasında Rusiya prezidentinin nüvə anlaşması, çoxtərəfli öhdəliklərə riayət olunmasının vacibliyi ilə bağlı səsləndirdiyi fikirləri müsbət dəyərləndirərək dedi: “Təəssüf ki, amerikalılar öz düşmənçiliklərinə davam edirlər. Onlara münasibətdə düzgün, praqmatik yollardan istifadə etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei cənab Putinin regional problemləri xarici tərəflərin iştirakı olmadan, müştərək surətdə həll etmək lazım olduğu barədə səsləndirdiyi fikirləri təsdiqləyərək dedi: “Amerikalılar bütün qlobal və regional problemlərə müdaxilə etmək niyyətindədirlər və bunu edə bilmək üçün də bəzi zəif mövqeli dövlət başçılarına bel bağlayıblar”.

“Səudiyyə hökumətinin bəzi ölkələrə etdiyi qanlı müdaxilə, o cümlədən Yəməndə gündəlik olaraq törətdiyi cinayətlər Ərəbistanın dərin bədbəxtliklərə düçar olmasına yol açacaq” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar hətta öldürücü epidemiyalardan əziyyət çəkən məzlum Yəmən əhalisinə dərman və yardımların çatdırılmasına belə icazə vermirlər”.

Ali Məqamlı Rəhbər Amerikanın İran və Rusiya əleyhinə tətbiq etdiyi sanksiyalara qarşı da müştərək mübarizə və əməkdaşlığın faydalı ola biləcəyini vurğulayaraq dedi: “Düşmənlərin ölkələr arasında əlaqələri zəiflətmək məqsədilə apardığı mənfi təbliğata əhəmiyyət vermədən, ABŞ-ın sanksiyalarını müəyyən yollarla, o cümlədən iki və çoxtərəfli iqtisadi sazişlərdə dollardan imtina edərək, əvəzinə milli valyutadan istifadə etməklə neytrallaşdıra və Amerikanı bir kənara sıxışdıra bilərik”.

Cənab Putinin güclü, qətiyyətli və işgüzar bir siyasətçi olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Elə buna əsasən də böyük bir dövlət olaraq Rusiya ilə əzm və səy tələb edən, böyük işlər barədə danışmaq və məntiqli əməkdaşlıq qurmaq olar”.

Ali Məqamlı Rəhbər həmçinin cənab Putinin çoxtərəfli regional əməkdaşlıqları genişləndirmək barədə irəli sürdüyü təklifin də məqbul olduğunu bildirdi.

Saat yarıma qədər davam edən görüşdə Rusiya prezidenti Vladimir Putin Tehrana səfərindən və Ali Məqamlı Rəhbərlə görüşündən məmnunluq duyduğunu bildirərək vurğuladı: “Biz İranı strateji ortağımız və böyük qonşumuz hesab edir, ölkələrimiz arasında əməkdaşlığı hərtərəfli genişləndirib möhkəmlətmək üçün hər cür imkan və fürsətdən istifadə edirik”.

Cənab Putin İran prezidenti ilə görüşünü çox müsbət dəyərləndirərək enerji, nəqliyyat, yeni texnologiyalar, kənd təsərrüfatı, habelə müştərək neft, qaz və enerji layihələri sahəsində iqtisadi əlaqələri genişləndirmək üçün münbit zəmin olduğunu qeyd etdi.

O dedi: “İrandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 7 dəfə artıb, lakin digər müxtəlif sahələrdə əməkdaşlıq üçün də zəngin potensial mövcuddur”.

Regionda sabitlik və təhlükəsizliyi qorumağın vacib olduğunu vurğulayan cənab Putin əlavə etdi: “Suriyadakı müştərək əməkdaşlığımız çox yaxşı nəticələr verdi. Bu ölkədə terrorizmə qarşı mübarizə davam etdirilməli və uyğun bir siyasi kurs seçilməlidir”.

Ali Məqamlı Rəhbərin Suriyada müştərək hədəflərin reallaşdırılması məsələsində çox effektiv və müdrik mövqe tutduğunu bildirən Rusiya prezidenti dedi: “Biz bütün dünyaya nümayiş etdirdik ki, son dərəcə əhəmiyyətli olan regonumuzun problemlərini regiondan kənar ölkələrin iştirakına ehtiyac duymadan da həll etməyə qadirik”.

“Suriyanın ərazi bütövlüyünü qorumaq, Suriya dövlətini və bu ölkənin qanuni prezidenti olan Bəşşar Əsədi dəstəkləmək Rusiyanın xarici siyasət prinsiplərindəndir” – deyən cənab Putin əlavə etdi: “Düşünürük ki, hər bir ölkədə, o cümlədən Suriyada istənilən siyasi dəyişiklik o ölkənin öz daxilindən qaynaqlanmalıdır”.

Cənab Putin rəsmi Moskvanın İranın nüvə anlaşmasını dəstəklədiyini qeyd edərək dedi: “Bu çoxtərəfli anlaşmanın məzmununa istənilən birtərəfli dəyişikliyin edilməsinin əleyhinəyik və birtərəfli yanaşma prinsipini beynəlxalq hüquq sistemi və normalarının tapdanması hesab edirik”.

Rusiya prezidenti həmçinin əlavə etdi: “Beynəlxalq Nüvə Enerjisi Agentliyinin əsas prinsiplərinin dəyişdirilməsini düzgün hesab etmirik, İranın nüvə anlaşmasının başqa məsələlər, o cümlədən müdafiə məsələsi ilə əlaqələndirilməsinin də əleyhinəyik”.

Cənab Putin İran və Rusiya arasında beynəlxalq qanunlar çərçivəsində hərbi və müdafiə sahəsində də əməkdaşlığı daha çox genişləndirmək imkanı olduğunu qeyd etdi.

Kənar ölkələrin regionda konfliktləri körükləmək niyyətində olduqlarını qeyd edən cənab Putin dedi: “Amerika bütün qlobal və regional məsələlərə müdaxilə etmək istəyir və bu yolda lazım gələrsə, hətta öz müttəfiqlərinin mənafeyini də nəzərə almır”.

Rusiya prezidenti ABŞ rəsmilərinin BMT Təhlükəsizlik Şurasının müzakirələrində Rusiya ilə bağlı yalanlar danışdığına toxunaraq əlavə etdi: “Beynəlxalq münasibətlərin belə bir yüksək arenasında bu cür işlərin baş verəcəyini əsla düşünə bilməzdim, amma artıq amerikalıların bu davranışlarına alışmışıq”.

Rusiya prezidenti bildirdi ki, ölkəsinin Amerikanın sanksiyalarına qarşı mübarizədə başlıca siyasəti daxili güc və potensiala arxalanmaqdan ibarətdir. O, əlavə etdi: “Rusiyada bəzi istehsalçılar və sənaye sahibləri Amerikanın sanksiyalarının heç vaxt bitməməsi üçün dua edir, çünki bu sanksiyalar onların potensialına diqqət yetirilməsinə səbəb olmuşdur”.

Cənab Putin həmçinin dedi: “2014-cü ildən, yəni Amerikanın sanksiyaları başlayandan bəri maliyyə resurslarını əsasən elmi-texnoloji inkişafa yönəltmişik və biotexnologiyalar, informasiya texnologiyaları, kosmik yerşünaslıq və kosmik sənaye sahələrində diqqətəlayiq uğurlarımız var”.

O, əlavə etdi: “Əvvəlki nigarançılığımızın əksinə olaraq, indi artıq başa düşmüşük ki, istəyib, qarşıya məqsəd qoyduğumuz hər bir işi həyata keçirməyə qadirik”.

Cənab Putin son olaraq aşağıdakıları vurğuladı: “Biz öz prinsipial mövqeyimizə sadiqik və kiminləsə bir işə başlayanda onu axıra qədər davam etdiririk”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /