Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Atdığın zaman sən atmadın, Allah atdı; xidmətiniz böyükdür

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İslam İnqilabının Keçikçilər Korpusunun Qüds Qüvvələri komandanı general-mayor Qasım Süleymaninin “Şəcəreyi-xəbisə” (xəbis ağac) adlandırdığı İşidin hakimiyyətinin sona çatması ilə bağlı ünvanladığı məktubuna cavabında vurğulayıb: “Siz xərçəng yığını olan öldürücü İŞİD-i darmadağın etməklə təkcə region dövlətləri və İslam dünyasına deyil, bütün xalqlara, bəşəriyyətə böyük xidmət göstərdiniz”.

Həzrət Ayətullah Xameneinin general Süleymaninin məktubuna cavabının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

İslamın şanlı sərkərdəsi və Allah yolunun mücahidi cənab general Hacı Qasım Süleymani (uğurları daimi olsun)

Böyük Allaha bütün varlığımla təşəkkür edirəm ki, siz və həmkarınız olan böyük ordunuzun müxtəlif səviyyələrdə apardığı fədakarcasına mübarizələrə bərəkət verdi və dünya təcavüzkarlarının əli ilə Suriya və İraqda əkilmiş xəbis ağacın kökünü siz saleh bəndələrin əli ilə kəsdi. Bu, təkcə qəddar və üzüqara İŞİD qruplaşmasına endirilmiş zərbə deyildi, regionda daxili müharibə yaratmış, antisionist müqaviməti yox etməyi, müstəqil dövlətləri bu qrupun qəddar rəhbərləri vasitəsilə zəiflətməyi hədəfə almış xəbis siyasətə endirilmiş daha ağır zərbə idi.

ABŞ-ın əvvəlki və indiki hökumətlərinə, həmin hökumətlərin bu qruplaşmanı regionda təsis etmiş, öz çirkin hökmranlıqlarını Qərbi-Asiya regionuna yaymaq və qəsbkar sionist rejimi burada hökmran etmək üçün bütün dəstəklərini əsirgəməyən rejimlərə zərbə idi. Siz bu öldürücü xərçəng yığınını darmadağın etməklə təkcə region ölkələri və İslam dünyası deyil, bütün xalqlara və bəşəriyyətə böyük xidmət göstərdiniz. Bu, ilahi qələbə, “(Ya Peyğəmbər! onların üz-gözünə torpaq və çınqıl) atdığın zaman sən atmadın, Allah atdı” (Ənfal surəsi, 17) ayəsinin bir təzahürü idi ki, siz və döyüş yoldaşlarınızın gecə-gündüz bilmədən apardığı mübarizəyə xatir sizə verilmiş mükafat idi.

Sizə səmimi qəlbdən təşəkkür edir və bundan əlavə, düşmənin hiyləsindən xəbərsiz qalmamağı israrla tövsiyə edirəm.

Çox ağır sərmayə sərf edib bu xəbis planı hazırlamış şəxslər sakit durmayacaq, onu bu regionun başqa bir yerində və ya başqa bir şəkildə yenidən həyata keçirəcəklər. Motivasiyanın, ayıqlığın və vəhdətin qorunub saxlanması, hər bir təhlükəli tullantının yox edilməsi, ayıldıcı mədəni fəaliyyət, xülasə, hərtərəfli hazırlıqlar unudulmamalıdır. Sizi və İraq, Suriya və digər ölkələrdən olan mücahid qardaşlarınızı Böyük Allaha tapşırıram, hamnızı salamlayıb, sizlərə dua edirəm.

Allahın salam və bərəkəti üzərinizə olsun

30 aban 1397 (21 noyabr 2017)
Seyyid Əli Xamenei

İslam İnqilabının Keçikçilər Korpusunun Qüds Qüvvələri komandanı general-mayor Qasım Süleymani bu gün səhər İslam İnqilabının Rəhbərinə məktub yazaraq “Şəcəreyi-xəbisə” (xəbis ağac) adlandırdığı İŞİD-in hakimiyyətinin sona çatdığını elan etmiş və bu böyük qələbə münasibəti ilə Həzrət Ayətullah Xamenei və İslam dünyasını təbrik etmişdi.

General Süleymaninin məktubunun tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik!

İslam İnqilabının əziz və şücaətli Rəhbəri Həzrət Ayətullah-Üzma İmam Xamenei (uca kölgəsi daimi olsun) cənablarına

Salam olsun sizə!

Altı il əvvəl Əmirəlmömininin (ə) zamanındakı fitnələrə bənzər təhlükəli - müsəlmanları həqiqi Məhəmməd İslamını dərk emək fürsəti və şirinliyindən məhrum etmiş - bir fitnə bu dəfə daha mürəkkəb, sionizm və imperializm zəhərinə bulaşmış şəkildə dağıdıcı bir qasırğa kimi İslam aləmini ağuşuna aldı.

Bu təhlükəli və zəhərli fitnə düşmənlər tərəfinfən İslam aləmində böyük alov şölələndirmək, müsəlmanları bir-birinə qarşı qoymaq məqsədilə yaradılmışdı. “İraq və Şam İslam Dövləti” adı altında ortaya çıxan bu xəbis cərəyan ilk aylarda on minlərlə müsəlman gənci aldadıb İslam dünyasının iki mühüm mövqe və əhəmiyyətə malik ölkələri olan İraq və Suriyada çox təhlükəli böhran yaradaraq yüz minlərlə km2 ərazini, o cümlədən minlərlə kənd, şəhər, vilayət mərkəzlərini işğal etməyə, minlərlə müəssisə, zavod, mühüm infrastrukturları, o cümlədən yollar, körpülər, neft emalı zavodları, neft-qaz boru xətləri, elektrik stansiyaları və bu qəbildən olan digər obyektləri dağıtmağa, sözügedən ölkələrin çox qiymətli milli mədəni və tarixi abidələrini bomba qoyub məhv etməyə və yandırmağa müvəffəq ola bildi.

Dəymiş ziyanı hesablamaq mümkün olmasa da, ilkin araşdırmalar dəymiş ziyanın beş yüz milyard dollar olduğunu göstərir.

Bu hadisədə göstərilməsi qeyri-mümkün olan çox ağır cinayətlər baş verdi. O cümlədən, ailə üzvlərinin gözləri önündə uşaqların başları kəsildi və kişilərin dərisi diri-diri soyuldu, qız və qadınlar əsir götürülərək təcavüzə məruz qoyuldular, insanlar diri-diri yandırıldı, yüzlərlə gəncin kütləvi şəkildə başları kəsildi.

Bu ölkələrin müsəlman əhalisi zəhərli qasırğa səbəbilə didərgin düşərək təkfirçi cinayətkarların iti xəncərlərinə tuş gəldi, milyonlarla insan öz ev-eşiklərini tərk edərək başqa şəhər və ölkələrə qaçdılar.

Bu qara fitnədə müsəlmanların minlərlə məscid və müqəddəs mərkəzi dağıdıldı, bəzi məscidlər imam-camaat və namazqılanlar ibadətdə ikən partlatdıldı.

Aldadılaraq tora salınmış altı mindən çox gənc İslamı müdafiə etmək adı altında kamikadzelik edərək özlərini partlayıcı maddələrlə dolu olan avtomobillərlə birlikdə meydanlar, məscidlər, məktəblər, hətta xəstəxanalar və müsəlmanlara aid olan ictimai mərkəzlərdə partlatdılar. Bu cinayətkar əməllərin nəticəsində on minlərlə günahsız körpə, kişi və qadın şəhid oldu.

Bütün bu cinayətlər indi də Amerikaya rəhbərlik edən ən yüksək rütbəli ABŞ rəsmilərinin etirafına əsasən, bu ölkənin rəhbərləri və nəzarətində olan təşkilatlar tərəfindən planlaşdırılıb və həyata keçirilib. Bu proses Amerikanın hazırki rəhbərləri tərəfindən hələ də layihələndirilib icra etdirilməkdədir.

Nöqsansız olan Allahın lütfü, İslamın böyük peyğəmbəri (s) və onun qiymətli Əhli-beytinin xüsusi yardımından sonra bu qara və təhlükəli planın məğlubiyyətə uğramasının səbəbi Zat-aliniz və böyük mərcə sahibi Həzrət Ayətullah-Üzma Sistaninin bu zəhərli qasırğaya qarşı mübarizə aparmaq üçün bütün imkanların səfərbər olmasına səbəb olan müdrik rəhbərliyi və hikmətli bələdçiliyi oldu.

Heç şübhəsiz, İraq və Suriya hökumətlərinin dirəniş göstərməsi, hər iki ölkənin orduları və gənclərinin, xüsusilə Hizbullah və onun qürurverici rəhbəri cənab Seyyid Həsən Nəsrullah (Allah-taala onu qorusun) qətiyyətli və aparıcı iştirakı ilə Müqəddəs Həşd Şabi və digər ölkələrin müsəlman gənclərinin rəşadəti bu təhlükəli hadisənin məğlubiyətə uğramasında təyinedici rol oynadı.

Xalqımız və İslam Respublikasının xidmətdə dayanan hökuməti, xüsusilə İslam Respublikasının möhtərəm prezidenti, Məclis, Müdafiə Nazirliyi, ölkənin digər hərbi, polis və təhlükəsizlik qüvvələrinin yuxarıda adları çəkilən ölkələrin xalqları və hökumətlərinə verilən dəstəkdə oynadıqları qiymətli rol təqdirəlayiqdir.

Mən Sizin tərəfinizdən əmr almış bir əsgər kimi elan edirəm: İŞİD-in son qalası Əbu-Kamalın azad edilməsi əməliyyatının başa çatdırılması ilə bu qrupun amerika-sionist bayrağının endirildiyini, Suriya bayrağının qaldırıldığını, bu şəcəreyi-xəbisin işğalına son qoyulduğunu elan edirəm. Bu meydanın bütün komandanları və adsız mücahidləri, müsəlmanların həyatı, namusu, müqəddəs yerlərin müdafiəsi yolunda canını fəda etmiş minlərlə iranlı, iraqlı, suriyalı, livanlı, əfqanıstanlı, pakistanlı şəhid və müharibə əlili tərəfindən bir nümayəndə ünvanında bu böyük və təyinedici qələbə münasibətilə Sizi, İslam İranının böyük xalqını, məzlum İraq və Suriya xalqlarını, digər müsəlman xalqları təbrik edir, bu əzəmətli qələbənin şükrünü etmək üçün Uca və Qüdrətli Allahın hüzurunda səcdə edirəm!

Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır

Övladınız və əsgəriniz
Qasim Süleymani

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /