Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ-ın Qüdslə bağlı yol verdiyi böyük səhv nəticə verməyəcək

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra İslam Ölkələri Parlament Assambleyasının XIII iclasının iştirakçıları ilə görüşdə vurğuladı ki, İslam dünyası əsas məsələlərdə mövqeyini və sözünü açıq və uca səslə bəyan etməlidir. O, habelə Fələstin və İslam dünyasının birliyinin əsas məsələlərdən olduğunu dedi: “İslam dünyasının ən ümdə və çox mühüm əhəmiyyət daşıyan məsələlərindən biri elmi inkişafa çalışmaqdır. İran İslam Respublikasının təcrübəsi göstərdi ki, gənclərə arxalanaraq, habelə səy və fəaliyyət göstərərək elmi dərəcəni yüksəltmək, mühüm sahələrdə elm sərhədində yer almaq olar”.

İslam İnqilabının Rəhbəri İslam ölkələri və dövlətlərinin hal-hazırda dünyada baş verən mühüm dəyişikliklər qarşısındakı dini və tarixi vəzifəsinə toxunaraq dedi: “İslam dünyası bu gün mühüm və əsaslı məsələlərdə aparıcı rol oynamalı, keçən onilliklərin acı təcrübəsinə, güclərin hegemonluğu və bunun uzunmüddətli təsirlərinin təkrar edilməsinə imkan verməməlidirlər”.

Həzrət Ayətullah Xamenei İslam Ölkələri Parlament Assambleyasının iclasında Myanmar və Kəşmir məsələlərinin müzakirəyə çıxarıldığı halda, çox mühüm əhəmiyyət daşıyan Yəmən və Bəhreyn problemlərinin müzakirəsinin unudulduğuna işarə edərək dedi: “İslam dünyasının əsas problemlərini açıq şəkildə bəyan etmək lazımdır. Çünki açıq sözlülüklə hərəkat yaratmaq, ictimai rəyə və dünyanın aydın düşüncəli şəxsiyyətlərinə təsir göstərmək olar”.

O vurğuladı: “Əsasən, sionistlər tərəfindən idarə olunan Qərb təbliğatının təhlükəli imperatorluğunun İslam dünyasının mühüm məsələlərini ört-basdır etməsinə və sükut hiyləsi ilə İslam ümmətinin əsas məsələlərini gündəmdən çıxarmasına imkan vermək olmaz”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, Qərbin təbliğat imperatorluğunu süquta uğratmaq olar: “Sionistlər sərt müharibədə və Livanda məğlub olub, məğlubiyyətlərini etiraf etmək məcburiyyətində qaldıqları kimi, onları yumşaq müharibədə də məğlub etmək mümkündür”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Fələstin problemi İslam dünyasının başlıca problemidir: “Fələstin faciəsinə ərazinin işğalı, milyona yaxın əhalinin kütləvi şəkildə sürgün edilməsi, qətli-am və böyük insani cinayət kimi üç hadisə xarakterikdir ki, bu da tarixdə misli olmayan zülmdür”.

O bildirdi ki, Fələstini müdafiə etmək hamının vəzifəsidir: “Sionist rejimə qarşı mübarizənin heç bir fayda verməyəcəyini düşünmək olmaz. Əksinə, müqavimət hərəkatı keçən illərlə müqayisədə irəliləyişə imza atdığı kimi, Allahın izn və lütfü ilə sionist rejimə qarşı aparılan mübarizələr bəhrəsini verəcək”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Sionistlər bir vaxt “Nildən Fərata qədər” şüarını verirdilər. Ancaq indi özlərini qorumaq üçün divar çəkməyə məcbur olublar”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Şübhəsiz ki, Fələstin “dənizdən çaya qədər” olan bir ölkə və tarixdir. Qüds isə bu ölkənin paytaxtıdır. Bu həqiqətin zədələnməsi əsla mümkün deyil”.

O qeyd etdi ki, ABŞ-ın Qüdslə bağlı atdığı son addım böyük yanlışdır: “Onlar belə bir işi həyata keçirmək iqtidarında deyillər və səylərinin səmərəsi olmayacaqdır”.

İslam İnqilabının Rəhbəri dedi: “Regionda müsəlman qardaşlara qarşı müharibə aparmaları üçün amerikalılara yardım göstərən və sinoist rejimlə əməkdaşlıq edən dövlətlər açıq-aşkar xəyanətə yol veriblər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, əsas məsələlərdən biri də İslam dünyasının vəhdətidir: “Biz inanırıq ki, əhalisi çox, imkanları zəngin və dünyada çox həssas mövqeyi olan İslam dünyasının birliyi böyük və nüfuzlu bir gücün formalaşmasına zəmin yarada bilər. Biz hətta açıq şəkildə bizimlə düşmənçilik aparanlara da demişik ki, qardaşcasına münasibət qurmağa hazırıq. Baxmayaraq ki, onların belə bir strategiyası yoxdur”.

O, İslam ölkələri arasında qarşılıqlı əlaqələrin artırılmasının zəruriyini vurğuladı: “İslam dünyasında ixtilaf, müharibə və qan axıdılmasının əsas amili olan amerikalılar və sionistlərin sionist rejim üçün təhlkəsiz zolaq yaratmasına icazə vermək olmaz”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, elmi inkişaf üçün çalışmaq İslam dünyasının ehtiyac duyduğu çox mühüm məsələlərdən biridir: “Qərb dünyası elmdən istifadə etməklə beynəlxalq güc və sərvət əldə edərək dünya üzərində hökmranlığa nail olmuşdur. Sadəcə, iman və potensialı olmadığı üçün elm zülm, imperializm və istismarla nəticələnmişdir. Buna görə də İslam dünyası bu hegemoniyadan xilas olmaq üçün çalışıb elmi tərəqqiyə nail olmalıdır; bu iş mümkünsüz deyil”.

Həzrət Ayətullah Xamenei İranın elmi inkişaf mövzusundakı uğurlu təcrübəsinə işarə edərək dedi: “İran İslam Respublikası sanksiyaların tətbiq edildiyi bir şəraitdə öz gənclərinə güvənərək mühüm sahələrdə elm sərhədlərində qərarlaşa bildi. Halbuki əvvəllər bu sahələrdə çox geri idi”.

O əlavə etdi: “Bu gün İran gəncləri tibb, nanotexnologiya, kök hüceyrələr və nüvə sahəsində böyük işlərə imza atmışlar”.

Çıxışının davamında İslam İnqilabının Rəhbərinin toxunduğu nüanslardan biri də bu oldu ki, “Böyük Şeytan, yəni Amerikanın yalan iddialarını ifşa etmək lazımdır”.

ABŞ-ın insan hüquqlarını müdafiə etməsi ilə bağlı iddialarına işarə edən Həzrət Ayətullah Xamenei dedi: “Bu gün ABŞ rəhbəri olan şəxs bu ölkənin mövqelərini çox açıq və çılpaq şəkildə elan edir. Əlbəttə, əvvəlkilər də eyni mövqedə idilər. Sadəcə, bu şəkildə açıq danışmırdılar. Həmin mövqeyin ən bariz nümunəsi onun insan hüquqlarına zidd olan davranışlarını göstərən Afrika, Latın Amerikası və digər xalqlarla bağlı işlətdiyi ifadələrdir. Buna görə də həmin yalançı iddiaları ifşa etmək lazımdır”.

O bildirdi ki, ABŞ dövlətinin yalançı iddialarından biri də onun “terrorizmlə mübarizə” məsələsində reallığı əks etdirməyən iddialarıdır: “Amerikalılar terrorizmlə mübarizə şüarı verə-verə terrorçu sionist rejimi açıq şəkildə dəstəkləyirlər. Habelə ABŞ-ın indiki prezidentinin seçki kompaniyaları zamanı etdiyi etiraflar göstərir ki, onlar İŞİD-in yaranmasının əsas amili olmuşlar və İŞİD son nəfəsini verənə qədər də onu dəstəklədilər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Həqiqətləri bəyan etməklə və bu iddiaların yalan olduğunu aşkara çıxarmaqla hərəkat yaratmalı, ictimai rəyə və aydın düşüncəli şəxslərə təsir göstərmək lazımdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, son qətnamədə qeyd olunan məqamların izlənməsi və həyata keçirilməsinə köməklik göstərilməsi zəruridir: “Bizim tövsiyəmiz və ya israr göstərdiyimiz məsələlər özümüzün həyata keçirdiyimiz və nəticə əldə etdiyimiz məsələlərdir”.

O, düşmənlərin iqtisadi müharibəsinə qarşı İran xalqının göstərdiyi müqavimətin bu nümunələrdən olduğunu dedi: “Sanksiya onların uzun illər mütəmadi şəkildə həyata keçirdikləri, kuliminasiya həddinə çatdırdıqları və bu gün də davam etdirdikləri iqtisadi müharibənin bir hissəsidir. Ancaq İran xalqı müqavimət göstərdi, sarsılmadı və bu gün bu sanksiyalardan inkişaf vasitəsi kimi istifadə edəcək”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, dini demokratiya İran xalqının maddi və mənəvi inkişafa zəmin yaradan uğurlu təcrübələrindəndir: “İran xalqı Allah-taalanın yardımı ilə bu günə qədər ABŞ-ın planlarını iflasa uğradıb, bundan sonra da iflasa uğradacaqdır”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda ümidvar olduğunu bildirdidi: “İran xalqının inkişaf yolundakı uğurlu hərəkətinin İslam ümmətinin imperializm qarşısında güclənməsinə stimul verəcəyinə ümidvaram”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən İslam Şurası Məclisinin spikeri cənab Laricani İslam Ölkələri Parlament Assambleyasının XIII iclası haqqında məlumat verdi: “Bu konfransda İslam ölkələrinin parlament sədrləri iqtisadi və ticari əməkdaşlıqların inkişafı, terrorizm, İslam ölkələrində asayişi pozmaq üçün Amerikanın etdiyi müdaxilələr, habelə Qüdsə təcavüz məsələlərini müzakirə etdilər və Qüdsün Fələstinin tarixi ərazisi olduğunu bildirdilər”.

Görüşün sonunda iclas iştirakçıları İslam İnqilabının Rəhbəri ilə yaxından görüşüb söhbət etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /