Ali Məqamlı Rəhbərin informasiya bloku

Ayət namazının hökmləri

Ayət namazının vacib olmasının səbəbləri
1. Ayət namazının vacib olmasının şəri səbəbləri:
Hətta disklərinin az bir hissəsi olsa belə, Günəş tutulması, Ay tutulması, zəlzələ, insanların əksər hissəsinin qorxmasına səbəb olan istənilən qeyri-adi hadisə, məsələn, qara yel, qırmızı yel və sarı yel kimi qeyri-adi küləklər, zülmət qaranlıq, torpaq çökməsi, dağ uçqunu, göy gurultusu və şimşək çaxması.
Günəş tutulması, Ay tutulması və zəlzələ istisna olmaqla qalan bütün hadisələr insanların daha çox hissəsinin qorxuya düşməsinə səbəb olmalıdır. Əgər hər hansı hadisə qorxu yaratmasa və az sayda insanın qorxmasına səbəb olarsa, Ayət namazının qılınmasına səbəb olmur.
2. Ayət namazı hadisənin baş verdiyi şəhərin sakinlərinə, habelə həmin şəhərə bitişik olan, onunla eyni hesab edilən və eyni hökmü daşıyan qonşu şəhərin sakinlərinə vacib olur.
 
Ayət namazının qılınma vaxtı
3. Günəş və Ay tutulmasına görə qılınan Ayət namazının vaxtı tutulma başlayandan açılma başlayana qədərdir. Ehtiyata görə, namaz açılma başlamazdan əvvəl qılınmalıdır. Əgər namaz qeyd olunan vaxtdan sonraya saxlanılarsa, əda və ya qəza niyyəti edilmədən "qürbətən iləllah" niyyəti ilə qılınmalıdır.
4. Baş verdikləri müddət ərzində Ayət namazını qılmaq üçün kifayət qədər vaxtın olmadığı zəlzələ və bənzər hadisələr zamanı namazı təxirə salmaq olmaz. Əgər kimsə günaha yol verib namazı təcili qılmazsa, sonra nə qədər ömrü qalıbsa, namaz ona vacibdir və bütün hallarda əda niyyəti ilə qılmalıdır.
 
Ayət namazının qılınma forması
5. Ayət namazını bir neçə formada qılmaq olar:
Birinci forma:
Namaz qılan şəxs niyyət etdikdən və təkbirətul-ehramı dedikdən sonra Həmd (“Fatihə” surəsi) və surə oxuyur, sonra rükuya gedir. Rükudan qalxıb yenidən Həmd və surə oxuyur, yenidən rükuya gedir. Qalxıb Həmd və surə oxuyur, sonra yenə də rükuya gedir. Bu qayda ilə beş rüku yerinə yetirir və hər rükudan qabaq Həmd və surə oxuyur. Daha sonra səcdəyə gedir. İki səcdəni yerinə yetirdikdən sonra namazın ikinci rükəti üçün ayağa qalxır və ikinci rükəti də birinci rükətdə olduğu kimi yerinə yetirir. İkinci rükətin səcdələrindən sonra təşəhhüd və salamları deyir.
İkinci forma:
Namaz qılan şəxs niyyət etdikdən və təkbirətul-ehramı dedikdən sonra Həmdi və ardınca hər hansı surənin bir ayəsini oxuyur, sonra rükuya gedir.(1) Rükudan qalxıb həmin surənin növbəti ayəsini oxuyur, sonra rükuya gedir. Yenə rükudan qalxıb seçdiyi surənin növbəti ayəsini oxuyur, sonra rükuya gedir. Beşinci rükuya qədər bu şəkildə davam edir. Hər rükudan qabaq ayələrini oxuduğu surə sonuncu rükudan əvvəl tamamlanmalıdır. Beşinci rükunu yerinə yetirdikdən sonra səcdəyə gedir. İki səcdəni yerinə yetirdikdən sonra ikinci rükət üçün ayağa qalxır. Yenə də Həmdi və hər hansı surənin bir ayəsini oxuyur, sonra rükuya gedir. İkinci rükəti də birinci rükət kimi yerinə yetirib sonda təşəhhüd və salamları deyir. Əgər hər rükudan əvvəl seçilmiş surənin bir ayəsini oxumaqla kifayətlənmək istəyirsə, Həmdi həmin rükətin əvvəlində bir dəfədən artıq oxumamalıdır.
Qeyd: Surəni bölərkən bir ayəni tam oxumaq vacib deyil. Bir ayəni də (“Bismilləhir-rahmənir-rahim” istisna olmaqla) iki hissəyə bölmək olar.
Üçüncü forma:
Rükətlərdən birini yuxarıda qeyd edilən formalardan biri, digərini isə o biri formada qılmaq olar.
Dördüncü forma:
Qiyamda birinci rükudan qabaq bir ayəsini oxuduğun surəni ikinci, üçüncü və ya dördüncü rükudan qabaq tamamlayırsan. Surəni tamamladığın təqdirdə rükudan qalxdıqdan sonra növbəti qiyamda Həmdi yenidən oxumalı və Həmddən sonra bir surə oxumalısan. Əgər surəni üçüncü və ya dördüncü rükudan qabaq tamamlamısansa seçilən surənin bir ayəsini oxuyursan. Belə olan halda, həmin surəni beşinci rükudan qabaq tamamlamaq vacibdir.
 
Ayət namazını camaatla qılmaq
6. Ayət namazının camaatla qılınmasının hökmü digər gündəlik namazların camaatla qılınmasının hökmü ilə eynidir. Camaat imamının (pişnamaz) qiraəti məmumlar (iqtida edənlər) üçün də kifayət edir.
 
Bir ayənin iki hissəyə bölünməsi
7. Ayət namazında bir ayəni iki hissəyə bölməyin eybi yoxdur. Məsələn, "ləm yəlid"i bir hissə, "və ləm yuləd"i ikinci hissə kimi götürmək olar.
 
Camaata ikinci rükuda çatmaq
8. Əgər kimsə camaatla qılınan Ayət namazının birinci rükətinin ikinci rükusuna çatarsa, camaat namazına qoşulması problemlidir.
 
Camaatla qılmaq
9. Ayət namazını camaatla qılmağın eybi yoxdur, hətta camaatla qılınması müstəhəbdir.
 
Kişilərin namazı uca səslə qılması
10. Kişilərin Ayət namazını ucadan qılması müstəhəbdir.
 
Müstəhəb qunutlar
11. Ayət namazında iki rükudan bir, həmd və surədən sonra, rükudan əvəvl qunut tutmaq müstəhəbdir(2). Bu da ümumilikdə beş qunut edir. Əlbəttə, iki qunutla da kifayətlənmək olar. Qunutlardan biri birinci rükətin beşinci rükusundan əvvəl "rəca" (ümid) niyyəti ilə tutulur. İkinci qunut isə ikinci rükətin beşinci rükusundan (iki rükətin rükü sayına görə isə, onuncu rüküsundan) əvvəl tutulur. Təkcə ikinci rükətin sonuncu rükusundan əvvəl tutulan bir qunutla da kifayətlənmək olar.
 
Ayət namazının vaxtı ilə gündəlik namazların vaxtının üst-üstə düşməsi
12. Ayət namazının vaxtı ilə gündəlik qılınan namazlardan hər hansının vaxtı üst-üstə düşərsə və vaxt da dar olarsa, gündəlik vacib namaz önə salınmalıdır.
 
Qəzaya getmiş Ayət namazları
Sual-13: Qəzaya getmiş Ayət namazlarının zəlzələ, aytutulma və ya güntutulma üçün olduğu bilinməzsə, necə niyyət edilməlidir?
Cavab: "Ma fiz-zimmə" (boynunda olan Ayət namazının qəzası) niyyəti ilə qılınmalıdır.
 
Ayın tutulmasını bilmək
Sual-14: Əgər kimsə Ay tutulduğu vaxt onu görməyibsə, sadəcə sözügedən hadisədən xəbər tutubsa, ayət namazı qılmalıdırmı?
Cavab: Sualda qeyd edilən şəkildədirsə, Ayət namazını qılmalıdır.
 
Sual-15: Əgər Ay və ya Günəş tam şəkildə tutulubsa, mükəlləf də namaz qılmayıbsa, aşağıda göstərilən hallarda hökmü nədir?
a) Ayın və Günəşin tutulmasını bilib, sadəcə, qəsdən və ya səhvən namazını qılmayıb.
b) Ayın və Günəşin tutulmasından xəbər tutmayıb. Ancaq müəyyən müddət keçdikdən sonra öyrənib
Cavab: Hər iki halda Ayət namazının qəzası vacibdir.
 
Ayın gündüz vaxtı tutulması
Sual-16: Əgər astronomlar Ayın tutulma vaxtının gündüz saatlarına təsadüf edəcəyini elan etsələr və Ay da bizim gözlə görə biləcəyimiz şəkildə çıxmazsa, belə olan halda namaz qılmaq vacibdirmi, yoxsa ayın çıxmasını gözləmək lazımdır?
Cavab: Ayət namazı Ayın tutulmasının gözlə görülə biləcəyi ərazinin sakinlərinə, habelə həmin əraziyə bitişik olan, onunla eyni hesab edilən və eyni hökmü daşıyan qonşu ərazinin sakinlərinə vacib olur.
 
Səcdeyi-səhv
Sual-17: Ay tutulmasına görə qılanan Ayət namazında, namazın özü aytutulan vaxtda, "səcdeyi-səhv" də aytutulma qurtardıqdan sonra yerinə yetirilərsə, namaz düzdürmü?
Cavab: Namaz düzdür.
 
Ayət namazının qəzaları
Sual-18: Mən nadanlıq və səhlənkarlıq üzündən bir neçə il Ayət namazlarımı qılmamışam. İndi də bilmirəm ki, keçən illər ərzində mənə nə qədər Ayət namazı vacib olub. Belə olan halda qəzaya verdiyim Ayət namazlarının sayı barədə vəzifəm nədir?
Cavab: Sayını yəqin bildiyiniz namazların qəzası sizə vacibdir; şübhəli hallara görə heç bir məsuliyyət daşımırsınız.
 
Ayət namazına dair müxtəlif məsələlər
Sual-19: Ayət namazı təkcə hadisə baş verən şəhərin sakinlərinə vacibdir, yoxsa hadisədən xəbər tutan hər kəsə, həmin şəhərdə olmasa belə, bu namaz vacib olur?
Cavab: Ayət namazı hadisənin baş verdiyi şəhərdəki mükəlləflərə vacibdir. Bundan əlavə, hadisə baş verən şəhərə bitişik olan, onunla eyni hökmü daşıyan şəhərdəki mükəlləflərə də Ayət namazı vacibdir.
 
Sual -20: Əgər bir nəfər zəlzələ baş verən zaman huşsuz vəziyyətdə olarsa və zəlzələ başa çatdıqdan sonra özünə gələrsə, ona Ayət namazı vacib olurmu?
Cavab: Əgər sözügedən şəxs zəlzələnin baş verdiyindən xəbər tutmasa və zəlzələ də ötüb keçsə, ayət namazı qılmaq bu adama vacib olmur. Baxmayaraq ki, ehtiyata görə, Ayət namazını qılmalıdır.
 
Sual -21: Bir məntəqədə zəlzələ baş verdikdən sonra, adətən qısa müddət ərzində onlarla zəlzələ dalğası geri qayıdır və təkanlar baş verir. Bu hallarda ayət namazının hökmü nədir?
Cavab: Hər bir zəlzələ dalğası - istər güclü olsun, istərsə də zəif - əgər ayrıca bir zəlzələ hesab olunarsa, onların hər biri üçün ayrıca ayət namazı qılınmalıdır.
 
Sual-22: Əgər Seysmoloji Xidmət Mərkəzi yaşadığımız məntəqədə zəif yeraltı təkanların baş verdiyini xəbər versə və onların sayını açıqlasa, amma biz bu təkanları qətiyyən hiss etməsək, belə olan halda bizə ayət namazı vacib olurmu?
Cavab: Əgər bu təkanları heç kim hiss etmirsə və yalnız texniki vasitələrlə məlum olursa, ayət namazı vacib olmur.
 
 

1.  “Bismilləhir-rahmənir-rahim”i bir ayə hesab etmək düzgün deyil.
2. Ayət namazında ümumilikdə 10 rüku var. İki rükudan bir qunut tutulduqda qunutların ümumi sayı beşə bərabər olur (red.).
700 /