Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı ABŞ-ın zəhmli simasından qorxmadı

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün səhər İran İslam Respublikasının hərbi akademiyalarının müdavimlərinin on altıncı birgə məzun və andiçmə tədbirində çıxışı zamanı hərbi formanın mübarək və qürurverici bir paltar olduğunu dedi. O, imperializmin regionda iğtişaş və qeyri-sabitlik yaratmaq üçün mənfur siyasətlər yürütdüyünü vurğulayaraq dedi: “İslam Respublikası və İran xalqı ABŞ-a qarşı müqavimət göstərərək sübut edib ki, əgər hər hansı xalq hegemonların zəhm və təhdidindən qorxmasa və öz imkanlarına güvənib etimad göstərsə, super gücləri geri oturdub məğlubiyyətə uğradacaq”.

Nouşəhrdə İmam Xomeyni (r.ə) adına Dəniz Elmləri Universiteti tərəfindən təşkil edilmiş tədbirin əvvəlində Həzrət Ayətullah Xamenei adsız şəhidlərin məzarını ziyarət etdi, ruhlarına “Fatihə” oxudu, şərəfli İnqilab və Müqəddəs Müdafiə şəhidlərinə hörmət və ehtiram nümayiş etdirdi. Daha sonra İnqilabın Ali Rəhbəri meydanda düzülmüş hərbi birləşmələri salamladı.

Ali Baş Komandan qeyd etdi ki, minlərlə rəşadətli və mömin gəncin hərbi akademiyalarda təhsil alması hər bir şüurlu insanda İranın gələcəyinə daha çox ümid yaranmasına səbəb olur: “Əziz vətənimizin işıqlı gələcəyinin ağır yükü gənclərin çiyinləri üzərindədir. Qeyrətli hərbçi gənclər bu məsuliyətin mühüm və həssas hissələrindən birini öz üzərlərinə götürüblər”.

O bildirdi ki, İran xalqı dünyada azadlıq və ədalətin bayraqdarıdır: “Silahlı Qüvvələr belə bir xalqı və dövləti müdafiə edirlər. Onlar bu böyük şərəfi bütün varlıqları ilə, dərin milli və dini maraqlarla davam etdirməlidirlər”.

İslam İnqilabının Rəhbəri ayrı-ayrı ölkələrin ədalətsevər olub, ancaq imperializmin əlindən ədalət və azadlıq tələb etmək imkanı olmayan bir çox xalqların olduğunu qeyd edərək dedi: “Belə bir dünyada İslam Respublikası və İran xalqı zülm və imperializmə qarşı müqavimət göstərdiklərini heç nəyi gizlətmədən açıq şəkildə elan etdi. Dünyanın despot qüvvələrinin Böyük İran Xalqına qarşı düşmənçiliyinin əsas səbəbi də budur” .

Həzrət Ayətullah Xamenei dünyanın ayrı-ayrı regionları, xüsusilə Qərbi-Asiya regionundakı qeyri-sabitliyə işarə edərək dedi: “İmperializm və onun başında duran zülmkar və despot ABŞ öz maraqlarını küçə döyüşləri yaratmaqda, regional münaqişələri və dəhşətli terror fəaliyyətlərini artırmaqda və genişləndirməkdə görürlər. Təəssüflər olsun ki, regionun bəzi dövlətləri onlara kömək edirlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, ABŞ və sionizmin məqsədi regionda bir İslam iqtidarının yüksəlişinin qarşısını almaqdır: “Onlar bilirlər ki, İslamın daha çox diqqət çəkən mesajı zəifləri və məhrumları müdafiə etməkdir. Buna görə də İslama əsaslanan bir gücün təşəkkülündən qorxurlar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam Respublikasının imperializmə qarşı qüdrətli müqaviməti dünya despotlarının regionla bağlı ümdə məqsədlərinin iflasa uğramasına səbəb oldu: “Dünyanın siyasi analitikləri və düşüncə adamları İranın Allaha təvəkkül edərək və milli gücə arxalanaraq regionda beynəlxalq gücləri məğlubiyyətə uğratmasından heyrətlənib gerçəyi etiraf edirlər”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, dildə və sözə təhdid, üz turşutmaq və güc nümayiş etdirmək despot güclərin xalqları qorxutmaq üçün tətbiq etdiyi əsas metoddur: “Əgər hər hansı xalq bu metodlardan qorxmasa, öz imkanlarına inanaraq və etimad göstərərək cəsarətlə haqq və ədalət yolunda hərəkət etsə, super gücləri geri oturdacaq və məğlubiyyətə uğradacaq”.

O qeyd etdi ki, İslam Respublikası bu həqiqətin parlaq bir nümunəsidir: “30 ildir ki, İran ABŞ və həmkarlarının sabotajlarının hədəfindədir. Ancaq o, hal-hazırda kiçik bir fidandan gövdəli və məhsuldar bir ağaca çevrilmiş, imperialistlərin güclü nifrəti və saysı-z hesabsız tədbirlərinə rəğmən, xalqlarda İnqilabın mesajına qarşı istək yaratmış, ABŞ-ın regionla bağlı planlarını iflasa uğratmışdır”.

İslam İnqilabının Rəhbəri dedi ki, Suriya, İraq və Livan ABŞ-ın regionla bağlı planlarının iflasa uğramasının bir nümunəsidir: “Bu, Allahın qüdrətinin və “Əgər Allaha yardım etsəniz, Allah da sizə yardım edər və sizi sabitqədəm edər”, - deyə buyurduğu vədlərin doğruluğunun nümunələridir”.

Ali Baş Komandan çıxışının başqa bir yerində Silahlı Qüvvələrə elm, quruculuq və hərb meydanlarındakı təşəbbüslərini, hazırlıqlarını və imkanlarını, habelə ayrı-ayrı sahələrdəki nailiyyətlərini daha da artırmağı tövsiyə etdi: “Quranın şərafətli ayəsinə əsasən, nə qədər bacarırsınızsa, gücünüzü artırın ki, güc və qüdrətiniz düşməni qorxudar və geri çəkilməyə vadar edər”.

O, çıxışı zamanı bütün xalqa, xüsusilə gənclərə düşmənin sosial həyat mühitinə təsiri və təhriklərinin qarşısını almağı və diqqətli olmağı tövsiyə etdi: “Düşmənin nüfuzunun mömin gənclərin sıx və qırılmaz sıralarını pozmasına imkan verməyin”.

İnqilabın Rəhbəri düşmənlərin virtual məkan və digər sahələrdə göstərdikləri səy və canfəşanlıqlardan məyus olduqlarını dedi: “Buna baxmayaraq, düşmən ayrı-ayrı sahələrdə qızğın fəaliyyətdədir. Düşmənə qarşı ayq-sayıq və bir olaraq, habelə Allaha təvəkkül edərək müqavimət göstərmək lazımdır”.

Tədbirdə Hərbi Dəniz Donanmasının komandanı, koordinasiya işləri üzrə müavin admiral Həbibulla Səyyari Hərbi Dəniz Donanmasının komandanı olduğu müddətdə göstərdiyi layiqli xidmətinə və dövlət su sərhədlərinin keşiyində layiqincə durduğuna görə Ali Baş Komandan tərəfindən birinci dərəcəli qələbə ordeni ilə təltif edildi.

Tədbirdə ordunun nümunəvi komandanları, müəllimləri və məzunları Ali Baş Komandan tərəfindən mükafatlandırıldılar, müdavim və məzunların seçilən nümayəndələri də rütbə və epoletlə təltif edildilər.

Daha sonra kursantların əməliyyat hazırlığını göstərən proqramlar nümayiş etdirildi, meydanda düzülmüş hərbi birləşmələr təntənəli paradla Ali Baş Komandanın önündən keçib getdilər.

Tədbirdə iştirak edən Ordunun baş komandanı general-mayor Musəvi tədbir iştirakçılarını salamladıqdan sonar dedi: “İslam Respublikasının ordusu digər silahlı qüvvələrlə birlikdə İran xalqının izzət və şərəfinin müdafiəsinin ön xəttində dayanmışdır”.

İmam Xomeyni (r.ə) adına Dənuz Elmləri Universitetinin komandanı kapitan Kərim Məsdəri zabit akademiyalarının fəaliyyətləri haqqında məlumat verdi.

Hərbi akademiyaların müdavimlərinin on altıncı birgə məzun və andiçmə tədbirin son mərhələsi kursantların Ali Baş Komandana nümayiş etdirdikləri dəniz təlim məşqlərinin nümayişinə həsr edildi. Nouşəhr sahilində baş tutan bu səkkiz mərhələli təlim məşqində iki, üç və dördüncü kursun müdavimləri öz hazırlıqlarının ayrı-ayrı fraqmentlərini nümayiş etdirdilər.

Tədbirin davamında Ədən körfəzində yerləşən 56-cı qrup hərbi gəmisi ilə yaradılan görüntülü əlaqə zamanı göyərtə və mənzil qərargahı komandiri Möhsün Rəzzaqi gəmilərin regionun azad sularında hərəkəti üçün təhlükəsiz mühit yaradılması haqqında məlumat verdi.

Ali Baş Komandan İranın Silahlı Qüvvələrinə təşəkkürünü bildirərək onlaha daha çox uğur arzuladı: “Siz ayıq-sayıqlığınız və cəsarətiniz sayəsində bizim əziz İranımızın ətraf dənizlərinin tam əhlükəsizliyini təmin etmək iqtidarındasınız”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /