Ali Məqamlı Rəhbərin informasiya bloku

Məhərrəm ayında əzadarlığın hökmləri

 
Məhərrəm ayında əzadarlığın hökmləri
 
Sual-1: Məhərrəm ayında xeyriyyəçi insanlardan müəyyən vəsait toplayıb onu ayrı-ayrı hissələrə bölərək, müəyyən bir hissəsini Quran oxuyana, mərsiyə deyənə və xətibə vermək, qalanını isə məclislərin təşkilinə sərf etmək olarmı?
Cavab: Əgər bu, həmin vəsaiti verənlərin razılığı ilə olarsa, maneçiliyi yoxdur.
 
Sual-2: “Fatimiyyə (s) mərasimi”ndən artıq qalan vəsaiti Məhərrəmlik mərasimlərinin təşkilinə sərf etmək olarmı?
Cavab: Əgər sözügedən vəsaitin “Fatimiyyə (s) mərasimi”ndə xərclənəcəyi nəzir edilməyibsə və bu, hədiyyə edənlərin niyyətinin əksinə deyilsə, eybi yoxdur.
 
Sual-3: İmam Hüseynin (ə) Aşura mərasiminin təşkili üçün yığılan vəsaitin artıq qalan hissəsi hansı işlərə sərf edilməlidir?
Cavab: Bu vəsaiti hədiyyə edənlərin icazəsini alıb, artıq qalan hissəni xeyriyyə işlərinə sərf etmək, yaxud onu gələn ilin əzadarlıq məclislərinə xərcləmək üçün saxlamaq olar.
 
Sual-4: “Beytül-Mal”dan (xalqın ayrı-ayrı idarə və qrumların nəzarətində olan ümumi büdcəsi, xüms, zəkat, sədəqə, vergi və s.) əzadarlıq mərasimlərinin keçirilməsində istifadə etmək olarmı?
Cavab: Ümumiyyətlə, bu cür tədbirlər aidiyyatı üzrə idarə və qrumların qanunlarına tabedir və həmin qanunlardan kənara çıxmaq olmaz. Əgər qayda və qanunlara müvafiq olarsa, eybi yoxdur. (Yəni aidiyyatı qurumların qanunlarında əzadarlıq mərasimlərinin təşkili üçün büdcə nəzərdə tutulubsa, bunun eybi yoxdur).
 
Sual-5: Əzadarlıq mərasimlərinin keçirildiyi vaxt məscidə qara parça çəkmək və qara paltar geyinmək məkruhdurmu?
Cavab: İlahi şüarları (atributları, simvolları) hörmətlə anmaq, yaşatmaq, qəm və kədər nümayiş etdirmək məqsədi ilə məscidə qara parça çəkməyin və qara geyinməyin savabı var.
 
Sual-6: Matəm günlərində alına və başa bir az palçıq yaxmaq olarmı?
Cavab: Əgər cəmiyyət (ürf) tərəfindən matəmə xas olan hüzn və qəm-qüssə simvollarından hesab edilirsə, eybi yoxdur.
 
Sual 7: İmam Hüseyn (ə) məclisləri və hüseyniyyədə oxunan Quranın səsi olduqca ucadan yayımlanır. Səs o qədər uca olur ki, hətta şəhərdən kənarda da eşidilir. Bu isə, hüseyniyyənin qonşuluğunda yaşayan insanları narahat edir və istirahətlərinə mane olur. Hüseyniyyənin rəhbər işçiləri və xətibləri sözügedən fəaliyyətlərini israrla davam etdirirlər. Qeyd olunan məsələ ilə bağlı hökmünüz nədir?
Cavab: Baxmayaraq ki, hüseyniyyədə dini mərasimlərin və şüarların uyğun zamanlarda təşkil edilməsi ən yaxşı işlərdən və böyük müstəhəb əməllərdəndir, amma mərasimlərin təşkilatçıları və iştirakçıları imkan daxilində qonşuluqda yaşayan insanları narahat etməkdən çəkinməlidirlər. Məsələn, səsucaldanın səsini azalda və ya onu hüseyniyyənin daxilində yayımlaya bilərlər.
 
Sual-8: Əksər regionların, xüsusilə də kəndlərin hüseyniyyələri və məscidlərində ənənəvi mərasimlərdən olan şəbih (Kərbəla hadisələrinə həsr olunmuş faciəli tamaşa) göstərilir. Bu mərasimlərin bəzən insanlara müsbət təsirləri olur. Həmin mərasimlərlə bağlı hökmünüz nədir?
Cavab: Əgər şəbih mərasimləri yalan və yanlışlarla müşayiət olunmazsa, günah və fəsada səbəb olmazsa, dövrün tələblərindən asılı olaraq haqq məzhəbin gözdən düşməsinə səbəb olmazsa, bu mərasimləri icra etməyin eybi yoxdur. Lakin, daha yaxşı olar ki, bu mərasimlərin yerinə moizə və maarifləndirmə məclisləri təşkil edilsin, İmam Hüseynin (ə) müsibətlərindən danışılsın və mərsiyələr oxunsun.
 
Sual-9: Bəzi məzhəbi heyətlər tərəfindən mötəbər qaynaqlara istinad edilməyən, heç bir alim və müctəhiddən eşidilməyən növhələr oxunur. Həmin rövzəxandan oxuduğu növhənin mənbəsini soruşduqda cavab verir ki, “Əhli-Beyti (ə) bizə belə anlandıblar və ya bizi belə başa salıblar. Kərbəla hadisəsi təkcə məqtəllərdə yazılanlardan ibarət deyil, mənbə də təkcə alimlərin danışdıqları deyil. Elə olur ki, bəzi məsələlər məddah və ya Hüseyndən (ə) danışan xətibə ilham və mükaşifə yolu ilə də məlum olur”. Soruşmaq istəyirəm, bu kimi vasitələrə əsaslanıb danışmaq olar, ya yox? Əgər sözügedən forma doğru deyilsə, dinləyicilərin vəzifəsi nədir?
Cavab: və ya hər hansı tarixi mənbədə əksini tapmamış məsələləri nəql etməyin şəri əsasıyoxdur. Əgər danışan şəxs öz şəxsi çıxarışı əsasında “bəyani-hal” (hadisəyə uyğun ifadə, hadisəsinin mahiyyətinə uyğun məzmunun danışılması) deyirsə və dediyinin həqiqətin əksinə olduğunu da bilmirsə, dinləyicilərin vəzifəsi budur ki, onu “nəhy əz münkər” etsinlər, bir şərtlə ki, mövzu və şərtləri onlar üçün sübuta yetmiş olsun.
 
Sual-10: Qadın, naməhrəm kişilərin onun səsini eşitdiklərini bildiyi halda, əzadarlıq məclislərində növhə və mərsiyə oxuya bilərmi?
Cavab: Əgər fəsad və günah qorxusu olarsa, bu işdən çəkinmək lazımdır.
 
Sual-11: Əhli-Beytə (ə) həsr edilmiş matəm mərasimlərində naməhrəm qadınların ağlaşma və ah-nalə səsinin eşidilməsinin (belə hallara qadın və kişilərin mərasim zallarının yanaşı olduğu məkanlarda təsadüf edilir) hökmü nədir?
Cavab: Fəsad və günah olmadığı təqdirdə, bu işin özü-özlüyündə heç bir eybi yoxdur.
 
Sual-12: Naməhrəm olmayan yerdə soyunaraq çılpaq bədənlə sinə vurmağın problem varmı?
Cavab: Daha yaxşı olar ki, əzadarlıq tədbirləri geyimdə və qədim adət-ənənələrə uyğun şəkildə keçirilsin.
 
Sual-13: Əzadarlıq mərasimində bədənə zərbə vurulmasına icazə verilirmi?
Cavab: Zərbə vurmaq bədənin ciddi xəsarət almasına və ya məzhəbin, möminlərin və əzadarlıq mərasimlərinin gözdən düşməsinə səbəb olarsa, icazə verilmir. Hər halda, daha yaxşı olar ki, möminlər iştirakları zamanı məsumların əzadarlıq mərasimlərinə, xüsusi ilə də İmam Hüseynin (ə) əzadarlığına layiq hərəkət etsinlər.
 
Sual-14: İmamların faciələrini ifadə edən mərsiyələr oxuyarkən və ya onları mədh edərkən xüsusi hərəkətlər etmək və coşqu yaratmaq olarmı?
Cavab: Əgər məzhəbin, möminlərin və əzadarlıq mərasimlərinin gözdən düşməsinə səbəb olmazsa, bu işin özü-özlüyündə eybi yoxdur.
 
Sual-15: Əzadarlıq məclislərində “Mən Hüseynin (ə) itiyəm” kimi ifadələr işlətmək olarmı?
Cavab: Bu cür ifadələr işlətmək möminlərə yaraşmaz. Hər halda, daha yaxşı olar ki, möminlər məsumların əzadarlıq mərasimlərinin, xüsusi ilə də İmam Hüseynin (ə) matəm mərasimlərinin şəninə uyğun hərəkət etsinlər.
 
Sual-16: Əzadarlıq mərasimlərində sintizator, tarelka (zərb aləti) və sair kimi musiqi alətlərindən istifadə edilməsinin hökmü nədir?
Cavab: Seyyidüş-şühədanın (ə) matəm mərasimində musiqi alətlərindən istifadə edilməsi bu mərasimin şəninə uyğun deyil və daha yaxşı olar ki, əzadarlıq mərasimləri keçmişdə olduğu kimi, ənənəvi şəkildə keçirilsin.
 
Sual-17: Əzadarlıq məclislərində iştirak etdiyinə görə mükəlləf bəzi vacib əməlləri yerinə yetirə bilməsə, məsələn, sübh namazını qəzaya versə, bundan sonra onun bu məclislərdə iştirak etməməsi daha yaxşı olmazmı? Yoxsa sözügedən məclislərdə iştirak etməməsi onun Əhli-beytdən (ə) uzaq düşməsinə səbəb olar?
Cavab: Aydın məsələdir ki, vacib namaz Əhli-beytə (ə) həsr edilmiş əzadarlıq məclislərində iştirak etməkdən daha üstündür. Əhli-beyt (ə) üçün təşkil edilmiş əzadarlıq məclislərində iştirak etmək bəhanəsi ilə namazı tərk etmək və ya qəzaya vermək yolverilməzdir. Lakin, namaza maneçilik törətməyəcəyi təqdirdə əzadarlıq məclislərində iştirak etmək lazım və israrla vurğulanmış müstəhəb əməllərdəndir.
 
Sual-18: Məhərrəm ayının gecələrində əzadarlıq dəstələrinin matəm yürüşlərinin təbil və neyin müşayiəti ilə gecə yarısına qədər davam etdirilməsi barədə rəyiniz nədir?
Cavab: Seyyidüş-şühəda (ə) və onun səhabələrinin xatirəsini yaşatmaq məqsədi ilə əzadarlıq dəstələrinin yürüşünün təşkil edilməsi və bu mərasimlərdə iştirak etmək bəyənilən bir işdir və insanı Allaha yaxınlaşdıran böyük əməllərdəndir. Amma başqalarının narahatlığına səbəb olan və ya şəriət baxımından öz-özlüyündə haram olan işlərdən çəkinmək lazımdır.
 
Sual-19: Qadınların öz hicablarını qorumaq şərti ilə, bədəni örtən xüsusi bir geyim geyinərək sinə və zəncir vuran dəstələrə qoşulub onlarla birlikdə sinə və zəncir vurmasına icazə verilirmi?
Cavab: Qadınların sinə və zəncir vuran dəstələrə qoşulub onlarla bilrikdə sinə və zəncir vurması bəyənilmir.
 
Sual-20: İmamların (ə) ziyarətgahında yerə uzanıb, üzlərini və sinələrini qan gələnədək yerə sürtən, sonra həmin vəziyyətdə ziyarətgaha daxil olan bəzi insanlar kimi davranan şəxsin hökmü nədir?
Cavab: Hüzn, kədər, ənənəvi əzadarlıq və İmamlara (ə) qarşı sevgi nümayişi hesab olunmayan bu əməllərin din və şəriət baxımından əsası yoxdur. Əgər qeyd olunan davranışlar bədənin nəzərə çarpacaq dərəcədə xəsarət alması ilə nəticələnirsə, habelə məzhəbin gözdən düşməsinə səbəb olursa, həmin davranışlara icazə verilmir.
 
Sual -21: Seyyidüş-şühədanın (ə) əzadarlıq mərasimində bayraqdan istifadə edilməsinin – bayrağın məclisin təşkil edildiyi yerə qoyulması və ya gəzdirilməsinin – hökmü nədir?
Cavab: Bu işin öz-özlüyündə maneçiliyi yoxdur. Sadəcə, bu işlər dini ayinlərdən hesab olunmamalıdır.
 
Sual-22: Əzadarlıq məclisləri və dəstələrində nağara, tarelka və şeypurdan istifadə edilməsininin hökmü nədir?
Cavab: Nağara, tarelka və şeypurdan, cəmiyyətdə normal qarşılanan şəkildə istifadə edilməsinin eybi yoxdur, ancaq bu istifadə digərlərinin rahatlığının pozulması və narahatlığına səbəb olacaq şəkildə olmamalıdır.
 
Sual-23: Bəzi müsəlmanlar kimi, bədənə zəncir vurmağın hökmü nədir?
Cavab: Əgər adi və ənənəvi qaydada olsa, habelə cəmiyyət tərəfindən (ürfdə) matəm mərasimlərinə xas olan hüzn və kədərin təzahür formalarından hesab edilsə, heç bir maneçiliyi yoxdur.
 
Sual-24: Tasua və Aşura günlərində alver etməyin hökmü nədir?
Cavab: Öz-özlüyündə haram deyil. Amma daha yaxşı olar ki, insanlar matəm ayinləri ilə məşğul olsunlar və özlərini böyük savabdan məhrum etməsinlər.
 
Sual-25: Aşura günü qəmə vurmaq, ayaqyalın odun və közərən kömürün içərisinə girmək kimi davranışlar sərgilənir. Bu hərəkətlər on iki imami şiə məzhəbinin İslam məzhəblərinin alimləri və ardıcıllarının, eləcə də dünya xalqlarının gözündə pis qələmə verilməsinə səbəb olmaqla, habelə məzhəbin adına ləkə gətirməklə yanaşı, bu işi görnlərə cismi və psixoloji zərərlər də vurur. Bundan əlavə, məzhəb haqqında nalayiq sözlər işlədilməsinə səbəb olur. Bu barədə sizin nəzəriniz nədir?
Cavab: İnsana zərəri olan və ya dinin və məzhəbin gözdən düşməsinə səbəb olan hər bir iş haramdır və möminlər bundan çəkinməlidirlər. Gizli deyil ki, bu işlər ən çox Əhli-beyt (ə) məzhəbinin adına ləkə gəlməsinə və gözdən düşməsinə səbəb olur. Bu isə ən böyük zərər və ziyanlardandır.
 
Sual-26: Fiziki və psixoloji zərərin şəri meyarı nədir?
Cavab: Meyar cəmiyyətin (ürfün) nəzərində diqqət cəlb edəcək və etina olunacaq miqdardır.
 
Sual-27: Gizli şəkildə qəmə vurmaq (başı xəncərlə yarmaq) halaldırmı? Yoxsa sizin fətvanız ümumidir?
Cavab: Qəmə vurmaq ürfün nəzərində hüzn və qəm-kədər ifadəsi hesab edilmir. Digər tərəfdən, bu ayinə İmamların (ə) dövründə və ondan sonrakı dövrlərdə təsadüf edilməmişdir. Məsumlardan (ə) bu davranışı təsdiq edəcək hər hansı xüsusi və ya ümumi bir göstəriş də günümüzə gəlib çatmamışdır. Bütün bunlarla yanaşı, sözügedən davranış dövrümüzdə məzhəbin adına ləkə gəlməsinə və gözdən düşməsinə səbəb olduğu üçün heç bir halda ona icazə verilmir.
 
700 /