Ali Məqamlı Rəhbərin informasiya bloku

ƏRBƏİN ZİYARƏTİNİN HÖKMLƏRİ

 
Ərbəin ziyarətinin hökmü
Sual-1: Günümüzün mövcud məsələlərini nəzərə alsaq, Ərbəin ziyarəti indiki zamanda vacibdirmi?
Cavab: Ərbəin ziyarəti müstəhəbdir.
 
 
Qanunlara riayət etmək
Ərbəin ziyarəti üçün passport
Sual-2: Ərbəin ziyarəti üçün viza almağın hömkü nədir?
Cavab: Hər bir halda qanunlara riayət etmək lazımdır.
 
Başqasının passportundan istifadə etmək
Sual-3: Ərbəin ziyarəti günləri yaxınlaşır və passport almaq üçün kifayət qədər vaxt yoxdur. Qardaşımın razılığı ilə onun passportundan istifadə edərək Ərbəin ziyarətinə gedə bilərəmmi? Belə olan surətdə şəri baxımdan ziyarətə getməyin maneçiliyi varmı?
Cavab: İstənilən halda qanunlara riayət etmək lazımdır və qanun pozuntusuna yol vermək olmaz.
 
Dərs günlərində Ərbəinn ziyarətinə getmək
Sual-4: Dərs günlərində Ərbəin ziyarətinə getmək olarmı?
Cavab: Qeyd olunan məsələ Təhsil Nazirliyinin qanun və qaydaları ilə tənzimlənir.
 
Xəstəliyin ağırlaşacağı ehtimal edildiyi təqdirdə səfərə çıxmaq
Sual-5:
1) İmamların (ə) tövsiyələrinə əsasən Ərbəin ziyarəti savabdır. Mənim qoca anam da bu ziyarətə getmək istəyir. Amma son günlər xəstəlik keçirdiyi, nəticədə, bədəni fiziki cəhətdən zəiflədiyi, xəstəliyinin yenidən qayıdacağı və qayıdarsa, vəziyyətinin daha da pisləşəcəyi ehtimal edildiyi üçün həkimlər ona bu səfərə çıxmağı qadağan ediblər. Belə olan halda onun Ərbəin ziyarətinə getməyinin hökmü nədir?
2) Mənim də qoca nənəm bu ziyarətə getmək istəyir, ancaq dizləri ağrıyır. Ayaqlarının ağrılarının kəskinləşəcəyi ehtimal edilirsə, onun bu səfərə çıxmasına icazə varmı?
Cavab: (1 və 2): Əgər zərər gözəçarpacaq dərəcədə olacaqsa, xeyr, icazə yoxdur.
 
Atanın icazəsi olmadan səfərə çıxmaq
Sual-6: Mən universitetin axırıncı kursunun sonuncu smestrində oxuyuram. Ərbəin ziyarəti üçün Kərbəlaya getmək istəyirəm. Əminəm ki, atam Ərbəin səfərinin izdihamını və bəzi məsələləri nəzərə alaraq mənim bu səfərə çıxmağıma icazə verməyəcək. Mən ailəmə xəbər vermədən səfərə çıxa və bu barədə onlara səfər əsnasında xəbər verə bilərəm?
Cavab: Əgər valideynlərinizə xəbər vermədən bu səfərə çıxmağınız onların inciməsinə səbəb olarsa, xeyr, icazə yoxdur. Habelə atanız atalıq şəfqəti üzündən səfərə çıxmağınıza razı deyilsə, ona itaət edin.
 
Borclu adamın səfərə çıxması
Sual-7: Dostlarına və ya qohumlarına borcu olan şəxs Ərbəin ziyarətinə gedə bilərmi?
Cavab: Borcun ödənilmə vaxtı çatmayıbsa və ya borc sahibi borcu ödəmək üçün möhlət verirsə, eybi yoxdur. Əgər borcun ödəniş vaxtı çatıbsa, borclu borcunu vermək iqtidarındadırsa və borc sahibi də borcunu tələb edirsə, əvvəl borc ödənilməlidir. Mükəlləf borcunu ödəməmək kimi bir vacibi tərk etmək niyyəti ilə səfərə gedərsə, namazı tamdır. Amma səfərə çıxmaqda məqsədi borcdan qaçmaq deyilsə, namazı qəsrdir.
 
 
Ərbəin ziyarətinə aid olan nəzirlər
 
Ərbəin və digər ziyarət səfərlərində yemək bişirmək nəzri
Sual-8: Bir xanımın hər il Ərbəin günü yemək bişirmək nəzri vardır. Həmin xanım bu il piyada Ərbəin yürüşünə qatılamq istəyir. Buna görə də Ərbəin günü İraqda olacaq. Onun vəzifəsi nədir və nəzrini necə yerinə yetirməlidir?
Cavab: Əgər "şəri nəzir siğəsi" oxumayıbsa, nəzrinə əməl etmək vacib deyil. Amma "nəzir siğəsi"ni şəri cəhətdən müəyyən edilmiş şərtlərə riayət edərək oxuyubsa, nəzir etdiyi kimi əməl etməlidir. Nəzri pozmaq olmaz.
 
Nəzrin vaxtını dəyişmək
Sual-9: Bir nəfərin Ərbəin günü ilə bağlı nəzri varsa, onu bir gün qabağa sala bilərmi?
Cavab: Əgər "əməli risalələr"də qeyd edilən "şəri nəzir siğəsi"ni oxumayıbsa, nəzrinə əməl etmək vacib deyil və vaxtı dəyişə bilər. Amma "şəri nəzir siğə"sini oxuyubsa və nəzri də müəyyən günə aiddirsə, nəzrinə uyğun əməl etməlidir.
 
Camaatın nəzirlərindən qalanını depozit bank hesabına yatırtmaq
Sual-10: Bir neçə dostumla Ərbəin günləri üçün müəyyən məbləğ pul toplamışdıq. Ondan bir hissəsi qalıb. Pulu Ərbəin günlərində istifadə etmək şərti ilə topladığımız üçün gələn Ərbəinədək istifadəsiz qalacaq.
1) Bu pulu depozit bank hesabına yatırtmaq və habelə pulun üzərinə gələn faizi gələn ilin Ərbəin mərasimində istifadə etmək olarmı?
2) Hal-hazırda həmin pul Xeyriyyə Məqsədli Borc Fondundadır. Bu pulu Xeyriyyə Məqsədli Borc Fondunda saxlamağın problemi varmı?
Cavab:
1) Pul sahiblərinin razılığı olarsa və bank faizi də İslami ticarət müqavilələrindən birinə uyğun olarsa, eybi yoxdur.
2) Pulu Xeyriyyə Məqsədli Borc Fondunda saxlamağın problemi yoxdur.
 
Ərbəin nəzirlərindən artıq qalanını başqa yerdə istifadə etmək
Sual-11: Camaat tərəfindən Ərbəin mərasiminin keçirilməsi üçün bir az pul, stəkan, çay, qənd və sair vəsait hədiyyə edilmişdi ki, bundan bir miqdarı artıq qalıb. Həmin qalan vəsati il ərzində İmam Hüseyn (ə) adına təşkil edilmiş digər məclislərdə isitfadə etmək olar, yoxsa gələn ilin Ərbəin mərasiminə saxlanılmalıdır?
Cavab: Hədiyyə edənlərin razılığına bağlıdır.
 
Zəvvarların içməsi üçün nəzir edilmiş su ilə dəstəmaz almaq
Sual-12: Ərbəin zəvvarlarının içməsi üçün nəzir edilmiş, içmək və ya hər hansı başqa bir məqsəd üçün istifadə icazəsinin olub-olmaması, habelə ümumi şəkildə zəvvarların istifadəsi üçün nəzir edilib-edilməməsi məlum olmayan bir su ilə dəstəmaz almaq olarmı?
Cavab: Sualda qeyd edildiyi kimidirsə, olmaz. Yalnız nəzir sahibinin razı olduğu bilinərsə, buna icazə var.
 
Çadır xidmətçilərinin xərcləri
Sual-15: İmam Hüseynin (ə) Ərbəin mərasimi vaxtı Nəcəfdə, Kərbəlada, ümumiyyətlə, İmam Hüseyn (ə) zəvvarlarının hərəkət etdikləri yollarda zəvvarlardan bir neçə nəfəri yol kənarlarında qurulmuş çadırlarda daim xidmət göstərir. Bu adamlar eyni zamanda özləri də zəvvardırlar. Çadır sahibləri bilmək istəyirlər ki, həmin xidmətçiləri Ərbəin mərasiminə ezam etmək üçün (viza, gediş-gəliş pulu və s...) camaatın verdiyi hədiyyə və nəzirlərdən istifadə etmək olarmı?
Cavab: Hədiyyə edənlərin niyyətinə bağlıdır. Əgər onlar ümumi şəkildə niyyət ediblərsə, eybi yoxdur.
 
Ərbəin günü Kərbəlada olmaq
Sual-16: Ərbəin ziyarəti zamanı həmin gün mütləq, Kərbəlada olmalıyıq, yoxsa, bir gün öncə və ya bir gün sonra da Kərbəlada olmaqla Ərbəinin savabını qazanmaq olar?
Cavab: Həzrət İmam Hüseynin (ə) ziyarəti hər zaman müstəhəbdir və böyük savabı vardır. Amma xüsusi bir zaman üçün təyin edilmiş ziyarətin savabı həmin zamana aiddir. Əlbəttə, bəlli bir zaman üçün təyin edilmiş savaba nail olmaq ümidi ilə bir ziyarətin öz xüsusi vaxtından öncə və ya sonra yerinə yetirilməsinin heç bir maneçiliyi yoxdur.
 
İnsanların izdihamı və "Ərbəin"dən əvvəl ziyarət
Sual-17: Ərbəin vaxtı piyada karvanına başçılıq edirəm. Nəcəfdən Kərbəlaya qədər olan məsafəni piyada qət edirik. Kərbəlaya "Ərbəin"dən əvvəl çatırıq. Ərbəin ziyarəti üçün Ərbəin günü Kərbəlada qalmaq vacibdirmi, yoxsa Kərbəladakı izdihamı nəzərə alaraq "Ərbəin" ziyarətini yerinə yetirib İrana qayıda bilərik?
Cavab: Şəri baxımdan maneçiliyi yoxdur. Karvana rəhbərlik edən şəxslərlə zəvvarlar arasında Ərbəin günü Kərbəlada qalmaq barədə şərtləşmə olduğu təqdirdə isə, şəri baxımdan bunun problemi var.
 
Hərəmi kənardan ziyarət etmək
Sual-18: Ərbəin günü izdiham yarandığı üçün hərəmə girmək və iki hərəmin arasında (beynul-hərəmeyn) hərəkət etmək ya çox çətin, ya da qeyri-mümkün olur. Bəzən bu, başqalarının narahatlığına səbəb olur. Belə olan halda Ərbəin ziyarətini hərəmin kənarından oxumaq kifayət edirmi?
Cavab: Sualda fərz olunan halda kifayət edir.
 
Aybaşı halında olan xanımların ziyarət etməsi
Sual-19: Aybaşı olduqları vaxt xanımların hərəmlərə girməsinin hökmü nədir?
Cavab: Ehtiyat vacibə görə, heyizli xanımların məsumların (ə) hərəmində, yəni günbəzin altında və pak qəbirlərin olduğu hissədə dayanmasına icazə yoxdur. Amma məscid hökmündə olmayan digər hissələrdə, o cümlədən hərəmə bitişik olan salonlarda dayanmağın eybi yoxdur.
 
Ərbəin ziyarətinə qədər qara libas geyinmək
Sual-20: Ərbəin gününədək qara paltar geyinməyin maneçiliyi varmı? Bu əməl məkruhdurmu?
Cavab: Məsumların (ə) matəm günlərində qəmli olduğunu göstərmək və İlahi simvolları uca tutmaq məqsədi ilə qara paltar geyinmək savabdır.
 
Ərbəin günü işləmək
Sual-21: Ərbəin günü işləmək olarmı?
Cavab: Bunun öz-özlüyündə heç bir eybi yoxdur.
700 /