Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Quran məclisində etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین و لعنةالله علی اعدائهم اجمعین

Çox gözəl, ürəkaçan, bərəkətli və inşallah ki, faydalı bir məclis idi. Hamınızın, bütün Quran bilicilərinin ramazan ayı mübarək olsun, inşallah. Bu gün burada bu mübarək ayı Qurani-Kərimdən ayələr tilavət edərək qarşıladıq; elə ramazan ayının ən önəmli cəhətlərindən biri də bu ayda Quranın nazil olması, ramazanın Quranla ünsiyyət, Quran tilavət ayı olmasıdır; həqiqətən də, bəhrələndik; doğrudan da, özümüz üçün müəyyən şeylər götürdük. Zəhmət çəkib bu məclisi təşkil edən, bu proqramı hazırlayıb təqdim edən qardaşlarımıza da təşəkkürümü bildirirəm. Çox gözəl idi.

Allaha şükürlər olsun ki, İran adlı bu böyük gülüstanın dörd bir yanından Quran gülləri bir-bir çiçəkləyərək baş qaldırır. Bu torpağa Quranın mübarək toxumu səpilib; bu, İslam İnqilabının, İslam dövlətinin hünəridir. Keçmişdə bu cür deyildi; bizim uşaqlıq və gənclik dövrümüzdə bu ölkədə Quran sözün əsl mənasında tərk olunmuşdu. Əlbəttə, orada-burada Quranı aşiqanə surətdə sevən, Quran oxumaqla, öyrətməklə ciddi məşğul olan, Quranla ünsiyyətdə olmağa can atan insanlar var idi, lakin ümumilikdə ictimaiyyət Qurana yad idi; belə şeylər yox idi. Şükürlər olsun ki, bu gün cəmiyyətimiz Quranla tanışdır; özünüz də görürsünüz: ölkənin müxtəlif yerlərindən müxtəlif yaş qruplarından olan gənclər, yeniyetmələr, uşaqlar Quranla ünsiyyətdədir, Quranla məşğul olur. Quran oxuyurlar, Quran üzərində düşünürlər.

Ölkədə Quranın tilavəti də çox müsbət inkişaf prosesi keçib. İnqilabın əvvəllərindən indiyə qədər qarelərimizin gözəl tilavətinin şahidiyik; inkişaf göz önündədir. “Qarelərimiz, Quran oxuyanlarımız ayələri belə oxusun, belə düşünsün, belə anlasın, belə mənalandırsın” – deyə ürəyimizdən keçən arzular – bu cür arzularımız həmişə olub – Allaha şükürlər olsun ki, bir-bir yerinə yetir. Gözəl ustadlarımız, quranoxuyanlarımız, gənclərimiz, yeniyetmələrimiz var. Allaha şükür; amma bu hələ işin başlanğıcıdır. Hələ biz Quranla ünsiyyət, Qurandan faydalanmaq baxımından çox geriyik. Bunlar hələ atılacaq ilk addımlardır. Mən dəfələrlə demişəm, yenə də təkrar edirəm ki, bu cür məclislər, burada edilən söhbətlər, tövsiyələr, həyata keçirilən bütün bu işlər hamısı ölkəmizin ümumi atmosferinin, ictimiayyətimizin təfəkkürünün Qurana uyğunlaşması, camaatımızın Quranla, Quran məfhumları ilə ünsiyyətə girməsi üçün bir müqəddimədir; önəmli olan budur.

Quranla ünsiyyətə girəndən sonra isə müxtəlif sosial təbəqələrdən olan düşünən beyinlərin Quranda vurğulanan məqamlar üzərində düşünməsi, Qurandan müəyyən şeylər əxz edərək onlardan yararlanması, onları dərk etməsi və yaranan sualları cavablandırması üçün fürsət yaranacaq. Suallar deyəndə mən şübhəəri nəzərdə tutmuram; həyatla, yaşamaqla bağlı sualları nəzərdə tuturam. Bu gün bizim qarşımızda milyonlarla sual durur. Hansısa cəmiyyət öz hökuməti ilə birlikdə həyatı ideallara doğru aparır, ideallara doğru irəliləyirsə, milyonlarla sualla üzləşir. Münasibətlər, davranış tərzi, mövqe seçimi, dost-düşməni ayırd etmək, maddiyyata münasibət, dünyəvi işlər – bütün bunlarla bağlı suallar ortaya çıxır. Və bütün bu suaların cavabı var. Bəşəriyyət bu sualların düzgün cavabını tapmadığına görə yolunu azaraq bədbəxt olmuşdur. Dünyanın – və bəşəriyyətin – bugünkü bədbəxtliyinin səbəbi bu sualların doğru cavabını bilməməyi, öyrənməməyidir; yanlış, çaşdırıcı, azdırıcı cavablar almış, ona çatdırıldığı kimi hərəkət etmiş və bugünkü vəziyyətə gəlib çatmışdır. Bu gün dünyada asayiş və təhlükəsizlik yoxdur, təmizlik və mənəviyyat yoxdur, mənəvi-psixoloji rahatlıq yoxdur, cəmiyyətdəki insanlar bir-biri ilə saf münasibətlər qura bilmir. Bu gün dünyanın vəziyyəti belədir, bütün dünya bu cürdür. 

İnsanlar bir-biri ilə münasibət qurmaq üçünn yaradılıb, qəlblər bir-biri ilə rabitədə olmalı, bir-birinə məhəbbət bəsləməli, yardım etməlidir. Bu dünyadakı insanlar vahid bir orqanizm kimi yaşamalıdır; bəşərin əsası bu cür qoyulub, bu cür düşünülüb; amma baxın, bu gün hər yerdə müharibədir, hər yerdə asayiş və təhlükəsizlik pozulub, hər yerdə qorxu və azğınlıq hökm sürür, qəlblər bir-birindən uzaqdır. Dağılan ailələr, kəskin sosial təbəqələşmə, bir qrupun hər şeyi var, o birinin heç nəyi yoxdur. Bütün bunlar ona görədir ki, həyat barədə suallara doğru cavablar verilməyib, yanlış dərk olunub. Nəticədə isə dünyada bu eybəcər siyasi-iqtisadi sistemlər yaranıb və bəşəriyyət min-bir əziyyətə düçar olub. Milyardlarla insan bundan əziyyət çəkir. Hətta maddi imkanı olanlar da əziyyət içindədir. Belə deyil ki, “sosial təbəqələşmə var” deyiriksə, bu o deməkdir ki, tutalım, bu gün məşhur olan bir ifadə ilə desək, Amerika cəmiyyətinin 1 faizini təşkil edən qrupa daxil olan insanlar çox rahat və gözəl həyat sürür. Yox, onların da həyatda kifayət qədər problemləri, əziyyəti, bədbəxtlikləri var; mənəvi, psixoloji. Onların problemi bəzən hətta yoxsul insanlardan daha çox olur; yəni hamının problemi var. Doğru yolun hansı olduğunu bilməyən, “sirati-müstəqim”i tanımayan, Allah-taala ilə rabitədə olmayan cəmiyyət bu cürdür. Təəssüf ki, bu gün bəşər cəmiyyətləri belə bir zəlalət və azğınlıq içərisindədir. Bax elə buna görə də siz dönə-dönə deyirsiniz, Quranda da buyurulub ki, insanlar dönə-dönə desinlər:

اِهدِنَا الصِّراطَ المُستَقیم

“Allahım, bizi doğru yola yönəlt”. (“Fatihə” surəsi, 6-cı ayə)

Doğru yol – “sirati-müstəqim” o yoldur ki, orada bu bəla və bədbəxtliklər yoxdur; “sirati-müstəqim”in mənası budur. Daim Allah-taaladan sizi doğru yola hidayət etməsini istəyirsiniz; bu hidayət Qurandadır. Quranla ünsiyyətdə olsaq, Quranı düzgün dərk etsək, Quranın üzərində düşünsək, həyatla bağlı suallara doğru cavablar ala bilərik. Bunun arxasınca getməliyik, bu çox önəmli bir məsələdir. Əziz gənclər, inşallah, Quranla daha ox üsniyyətdə olduqca bu həqiqətlər sizin üçün daha çox açılacaq. Bu ləziz şərbətdən içdikcə ona daha da təşnə olacaq, daha çox can atacaqsınız; Quran belədir.

Bəli, bu gün başqaları kimi, müsəlman toplumları da problemlər içərisindədir. Baxın görün İslam dünyasında nələr baş verir! Bir qrup ləyaqətsiz, dəyərsiz, alçaq insan bəzi müsəlman toplumlarının müqəddəratını ələ keçirib; Səudiyyə və sair bu kimi bəzi dövlətlərdə müşahidə etdiyiniz kimi. Bunların səbəbi Qurandan uzaq düşməkdir, Quran həqiqətləri ilə tanış olmamaqdır. Əlbəttə ki, burada tanış olmamağın müəyyən payı varsa, inanmamağın, iman gətirməməyin də müəyyən payı var. Üzdə Qurana etiqad edirlər, bəzən milyonlarla cild Quran da nəşr etdirib orada-burada pulsuz paylayırlar, amma Quranın içindəkilərə, mənasına, məzmununa qətiyyən inanmırlar. Quran deyir:

اَشِدّآءُ عَلَی الکُفّارِ رُحَمآءُ بَینَهُم‌

“Möminlər kafirlərə qarşı sərt, öz aralarında mehriban olarlar”. (“Fəth” surəsi, 29-cu ayədən)

Bunlar isə əksinə, “اشدّاء علی المؤمنین، رحماء مع الکفّار” – möminlərə qarşı sərt, kafirlərlə isə mehribandırlar. Özünüz baxın, görün necədirlər; kafirlərlə dostdurlar, onlarla münasibətləri yaxşıdır, öz xalqının malından onlara xərcləyirlər. Mal-pul özlərinin deyil ki! Özlərinin nəyi var? O pullar, bank hesabları, əfsanəvi sərvətlər – bunlar kimin malıdır, haradan gəlib? Atalarından qalmayıb ki! Neftin puludur, yeraltı mədənlərin puludur, milli sərvətin puludur. Əhalinin yaşayışının yaxşılaşdırılmasına xərclənmək əvəzinə, bunların bank hesablarında toplanır, özləri istədikləri kimi özlərinə xərcləyirlər. Xalqın pullarını kafirlərə, xalqın düşmənlərinə verirlər.

وَ اتَّخَذوا مِن دونِ اللهِ ءالِهَةً لِیَکونوا لَهُم عِزًّا * کَلّا سَیَکفُرونَ بِعِبادَتِهِم وَ یَکونونَ عَلَیهِم ضِدًّا

(“Məryəm” surəsi, 81-82-ci ayələr)

Axmaqlar, elə bilirlər ki, pul verməklə, kömək etməklə və sair bu kimi şeylərlə İslamın düşmənlərinin səmimiyyətini qazana biləcəklər; halbuki ortada heç bir səmimiyyət-filan yoxdur. Özləri demişkən, sağmal inək kimidirlər: südünü sağırlar, südü kəsiləndən sonra isə artıq xeyir vermədiyinə görə başını kəsirlər. İslam dünyasının hazırkı vəziyyəti budur. Kafirlərlə o cür davranırlar, Yəmən və Bəhreyn xalqları ilə də gördüyümüz kimi; dinə zidd şəkildə. Əlbəttə ki, bunlar məhv olub aradan gedəsidir. Zahiri görüntü heç kimi aldatmasın; bunlar qalan deyil, yox olub gedəsidir.

اِنَّ الباطِلَ کانَ زَهُوقًا

(“İsra” surəsi, 81-ci ayədən)

Bunlar batildir və mütləq, süquta, məhvə, bədbəxtliyə, yox olub getməyə məhkumdurlar; buna heç bir şübhə yoxdur. Əlbəttə, üç-beş gün geci-tezi ola bilər. Bu, möminlərin, mömin cəmiyyətin özünü necə aparmasından asılıdır. Əgər düzgün davrasalar, bu daha tez baş verəcək, yox əgər düzgün davranmasalar, üç-beş gün gec olacaq; amma mütləq, olacaq. Bunlar da, bunların ümidlə göz dikdikləri də hamısı süquta uğrayıb aradan gedəsidir.

Gələcəkdə yalnız İslam dini olacaq, Quran olacaq, siz mömin gənclər olacaqsınız; gələcək siz mömin gənclərindir. Bayaq bir ayə oxudular:

وَ مَن اَصدَقُ مِنَ اللهِ قیلًا

“Allahdan daha doğrucul kimdir?” (“Nisa” surəsi, 122-ci ayədən)

Gələcəyi Allahdan yaxşı kim bilə bilər? Və o Allah buyurub ki, gələcək möminlərindir, əməlisalehlərindir, Allah yolunda çalışıb-vuruşanlarındır. Buna heç bir şübhə ola bilməz, bu, Allahın verdiyi bir vəddir. Əgər kimisə şübhə və vəsvəsələr rahat qoymur, ilahi vəd belə qəlbini rahatlatmırsa, qoy yaşanmış təcrübələrə baxsın, onlarla xatircəmlik tapsın. Mən bunu dönə-dönə deyir və bütün varlığımla buna inanıram. Bizə heç bir vəd verilməmiş olsaydı belə, İran xalqının son 30-40 ildə yaşadığı təcrübələr onda gələcəyin onun olacağına əminlik yaratmalı idi; yəqin bilməli idi ki, qələbə onundur. Vaxt var idi bizim ölkəmizdə elə bir hökumət iş başında idi ki, Amerikanın hakim dairələri onunla hazırda o ağıldan geri bədbəxtlərlə davrandığı kimi davranırdı; bir vaxtlar İranda hakimiyyətdə olanlara da eyni münasibəti bəsləyirdilər; hələ ondan da qat-qat artıq. Açıq-aşkar deyirdilər ki, “Siz bizim Fars Körfəzində jandarmımızsınız”; ölkəmizdəki şah diktaturasına bu sözləri deyirdilər. Bizdəkilər həm bunlardan ağıllı idi, həm imkanları daha çox idi, amerikanlar özləri də bizdəki diktaturaya bunlardan daha çox arxalanırdılar, əlaqələri daha möhkəm idi. Hakimiyyətdə belə bir hökumət olduğuna baxmayaraq, İran xalqı imanının gücü, mücahidəsi, fədakarlığı sayəsində dünyadakı bütün dayaqlarına rəğmən bu hökuməti yıxmağı və yerində imperialistlərin həzm edə bilmədiyi bir hökumət quruluşunu, yəni İslam Respublikasını qurmağı bacardı. Bu bir təcrübədir. Daha bundan da yaxşı təcrübə necə olur? 

وَلاتَهِنوا وَلاتَحزَنوا وَ اَنتُمُ الاَعلَونَ اِن کُنتُم مُؤمِنین

“Əgər möminsinizsə, ....” (“Ali-İmran” surəsi, 139-cu ayədən)

Əəgr iman gətirmisinizsə, siz artıq üstünsünüz. İman yolunda güclü, qətiyyətli, sabitqədəm olun. Mən özəlliklə vurğulayıram ki, xalqımızın nümayəndələri və ölkə rəsmilərimiz İslam dininin əsaslarını bəyan etməkdə qətiyyətli olmalıdırlar. Bu gözəl səsli qardaşlarımızın sonda oxuduğu ayələrdə deyildiyi kimi:

قَد کانَت لَکُم اُسوَةٌ حَسَنَةٌ فی اِبرٰهیمَ وَ الَّذینَ مَعَهُ اِذ قالوا لِقَومِهِم اِنّا بُرَءٰؤُا مِنکُم وَ مِمّا تَعبُدونَ مِن دونِ اللهِ کَفَرنا بِکُم وَ بَدا بَینَنا وَ بَینَکُمُ العَداوَةِ و البَغضآءُ اَبَدَاً حَتّی تُؤمِنوا بِاللهِ وَحدَه

“İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizinAllahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaq!” (“Mumtəhinə” surəsi, 4-cü ayədən)

Belədir; açıq-açığına: “Sizi inkar edirik” – deyir. Əsla uyğunsuzluğu da yoxdur. İndi bəziləri narahat olur, fikir çəkirlər ki, axı hər bir hökumət, hər bir dövlət dünya ilə əlaqələr qurmalıdır. Bu tendensiyanı mən də tam olaraq dəstəkləyir və qəbul edirəm, amma bunun irəli gedib uğur qazanmaqla heç bir uyğunsuzluğu yoxdur. Öz əsas prinsiplərini açıq-açığına ifadə etmək, bununla yanaşı irəli getmək, həyatın bütün sahələrində, o cümlədən beynəlxalq münasibətlərdə uğur qazanmaq mümkündür. Bunları etmək olar. Qollarını çırmayıb meydana girsinlər, Allaha təvəkkül etsinlər, görəcəklər ki, olur. Təcrübələr bunu göstərir.

O gün də mən burada toplaşanlara (2) söylədim: Həzrət İbrahim, o əzəmətdə bir peyğəmbər Allah-taalaya deyir ki, ölülərin necə dirildiyini öz gözlərimlə görmək istəyirəm. Allah-taala buyurur: “قالَ اَوَ لَم تُؤمِن” – “Məgər inanmırsan?” “قالَ بَلیٰ” – Deyir: “Niyə, inanıram”; yəni tam olaraq qəbul edirəm, təsdiqləyirəm, qəlbimin dərinliyinə qədər inanıram; “وَ لٰکِن لِیَطمَئِنَّ قَلبی” – amma xatircəm olmaq üçün, beynimdə heç bir narahatlıq qalmasın deyə görmək istəyirəm. O zaman Allah-taala buyurur ki, lap yaxşı, filan işi gör, Allahın ölüləri necə diriltdiyini öz gözlərinlə görəcəksən. İndi biz də öz gözlərimizlə şahid olmuşuq. Biz əliboş bir xalqın zorla təhrik olunduğu bir müharibədən necə qalib çıxdığının öz gözümüzlə görmüşük. Beynəlxalq siyasi məsələlərdə hələ naşı, təcrübəsiz olan bir xalqın düşmənlərin məkrli planlarına necə qalib gəldiyini öz gözlərimizlə görmüşük. Qarşısında maddi imkanlara söykənən, arxadan zərbə vuran, üzbəüz xəncər çəkən, nərə çəkib hay-küy salan güclü bir cəbhə formalaşdığına, 40 ildir ki ardıcıl olaraq bu düşmənlərin məkrli planları ilə üz-üzə qaldığına baxmayaraq, bir xalqın 40 ərzində bütün bu planları daim necə neytrallaşdırdığının öz gözlərimizlə şahidi olmuşuq. Bütün bunları görmürükmü? Bunlar bizim təcrübəmizdir. Bu təcrübələri nəzərə alaraq bilməliyik ki, güclü, qüdrətli, uğurlu və qürurlu inkişafın yolu Quranla sız əlaqədə olmaqdır. Bütün bu xeyir-bərəkət Allah-taalanın bu əziz kitabıdır. Allaha şükürlər olsun ki, siz onunla tanışsınız, ünsiyyətdəsiniz, bəziləriniz hafizdir, Quranı əzbər bilir, bəziləriniz qaredir, Quranı gözəl oxuyur, bəziləriniz sadəcə dinləyir, bəziləriniz Quran müəllimidir. Deməli, əsas bu Qurandır. 

Quran məclislərinin sayını artırın, Quranı bacardığınız qədər daha çox öyrədin və öyrənin. Qurandakı mənaların, məfhumların aktuallığını qorumağa çalışın. Mən bunu əziz qarelərimizə xitabən deyirəm – xoşbəxtlikdən, bu gün Quran oxuyan qardaşlarımızdan bəziləri bu məqama çox gözəl riayət etdilər - öz oxu tərzinizlə Quran ayələrinin mənasını canlandırmağa çalışın. Necə ki məsələn, bir qiraət ustası gözəl bir şeir oxuyarkən oradakı söz və ifadələri elə qiraət edir ki, o şeirin mənası dinləyicinin təsəvvüründə tam olaraq canlanır; eynilə bu gün məclisimizi aparan gözəl natiq kimi (3). Biri gözəl danışanda, gözəl şeir oxuyanda, gözəl söhbət edəndə, kəlmələri münasib intonasiya ilə tələffüz edəndə, o mətnin bütün mənası dinləyiciyə lazımınca çatdırılır, dinləyici onu tam olaraq təhvil alır. Quranın tilavəti də bu cür olmalıdır. Yavaşdan və ya yüksəkdən oxumaqla, səsi qaldırıb endirməklə, səsi və oxu tərzini dəyişməklə ayələrin məzmununu bütünlüklə dinləyənlərə çatdırmaq lazımdır. Əlbəttə ki, bu, Quranın mənasını bilənlərə aiddir. Bu isə o deməkdir ki, Quranın dilini öyrənmək lazımdır. Quranın dili ilə bacardığınız qədər daha çox ünsiyyətdə olun. Quranla məşğul olanlaın çoxu heç ərəb dilini oxumayıb, amma Quran oxuyanda mənasını başa düşürlər. Çox insanlar görmüşük ki, dərsdə oturub proqram üzrə ərəb dili öyrənməyiblər, amma Quranla o qədər ünsiyyətdə olublar, ayələri o qədər təkrar-təkrar oxuyublar ki, Quranı açıb hər hansı bir ayəni oxuyanda mənasını anlayırlar. Çox oxumaqla ayələrin mənasını anlamaq olur. Quranla daha sıx əlaqədə olmalıyıq.

Pərvərdigara! Məhəmməd və Ali-Məhəmmədə xatir, Quranla əlaqəmizi – mənəvi əlaqəmizi, vaxt baxımından əlaqəmizi – günbəgün daha da artır; bizi Quranın bərəkətlərindən, nemətlərindən və ruzisindən bəhrələndir; bizi Qurandan yalnız onun sözlərini öyrənib, bununla kifayətlənənlərdən etmə. Pərvərdigara! Xalqımızı ideallarına qovuşdurmaqla və onu düşmənləri üzərində qalib etməklə bu ölkəyə və bu xalqa olan lütf və mərhəmətini tamamla. Dahi liderimiz İmam Xomeyninin, əziz şəhidlərimizin pak ruhlarını Məhşərə övliyalarınla birgə gətir. Harada möminlər Allah yolunda cihad edərək mübarizə aparırsa – cihadın hansı növü olursa-olsun – onları düşmənləri üzərində qalib et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

__________________________

(1) Mübarək ramazan ayının ilk günü baş tutan bu görüşündə əvvəlində qarelər və Quran oxuyan qruplar Qurandan ayələr tilavət etmişlər. 
(2) Xürrəmşəhrin azad edilməsinin idönümü münasibətilə xalqın müxtəlif təbəqələrindən olan insanlarla görüş. 03.03.1396
(3) Cənab Məcid Yəraqbafan