Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin mübarək ramazan ayının 17-ci günü hökumət nümayəndələri ilə görüşü zamanı etdiyi çıxış

بسم‌الله‌الرّحمن‌الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیبین الطّاهرین المعصومین     سیّما بقیّةالله فی الارضین

Əziz qardaşlar, bacılar, möhtərəm hökumət nümayəndələri, çox xoş gəlmisiniz (1). Bu görüş bizim il boyu keçirdiyimiz bərəkətli görüşlərdən biridir. Müxtəlif sferaların rəsmiləri burada iştirak edir, dəyərli məruzələr dinlənilir; necə ki cənab prezident bu gün bizə çox yaxşı bir məruzə təqdim etdi. Doğrudur, bir qayda olaraq bu iclaslarda ölkə başçıları öz fəaliyyətinin müsbət tərəfləri barədə danışır, amma hər halda, insanlar məlumatlarla, xəbərlərlə tanış olur, həqiqətləri eşidir. Bu baxımdan da, Allaha həmd olsun ki, mübarək bir görüşdür.

Söhbətimin başlanğıcında mən ramazan ayı ilə bağlı bir neçə cümlə demək istəyirəm. Bu qızıla bərabər fürsətin yarısını artıq geridə qoymuşuq, irəlidə yarısından da azı qalıb. Əziz qardaş və bacılarımız, möhtərəm rəsmilər, xüsusilə də bizlər bu fürsəti qənimət bilməliyik; tövbə etmək, Allaha üz tutmaq, qəlbini nurlandırmaq, təravətləndirmək, dua və yalvarış üçün gözəl bir fürsətdir; gəlin Allah-taalanın qarşısında dua edib yalvaraq. Sizdən hər birinizin, böyük ehtimalla, çalışdığı sferada çətinlikləri, çatışmazlıqları var, müəyyən amillərə, elementlərə ehtiyac duyursunuz; bunları Allahdan istəməliyik. Çəkdiyiniz zəhmətlə, göstərdiyiniz səylərlə yanaşı, heç şübhəsiz, dua və yalvarış etməyiniz də lazımdır; bunu yaddan çıxarmamalıyıq.

Dualardan bir neçəsində, o cümlədən “Əbi Həmzə Somali” duasında (2) oxuyuruq : وَ لا یُنجی مِنکَ اِلَّا التَّضَرُّعُ اِلَیک‌ 


Qurtuluş yolumuz Allah dərgahına dua etmək, yalvarıb-yaxarmaqdır. Bəs görəsən, necə olur ki, bu dua və yalvarış bizim nicatımız, qurtuluşumuz üçün vasitə ola bilir? Zəif insanlar da bəzən başqalarının qarşısında yalvarıb-yaxarır; bu ikisinin fərqi nədir? Allah qarşısında yalvarıb-yaxarmaqla Onun bəndələri qarşısında yalvarıb-yaxarmağın fərqi nədir? Bu məqama diqqət yetirməyimiz çox önəmlidir. Allahın bəndələri qarşısında yalvarmaq bunun üçündür ki, həmin adamın ürəyi yumşalsın, Allah qarşısında yalvarıb-yaxarmaq isə bunun üçündür ki, bizim öz ürəyimiz yumşalsın; öz ürəyimizi daşlaşmaqdan xilas edək; nicatımız, qurtuluşumuz da bundan qaynaqlanır. Ürək sərtlik vəziyyətindən çıxıb yumşalanda nurlanır. İnsanın qarşısında yolları açan, ona ümid, çalışmaq əzmi bəxş edən, onu doğru yollara istiqamətləndirən də məhz qəlbinin bu nurudur. İnsan təqvalı olanda Allah-taala da ona öz hidayətini lütf edir. Təqva isə həmin o ürəyiyumşaqlıqdan, qəlbin incəliyindən, nurluluğundan irəli gəlir; işin əsli bu cürdür. Mübarək “Zümər” surəsində buyurulur: 

فَوَیلٌ لِلقٰسِیَةِ قُلوبُهُم مِن ذِکرِ اللهِ اُولٰئِکَ فی‌ ضَلٰلٍ مُبین‌

“Vay qəlbləri Allahın zikrinə (Qurana) qarşı sərt olanların halına! Onlar (haqq yoldan) açıq-aydın azmışlar”. (“Zümər” surəsi, 22-ci ayədən)

Daşlaşmış, möhkəm qəlb bu cürdür. Ayədə belələrinin açıq-aşkar azğınlıq içərisində olduğu deyilir. Mübarək “Maidə” surəsində isə Bəni-İsrail haqqında belə buyurulur:

فَبِما نَقضِهِم میثاقَهُم لَعَنّـٰهُم وَ جَعَلنا قُلُوبَهُم قاسِیَة

“Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik”. (“Maidə” surəsi, 13-cü ayədən)

 – Allahın lənəti onların qəlblərinin sərtləşməsində özünü göstərir; hansı ki bu da elə onların öz əməllərinin nəticəsidir:

فَبِما نَقضِهِم میثاقَهُم

– Allah-taala ilə bağladıqları əhdi pozublar, unudublar. Biz öz imanlı cəmiyyətimizdə bu şeylərə diqqət yetirməliyik; özəlliklə də bizlər – hər biri müəyyən bir sferanın yükünü çiyinlərində daşıyan rəsmilər. Mübarək “Bəqərə” surəsində yenə də Bəni-İsrail haqqında belə buyurulur:

ثُمَّ قَسَت قُلوبُکُم مِن بَعدِ ذٰلِکَ فَهِیَ کَالحِجارَةِ اَو اَشَدَّ قَسوَةً وَ اِنَّ مِنَ الحِجارَةِ لَما یَتَفَجَّرُ مِنهُ الاَنهار

“Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar...” (“Bəqərə” surəsi, 74-cü ayədən)

“Qəlbləriniz daşdan da sərt oldu” – Peyğəmbəri-Əkrəm (s) Mədinə yəhudiləri ilə mübarizə apararkən onlara qarşı dəlil gətirmək üçün Allahın dilindən bu sözləri deyir, Bəni-İsrailin keçmişini onların yadına salır. Bütün bunlar bizim üçün ibrət dərsidir, öyüd-nəsihət götürməyimiz, gözümüzün açılmağı üçün bir vasitədir; çalışıb səy göstərməliyik. Şərafətli “Kafi” kitabındakı rəvayətlərdən birində oxuyuruq:

(3) وَ القاسِی القَلبِ مِنّی بَعید

 – insan üçün ən pis, ən qorxunc bəlalardan biri Allahdan uzaqlaşmaqdır; daşürəkliliyin, qəlbin sərtləşməsinin isə belə bir xüsusiyyəti var ki, insanı Allahdan uzaqlaşdırır. Və ya başqa bir rəvayətdə:

ما ضُرِبَ‌ عَبدٌ بِعُقوبَةٍ اَعظَمَ مِن قَسوَةِ القَلب‌

“Bəndə üçün daşürəkli olmaqdan ağır cəza yoxdur” (4)

Bir sözlə, bu günlərdən istifadə etməliyik; mübarək ramazan ayı gözəl bir fürsətdir; istər bu ayın duaları olsun (səhərlər, gündüzlər və ya gecələr oxunması tövsiyə olunmuş dualar; elə dualar var ki, onların məzmunu qəlbimizi yumşaldır), istərsə də oruc olmağın, şəri vəzifənə diqqət yetirməyin özü; bizim buna ehtiyacımız var. Bizim İslam qayda-qanunu ilə, İslam İnqilabı prinsipləri ilə yaşayan cəmiyyətimiz Allahı yada salıb zikr etməyə, Uca Yaradan qarşısında təslimkarlığa, dua və yalvarış etməyə diqqət və önəm verməzsə, heç şübhəsiz, möhkəm zərbə alacaq, arzu və amallarına əsla yetişə bilməyəcək. Biz o uca hədəflərimizə, təqdirəlayiq arzu və amallarımıza yalnız o zaman yetişə bilərik ki, tutduğumuz yolda əsl mömin kimi, sədaqətlə çalışaq. Bu isə yalnız diqqətini Allah-taalaya yönəltməklə, qəlbin nurunu, Uca Yaradanla rabitəsini artırmaqla mümkün ola bilər. Mənim ramazan ayının yaratdığı fürsət barədə demək istədiklərim bunlar idi; zənnimcə, bu gün edəcəyim söhbətin ən önəmli qismi də elə bu idi. Mənim əsas sözüm budur: diqqətli olmaq lazımdır. Əlbəttə ki, mən bu sözləri ilk növbədə özümə ünvanlayıram; mənim öhdəmə sizdən daha böyük məsuliyyət, daha ağır yük düşür, mənim özümün bu tövsiyələrə sizdən daha çox ehtiyacım var. Mən də, siz də diqqətli olmalı, bu aydan, bu fürsətdən istifadə etməliyik; qarşıdan gələn Qədr gecələri də öz yerində. 

Bu görüşlərimiz isə ölkədəki bəzi genişmiqyaslı, makrosəviyyəli və önəmli problemlərin həlli yollarını nəzərdən keçirmək üçün bir fürsətdir; ola bilsin, həmin problemlərdən bəziləri ilə bağlı müəyyən fikir ayrılıqları, mübahisəli məqamlar var, bu iclaslar həmin məqamların ortaya qoyulub müzakirə edilməsi üçün yaxşı bir fürsətdir. Bizlərin diqqətindən kənarda qalmış bəzi məsələlər də ola bilər ki, onlar da burada qeyd oluna bilər. Bu baxımdan bu görüşlər çox faydalıdır; çünki burada rəsmilər, işi bilən insanlar iştirak edir. 

Bu il ölkəmizdə seçkilər oldu; bu, sevindirici bir faktdır; seçkilər böyük bir məsələdir; bu seçkinin möhtəşəmliyi inqilabın, İslam dövlətinin qüdrətini nümayiş etdirdi. Biz bunu diqqətdən qaçırmamalıyıq. Dünyada aparılan təbliğatda, ölkəmizdə baş tutan seçkilərlə bağlı dünya mediasında gedən fikirlərdə (özünüzün də gördüyünüz kimi, bizim seçkilərimiz barədə daim danışırlar) bu məqama əsla toxunulmur, qətiyyən qeyd olunmur ki, bu seçkilər dövlətin qüdrətini nümayiş etdirir, dövlətin bacarığını, qəlblərdə özünə necə dərin yer etdiyini göstərir. Adətən bunu demirlər, amma bu bir reallıqdır. Cümə günü seçki məntəqələrinə gəlmiş insanlar kimə səs verdiklərindən asılı olmayaraq, hamısı müştərək şəkildə bir işi həyata keçirdi. Bu müştərək iş olduqca dəyərli bir işdir; bu işi görmək və dünyaya da göstərmək lazımdır. Həmin müştərək iş dövlətə etimad etmək, İslam dövlətinə olan etimadını ifadə etmək idi. Düzdür, hərə birinə səs verdi, amma hamı müştərək bir iş gördü. O müştərək iş İslam Respublikasının qoyduğu o seçki qutusuna, İslam Respublikasının Konstitusiyası ilə tənzimlənmiş bu möhtəşəm hərəkata etimad etməkdən, ölkənin icraedici hakimiyyətinin rəsmisini seçmək üçün bu prosesə qoşulmaqdan ibarət idi; bu olduqca önəmlidir.

Xalqın müştərək surətdə həyata keçirdiyi bu işi zay etmək lazım deyil; hansısa sözlər və mülahizələrlə bu müştərək hərəkatın əsasını korlamaq yaramaz. Bu, çox önəmli bir iş idi. İran xalqını iki yerə ayırıb: “Bəziləri bu məsələyə “bəli” və ya “xeyr” deyib”, – demək doğru deyil. Xeyr, camaat yalnız gəlib və doğru bildiyi şəxsi seçib. İnsanlar arasında bölgü aparmaq nəyə lazımdır? Diqqətli olmaq lazımdır ki, İran xalqının həyata keçirdiyi böyük və müştərək bir işin içindən bu kimi bölgülər, çəkişmələr çıxarılmasın. Bütün İran xalqı bu xalqa və onun tərəqqisinə düşmən olanların əleyhinədir. Bəli, xainləir ola bilər; bütün ölkələrdə, bütün xalqlarda, bütün dövrlərdə xain insanlar olub, amma ümumilikdə İran xalqı onu qəsdən problemlərlə üz-üzə qoyanların, müharibəyə təhrik edənlərin, ona qarşı sanksiya tətbiq edənlərin, onun asayiş və təhlükəsizliyini pozanların əleyhinədir, onları istəmir. Bütün xalq bu cürdür.

Hazırda isə, gördüyünüz kimi, seçkidən sonra amerikalılar tam həyasızcasına həm sanksiyaları artırır, həm də ölkəmizə qarşı həmişəkindən də çox düşmənçilik yürüdür, daha da inadkarcasına müxalifət edirlər; vəziyyət belədir. Düşmənçilikləri, vəziyyəti, ehtiyacları, qarşıya qoyduğumuz ali hədəfləri nəzərə alaraq yeni bir atmosfer yaratmaq lazımdır. Bu yeni atmosferin – əməkdaşlıq, ölkənin tərəqqisi, İslam Respublikasının yüksəlişi kimi müştərək bir hədəf uğrunda çalışmaq, işləmək atmosferinin yaradılmasında hamının rolu və payı var. Özümüzü müqəddəs İslam Respublikası quruluşunun məqsədlərinə addım-addım yaxınlaşdırmağı bacarmalıyıq. Həmin məqsədlər İslam Respublikasının şüarlarında ilk gündən də olub, bu gün də var; özümüzü onlara yaxınlaşdırmalıyıq. Bunun üçün hamı çalışmalıdır. Əgər hamımız çalışsaq, möhkəm dura, müqavimət göstərə, düşmənləri diz çökdürə bilərik; əgər hamımız bir olsaq, bir yumruqda birləşsək; bu, mənim həmişəki tövsiyəmdir. Bu gün də mən yenidən bu tövsiyəni edirəm; hamı ölkə rəsmilərinə kömək etməli, işləyə bilmələri üçün onlarla əməkdaşlıq etməlidir; ölkə rəsmilərinə də sözün əsl mənasında camaatın tərəfində olmağı tövsiyə edirəm; müxtəlif sferaların rəsmiləri öz aralarında da əməkdaşlıq etməlidir. Mənim özümün də yanaşmam budur ki, iş başında olan bütün dövlətləri həmişə dəstəkləyirəm; bu gün də belədir, inşallah, bundan sonra da, nə qədər ki sağıq, belə olacaq. 

Ölkədəki problemlərə ümumi bir nəzər salsaq, əgər biz rəsmilər – yüksək ranqlı məmurundan tutmuş müxtəlif sferalarda çalışan rəhbər işçilərinə qədər – ölkəni düzgün idarə etmək, fürsətləri və riskləri sözün əsl mənasında idarə etmək (çünki həm fürsətlər var, həm də risklər; bunları düzgün idarə etməyi bacarmaq lazımdır), xalqın sərmayələrindən düzgün istifadə etmək, ölkənin imkan və potensiallarını (hansı ki onlardan bəziləri bu günə qədər hələ də üzə çıxarılmayıb) reallaşdırıb onlardan yararlanmaq, doğru yolu çıxmazdan fərqləndirmək (belə ki insanların, ölkə rəsmilərinin, hökumət nümayəndələrinin, müxtəlif sahələrdə çalışan vəzifəli şəxslərin qarşısında bəzən bir neçə yol olur; onlardan bəziləri bizi öz məqsədimizə yox, çıxmaza aparır), bu böyük işləri həyata keçirmək istəyiriksə, əvvəla, qərar vermə meyarlarımızı düzgün seçib müəyyənləşdirməliyik, ikincisi isə təcrübəmizdən istifadə etməliyik; bu gün mənim demək istədiyim budur. Qərar vermə meyarlarımızı düzgün seçməliyik; adətən bu məqamda sapmalar olur; bu gün yox, ümumiyyətlə, müxtəlif dövrlərdə; indi deyəcəyəm. 

Yaxşı, gəlin baxaq, bizim qərar vermə meyarımız nədir? Təbii ki, ümumilikdə burada söhbət bir şeydən gedir ki, o da milli mənafedir; yəni dövlətlər üçün qərar vermə meyarı milli mənafeni təmin etməkdir; indi istər qısamüddətli mənafe olsun, istərsə də uzunmüddətli. Məsələ bundadır ki, bu mənafeyə necə tərif verməli, onu necə müəyyən etməliyik? Nəyi həqiqətən də milli mənafe hesab etməliyik, nəyi isə yox? Mənim əsas nəzərdə tutduğum və bu gün qeyd etmək istədiyim məqam budur: milli mənafe yalnız o zaman milli mənafe hesab oluna bilər ki, İran xalqının milli kimliyi ilə, İran xalqının inqilabi kimliyi ilə ziddiyyət təşkil etməsin. Milli mənafe yalnız o zaman, doğrudan da, milli mənafe ola bilər ki, millətin kimliyinə zidd olmasın. Əks təqdirdə əgər biz nəyi isə milli mənafe olaraq nəzərdə tutarkən xalqın kimliyini tapdalayırıqsa, sözsüz ki, səhvə yol veririk; bu, milli mənafe deyil. Təəssüf ki, Məşrutə dövründən başlayaraq inqilabdan əvvəlki illərə qədər xalqımızın nəsibi həmişə bu olub; milli kimliyimizi ayaqlar altına atıblar. Əlbəttə ki, bu vəziyyət Pəhləvi hakimiyyətindən əvvəlki dövrdən – Qacar hakimiyyətinin axırlarından etibarən yaranmağa başlayıb. Millətimizin kimliyi başda oturanların, ixtiyar sahibi olanların, qərar verənlərin milli mənafe hesab edib həyata keçirdiyi şeylərə görə həmişə ayaq altına atılıb; bu isə tərs mütənasiblikdir. Milli mənafe millətin kimliyi ilə uyğunlaşdırılmalıdır, milli kimlik, söz yox ki, insan təxəyyülünün məhsulu olan milli mənafeyə tabe edilməməlidir. Kiminsə ortaya çıxıb: “Biz təpədən-dırnağa avropalı olmalıyıq ki, inkişaf edə, irəli gedə bilək” – deməyi milli kimliyi ayaq altına atmaq deməkdir. Tarixi keçmişi, güclü və zəngin mədəniyyəti, bu boyda ideologiyası, böyük və növbənöv mənəvi sərmayəsi olan bir xalqa: “Siz gəlin hər şeyinizdən keçin, hər şeyinizi bir kənara atıb təpədən-dırnağa qərbli olun ki, inkişaf edə biləsiniz” – deyirlər; yəni xalq üçün bir xeyir, bir mənafe təsvir edir, bir mənafenin mənzərəsini yaradırlar, amma bu mənafe xatirinə milli kimlikdən uzaqlaşmaq lazımdır. Bu isə elə xalqın kimliyini məhv etmək, xalqın mövcudluğuna son qoymaq deməkdir; hansı ki bu proses Pəhləvi dövründə ən yüksək həddinə çatmışdı; əlbəttə ki, qeyd etdiyim kimi, Qacar dövrünün sonlarından etibarən başlamışdı. İslam İnqilabı gəldi və bu yanaşmanı tamamilə dəyişdi. 

İnqilabın həyata keçirdiyi böyük işlərdən biri bu millətin özünəməxsus bir kimliyi olduğunu bəyan etməsi, bu kimliyi təsvir etməsi və bu məsələnin üzərində israrla durması oldu; İslam İnqilabı milli mənafeni məhz bu kimlikdən çıxış edərək müəyyənləşdirir, təsdiq edir və təmin etməyə çalışır. Əvvəlki vəziyyətdə isə biz heç milli mənafeyə yetişə bilməzdik də; özünüzün də gördüyünüz kimi, Məşrutə dövründən başlayaraq İslam İnqilabından əvvələ qədər ölkəmiz sahib olduğu bu qədər sərmayəyə, imkanlara rəğmən, milli kimliyini əldən verdiyi üçün öz şəninə və o zaman dünyada gedən ümumi inkişaf prosesinə uyğun heç bir irəliləyişə nail ola bilməyib. O zaman mütərəqqi, dinamik, canlı dünyada elmi-texnoloji cəhətdən, həyatın müxtəlif sferalarında bir başqa cür inkişaf getməkdə idi, bizim ölkəmizdə isə durğunuq və ətalət hökm sürürdü. İnqilabdan sonra isə bu yanaşma dəyişdi, vəziyyət dəyişdi. İnqilab qələbə çalandan bəri biz inkişaf etdiyimizi, irəliyə doğru getdiyimizi hiss edirik; əlbəttə ki, geriliklər də çoxdur, amma inkişaf göz önündədir.

Səhv etmirəmsə, ilin əvvəlində etdiyim söhbətdə mən ölkənin infrastruktur, insan kapitalı və sair bu kimi müxtəlif sferalarda əldə etdiyi nailyyətləri sadalamışdım; bəziləri bu şeyləri dilə gətirib etiraf etmək istəmir; hətta rəsmilərin özləri içərisində də bəziləri inqilabın qazandığı uğurlara diqqət və önəm vermir. Qarşısına çıxan bütün çoxsaylı problemlərə, müharibəyə təhrik olunmasına, o cür sanksiyalara məruz qalmasına, dünyaya hökmranlıq edən superdövlətlərin açıq-aşkar düşmənçiliyi ilə üzləşməsinə baxmayaraq ölkəmizin bu nailiyyətləri əldə edə bilməsi yalnız özündə bir kimlik, heysiyyət hiss etməsi sayəsində mümkün olmuşdur. Öz kimliyini dərk edən, özünü tanıyan, varlığını hiss edən İran xalqı qüvvət və qüdrətlə irəli getməyə başladı; öz kimliyini hiss etmək insanda belə bir halət yaradır; insana özünəinam bəxş edir. 

“İran xalqının kimliyi” deyirik; bu kimlik nədən ibarətdir? Bizim milli kimliyimiz necə müəyyənləşir, özünü nədə göstərir? Biz İslam dininə sitayiş edən, dərin tarixi kökləri olan və inqilabçı bir xalqıq; bizim kimliyimiz budur. Bizim müsəlman olmağımız, tarixi keçmişimiz və inqilabçılığımız milli kimliyimizi təşkil edən 3 əsas elementdir. Bu 3 elementi nəzərdən qaçırmamalıyıq.

Bizim müsəlman olmağımız bu deməkdir ki, bizim kimliyimizi İslam dininin dəyər və prinsipləri formalaşdırmışdır. Tarixdə dərin köklərimizin olması isə bu mənadadır ki, bizim insan kapitalımız tarix boyu yüksək məfkurə və ideyalara sahib olub – müxtəlif sferalarda: fəlsəfədə, elmdə, texnologiyada – və tarix boyu zaman-zaman böyük işlər həyata keçirərək bəşəriyyəti irəli aparıb; buna diqqət yetirin. Yeni texnologiya və təşəbbüslərin Qərb və Avropaya aid olduğunu və əvvəldən də elə bu cür olduğunu düşünmək yanlışdır. Müəyyən dövrlərdə biz texnologiya sahəsində avanqard olmuşuq, ön sıralarda durmuşuq; o dövrə uyğun texnologiyalarda. Əlbəttə ki, elm və texnologiyanın belə bir xarakterik cəhəti var ki, irəli getdikcə daha da sürətlənir; mən buna dəfələrlə misal çəkmişəm və artıq təkrara yol vermək istəmirəm. İnkişaf əldə olunduqca sürət də durmadan artır. Elmi inkişafa nail olmuş ölkələrlə geridə qalmış ölkələr arasında fərqin daim artmasının səbəbi də elə budur; elmi nailiyyətlər sürəti də artırır. O vaxt biz, əlbəttə ki, zəmanəyə uyğun olaraq texnologiyada avanqard idik; təkcə İran olaraq biz yox, əksər Şərq ölkələri belə idi; o cümlədən də biz iranlılar. Odur ki birinci yerdə bizim müsəlman olmağımız və dərin tarixi köklərimiz gəlir; daha sonra isə inqilab; inqilab bizim kimliyimizin önəmli bir hissəsidir. İnqilab – İslam dininə əsaslanaraq ölkənin vəziyyətini büsbütün dəyişməyə müvəffəq olmuş dərin dəyişikliklər hərəkatıdır, onun mühüm xidmətlərindən biri isə xalqı arxa plandan çəkib çıxarması, bilavasitə ölkənin idarəçiliyi işinə daxil etməsi olmuşdur. Xalq ölkədə heç kim idi; əsrlər boyu İran xalqına ümumiyyətlə hökumətin fonunda yanaşılırdı, hökumətin formalaşmasında xalqın heç bir rolu yox idi. Bəli, hansısa padşah müharibə edəndə camaatın bir hissəsini aparıb silah qabağına verirdi; xalqın rolu bundan ibarət idi. Amma xalq hansısa siyasətin müəyyən olunmasında, hansısa vəzifəli şəxsin (o da qala ölkənin yüksək ranqlı rəsmilərinin) seçilməsində söz sahibi ola – belə bir şey yox idi. Xalq oturub gözləyirdi ki, bu sülalə hakimiyyətdən getsin, o biri gəlsin; bu ağalıq etdiyi kimi, o biri də gəlib ağalıq etsin; əvvəlki necə zülm edirdisə, növbəti olan da gəlib zülmünü etsin! İran xalqının heç bir rolu yox idi. Tariximizdə – çoxəsrlik tariximizdə; qədim dövrdən bu yana – ilk dəfə İran xalqı İslam İnqilabından sonra söz sahibi oldu, rol oynadı, arxa plandan çıxıb ictimai-siyasi proseslərə qatıldı və bu gün seçir, təyin edir. Məlum olduğu kimi, ölkənin ən yüksək rəsmilərindən, Ali Rəhbərdən, prezidentdən tutmuş cürbəcür rəsmilərinə qədər hamısı xalq tərəfindən seçilərək iş başına gəlir və xalq qarşısında cavabdehlik etməlidir; xalqa cavab verməlidir. Bu, inqilabın əmələ gətirdiyi ən böyük hadisələrdən, dəyişikliklərdən biridir. Bir sözlə, inqilabdan sonra milli mənafedə dəyişiklik yarandı; yəni milli mənafenin meyarları, təbii olaraq, dəyişdi. İnqilab baş verəndən sonra, qeyd etdiyimiz kimi, diktatura xalq hakimiyyəti ilə, asılılıqlar siyasi suverenliklə, geriliklər diqqətəlayiq irəliləyişlərlə əvəzləndi; infrastrukturda, insan potensialında, nanotexnologiya, biotexnologiya kimi mühüm sənaye sahələrində; ağır sənayedə; hansı ki bu gün biz bu sahə üzrə dünya üzrə iki yüz neçə ölkə arasında, həm də ən yüksək yerlərdən birindəyik; ali təhsildə və sairdə. Bütün bunlar bizim inqilabi kimliyimizin ərsəyə gətirdiyi hadisələr idi. 

Və nəticə: deməli, bu mahiyyətə zidd olan heç bir şey milli mənafe deyil; hərçənd biz onu millət üçün mənfəətli, faydalı hesab etsək belə; bizim İslamımızla, inqilabımızla, çoxəsrlik tarixi keçmişimizlə ziddiyyət təşkil edən istənilən şey milli mənafe hesab olunmur. Əlbəttə ki, mənim bu sözlərim yanlış başa düşülməsin; bu o demək deyil ki, biz özümüzü dünyadakı elmi inkişafdan və ya bəşəriyyətin qazandığı cürbəcür nailiyyətlərdən məhrum etməliyik; xeyr; bunu ona görə deyirəm ki, bu günlərdə adət halını halıb, rəsmilərin ağzından çıxan hər sözü durmadan geniş bir müstəvidə – ingilis radiosundan tutmuş, nə bilim, hansısa internet saytına qədər hər yerdə – istədikləri kimi yozub mənalandırırlar. Mənim bu sözümü də bu şəkildə yozmasınlar ki, “müsəlman olduğumuza görə, inqilab etdiyimizə görə, tarixi keçmişimiz olduğuna görə bəşəri nailiyyətlərin qapısını üzümüzə bağlamalıyıq!” Xeyr, bəşəriyyətin qazandığı nailiyyətlər hamınındır, ayrıca kiməsə məxsus deyil; bütün bəşəriyyətin bu nailiyyətlərdən istifadə etməyə haqqı çatır. Kim daha ağıllı, daha zirək, daha məlumatlıdırsa, o daha çox istifadə edir; biz də daha ağıllı, daha məlumatlı olmaq niyyətindəyik və inşallah, daha çox istifadə edəcəyik. Demək istədiyim odur ki, bizim milli mənafeyimiz xarici siyasətlərin təsirinə, təlqininə məruz qalmamalıdır. Milli mənafeyimizi biz özümüz müəyyən etməliyik; kənardan diktə olmamalıdır.

Əlbəttə ki, imperialist dövlətlər sakit oturmur; öz istəklərini diktə etmək üçün onların öz metodları var. Oturub “beynəlxalq norma” adı altında müyyən qaydalar müəyyənləşdirirlər. Tutalım, bu gün Amerika “beynəlxalq norma” adı ilə nəyi isə dünyaya diktə edir; misal üçün, “dünyanın istənilən nöqtəsində Amerikanın mənafeyi gözlənməlidir”; bu oldu beynəlxalq bir norma. Dünyanın uzaq bir nöqtəsində – hansı ki Amerikadan minlərlə kilometr uzaqdır – kiminsə mənafeyi Amerikanınkı ilə üst-üstə düşməsə və öz mənfəətini təmin etmək istəsə, dərhal deyəcəklər ki, “beynəlxalq normalara zidd davranır”. Əvvəlcə nəyi isə norma kimi müəyyən edirlər, sonra isə onu əsas tutub, həmin normaya uyğun davranmayan xalqları, ölkələri və dövlətləri normalara zidd hərəkət etməkdə ittiham edirlər. Bu, yanlışdır; bu gün onlar bunu edirlər!

Məsələn, son zamanlar Amerikanın bizim əleyhimizə səsləndirdiyi fikirlər içərisində tez-tez “regionda sabitliyi pozmaq” məsələsi yer alır; bu bir tezisə çevrilib: regionda sabitliyi pozmaq! Əvvəla, bu regionun sizə nə aiddiyyəti var? İkincisi, bu regionda sabitliyi pozan sizsiniz! Bu regionda sabitliyi, asayişi, təhlükəsizliyi yox edən Amerika və onun əlaltıları olub. Şimali Afrika o cür, Qərbi Asiya bu cür, Suriya bir cür, İraq bir cür. Pul gücünə hansısa qruplaşma yaratmaq, onu silahlandırmaq, əməliyyat planını hazırlamaq, dəstək vermək, yaralılarını xəstəxanalarda müalicə etmək – regionda sabitliyi pozmaq budur. İŞİD-i kim yaradıb? Kim gücləndirib? Bu gün İŞİD əleyhinə koalisiya yaratmaq iddiaları da yalandır; bu da yalandır. Bəli, onlar İŞİD-in kontroldan çıxmasının əleyhinədirlər; öz əllərində nəzarətdə saxladıqları İŞİD-i isə istəyirlər və əgər kimsə bu təzahürü məhv edib aradan götürmək istəsə, ona ciddi şəkildə qarşı çıxırlar. Özünüz görürsünüz, Amerikanın hərbi təyyarələri gəlib Suriyada İŞİD-ə və ya ona bənzər terror qruplaşmalarına qarşı döyüşən qüvvələri bombardman edir. Eynilə bu hadisə İraqda da baş vermişdi. İraqın neftini İŞİD satırdı. Burada bir dövlət rəsmisi qonağımız idi – beynəlxalq aləmdə tanınmış bir simadır; burada qonaq idi – mənə söylədi ki, İraqda neft mənbələrindən nefti oğurlayıb filan ölkəyə satan İŞİD tırlarının təsvirləri amerikanların gözünün önündə olub, amma amerikanlar heç vaxt bunların başına bir dənə də olsun bomba atmayıblar, heç vaxt əngəl olmayıblar! Hər şey gözlərinin önündə baş verirdi, üstəlik iddia da edirdilər ki, İŞİD-in əleyhinədirlər; halbuki kimsə kiminsə əleyhinə olduqda ona bu şəkildə dəstək verilməsinin də əleyhinə olur; bunlar isə yox, üstəlik kömək də ediblər! Regionda sabitliyi pozan bunlardır, İran deyil! Boş-boş danışırlar. 

Amerika prezidentinin (5) bu yaxınlarda səsləndirdiyi fikir də bu qəbildəndir; son terror hadisələri ilə əlaqədar, İranı terroru dəstəkləməkdə ittiham edir; halbuki terrorun toxumunu bu regiona atan Amerika olub. “İnsan haqları” məsələsi də bu cürdür. Amerikalılar insan haqları məsələsini də dönə-dönə gündəmə gətirirlər; həqiqətən də, gülünc və heyrətləndiricidir! Gedib Səudiyyə Ərəbistanında orta əsrlərdən qalma qəbilə hökumətinin başçıları ilə oturub insan haqlarından danışmaq; özü də İslam Respublikası kimi bir ölkənin əleyhinə! Artıq bu, doğrudan da, rüsvayçılıqdır! Zənnimcə, bu utanc, bu ləkə amerikalıların üzərindən heç vaxt silinməyəcək; alınlarına basılmış dağ kimi həmişə qalacaq. Gedib oturub demokratiyadan, seçkilərdən və sairdən əsər-əlamət belə olmayan bir ölkədə xalq hakimiyyətinin mərkəzi, xalq hakimiyyətinin təcəssümü olan İran kimi bir ölkəyə tənə etmək, dil uzatmaq, töhmət vurmaq! Bu şeylər hamısı qalacaq. Düzdür, bu gün – cürbəcür siyasi qalmaqalların fonunda diqqət çəkməyə bilər, lakin bu şeylər, heç şübhəsiz, tarixdə qalacaq. Odur ki mənim qərar vermə, qərar qəbul etmə ilə bağlı vurğulamaq istədiyim ən önəmli məsələ bu idi; qərar vermənin doğru meyarı milli mənafedir, milli mənafe isə yalnız o şey ola bilər ki, İran xalqının milli kimliyi ilə heç bir şəkildə ziddiyyət təşkil etməsin, ondan kənar da olmasın; yəni bu kimlikdən qaynaqlansın; İran xalqının milli mənafeyi yalnız bu halda təmin oluna bilər. Ölkə rəsmiləri, möhtərəm hökumət kabineti, məhkəmə hakimiyyəti, parlament, ölkə üçün makro səviyyədə qərarlar qəbul edən şəxslər bunu həmişə diqqətdə saxlamalıdırlar. İslama, inqilaba, İran xalqının tarixi köklərinə zidd və ya yad olduğu, yaxud mahiyyətcə bu qəbildən olduğu ehtimal edilən istənilən şey milli mənafeyə daxil deyil və qərar vermə meyarı ola bilməz.

Təcrübələrə gəlincə; dedik ki, təcrübələrimizdən istifadə etməliyik. Mən burada bir neçə məqamı özüm üçün qeyd etmişəm; onlardan biri milli birlik və həmrəyliyin uğurun qazanılmasına göstərdiyi təsirdir; bu çox önəmli bir məsələdir. Cənab prezident də söhbətində vurğuladı, bu fikri mən də təsdiqləyirəm ki, milli birliyi, xalqın birlik və bölünməzliyini qorumaq lazımdır. Müştərək məqamları daim diqqətdə saxlamaq lazımdır. Bu, hansısa sahədə hökumətə müxalif olduğunu ifadə etməklə – hansısa siyasətə və ya proqrama qarşı çıxmaqla uyğunsuzluq təşkil etmir; buna qətiyyən zidd deyil. Lakin bu mənada da başa düşülməməlidir ki, ölkənin makrosəviyyəli və əsas məsələləri ilə bağlı çəkişmə və konflikt var.

40 ilə yaxın bu müddət ərzində biz bu birlik və həmrəyliyin təsirini daim sınaqdan çıxarıb görmüşük. Doğrudur, müharibə dövründə də müharibəyə qarşı olanlar var idi. Məcburən müharibəyə təhrik olunduğumuz illərdə də bir qrup adam Tehran küçələrində müharibə əleyhinə kağızlar paylayırdı; yəqin ki, çoxunuzun yadında olar. Müxalifət ola bilər, lakin böyük xalq kütləsinin, xalqın əksəriyyətinin sözü bir idi, öz sözlərinin üstündə durdular. Mənim milli birlik və həmrəylik deyərkən nəzərdə tutduğum da elə budur. Ölkədə qütbləşmə yaratmaq, camaatı iki qrupa bölmək lazım deyil; 1359-cu ildə belə bir hal baş vermişdi və təəssülər olsun ki, o vaxtkı ölkə prezidenti xalqı “hökuməti dəstəkləyənlər” və “müxalifət” adları ilə 2 qrupa ayırmışdı; çox təhlükəli bir haldır.

Milli birlik və həmrəyliklə bağlı qeyd etməli olduğum digər bir məqam da var: bu birlik və bölünməzlik yalnız o zaman aşkara çıxaraq özünü büruzə verər ki, düşmənlə öz aranda açıq-aydın surətdə məsafə qoyasan. Xalqın birliyini sual altına salan, şübhə və ixtilaf yaradan, mövcud ixtilafları – əgər onlar varsa – daha da qabardan şeylərdən biri düşmənlə öz aranda məsafə qoymamaqdır; buna diqqət yetirmək lazımdır. Düşmən təkcə ölkədən xaricdə deyil; bəzən düşmən ölkənin içinə də yol tapır. 1388-ci ildə gördünüz; Tehran küçələrində bəzi qruplar peyda olub hökumət əleyhinə açıq-aşkar danışmağa başladılar; əlbəttə ki, sayları çox deyildi, az idi. O zaman yaranan ən önəmli problem bir qrup adamın onlara qarşı mövqe bildirməməyi olmuşdu; onlara qarşı mövqelərini, onları dəstəkləmədiklərini elan etməli idilər, amma etmədilər, nəticədə də sonrakı problemlər yarandı. Kiminsə bilavasitə sizin dövlətinizin, inqilabınızın, dininizin və inancınızın əleyhinə çıxmaq, işləri pozub problemlər yaratmaq niyyətində olduğunu gördükdə bu insana qarşı mövqeyini müəyyənləşdirərək ondan uzaq olduğunu, onu dəstəkləmədiyini elan etmək lazımdır. Bu çox lazımlı bir şeydir. Xüsusilə də biz rəsmilər bu məsələyə çox ciddi və məsuliyyətli yanaşmalıyıq. Belə olarsa, milli birlik də məna kəsb edərək reallaşar. 

Təcrübələr sırasına daxil olan ikinci bir mövzu isə daxili potensiala önəm verməkdir. Bu məsələ elə bu il üçün seçdiyimiz şüarda da öz əksini tapmışdır; ilimiz “Milli istehsal və məşğulluq ili” elan edilib. Milli istehsal; daxili potensialla bilavasitə əlaqəli olan sahələrdən biri milli istehsaldır; burada sənaye və kənd təsərrüfatı nəzərdə tutulur; əlbəttə ki, nəzəri-intellektual istehsal və elmi inkişaf da mütləq surətdə daxili istehsala aiddir və önəmlidir, lakin iqtisadi problemlər daha çox gündəmdə olduğuna görə biz əsasən sənaye və kənd təsərrüfatı sahələrində milli istehsalın rövnəqləndirilməsini nəzərdə tutmuşuq. Milli istehsal; daxili istehsal; daxili potensiala diqqət ayırmaq lazımdır. Mənim fikrimcə, bizim gənc insan resurslarımız çox gözəl potensiala malikdir. Bundan bir neçə gün əvvəl gənc tələbələrdən bir qrupu hüseyniyədə toplaşmışdı (6), onlardan bir neçəsi bura da gəldi, söhbət etdik. Mən möhtərəm rəsmilərdən bəzilərinə söylədim ki, bu gənclərin ölkədə gedən prosesləri dərk və analiz etmə, məsələlərdən nəticə çıxarma səviyyəsi, həqiqətən də, çox yüksəkdir və çox inkişaf edib; bunlardan istifadə etmək lazımdır; bu, bizim mütərəqqi insan potensialımızdır, ölkənin inkişafında, irəliyə doğru sıçrayışında mühüm rol oynaya biləcək insanlardır. Elmi məsələlərdə biz bu daxili potensialdan çox istifadə etmişik; elə o nüvə enerjisi məsələsində; bir neçə il əvvəl burada – elə bu hüseyniyədəcə - hesabat xarakterli bir sərgi təşkil olunmuşdu (7); cürbəcür stendlər qurulmuşdu, gəzib baxırdıq. Demək olar ki, o stendlərin hamısında gənclər – yaşı az olan gənclər – dayanmışdı; rəsmilər onları bir-bir mənə təqdim edirdi. Həmin gənclər nüvə enerjisi texnologiyasının müxtəlif sahələrində irəliləyişə nail olmuş, o böyük işləri həyata keçirməyə, bu sənayeni inkişaf etdirməyə müvəffəq olmuş insanlar idi. Bu olduqca əhəmiyyətlidir; bizim gənclərimiz belə bir istedad və bacarığa malikdir. Bu da bir məsələ. 

Bizim əsas təcrübələrimiz sırasına daxil olan və sizin ölkənin idarəçiliyində – olduğunuz istənilən sferada – diqqət yetirməli olduğunuz digər bir məsələ isə düşmənə və onun verdiyi vədlərə inanmamaqdır. Bu, ciddi bir söhbətdir, ciddi bir məsələdir. Biz müəyyən məqamlarda düşmənə inanıb, nəticədə zərbə almışıq; baxmayaraq ki, inanmaya bilərdik, inanacağımızı heç gümanımıza belə gətirməmişik, amma inanmışıq. Düşmənə və onun vədlərinə göstərilən bu etimad bizə zərbə vurur; “Yox, ola bilməz ki, dediklərinə əməl etməsinlər” – deyib, aldadılma ehtimalını özümüzdən uzaqlaşdırmağımız doğru deyil. Söhbət yadlarla iş görməkdən gedirsə, detalları diqqətlə araşdırıb nəzərdən keçirmək, sayıq və ehtiyatlı olmaq lazımdır. Bunlara inanmaq olmaz; nə əməldə, nə də dildə. Bir şeyi də qeyd edim: bura təşrif gətirmiş hörmətli görüş iştirakçıları içərisində elə insanlar var ki (mən yüksək ranqlı ölkə rəsmilərini, hakimiyyətin 3 qolunun başçılarını və sairi nəzərdə tutmuram; cürbəcür başqa vəzifəli şəxslər var ki) onların işi danışmaqdır, yəni minbər əhlidirlər – “minbər” sözünü mən “tribuna” əvəzinə işlədirəm – ixtiyarlarında minbər var, danışa bilirlər, sözləri eşidilir. Belə insanların danışıq tonunda belə, düşmənə etimad hiss olunmamalıdır; bu həm daxildə ictimaiyyətin düşüncəsinə mənfi təsir edir, həm də xaricdəki düşmənlərimizin, müxaliflərimizin qarşısında inikası pis olur. Müəyyən mərhələlərdə belə olub ki, misal üçün, biz hansısa məsələdə: “Amerikanın və ya düşmənin bəhanəsi kəsilsin” – deyib güzəştə getmişik, amma onların bəhanəsi kəsilməyib, üstəlik biz də nəyisə əldən vermişik! İnanmaq lazım deyil; fərqi yoxdur, bütün məsələlərdə. Mən dəfələrlə demişəm ki, nüvə danışıqlarında iştirak etmiş rəsmilərə o zaman da inanırdım, indi də inanıram; onları özümüzdən olan, mömin, işinə can yandıran insanlar bilirəm; lakin elə o nüvə anlaşması məsələsində biz bir çox hallarda qarşı tərəfin sözünə inanmağımız ucbatından hansısa məqamlara göz yumduq, nələrinsə üzərində kifayət qədər əzmlə durmadıq və nəticədə bir boşluq qaldı; düşmən də hazırda həmin o boşluqdan istifadə edir; bunlar, həqiqətən də, önəmli məsələlərdir. Möhtərəm Xarici İşlər Nazirimiz – cənab Dr. Zərif Avropa rəsmilərindən birinə tutarlı bir məktub yazıb – əlbəttə ki, bu artıq neçənci dəfədir – və Birgə Kompleks Tədbirlər Planının struktur və nəzəri cəhətdən pozulduğu məqamları qeyd edib. Bəzən deyirdilər ki, bu anlaşma nəzəri cəhətdən pozulub, cənab Zərif isə qeyd edir ki, yox, amerikalılar müqaviləni təkcə nəzəri baxımdan yox, stuktur baxımından da, yəni birbaşa müqavilənin özünü də pozublar; cənab Zərif pozulma hallarının siyahısını tutub, onlara göndərib. Yəni daha bu şəxs elə bir insan deyil ki, “Nüvə anlaşmasının əleyhinədir deyə bu cür danışır” – deyələr; yox, hörmətli Xarici İşlər Naziri özü dindar, vicdanlı, məsuliyyətli bir insan olduğuna görə etirazını bildirir. Bu ona görə baş verib ki, biz orada müəyyən səhlənkarlığa yol vermişik; əgər bu səhlənkarlıq olmasaydı, düşmənə etimad göstərilməsəydi, düşmənin yolu bağlanar və bu işləri görə bilməzdi. Mən indi BKTP məsələsini təzədən açmaq istəmirəm, lakin anlaşmanın icrasına nəzarət etmək üçün yaradılmış işçi qrup – möhtərəm ölkə başçısı, parlament sədri, Xarici İşlər Naziri və bir neçə başqaları – bu məsələyə, həqiqətən, diqqətlə yanaşsınlar; yəni bu işə diqqətlə, sayıqlıqla yanaşıb baxmaq lazımdır ki, nə baş verir. Axı müəyyən məqamlar var idi ki, biz onları əvvəlcədən qeyd etmişdik; BKTP imzalanmamışdan əvvəl mən açıq şəkildə müəyyən şərtlər irəli sürmüşdüm; yazıya da alınmışdı, təkcə dildə deyilməmişdi, məktub göndərmişdim; bu şərtlərə riayət olunmalıdır; bunlara dəqiqliklə riayət olunmalıdır. Qarşı tərəf gəlib qarşımızda durub həyasızcasına nəsə deyəndə biz o məsələdə nə qədər güzəştə getsək, zəifliyimizə yozacaq; əlacsız, çıxılmaz vəziyyətdə olduğumuzla əlaqələndirəcək. Bizdə əlacsızlıq hiss etməyi isə düşməni öz haqsız tələbləri üzərində israrla durub bizə təzyiq göstərməsi üçün daha da cürətləndirir. Bu da bir məsələ. 

Təcrübələrimiz sırasına daxil olan və sizin ölkənin idarəçiliyində, mənafe və zərərləri, şans və riskləri dəyərləndirərkən diqqət yetirməli olduğunuz digər bir məsələ isə ölkənin hərbi və təhlükəsizlik baxımından iqtidarı məsələsidir. Bu olduqca önəmlidir; hökmən diqqət yetirilməli olan məsələlərdən biridir. Rəsmilərimizdən bəziləri birbaşa hərbi və təhlükəsizlik sahələrinə cavabdehdir, lazımi vəzifələr, tələblər onların öhdəsinə düşür; qeyd etməliyəm ki, bəli, çox yaxşı da işlər görülür. Rəsmilərin böyük bir qisminin isə hərbi və təhlükəsizlik məsələləri ilə müstəqim surətdə əlaqəsi yoxdur, lakin buna baxmayaraq, qeyri-müstəqim şəkildə təsir göstərə bilərlər. Bütün rəsmilər bu məqama, mütləq, diqqət yetirməlidir; yəni ölkəni qüdrətli edən amilləri, həqiqətən də, qorumaq lazımdır. Bunlar Silahlı Qüvvələrdir, Keşikçi Korpusdur, Bəsicdir, Allahın ordusundan olan mömin qüvvələrdir. Sizə deyim ki, müxtəlif sahələrdə düşmən qarşısında çətinliklərə dözüb sinəsini sipər edənlər də məhz mömin, inqilabçı, necə deyərlər, Allahın ordusundan olan insanlardır; məhz onlar möhkəm durub müqavimət göstərir; onları qorumaq lazımdır. Vəzifəli şəxslər müxtəlif sahələrdə – istər universitetlərdə, istər sənayedə, istər elmdə, istərsə də müxtəlif xidmət sahələrində bu insanlara lazımi diqqət və qayğı ilə yanaşmalıdır. Düşmənin Keşikçi Korpusdan acığı gəlir, bu məlumdur. Başqa necə olmalı idi ki?! Siz nə istəyirdiniz?! İstəyirdiniz ki, Amerikanın sizin “Qüds Qüvvələri”nizdən xoşu gəlsin?! Siz gözləyirsiniz ki, Amerikanın, misal üçün, bizim bu sahədə fəal olan hansısa komandirimizdən xoşu gələcək?! Aydındır ki, acığı gələcək! Aydındır ki, müxtəlif sahələrdə cürbəcür şərtlər qoyacaq! Onun istədiyi budur ki, bizi güclü, qüdrətli edən amillər bizdə olmasın. Bu eynilə ona bənzəyir ki, sizə güləş üzrə milli yığmanızın dünya çempionatında iştirak edəcəyini deyirlər, amma qarşınıza şərt qoyurlar ki, yığmanın 2-3 nəfər ən güclü güləşçisi müsabiqəyə gəlməməlidir. Bu nə deməkdir? Bu o deməkdir ki, durun, gəlin məğlub olun! Sizi dünya çempionatına salırıq, gəlin, amma məğlub olmaq üçün gəlin; mənası budur. Bu məsələdə də onların, misal üçün, “Keşikçi Korpus bu cür olmamalıdır”, “Bəsic müdaxilə etməməlidir”, yaxud hansısa məsələdə, tutalım regional məsələlərdə “iştirak etməməlidirlər”, “müdaxilə etməməlidirlər” deyə şərt qoymalarının mənası budur; yəni o deməkdir ki, sizi qüdrətli edən amilləri işə qatmamalı, ortaya çıxarmamalısınız. Biz isə əksini etməliyik. Biz ölkəmizin hərbi və təhlükəsizlik baxımından qüdrətinə hökmən önəm verməli, onu möhkəmlətməli və günbəgün daha da artırmalıyıq. 

Ölkədə olduqca əhəmiyyətli olan məsələlərdən biri də iqtisadiyyat məsələsidir; bu barədə çox danışmışıq; cənab prezident də çıxışında iqtisadiyyat və bu sahədə görülməli olan işlər barədə ətraflı danışdı. Əlbəttə ki, o müəyyən məqamlara toxunaraq: “Filan-filan işlər görülməlidir” – deyirdi. O işləri kim görməlidir? O özü; yəni cənab Dr. Ruhaninin: “Görülməlidir” – dediyi işləri görməli olan yalnız və yalnız onun özü və 12-ci hökumətdə təmsil olunan komandasıdır; yəni o işlərin böyük bir qismini. Ola bilsin ki, müəyyən hissəsi parlamentə, məhkəmə hakimiyyətinə və ya bəzi digər qurumlara aiddir, amma böyük bir qismi elə hökumət rəsmilərinin özünə aiddir. Görülməsini vacib saydıqları o işləri elə onlar özləri görməlidir; bu, reallıqdır. İqtisadiyyat məsələsi çox önəmlidir. İqtisadi problemlərin həllində olduqca əhəmiyyətli olan mövzulardan biri isə daxili istehsaldır. Cənab prezident investisiya məsələsinə toxundu; doğrudur, bunu mən də qəbul edirəm. Əlbəttə ki, mən daxili və xarici investisiyaya ehtiyac duyulması məsələsini hələ 5-6 il bundan əvvəl yüksək səviyyəli dövlət rəsmiləri ilə burada keçirdiyimiz görüşdə vurğulamışdım. Bu gün burada olanların çoxu həmin iclasda iştirak edirdi, iqtisadiyyatçılar da var idi. Mən orada qeyd etmişdim ki, məsələn, təkcə neft sahəsi və ya ölkənin digər müxtəlif sahələri üçün filan qədər investisiyaya ehtiyacımız var. Bunlar mövcud ehtiyaclardır və təmin olunmalıdır, lakin burada incə bir məqam var. Bəzən hökumətdə iqtisadiyyat sferasına rəhbərlik edən rəsmilər – istər hazırkı hökumət olsun, istərsə də bundan əvvəlki; bəzən bizimlə görüşürlər – bir qayda olaraq məşğulluğun yaradılması üçün şərtləri həddən artıq ağırlaşdırırlar. Məsələn, bəzən bir iş yerinin yaradılması üçün 100 milyon lazım olduğu deyilir. Doğrudur, elə məşğulluq sahələri var ki, orada bir iş qurmaq üçün 100 milyon investisiya tələb oluna bilər, amma bir çox sahələr var ki, bu cür deyil. Bu gün bizim kəndlərimizdə, kiçik şəhərlərimizdə, ölkənin müxtəlif bölgələrində daha az məbləğlə iş qurmaq mümkündür. Bunu edən insanlar var; bir dəfə televiziyada bir nəfəri göstərirdilər – mən süjeti eləcə ötəri gördüm – hansısa sahədə, hansısa sənaye sferasında göstərdiyi təşəbbüslə, məsələn, 20 nəfəri işə cəlb edib, qoyduğu sərmayə də bütövlükdə – əvvəldən axıra – 100 miyon deyil, amma zərrə-zərrə işi irəli apara bilib, 20-yə yaxın adamı işlə təmin edib; özü də istehsal sahəsidir. 

Əgər biz kəndlərin problemi ilə (mən burada kəndlər məsələsini də özüm üçün qeyd etmişəm) sözün əsl mənasında məşğul olub bu problemi həll edə bilsək (sözügedən problemin həlli isə önəmli dərəcədə kənd təsərrüfatı sənayesinin yaradılması ilə bağlıdır) problemlər azalar. Kəndlərin kənd həyatına uyğun sənayeyə ehtiyacı var; indiyə qədər biz bu sahədə səhlənkarlıq etmişik. Kənd təsərrüfatı sənayesinə diqqət ayırmaq və kəndlər üçün onların ehtiyac duyduğu imkanları yaratmaq lazımdır. Bayaq internet məsələsinə toxundular; bəli, internet də lazımlı bir şeydir, amma internetdən daha vacibi, misal üçün, yoldur, gediş-gəliş, məhsulların rahatlıqla daşınması imkanlarıdır. Belə olmamalıdır ki, hansısa böyük şəhərin mərkəzində kilosu, məsələn, minlərlə tümən olan bir məhsulu yerində kəndli o qiymətin onda-birinə satmağa məcbur ola və bundan artıq xeyir əldə edə bilməyə; bu cür olmamalıdır. Biz kommunikasiya imkanlarını tənzimləyib təmin edə bilsək, kəndlilər üçün gediş-gəliş, alış-veriş imkanları asanlaşsa və qarant altına alınsa, təbii ki, kəndlərdə istehsal davam edər və bir çox problemlər həllini tapar. O gecəqondular da kəndlərdə yaşayış üçün münasib şərait olmamağının nəticəsidir; insanlar baş götürüb şəhərlərə axışır. Hazırda ölkənin problemlərindən biri də gecəqondular, şəhər kənarında icazəsiz salınan yaşayış massivləri və o yerlərdə əmələ gələn çoxsaylı neqativ hallar, sosial bəlalardır. 

Digər bir mühüm məsələ isə idxal məsələsidir; əlbəttə, bəzi məhsullarda gömrük rüsumları problemi həll edir, bəzilərində isə heç rüsumlar da bir işə yaramır. Müəyyən sahələr var ki, orada idxalın qarşısı alınmalıdır. Əlbəttə, elə sahələr də var ki, ola bilsin, orada idxala stimul vermək lazımdır; bunda heç bir problem yoxdur. Bu, ölkədəki ehtiyac və imkanlarla bağlı olan bir məsələdir. O yerdə ki daxili istehsal var və idxal bu istehsala zərbə vurur, orada idxalın qarşısı tam qətiyyətlə alınmalıdır. Bəzən belə şikayətlər eşidirik – bizə yazırlar və ya ictimaiyyətlə görüşlərimizdə eşidirik – daxili istehsalçılar gileylənir ki, biz min bir zəhmətlə filan məhsulu istehsal edirik, o yandan isə ağına-bozuna baxmadan xaricdən gətirirlər. Daxili istehlakçı da – tutalım, hansısa dövlət və ya psevdo-dövlət qurumları – daxili məhsulun keyfiyyətcə xaricidən geri qaldığını bəhanə edərək onu almır. Qiyməti ki ucuzdur, sən al, istifadə et, daxili istehsala dəstək ol, onun sonrakı təcrübəsi daha yaxşı olacaq; bu tamamilə aydın və təbii bir şeydir; yoxsa ki biz yalnız elə lüks mallar əldə etmək istəsək, olmayacaq, daxili istehsal heç vaxt irəli getməyəcək.

Qaçaqmalçılıq məsələsi; mühüm məsələlərdən biri də budur. Qaçaqmalçılıqla ciddi surətdə mübarizə aparılmalıdır.

Mən burada qeyd etmişəm ki, milli iqtisadiyyatın gücləndirilməsində nazirliklərin çoxu rol oynaya bilər. Bu, həqiqətən, belədir. Nazirliklərin çoxunun ilk baxışdan iqtisadi məsələlərlə əlaqəsi yoxdur – məsələn, Elmlər Nazirliyi iqtisadi bir qurum deyil – lakin milli istehsalın gücləndirilməsində rol oynaya bilərlər. Misal üçün, magistratura, doktorantura və sairdə yazılan buraxılış işlərini elə istiqamətləndirə bilərlər ki, milli iqtisadiyyata xidmət etsin; ölkə daxilindəki problemlərin həllinə yönəlsin. Bizim gənclərimiz buna hazırdır, mühüm işlərdən biri budur. Neçə ildir mən universitetlərlə sənaye müəssisələri arasında əlaqə yaradılması məsələsini təkrar-təkrar vurğulayıram; vacib məsələlərdən biridir. Həmçinin digər nazirliklər də.

Konstitusiyanın 44-cü maddəsinin düzgün icrası; nə hazırkı, nə də əvvəlki hökumətin dövründə layiqincə yerinə yetirilməyib; nə hazırkı, nə də əvvəlki hökumət bu maddəni düzgün şəkildə reallaşdırıb. Konstitusiyanın 44-cü maddəsi iqtisadi sahədə məsuliyyətin özəl sektora ötürülməsini ehtiva edir. Bu prosesin şərtləri müəyyən olunub, siyasətləri açıqlanıb, müvafiq qanun da qəbul olunub. 44-cü maddə iqtisadi sferadakı geriliyi aradan qaldırmalıdır. Bu, daxili iqtisadiyyata tam dəstək olacaq.

Və əlbəttə ki, investisiyanın təhlükəsizliyi məsələsi də olduqca önəmlidir; investisiya təhlükəsizliyinin müəyyən hissəsi hökumətdən, müəyyən hissəsi isə məhkəmə hakimiyyəti və sair bu kimi digər müxtəlif qurumlardan asılıdır. Bu da bir məsələ.

Əlbəttə ki, iqtisadi problemlər barədə çox danışılır. Son bir neçə ildə mən də, hökumət nümayəndələri də, parlamentarilər və digərləri də çox danışmışıq, amma artıq işə keçmək lazımdır; əlimizdə aydın iş planı olmalıdır. Açıq-aydın bir yol xəritəsi lazımdır. Hökumətin ilk növbədə görməli olduğu işlərdən biri aydın, mükəmməl və kompleks bir yol xəritəsi hazırlamaqdır ki, müxtəlif aidiyyətli sferalar bütün bu işləri həyata keçirə bilsin.

Ölkənin idarəçiliyində – ölkəni idarə edə bilməniz üçün – təsirli olan şeylərdən biri də kiberməkandır; virtual məkan olduqca önəmlidir. Burada ən əhəmiyyətli məsələ milli informasiya şəbəkəsidir. Təəssüflər olsun ki, bu sahədə səhlənkarlığa yol verilib, görülməli olan işlər görülməyib. Belə olmaz. “İnternetə qadağa tətbiq etmək olmaz” deyə bu sahədə səhlənkarlıq etmək heç bir problemi həll etmir, üstəlik heç düzgün bir məntiq də deyil. Bu gün kiberməkanla bağlı problemlərlə təkcə biz üzləşmirik, bütün dünya internetdən qaynaqlanan problemlər yaşayır. Öz milli informasiya şəbəkəsini qurmuş, kiberməkanı özünün və nəzərdə tutduğu dəyərlərin xeyrinə nəzarətdə saxlayan ölkələrin sayı bir-iki deyil, çoxdur. Ən yaxşı, ən güclü ölkələr bu sahədə öz qırmızı xətlərini müəyyənləşdirib; yol vermirlər; Amerika, habelə kiberməkan olayının arxasında duran digər gizli qüvvələr tərəfindən dünyaya yayılan bir çox virtual sferalara qadağa qoyublar; nəzarət edirlər. Biz də nəzarət etməliyik; nəzarət etmək xalqı internetdən məhrum etmək demək deyil ki! Bu gün internet istifadəçilərimiz dürüst və nadürüst yollarla axıb gələn informasiya selinin təsirinə məruz qalır. Bu selin içərisində yanlış və zərərli məlumatlar, dezinformasiya da var; bəzi informasiyalar real deyil, dezinformasiyadır. Biz nəyə görə bunun baş verməsinə imkan verməliyik? Biz nəyə görə dəyərlərimizə, qəti və danılmaz prinsiplərimizə, milli kimliyimizin əsas elementlərinə zidd olan şeylərin bədxahlarımızın vasitəçiliyi ilə ölkəmizdə yayılmasına şərait yaratmalıyıq? Xeyr! Elə edin ki, internetin yaxşı, faydalı cəhətlərindən hamı istifadə edə bilsin, internetin sürətini də artırın, görülməli işlər görülsün, amma diqqət edin ki, ölkənizə, gənclərinizə, cəmiyyətin psixologiyasına zərbə dəyməsin; bu son dərəcə önəmlidir; bu işi həyata keçirmək lazımdır. Milli informasiya şəbəkəsi də böyük əhəmiyyətə malik məsələlərdən biridir. 

Və sonda Amerika məsələsinə toxumaq istəyirəm. Amerika ilə bizim aramızda olan problemlərdən çoxunun həlli əsasən mümkün deyil, səbəbi də odur ki, Amerikanın bizimlə problemi məhz biz özümüzük; yəni İslam Respublikasının özüdür; problem budur. Problem nə nüvə enerjisidir, nə insan haqlarıdır; Amerikanın problemi İslam Respublikasının özü ilədir. İran kimi önəmli bir yerdə, İran kimi zəngin bir ölkədə Amerika kimi bir gücün “hə-yox”una etina etməyən, məsələlərə özü “hə-yox” deyən bir dövlətin, rejimin, hökumətin meydana gəlməsi onlar üçün dözülməzdir; buna qarşıdırlar, bunun əleyhinədirlər. Bu vəziyyəti necə yoluna qoymaq olar? Odur ki bizim Amerika ilə olan problemimiz həll olunası deyil; onların bizim dövlətimizin özü ilə problemi var. Sizə deyim ki, dövlət bir yana qalsın, ölkəmizin müstəqilliyini də gözləri götürmür; yəni tutalım, əgər İslam Respublikasından qeyri bir rejim də hakimiyyətə gəlsəydi və ölkənin suverenliyini rəhbər tutmuş olsaydı, bunlar onunla da problem yaşayacaqdılar. Neft sənayesinin milliləşdirilməsi hərəkatının təcrübəsinə baxın. O hərəkatda Doktor Müsəddiq amerikalılara nikbin yanaşırdı, bəlkə dost münasibətdə olmaq fikri də var idi, amma onlara arxalanmaq niyyətində deyildi; əlbəttə ki, onun ingilislərə münasibəti mənfi idi; ölkənin müstəqil olmasını arzulayırdı. Doktor Müsəddiq əleyhinə qiyama təkan verən isə ingilis yox, bir amerikalı olmuşdu və o qiyamın arxasında İngiltərənin xüsusi xidmət orqanından çox, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi dururdu. Amerika belədir; yəni mütləq şəkildə dini, inqilabi mahiyyət daşımayan bir hökumətlə də dil tapa bilməyib; Milli Hərəkat inqilabi bir hökumət deyildi ki; yalnız ölkənin İngiltərənin qamçısından xilas olmasını istəyirdi və düşünürdü ki, amerikalılar bu işdə ona kömək edəcək. Onlar bu ölkənin müstəqilliyinə qarşıdırlar. Bu ölkə cəlbedici bir ölkədir; bunu biləsiniz. Əlbəttə ki, hamınız bilirsiniz, amma daha da çox bilin. Biz cəlbedici bir ölkəyik, yerimiz, coğrafi mövqeyimiz, iqlim şəraitimiz strateji əhəmiyyət daşıyır, mühüm yeraltı resurslara malikik. Vaxtı ilə mən bu iclaslardan birində demişdim ki, biz dünya əhalisinin 1 faizini təşkil edirik, amma Yer kürəsinin əsas faydalı qazıntı potensialından neçə faizi ölkəmizdədir; hələ neft və qaz da öz yerində; burada nəhəng bir sərvət gizlənib. Bundan əlavə, qeyri-adi insan potensialına da sahibik. Bu ölkə cəlbedici bir ölkədir. İşi-gücü onun-bunun sərvətinə əl uzatmaq olan dövlətlər belə bir “yağlı tikə”dən asanlıqla keçmək istəmirlər; gərək biz bu tikəni onlara yem etməyək ki, etməyəcəyik də; əlbəttə ki, İslam İnqilabı etməyəcək. Odur ki bütün bunlar bəhanədir; insan haqları bəhanədir, o “regionda sabitliyi pozmaq” söhbəti bəhanədir – hansı ki son vaxtlar amerikalılar bu məsələni bizim əleyhimizə əldə bayraq ediblər – terrorizm bəhanədir; eynilə bütün başqa dedikləri də. Terrorçu da, terrorçuları yetişdirən də, terrorun beyni, anası olan, bünövrədən terrorla, qətl və qırğınlarla, zülmlə yaranmış İsrail kimi bir ölkəni himayə edən də bunlar özləridir; onu bunlar himayə edirlər. Odur ki bütün bu söhbətlər bəhanədir; bunların İslam dövlətini gözü götürmür. Amerika ilə dil tapıb yola getmək mümkün deyil. Bu mövzuda kimlərinsə sui-istifadəsinə yol aça biləcək üstüörtülü və ikibaşlı sözlər danışmaq lazım deyil. Hər şeyi açıq-açığına və birbaşa danışmalıyıq.

Amerika özü də bilsin ki, İslam Respublikası öz prinsipial mövqeyindən geri çəkilməyəcək. Biz zülmə qarşı çıxmaqdan əl çəkməyəcəyik, Fələstini dəstəkləməkdən, öz haqlarımızı gerçəkləşdirmək uğrunda mübarizədən geri durmayacağıq. Biz canlı bir millətik, xoşbəxtlikdən, inqilabımız canlıdır, gəncdir. Bunların fikri var idi ki, oturub inqilabın qocalmasını, öz dövrünü başa vurmasını gözləsinlər; bizlər qocalırıq, amma inqilab heç vaxt qocalmayacaq. Allaha həmd olsun ki, İslam İnqilabı öz gəncliyinin, dinamizminin, fəallığının, bacarığının və məhsuldarlığının zirvəsindədir. Bu gün inqilabı dəstəkləyən, inqilabi prinsipləri rəhbər tutan gənclərə baxanda insan təsdiqləyir ki, inqilab hələ də yeni-yeni qüvvələr yetişdirməkdə, nəslini artırmaqdadır. İnqilabda daim artım, yenilənmə var. Xalqımız üçün bu, inşallah, gözəl bir gələcəyin müjdəsidir. Və ümidvaram ki, inşallah, xalqımızın vəziyyəti də günbəgün yaxşılaşacaq, ölkəmiz risk və təhlükələri ən gözəl şəkildə aradan qaldıracaq.

Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bizi İslam İnqilabının qədrini bilməyə müvəffəq et. Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bizi bu dövlətin qurulması uğrunda axıdılmış pak qanların qədrini bilənlərdən et; bizi öhdəmizə düşən vəzifələri bilməyə və onları yerinə yetirməyə müvəffəq et. Pərvərdigara! Ramazan ayından geriyə qalmış bu günlərdə – xüsusilə də Qədr gecələri və gündüzlərində – bizə öz lütf və mərhəmətinlə nəzər sal. Pərvərdigara! Məhəmməd və Ali-Muhəmməd xatirinə, İran xalqını bütün meydanlarda qalib et. Pərvərdigara! Bizə maddi və mənəvi müstəvidə tam qələbə, uğur və rahatlıq nəsib et. Pərvərdigara! Dahi liderimiz İmam Xomeyninin (r.ə) pak ruhunu bizdən razı və məmnun et; şəhidlərimizin pak ruhlarını bizdən məmnun et. İmam Mehdi Sahibəzzamanın müqəddəs qəlbini bizdən razı və məmnun et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

______________________

(1) Görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani çıxış etmişdir. 
(2) “Mən la yəhzuruhul fəqih”, c.1, səh. 490, 
(3) “Kafi”, c.2, səh.329 
(4) “Tuhəful-uqul”, səh. 296
(5) Donald Tramp 
(6) Ölkə universitetlərinin tələbələri və tələbə təşkilatlarının nümayəndələri ilə keçirilən görüş (17.03.1396) 
(7) Nüvə texnologiyası sərgisinə baxış (25.03. 1385)