Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin fiqh mövzusunda xüsusi mühazirə kursunun ilk günü Myanmar faciəsi ilə bağlı səsləndirdiyi fikirlər

Mehriban və Bağışlayan Allahın adı ilə.

Mövzuya keçməzdən əvvəl, həqiqətən də, faciəli bir məsələ olan bu Myanmar məsələsinə toxunmaq istəyirəm; insan bu baş verənlərə nə ad verəcəyini bilmir; həqiqətən də, misli-bərabəri çox nadir rast gəlinən bir olaydır. Müsəlman ölkələrinin, müsəlman dövlətlərinin, bir milyard yarım müsəlmanın, dünya ictimaiyyətinin, yalandan insan haqları iddiası edən riyakar dövlətlərin gözü önündə amansız bir rejim (özü də bu rejimin başında Nobel Sülh Mükafatı almış bir qadın durur) heç bir pənah yeri olmayan bir qrup insanı öldürür, yandırır, evlərini viran qoyub, özlərini didərgin salır. Həqiqətən də, təəccübləndirici bir hadisədir və buna layiqli sayıla biləcək bir reaksiya da verilmir. Düzdür, qınayırlar, amma qınağın nə xeyri var? Bəyanat yayırlar, amma bəyanat nəyə yarayır? İş görməlidirlər.

Əvvəla, insanlara bu məsələnin həqiqətini açıqlamaq əvəzinə, baş verənləri buddist-müsəlman problemi kimi təqdim edirlər; düzdür, ola bilsin ki, dini fanatizmə qapılmış bir neçə nəfərin bu olayda əli var, amma bu işi görən dövlətdir; bu, siyasi bir məsələdir. Həmin dövlətin başında da Nobel Sülh Mükafatı almış bir qadın durur. Bu işi görməklə onlar Nobel Sülh Mükafatının da, Nobelin də fatihəsini oxudular. Bu dərəcədə qəddar olan bir insana Nobel Sülh Mükafatı verilib! Qadın olasan, bu qədər amansız və rəhmsiz olasan! Bəşəriyyətin hazırda düşdüyü vəziyyət insanda, doğrudan da, heyrət doğurur.

Bu işin çarəsi isə odur ki, müsəlman dövlətləri olaya əməli surətdə müdaxilə etsinlər; mən demirəm ki, ora qoşun çəksinlər, amma siyasi, iqtisadi cəhətdən təzyiq göstərsinlər. Onlarla müsəlman dövləti, müsəlman ölkəsi var; ola bilsin onlardan bəzilərinin o dövlətlə ticarət və ya iqtisadi əlaqələri var. Qoy onlar bu yolla həmin dövlətə təzyiq göstərsinlər, dönə-dönə xəbərdarlıq etsinlər, beynəlxalq arenada onların əleyhinə səslərini ucaltsınlar; bu işləri görməlidirlər. Əvvəla, bizim bir küncdə oturub kimisə qınamağımızın nə xeyri var? BMT-nin baş katibi qınayıb; nə böyük zəhmət çəkib?! Əməli surətdə təsir göstərməlidir. Siyasətləri tələb etdiyi yerdə bəzən hansısa ölkədə hansısa cinayətkara təzyiq göstərildiyinə görə aləmi bir-birinə qatıb hay-küy qaldırırlar. Burada isə bir neçə min insan qətlə yetirilib (heç öldürülənlərin statistikası da doğru-dürüst müəyyən olunmayıb; yəni statistika aparmağa icazə verməyiblər), on minlərlə insan məcburən yurd-yuvasını tərk edib, amma təəssüflər olsun ki, bütün bu olanlara heç bir reaksiya verilmir. Bu, çox böyük bir hadisədir; doğrudur, xalqlar bundan hiddətə gəlib, narahatdır, müsəlman ölkələrində yürüş və mitinqlər keçirilir, lakin dövlətlər tədbir görməlidir; əsas addım atmalı olan dövlətlərdir. Dövlətlərdən bu işi görmələri tələb ounmalıdır; İslam Konfransı Təşkilatının üzvləri xüsusi olaraq bu məsələ üçün iclas keçirməli, bir araya gəlib bu müsəlmanlar üçün nə etmək mümkün olduğunu müzakirə etməlidirlər.

Təəssüf ki, dünya zülm dünyasıdır; İslam Respublikası zülmün əleyhinə açıq-aşkar və qətiyyətlə danışmaq iftixarını özündə qoruyub saxlamalıdır; istər bu, sionistlər tərəfindən işğal edilmiş bölgələrdə xalqa edilən zülm olsun, istər Yəməndə əhalinin bombalanması olsun, istər Bəhreyndə olsun, istər Myanmarda, istərsə də başqa hansısa bölgədə. İslam Respublikası bütün bunlara qarşı öz cəsarətli və açıq mövqeyini ortaya qoymalıdır.