Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 1397-ci hicri-şəmsi ilinin gəlişi münasibətilə xalqa təbrik müraciəti

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

...یا مقلّب القلوب و الابصار، یا مدبّر اللّیل و النّهار، یا محوّل الحول و الاحوال، حوّل حالنا الی احسن الحال

“Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan! Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl şəklə sal!”

اللّهُمَّ اهدِنا هُدَی المُهتَدین وَارزُقنَا اجتِهادَ المُجتَهِدی

Ölkənin dörd bir yanında, dünyanın istənilən bölgəsində yaşayan əziz həmvətənlərimizi, eləcə də Novruzu bayram edən bütün xalqları təbrik edirəm. Bu bayram münasibətilə özəlliklə də möhtərəm şəhid ailələrini, əlil və veteranlarımızı, onların ailə üzvlərini, ölkənin elmi hərəkatının avanqardları olan, ümidverici yeniyetmə və gənclərimizi təbrik edirəm. Ümidvaram, sevinc dolu, ürəkaçan bir Novruz yaşayacaqsızınız, yeni iliniz xeyir-bərəkətlə dolu olacaq. Bu il təbiətin baharı mənəviyyat baharı ilə üst-üstə düşür; yəni fərvərdin, ordibeheşt və xordad ayları rəcəb, şəban və mübarək ramazan aylarına təsadüf edir. Ümidvaram ki, inşallah, bu il ölkəmiz və xalqımız təbiətin inkişafı, çiçəklənməsi ilə paralel olaraq mənəviyyatın inkişafını, çiçəklənməsini də yaşayacaq. Qəlbimdə belə bir ümid baş qaldırır ki, inşallah, maddi inkişafla yanaşı əldə edəcəyimiz mənəvi inkişaf bu ölkənin və bu xalqın gələcəyi üçün dəyərli bir ehtiyat olacaqdır. İmam Mehdi Sahibəzzamanı (ə.f) da olduğu o pak və müqəddəs məkanda salamlayır, dahi liderimiz İmam Xomeynini (r.ə) ehtiramla yad edir, ruhuna salavat göndəririk. 

Mən geridə qoyduğumuz 1396-cı, habelə irəlidə qarşılayacağımız 1397-ci il barədə bir neçə cümlə demək istəyirəm; bütün başqa illər, həyatın bütün mərhələləri kimi, 1396-cı il də eniş-yoxuşlarla, acılı-şirinli günlərlə dolu idi. 1396-cı ilin ürəkaçan, xoş cəhəti əvvəldən sona qədər xalqın iqtidar və əzəmətini, ictimai-siyasi proseslərdə fəal iştirakını nümayiş etdirməsi idi. İlin əvvəlində xalqımız ölkə prezidentliyinə və yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə çox möhtəşəm və diqqətəlayiq bir səviyyədə iştirak etdi; ölkə əhalisinin 40 milyonundan çoxu bu seçkilərə qatıldı və bu, çox anlamlı, yüksək səviyyəli bir iştirak idi. Daha sonra isə xalqımız mübarək ramazan ayında keçirilən Qüds günü yürüşündə, ilin sonunda 9 dey yürüşündə və bunların hamısından daha izdihamlı bir şəkildə, görməli bir mənzərə olan 22 bəhmən yürüşündə möhtəşəm bir iştirak sərgilədi. Əlbəttə ki, 9 deydə o ərəfədə ortaya çıxmış iğtişaşlarla əlaqədar olaraq (az sonra deyəcəyəm) ölkənin müxtəlif şəhərlərində camaat bir neçə gün dalbadal spontan surətdə baş tutan yürüşlər keçirdi. Bunlar hamısı böyük, uzaqgörən, zirək, vaxtında işə keçməyi bacaran İran xalqının ehtiyac duyulan bütün meydanlarda iştiraka hazır olduğunu göstərirdi.

Ötən ilin digər bir önəmli və xoş cəhəti isə İslam Respublikasının regional təhdidləri fürsətə çevirməyi bacarması idi; hansı ki, bu təhdidlərin (ən azından, onlardan birinin) hədəfi İslam Respublikasına zərbə vurmaq idi. Bu təhdidlər nəinki təkcə ölkəyə heç bir xətər yetirə bilmədi, hətta bizim üçün fürsətə çevrildi. Beynəlxalq məsələlərdən xəbərdar olan insanlar bunun nə demək olduğunu yaxşı başa düşürlər.

Ötən ilin digər bir müsbət cəhəti isə elan olunmuş “Müqavimət iqtisadiyyatı; istehsal və məşğulluq” şüarının reallaşdırılması istiqamətində görülən işlərdir. Milli istehsal və məşğulluğun dirçəldilməsi üçün bir sıra müsbət işlər həyata keçirilib (əlbəttə, görüləsi işlər də hələ çoxdur) və ilin şüarı ölkədə müəyyən dərəcədə reallaşdırılıb, lakin bu devizin, inşallah ki, tam olaraq gerçəkləşməsi üçün ardıcıl surətdə işləmək lazımdır.

1396-cı ildə acılı, kədərli günlərimiz də oldu; sel, zəlzələ kimi təbii fəlakətlər, sərnişin təyyarəsinin və gəminin qəzaya uğraması; əzizlərimizin həlakına səbəb olmuş bu hadisələr bizim üçün çox acı idi. Bunlardan əlavə, ölkənin bəzi bölgələrində quraqlıq müşahidə olundu və bu, hələ də davam edir; ümidvarıq, Allah-taala öz mərhəməti ilə baharda bu vəziyyəti düzəldəcək. Həmçinin əhalinin bəzi təbəqələrinin illərdir yaşadığı məişət problemləri də ötən il boyu davam etdi. Bu problemlərin, inşallah ki, aradan qaldırılması üçün çalışmaq lazımdır, hamı səy göstərməlidir; bu məsələyə də toxunacağam. Əlbəttə, ilin son aylarında İran xalqının düşmənlərinin hazırladığı bir plan əsasında ölkədə bəzi iğtişaşlar da baş verdi; İran xalqı özü meydana girdi; hətta o adamlar ki, düşmən bu iğtişaşları onların ayağına yazmaq istəyirdi, onlar özləri belə, meydanlara girərək iğtişaşçıların qarşısında durdular. Ümumilikdə bu da bir hadisə idi, baş verdi və İran xalqının əzəmətini aşkara çıxardı.

Bu andan etibarən başlayan 1397-ci ilə gəlincə, önəmli olan budur ki, bu ildə hamı gərgin surətdə işləməlidir. Adətən mən hər yeni il üçün şüar seçdiyim zaman əsasən rəsmilərin fəaliyyətini nəzərdə tuturdum; bu il üçün seçdiyim şüar isə xalqımızın hər bir nümayəndəsinə, o cümlədən rəsmilərə aiddir. Öncə bir giriş verərək söyləyim ki, iqtisadiyyat, mədəniyyət və sair bu kimi müxtəlif məsələlər hamısı əhəmiyyətlidir, lakin bu il də bizim əsas problemimiz iqtisadiyyatla, xalqın məişət rifahı ilə bağlıdır. Hamı işləməli, çalışmalıdır, əsas mehvər isə milli istehsaldır; yəni əgər milli istehsalın inkişafına hər kəs önəm verib, bu istiqamətdə əlindən gələni etsə (inşallah ki, ilin ilk günü edəcəyim çıxışda bu barədə ətraflı danışacağam) iqtisadi problemlərin, əhalinin gündəlik həyatda yaşadığı məişət çətinliklərinin çoxu – məşğulluq problemi də, investisiya problemi də, digər bir sıra problemlər də – həllini tapacaq. Sosial bəlalar önəmli dərəcədə azalacaq; yəni əsas mehvər milli istehsaldır. Odur ki əgər milli istehsalın inkişaf tempi sürətlənərsə, problemlərin əksəriyyəti çözüləcək. Yeni ilin şüarı üçün əsas mehvər olaraq mən məhz bu məsələni götürmüşəm; bu ilin şüarı belədir: “İran məhsuluna dəstək”; “İran məhsuluna dəstək ili”. Bu təkcə rəsmilərə aid deyil; xalqın bütün nümayəndələri bu sahədə yardımçı ola, sözün əsl mənasında qollarını çırmayıb meydana girə bilərlər. Əlbəttə ki, bu dəstək çoxaspektlidir, məsələyə 5-6 baxımdan yanaşmaq olar; inşallah, çıxışımda mən bu aspektləri də açıq şərh edəcək, əhalinin müxtəlif təbəqələrinin və rəsmilərin milli istehsalın inkişafına dəstək olmaq üçün nələr edə biləcəyi barədə ətraflı danışacağam.

Ümidvaram, Allah-taala öhdələrinə düşən vəzifələri ən gözəl şəkildə yerinə yetirməkdə, bu yeni il üçün seçilən “İran məhsuluna dəstək” şüarını sözün həqiqi mənasında reallaşdırmaqda həm xalqımıza, həm də vəzifəli şəxslərə yardımçı olacaq, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.