Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Xomeyni (r.ə) adına hüseyniyədə Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمدلله‌ ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین و علی صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین

Bir daha, daha bir ildə bu möhtəşəm, mənalı və faydalı tədbiri keçirməyə müvəffəq olduğumuza görə çox şadıq, Allaha şükürlər edirik. (1) Vəqflər Təşkilatındakı qardaşlarımıza, habelə bu tədbirin ərsəyə gəlməsi üçün təşkilatla əməkdaşlıq etmiş hər kəsə təşəkkürümü bildirir, bu müsabiqədə, Quranla bağlı bu mühüm hadisədə, bu toplantıda və əslində, elə Quran bayramında iştirak edən əziz qonaqlara: “Xoş gəlmisiniz”, – deyirəm. Allah hamınızın əcrini versin, inşallah.

Quran bizim üçün çox önəmli məsələlərdən biridir; İslam dünyasının və müsəlman ümmətinin daim diqqət mərkəzində olan bir məsələdir. Biz Qurandan bərk yapışmalıyıq. İslam ümməti Qurandan istifadə etməyib, ona üz çevirsə – təəssüf ki, tariximizin uzun bir mərhələsində baş verdiyi kimi – zərbə alacaq; necə ki alıb da.

Bu gün bizim Qurana ehtiyacımız var; müsəlman toplumunun və İslam ümmətinin düzgün yaşayış yolu Qurana əməl etməkdən ibarətdir. Rəvayətlərdən birində buyurulur:

(2) اِنَّ هٰذَا القُرآنَ حَبلُ الله وَ هُوَ النُّورُ المُبین و الشِّفاءُ النّافِع

– “Həqiqətən də, bu Quran Allahın ipi, açıq-aydın nur və şəfadır”. “حبل‌الله” – “Allahın ipi” məsələsi Qurandandır; Quranda da var ki:

وَاعتَصِموا بِحَبلِ اللهِ جَمیعًا وَلا تَفَرَّقوا

“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (“Ali-İmran” surəsi, 103-cü ayədən)

Bəs nurun xüsusiyyəti nədir? Nur ətrafı aydınladır, insana yolu göstərir, insan görmə qabiliyyəti əldə edir, gözü açılır. Nur olmasa, göz də kara gəlmir, heç yeri görə bilmədiklərinə görə gözlərin də bir faydası olmur. Bizim ağlımız var, cürbəcür bacarıqlarımız var, düşüncə gücümüz var, amma nur olmasa, bunlar bizə kömək edə bilməz; nur lazımdır. O nur isə Qurandır;

و الشِّفاءُ النّافِع

 – və Quran şəfadır. Biz xəstəyik, canımızda mərəz var. Müsəlman ölkələrinin necə geridə olduğuna, kafirlərin onlardan çoxuna necə ağalıq etdiyinə baxın! Amerika prezidentinin qalxıb oradan həyasızcasına: “Biz olmasaq, ərəb ölkələrinin çoxu heç bir həftə də özlərini qoruyub saxlaya bilməzlər”, – deməyi müsəlmanlar üçün zəlalətdir. Səbəbi isə odur ki, bu, mərəzdir, xəstəlikdir; bu zəlalət mərəzindən daha pis, daha böyük heç bir mərəz ola bilməz.

Bu, zillətdir, xarlıqdır, bunun səbəbi bizim Qurana sarılmamağımız, bu şəfanı, bu dərmanı əldən verməyimizdir.

(3) عِصمَةٌ لِمَن تَمَسَّکَ‌ بِهِ‌ وَ نَجاةٌ لِمَن تَبِعَه

– “Qurandan yapışan şəxs toxunulmaz olar, Quranın arxasınca gedənlər nicat tapar”; reallıqdır, Quran budur. Bu gün bizim Qurana ehtiyacımız var; həm şəxsi həyatımızda, həm sosial həyatımızda, həm siyasətimizdə, həm də hökumət olaraq davranışımızda. Quran bizə çox şeylər öyrədir; bu gün burada tilavət olunan ayələrdə də buyurulduğu kimi:

مُحَمَّدٌ رَسولُ اللَّهِ وَالَّذینَ مَعَهُ أَشِدّاءُ عَلَی الکُفّارِ رُحَماءُ بَینَهُم تَراهُم رُکَّعًا سُجَّدًا یَبتَغونَ فَضلًا مِنَ اللَّهِ وَرِضوانًا سیماهُم فی وُجوهِهِم مِن أَثَرِ السُّجودِ

“Muhəmməd (əleyhissəlam) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir”. (“Fəth” surəsi, 29-cu ayədən)

Möminlərin xüsusiyyətləri bunlardır, Quran deyir ki, bu cür olmalısınız. Birincisi, “أَشِدّاءُ عَلَی الکُفّارِ” – kafirlərə qarşı sərt olmaq, onların qarşısında tez ovulan xırda daşlar kimi yox, sağlam, davamlı, yenilməz bir sədd kimi möhkəm durmaq. Müsəlmanlar imperializmin qarşısında durmalıdırlar; müsəlmanlar Amerikanın və yer üzündəki digər hegemon qüvvələrin zorakılığına qarşı çıxmalıdırlar. Bu prinsiplərə riayət etməsələr, bu sərhədləri gözləməsələr, zəlil olacaqlar, alçalacaqlar, fəsada və geriliyə düçar olacaqlar; təəssüflər olsun ki, hazırda bu baş verib. Mübarək “Ənfal” surəsinin son ayələrində möminlərin bir-biri ilə dostluq və himayədarlığından danışılarkən buyurulur:

أُولٰئِکَ بَعضُهُم أَولِیاءُ بَعضٍ

“...məhz onlar bir-birinə dostdurlar”. (“Ənfal” surəsi, 72-ci ayədən)

Bu, möminlər barədə; növbəti ayədə kafirlər haqda da eynilə belə buyurulur:

بَعضُهُم اَولِیاءُ بَعضٍ

“Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir)”. (“Ənfal” surəsi, 73-cü ayədən)

Həm möminlərin, həm də kafirlərin arasında dostluq və himayədarlıq bağları var. Bu cümlə qrammatik cəhətdən nəqli cümlə olsa da, əslində əmr cümləsidir və mənası budur ki, İslam dünyasının harasında olmasından asılı olmayaraq, mömin şəxs digər möminlərə qarşı dost münasibətdə olmalı, onlara himayədarlıq etməlidir. Bizim haqqında danışdığımız vəhdət də elə budur. Bunun əksinə, qarşı cəbhədə gördüyü kafirləri özünə dost tutmamalı, onlara dəstək olmamalı, himayəçilik etməməlidir. Kafirlərin dostluğu müsəlmanları bədbəxt edir; hazırda da biz bu dostluğun nümunələrini müşahidə edirik, bəzi ölkələr İsraillə qarşılıqlı olaraq bir-birinə xoş sözlər və mesajlar göndərir, siyasi, iqtisadi və sair əlaqələr qururlar. Daha sonra buyurur:

إِلَّا تَفْعَلُوهُ تَکُنْ فِتْنَةٌ فِی الْأَرْضِ وَ فَسادٌ کَبیرٌ

“Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (İslam zəifləyər, küfr isə artıb qüvvətlənər)”. (“Ənfal” surəsi, 73-cü ayədən)

Möminlər öz aralarında bu dostluq və himayədarlığa riayət edib, kafirlərə qarşı isti münasibətdən çəkinməsələr, yer üzündə böyük fitnə-fəsad yaranacaq. Bu gün bu baş verib; bu gün bizim müsəlman regionunda müharibə gedir, vətəndaş müharibəsi var, qan tökülür, saysız-hesabsız problem və çətinliklər mövcuddur. Bəzi ölkələrin ağılsız və geridəqalmış hökumətləri başqa ölkələrə qarşı müharibəyə qoşulur, cinayətlərə ortaq olurlar. Görün bu gün Yəmən xalqı necə böyük müsibətlərə düçar olub! Toyları yasa çevrilir, bombardman olunurlar, küçələrdə, bazarlarda, məscidlərdə dinc əhali məhv edilir. Əfqanıstanda bir cür, Pakistanda bir cür, Suriyada bir başqa cür. Bütün bunlar ona görə baş verir ki, biz müsəlmanlar öz aramızda vacib olan dostluq və himayədarlıq barədə unutmuşuq! Yəni Qurana əməl etmirik. Bu, Qurana əməl etməməkdir; halbuki əgər Qurana əməl etsək, nüfuz və hörmət qazanarıq. Müsəlmanları xoşbəxt edəcək yol budur.

İslam Respublikası olaraq biz 40 ildir ki, imperializmin hegemonluğuna qarşı durmağı, eyni zamanda inkişaf da etməyi bacarmışıq. İslam Respublikasını yox etmək istəyənlərə göz dağı olaraq, biz əsaslarımızı daha da möhkəmləndirmişik, güc və imkanlarımızı daha da artırmışıq, daha da irəli getmişik. Düşmənə göz dağı olaraq! Quran oxumaq, Quran tilavəti, avaz, təcvid və sair bu kimi şeylər müqəddimədir; Quranın əzbərlənməsi, bu səpkili tədbirlər, burada Quran oxunması – bunlar hamısı müqəddimədir; dərk etməyin müqəddiməsidir, dərk etmək isə əməl etməyin başlanğıcıdır. Əziz gənclər – əksəriyyətiniz gəncsiniz – çalışın Quranı bu bu hislə, bu yanaşma ilə əlinizə alasınız, niyyətiniz bu olsun ki, Qurandakı təlimləri öz həyatınız – fərdi, ictimai və hakimiyyətin təmsilçisi olaraq həyatınız üçün öyrənməli və onları həyata keçirməlisiniz. Buna diqqət yetirin.

Siz Qurana bu hislə yanaşıb, bu gözlə baxsanız, İslam dünyasının sabahı bu günündən qat-qat yaxşı olar. Daha Amerika müsəlman ölkələrinin və İslam ümmətinin əleyhinə bu cür qırmızı xətlər çəkib onları təhdid edə bilməz. Biz Qurana söykənsək, Qurandan öyrənsək, Qurandan yapışsaq, bu, Quranda da buyurulduğu kimi, Allahın ipindən yapışmaq deməkdir, Allahın ipindən yapışmaq isə insanın öz ayaqları üzərində daha möhkəm durmasına səbəb olur. Çətin keçilən bir yerdən keçərkən əlinizi atıb tuta biləcəyiniz, sizə dəstək olacaq bir şey varsa, artıq sizin üçün yıxılmaq qorxusu qalmır. Allahın ipi də belədir, ondan yapışdınsa, artıq yıxılmaq təhlükəsi aradan qalxır. Ümidvaram, İslam dünyası günbəgün buna daha da yaxınlaşacaq, inşallah.

Bu tədbirin təşkilatçılarına, iştirakçılarına və qonaqlara bir daha təşəkkürümü bildirirəm.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

__________________________

(1) 35-ci Beynəlxalq Quran Müsabiqəsinin son günü baş tutan bu görüşün əvvəlində Vəqflər və Xeyriyyə İşləri Təşkilatının sədri Höccətül-İslam vəl-muslimin Əli Məhəmmədi məruzə etmişdir. 
(2) Vəsailüş-şiə, c.6, səh. 191
(3) İmam Həsən Əskərinin (ə) təfsiri, səh. 13