Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Müəllimlər həftəsi münasibətilə Pedaqoji Universitetdə etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمدلله ‌ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّةالله فی الارضین.

Mənim əzizlərim! (1) Bugünkü görüş mənim üçün ən xoş və ürəkaçan görüşlərdən biridir; əvvəla ona görə ki, şanlı müəllim ictimaiyyəti ilə olan bir görüşdür; burada həm müəllimlər iştirak edir həm də tələbə müəllimlər – yəni bu ölkənin sabahının, gələcəyinin müəllimləri; ikincisi isə, bura bizim şanlı müəllimlərimizi yetişdirən təhsil ocaqlarından biridir. Biz hər il müəllimlərlə görüşürük; bu görüşlər mənim üçün həmişə dəyərlidir, müəllimlərə sevgi və ehtiramın ifadə olunması, onların uca tutulması baxımından simvolik bir məna kəsb edir; amma bu il biz adətən hər il İmam Xomeyni adına hüseyniyədə baş tutan görüşümüzü burada keçirmək qərarına gəldik ki, simvolikliyi ikiqat artsın, beləcə həm müəllimlərə, həm də müəllimlərin yetişdirildiyi təhsil ocağına öz ehtiramımızı bildirmiş, hər ikisinə yüksək dəyər verdiyimizi ifadə etmiş olaq. Mən söhbətə başlamazdan əvvəl az öncə çıxış edən əziz bacımızın və qardaşlarımızın toxunduğu məqamlara münasibət bildirmək istəyirəm. Onlar çox yaxşı məqamları qeyd etdilər, bu məsələləri mən də qəbul edirəm, bəzilərini özüm üçün qeyd də etdim. Mən xahiş edirəm ki, onlar dediklərini dəqiqləşdirərək yazılı surətdə mənə təqdim etsinlər; inşallah, mümkün olduğu qədər araşdırıb, çalışacağıq ki, o məsələlər yoluna qoyulsun. Çox düzgün, düşünülmüş məqamları qeyd etdilər.

Bəli, İmam Xomeyni buyurub ki, “Müəllimlik peyğəmbərlərin peşəsidir” (2); bu sadəcə gəlişigözəl sözlər, ürəkaçan bir şüar deyil; bu, Qurandan gəlmə bir həqiqətdir:

وَ یُعَـلِّمُهُمُ الکِتابَ وَ الحِکمَة

“... kitabı və hikməti onlara öyrətsin...” (“Bəqərə” surəsi, 129-cu ayədən)

Peyğəmbərlərin xüsusiyyətlərindən biri də təlimdir; yəni siz bəşər tarixinin ən üstün insanlarının – peyğəmbərlərin getdiyi bir yolla gedir, onlarla eyni məqsədə, eyni missiyaya xidmət edirsiniz. Peyğəmbərlər yer üzünə məhz bu vəzifəni icra etmək üçün göndərilmişlər. Təlim-tərbiyənin ölkənin ümumi inkişafındakı, xoşbəxtlik və rifahındakı misilsiz təsir və rolu son dərəcə mühüm bir məsələdir. Mənim fikrimcə, bu heç bir müzakirə yeri olmayan, açıq-aydın bir həqiqətdir ki, ümumi təhsil, təlim və tərbiyə bir xalqın səadətinin, bir ölkənin inkişafının, İslam Respublikasında isə qarşıya qoyulmuş yüksək amallara doğru irəliləyişin əsas infrastrukturudur (hərçənd təəsüflər olsun ki, bəziləri bu açıq-aydın məsələni düzgün dərk edə bilmirlər).

Bizim hamımızın – istər bu bəndeyi-həqirin, istər dövlət rəsmilərinin, istərsə də müxtəlif sahələrə başçılıq edən rəhbər kadrların vəzifəsi müəllimlərin məqamını cəmiyyətə tanıtdırmaqdır; biz bunu etməmişik; cəmiyyətimizdə müəllimlərin məqamı mənim inandığım, fiziki və mənəvi olaraq hiss etdiyim səviyyədə öz yerini tutmayıb. Əlbəttə ki, insanların məişət rifahı önəmli bir məsələdir, buna söz yox, amma müəllimlərin cəmiyyətdəki nüfuzu da onların məişət rifahından daha əhəmiyyətli olmasa belə, əsla daha az əhəmiyyətli də deyil. Özü də bu nüfuz və məqamı təkcə deməklə, danışmaqla təmin etmək olmaz; indi mən burada: “Müəllimlik belə bir uca məqama malikdir, peyğəmbərlərin məqamına bərabərdir”, – desəm də, bununla ölkədə ümumi bir düşüncə və yanaşma formalaşmayacaq. Sırf danışmaqla mümkün deyil, iş görmək lazımdır. Cəmiyyətin düşüncəsində oturuşmalıdır ki, müəllim bir nümunədir, yüksək bir şəxsiyyətdir, müəllimlik müqəddəs bir işdir. Buna incəsənətin dili ilə, kitab yazmaqla, film çəkməklə, müəllimlərə şeirlər həsr etməklə, müxtəlif effektiv metod və vasitələrlə nail olmaq, bu istiqamətdə proqramlar həyata keçirmək lazımdır. İndiyədək bu işlər görülməyib. Həm təhsil mühitində, həm də digər əlaqəli sferalarda – mədəniyyət sahəsində, dövlət teleradiosunda və sairdə – hökmən həyata keçirilməli olan işlərdən biri də budur; yəni müəllimliyin yeri və statusu aydınlaşmalı, müəllimlərə hörmətlə yanaşılmaıldır; bu mövzu dərs vəsaitlərinə salınmalıdır, bu barədə romanlar, povestlər yazılmalıdır. 

Bu gün sizə demək istədiklərimə gəlincə isə, mən 2-3 mövzu ətrafında söhbət etmək istəyirəm, amma görüşümüzün vaxtı uzandığına görə qısa danışmağa çalışacağam. Həmin mövzulardan birincisi təhsil, təlim-tərbiyə məsələsi ilə, ikincisi Pedaqoji Universitetlə, müəlimlərin yetişdirilməsi ilə, üçüncüsü isə hazırda yaşadığımız beynəlxalq problemlərlə bağlıdır; sonuncu mövzuya cənab nazir çıxışının əvvəlində toxundu, mən də bu barədə bir neçə cümlə deyəcəyəm.

Təhsil və təlim-tərbiyə barədə mən bunu demək istəyirəm ki, ölkəmizdə təhsil ədalətyönümlü olmalıdır; yəni bizim təhsil sistemimiz ədalətpərvər, haqq-ədalət istəyən və bu haqq-ədaləti bərqərar etməyə hazır və qadir olan insanlar yetişdirməlidir. Çünki ədalət bəşər tarixinin əvvəlindən bu gününə qədər insanlığın daim diqqət yetirdiyi uca bir dəyərdir. Vaxt ötdükcə, nəsillər dəyişdikcə dəyərlər dəyişir, bəzi dəyərlər isə əvvəldən sona qədər dəyişmədən, sabit şəkildə qalır. Ədalət də bu qəbildən olan dəyərlərdəndir. Baxın, xilaskarın gəlişinə inanan dinlər (ilahi dinlərinsə, demək olar, hamısı xilaskarın gəlişinə inanır) bir gün o xilaskarın gəlib yer üzünü haqq-ədalətlə dolduracağına etiqad bəsləyirlər; həmin təlimlərdə “xilaskar gəlib yer üzünü dinlə dolduracaq” deyilmir, “haqq-ədalətlə dolduracaq” deyilir. Bu, haqq-ədalətin nə qədər əhəmiyyətli olduğunu göstərir. Əlbəttə ki, ədalət də yalnız din sayəsində təmin oluna bilər, bu öz yerində, amma haqq-ədalət məsələsi çox önəmlidir. Bizim təhsil sistemimiz bax bu yönümdə olmalıdır. Əmirəl-möminin “Nəhcül-bəlağə”də buyurur:

(3) وَ مَا اَخَذَ اللهُ‌ عَلَی العُلَماءِ اَلّا یَقارّوا عَلیٰ کِظَّةِ ظالِمٍ وَ لا سَغَبِ مَظلوم

Həzrət bu kəlamında alimlərin vəzifəsini açıqlayaraq, onların yoxsul insanların aclığı və zənginlərin acgözlüyü qarşısında dözməməli, səbir etməməli olduğunu bildirir.

Ölkənin ümumi təhsil və təlim-tərbiyə sisteminin müəyyən hədəfləri var. Bu hədəflər hansılardır? Bunlar eynilə İslam dövlətinin hədəfləridir; təhsildə bu hədəflər izlənməli, diqqət mərkəzində olmalıdır. Biz tələbə və şagirdləri müəyyən bir hədəfə, ideala doğru istiqamətləndirərək yetişdiririk. Bu o hədəfdir ki, İslam dövləti onun uğrunda yaranıb. İslam dövləti mütərəqqi, ülvi dəyərlərə can atan, dindar, ilahi şəriətə bağlı, sonsuz həddə geniş baxış üfüqlərinə malik bir dünya və cəmiyyət arzulayır. İslam cəmiyyətində, İslam dövlətində yaşayan bir insanın gələcəyə baxışında heç bir məhdudiyyət yoxdur; heç bir cəhətdən; təkcə mənəvi cəhətdən yox, hətta maddi cəhətdən, elmi cəhətdən də. Onun baxış üfüqləri dünyanın ən təşəbbüskar insanlarının, tutalım, elmi məsələlər üçün nəzərdə tutduğundan dəfələrlə mütərəqqi və yüksəkdir. İslam cəmiyyətində baxış üfüqləri qat-qat daha geniş və əhatəlidir. 

Hər bir şagird orta məktəbdə təhsil aldığı bu 12 il ərzində İslam cəmiyyətinin tərəqqiyə doğru irəliləyən bu əzəmətli karvanında öz yerini tapa bilməlidir; bu möhtəşəm toplumda, bu möhtəşəm hərəkatda kim olduğunu, hansı mövqeyi tutduğunu, hansı missiyanı daşıdığını bilməlidir; öz rolunu müəyyənləşdirməlidir. Biz övladlarımızı bu cür tərbiyə etməliyik. Orta məktəblərdə təhsil alan şagirdləri siz tərbiyə edirsiniz; onları məsuliyyətli, azad düşüncə ruhuna malik, doğrucul, əzmkar, şücaətli, fədakar, əxlaqlı, günahdan çəkinən insanlar kimi tərbiyə edib yetişdirmək lazımdır. Sizə həvalə olunmuş gənc nəsildə məhz bu xüsusiyyətləri tərbiyə etməlisiniz; baxış üfüqü bax bunlardır.

Bəli, bu sahədə müharibə adlandıra biləcəyimiz qədər böyük bir qarşıdurma var. Mənim əzizlərim, bu gün bura toplaşmış, habelə təhsil və təlim-tərbiyədə rol oynamağa çalışan bütün ağıllı, stimullu və mömin gənclər! Bu müharibəni ciddiyə alın; hazırda müharibə gedir. Bəziləri bizi yuxuya verib, düşmənin nə ilə məşğul olduğunu anlamağımıza mane olmaq üçün qulağımızın dibində bizə lay-lay çalmağa çalışırlar. Yüksək mənəviyyatlı, əzmkar, şücaətli, hədəfini müəyyən etmiş insanların yetişdirilməsi sferasında – bu çox önəmli sferada, bu böyük meydanda bir müharibə gedir; bir qrup adam bunun tam əksinin reallaşmasını – mömin, müsəlman İran gənclərinin bu xüsusiyyətlərlə tərbiyə olunmamasını istəyir. Müxtəlif yollarla bunun üçün çalışırlar. Mənim dönə-dönə vurğuladığım milli və dini kimlik məsələsi də məhz bu baxımdan önəmlidir. Şagirdlərimiz öz milli kimliyini dərk edərək böyüməli, bu ruhda tərbiyə olunub boya-başa çataraq irəliləməlidirlər. Gənc bir insan öz kimliyini dərk edərsə, yanlış yola sapmaqdan, xəyanətdən, ətalət və tənbəllikdən çəkinəcək. Bəzən şahidi olduğumuz bu problemlərin böyük bir qismi həqiqi kimlik hissinin, milli kimlik duyğusunun yoxluğundan irəli gəlir. Kimlik hissi olmayandan sonra isə belə insanı hər kəs istədiyi tərəfə çəkə bilər;

میکشد از هرطرف چون پَر کاهی مرا
(4) وسوسه‌ی این و آن، دمدمه‌ی خویشتن

 Hislər var, instinktlər var, daxildən bizi hərəkətə keçirən stimullar var, həvayi-nəfsimizin şeytanı var; bundan başqa, kənardan da onlarla əl bizi o yan-bu yana dartır. Doğru yoldan sapmağımıza imkan verməyən isə bizim dəyərlərə olan bağlılığımızdır, milli kimlik hissimizdir. Gəncləri bu cür yetişdirməlisiniz; sizlər yetişdirməlisiniz. 

Xoşbəxtlikdən, bu gün ətrafımızda, öz yaşadığımız cəmiyyətdə gənclərimizə örnək ola biləcək parlaq simalar var. Daha əvvəlki kimi örnək qıtlığı yaşamırıq ki, hansısa yad-biganə tarixi şəxsiyyəti itirib-axtaraq. Bu gün bizim öz cəmiyyətimizdə, gözlərimizin önündə parlaq nümunələr var. Belə böyük örnəklərdən biri bizim şəhid olmuş nüvə alimlərimizdir; Şəhid Çəmran bir örnəkdir; Şəhid Çəmran sözün əsl mənasında bir alim idi; elm adamı idi, təhsil almışdı, amma eyni zamanda sözün əsl mənasında gerçək bir mübariz, bir mücahid idi; Şəhid Avini bir örnəkdir, şəhid Höcəci bir örnəkdir. Baxın, ixtiyarımızda cürbəcür örnək və nümunələr var. Bayaq əziz qardaşımız burada çox gözəl qeyd etdi, söylədi ki, indiyə qədər mən ibtidai sinif müəllimimi özümə örnək bilirdim, indi isə mənim örnəyim Şəhid Höcəcidir. Bəli, bizdə bu cür örnək insanlar var; şücaətli, möhtəşəm, məsuliyyətli, güclü, özü üçün yox, öz cəmiyyətinin və dövlətinin böyük, uca hədəflərinə yardım etmək üçün düşmən qarşısında qürurla mübarizə aparmaqdan çəkinməyən insanlar. Bu insanlar hansısa şəxsi münaqişə nəticəsində həyatlarını itirməyiblər. Şəhid Şəhriyari, Şəhid Əliməhəmmədi, Şəhid Əhmədirouşən və başqaları xalqın iftixar və başıucalığına xidmət edən işlər üçün çalışıb-vuruşublar, bu yolda addımlayıblar; bunlar örnəkdir; bizim öz cəmiyyətimizdə, gözlərimizin önündə, yaşadığımız dövrdə bu cür əziz və dəyərli nümunələr var.

Digər bir məqam isə xeyirli elm məsələsidir. Ölkəmizin təhsil sistemində şagirdlərə faydalı, xeyirli elmlərin mənimsədilməsinə diqqət yetirilməlidir. Deyirsiniz ki, təhsildə islahatlar (5) aparılmalıdır; islahata ehtiyac duyulan mühüm məqamlardan biri də budur: ölkədə faydalı, xeyirli elmlər tədris olunmalıdır. Gənclər həmin elmlərdən özlərinin, yaşadıqları cəmiyyətin, ətrafındakıların yaşayışını yaxşılaşdırmaq üçün yararlana bilməlidirlər; xeyirli elm budur. Xeyirli elm o elmdir ki, bizi öz hədəflərimizə yaxınlaşdıra, irəliləyişimizi asanlaşdıra, bizi irəli apara; xeyirli elm budur. Bizdə iş görmək, irəli getmək ruhiyyəsi yaradan, bizi çiçəkləndirən, daxilimizdəki potensialın reallaşmasına şərait yaradan şeylər hamısı xeyirli elmdir. Əlbəttə ki, xeyirli bilgilərdən biri də milli təcrübədən, ölkəyə iftixar qazandıran amillərdən, tarixin ibrət dərslərindən xəbərdar olmaqdır; bu da xeyirli bilgidir. Xeyirli bilgi bizim potensialımızı çiçəkləndirən bilgidir. Bu da bir məqam. 

Təhsil Nazirliyinə gəlincə; dostlarımız dedilər, bundan əvvəlki iclasda da (6) həm rəsmilər, həm də mən özüm belə bir fikir bildirmişdik ki, Təhsil Nazirliyi ölkənin inkişafında, ehtiyaclarının təmin olunmasında bir nömrəli rol oynayan azsaylı dövlət qurumlarından biridir. Təhsil Nazirliyinin işi çox önəmlidir. Təlim-tərbiyənin mühüm bir mərhələsi ilə bağlı vəzifələrin icrası Təhsil Nazirliyinin öhdəsinə düşür. Biz Təhsil Nazirliyinə digər dövlət qurumlarının sırasında adi bir qurum kimi baxa bilmərik. Burada məsələ xüsusi əhəmiyyət kəsb edir.

Təhsil Nazirliyi başqa heç bir qurumun sahib olmadığı bir fürsətə sahibdir; bu fürsət bizim uşaqlarımızın, yeniyetmələrimizin orta məktəbdə təhsil aldığı həmin o 12 ildən ibarətdir; bütün bu illər Təhsil Nazirliyinin ixtiyarındadır; heç bir başqa qurum belə dəyərli bir fürsətə sahib deyil. Bu illər bizim dəyərlərimizin, milli və inqilabi ideallarımızın gələcək nəsillərə düzgün və kompleks şəkildə ötürülməsi üçün gözəl bir fürsətdir. Bu illər milli kimliyimizin bizim övladlarımıza, gələcəyin kişi və qadınlarına fundamental surətdə aşılanması üçün misilsiz bir fürsətdir; və bu fürsət Təhsil Nazirliyinin ixtiyarındadır. Bu 12 ildə şagirdlərin həm düşüncə tərzi, həm də stimul və motivasiyası formalaşır. Bu illər ərzində sinif otaqlarında oturub müəllimlərindən eşitdiklərinin, olduqları məktəb mühitinin bərəkəti ilə yeniyetmə və gənclərin varlığında onların gələcək həyatının istiqaməti – stimulları, idealları formalaşır. Görün bu nə qədər əhəmiyyətlidir; yəni ölkənin gələcəyi gənclərimizin həyatının bu 12 ilindən asılıdır. 

Bəli, Təhsil Nazirliyində yenidənqurmaya ehtiyac var. Az öncə siz də şüarlarınızda bu fikri səsləndirdiniz, islahatlara ehtiyac olduğunu bildirdiniz. Bəli, yenidənqurma hökmən lazımdır, çünki bizim təhsil sistemimiz bir yandan köhnəlib, bir yandan da elə yenicə yarandığı vaxtlarda da nöqsansız deyildi. Hələ ilk yarandığı, bu cür köhnəlmiş, dövrünü başa vurmuş sayılmadığı dövrdə də bu sistemdə əsaslı nöqsanlar var idi və həmin nöqsanlar bu günə qədər qalmaqdadır. Bu yenidənqurma və islahatları reallaşdırmaq üçün birinci və ən yaxşı vasitə, ilk növbədə, “Təhsil sistemində dəyişikliklər haqda sənəd”dir; (7) bu sənəd artıq hazırdır. Hörmətli nazir bu işin reallaşdırılması üçün göstərilən səylərdən danışdı. Məncə, bu ən vacib işlərdən biridir. Mənə verilən məlumata görə, indiyə qədər bu sənədin məzmun və potensialının sadəcə 10 faizi reallaşdırılıb. Halbuki bu sənədin qəbul olunduğu gündən artıq bir neçə il ötür. Bu sahədə çox az iş görülüb; işləmək lazımdır. Sənəd kağız üzərində yazılmış bir yazıdır, onu reallaşdırmaq lazımdır. Əlbəttə ki, bu sənədin hazırlanması həyat əhəmiyyətli bir zərurət idi, hazırlandı da; təhsil ekspertlərinin dediyinə görə (hansı ki onlardan çoxu elə sənədin hazırlanması prosesində də bilavasitə iştirak etmişdilər), bu sənədin məzmunu peşəkarlıq baxımından çox yüksək səviyyədədir. Çox gözəl, əsaslı və arzulanan formada hazırlanmışdır. Lap yaxşı, elə isə reallaşdırılmalıdır. Mənim Təhil Nazirliyindən istək və gözləntim bundan ibarətdir ki, vaxt bölgüsü aparsınlar. Konkret bir vaxt təyin edib, bu sənədin dəqiq olaraq nə zaman tam reallaşdırılacağını ictimaiyyətə elan edin. Əlbəttə ki, çətin bir işdir, amma bu işi yerinə yetirmək lazımdır. Müxtəlif qurumlar hamısı Təhsil Nazirliyinə kömək etməlidir; hamı yardım etməlidir. Bu işin bir qismi bax bu Pedaqoji Universitetə, habelə pedaqoji kadrlar yetişdirən digər ali təhsil ocaqlarımıza (az sonra bu barədə də danışacağam), digər bir qismi isə Təhsil Nazirliyinin özünə aiddir. İşin nəzəri, habelə struktur və mexanizm baxımından hazırlıqlarını həyata keçirib, konkret vaxt bölgüsü aparmalıdırlar ki, inşallah, bu iş real şəkildə həyata keçirilsin. Ölkənin ümumi təlim-tərbiyə işində ən önəmli addım budur.

Digər bir zəruri məsələ isə Təhsil Nazirliyinin bütün əməkdaşlarının sözügedən sənədlə yaxından tanış olmasıdır. Aldığım məlumata görə, nazirliyin əksər əməkdaşları bu sənədin yalnız adını eşidiblər, mahiyyətindənsə xəbərsizdirlər. Sənədi uyğun bir şəkildə təqdim edin, qoy görsünlər, tanış olsunlar, oxusunlar, bilsinlər. Bunun özü həmin sənədin reallaşdırılmasına kömək edəcək, çünki Təhsil Nazirliyinin hər bir əməkdaşının köməyi olmadan bu mümkünsüzdür. Bu sənədi əməli surətdə reallaşdırmalı olanlar Təhsil Nazirliyinin işçiləridir; onları tanış edin.

Təhsil Nazirliyi ilə bağlı qeyd edilməli olan digər bir məqam isə Tərbiyə İşləri üzrə Müavinlik məsələsidir. Mən əvvəllər də, hazırkı dövrdə də dönə-dönə bu məsələnin üzərində durmuşam, vurğulamışam. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Möhtərəm nazir stimullu, dinamik, işləməyə hazır bir insandır; bu işə ciddi yanaşmalıdır. Tərbiyə İşləri üzrə Müavinlik məsələsi Təhsil Nazirliyinin özü üçün də çox önəmli bir məsələdir. Tərbiyə işi çox önəmlidir və onun çox önəmli elmi metodları var.

Təhsillə bağlı növbəti mühüm məqam isə xüsusi istedadlı şagirdlərə diqqət yetirilməsi məsələsidir; doğrudur, bu barədə çox danışılır; rəsmilər bu məsələyə hərtərəfli nəzər salmalıdırlar. Parlaq İstedadların İnkişaf Etdirilməsi üzrə Milli Komitə məsələsini və ya istənilən digər metodu müxtəlif aspektlərini hərətərəfli nəzərdən keçirərək, sırf peşəkarcasına dəyərləndirsinlər. Elə eləsinlər ki, ayrı-seçkilik, problemlər yaranmasın, dəllallar üçün meydan açılmasın və xüsusi istedadlı uşaqlarla bağlı sözün həqiqi mənasında tədbir görülsün.

Və çıxışımın bu qismində mən son olaraq, yanlış bir sənəd olan “2030 saylı sənəd” barədə qeydlərimi etmək istəyirəm. Ötən il (8) mən bu sənədin ölkədə tətbiqini rəsmi surətdə, açıq-açığına, qətiyyətli şəkildə qadağan etmişdim. Təhsil Nazirliyinin rəsmiləri mənim bu qərarımı alqışladılar, ona əməl etdilər, lakin mənə gəlib çatan məlumatlara görə, müxtəlif sferalarda bu sənədin bəzi elementləri hələ də həyata keçirilir. Sözügedən sənədi reallaşdırmaq ölkənin ən mühüm məsələsinin ixtiyarını yadların əlinə vermək deməkdir. Bundan əlavə, “2030 saylı sənəd”in məzmunu bütünlüklə düzgün olsaydı belə (əlbəttə ki, bu belə deyil və heç şübhəsiz, orada bir çox yanlış, problemli məqamlar var), parlaq mədəniyyəti, çoxəsrlik tarixi keçmişi, bugünündə qüdrətli dini hakimiyyəti olan İran kimi bir ölkənin öz təhsil proqramını, təlim-tərbiyə haqqında sənədini min cür məqsədə xidmət edən yadellilərdən alması mənasızdır; bu, siyasi məqsədlər də ola bilər, digər cürbəcür arzuolunmaz məqsədlər də. Onların hazırladığı bir sənədi gətirib ölkədə tətbiq etmək mənasızdır. (9) Allah köməyiniz olsun; amma yolu budur ki, nə öləsiniz, nə də “2030”u qəbul edəsiniz. Ən yaxşısı budur! (10) 

Pedaqoji Universitetə, müəllimlərin yetişdirilməsi məsələsinə gəlincə; bu gün ölkənin təhsil sisteminin ən önəmli ehtiyacı müəllimlərdir; ən zəruri ehtiyac müəllimlərdir. Bu universiteti, Şəhid Rəcayi adına Universiteti, habelə pedaqoji kadrların yetişdirilməsi işi ilə məşğul olan istənilən digər ali təhsil ocağını həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etdirmək lazımdır. Cənablar dedilər, mənim də məlumatım var ki, 4 ildən sonra müəllimlərin böyük bir qismi – çoxlu sayda müəllim pensiyaya çıxacaq, bu universitetlərin – yəni Pedaqoji Universitet və Şəhid Rəcayi adına Universitetin Təhsil Nazirliyinə təhvil verdiyi müəllimlərin sayı isə pensiyaya çıxacaq kadrların sayından çox-çox azdır. Bu, təhsil üçün böhrandır; bunun baş verməsinə imkan vermək olmaz. Əlbəttə ki, kənardan müəllimlər gətirməyin mümkün olduğunu söyləyirlər, lakin bu yalnız çıxılmaz situasiyada problemin həlli yolu ola bilər və ancaq başqa çıxış yolu olmadığı təqdirdə buna getmək olar. Bu, prinsipial baxımdan da düzgün bir iş deyil. 

Müəllimlik bilik, təcrübə və bacarıq tələb edən bir peşədir; bu işi öyrənmək lazımdır; siz burada müəllimliyi öyrənirsiniz; sizin burada mənimsədiyiniz biliklər hansısa xarici universitetdə oxumuş birində olmaya bilər; elə isə gəlib burada necə müəllimlik edəcək? Pedaqoji kadrlar hazırlayan mərkəzlər – hazırda isə onlardan ən önəmlisi bu Pedaqoji Universitetdir – ölkənin təhsil sisteminin əsas ağırlıq mərkəzidir, amma bu universitetə illərlə soyuq münasibət göstərilib. Məndə olan məlumata görə, bu universitet həm insan resursları – müəllim və professor heyəti – həm büdcə, həm də təhsil mühiti baxımından problem və çatışmazlıqlar yaşayır. Elmlər Nazirliyi, İdarəetmə Komitəsi, İşəgötürmə Məsələləri Komitəsi – hər biri əlindən gəldiyi kimi əməkdaşlıq etməli, kömək göstərməlidir. Bu problemlər aradan qaldırılmalıdır. Əlbəttə, həm bu, həm də bundan əvvəlki görüşdə dostlarımız məndən bəzi gözləntiləri olduğunu bildirdilər. Sözsüz ki, mən əlimdən gələcək, ixtiyarımda olan, həyata keçirə biləcəyim istənilən işdə sizə kömək etməyə hazıram, ona görə ki bu məsələni ölkənin birinci dərəcəli problemlərindən hesab edirəm.

Pedaqoji Universitetin akademik heyətini genişləndirmək lazımdır, bu isə İşəgötürmə Məsələləri Komitəsinin öhdəsinə düşür. Burada çalışan müəllimlər elmi və ideoloji cəhətdən ən nümunəvi insanlar olmalıdırlar; dindar, yüksək ixtisaslı, inqilabi ruhiyyəli, “Təhsildə dəyişikliklər” sənədinin meyarlarına uyğun. Belə ola bilərmi ki, biz təhsildə dəyişikliklər haqda sənəd hazırlayıb onun reallaşdırılmasına çalışaq, amma təhsilin ən əsas, ən aparıcı mərkəzi bu sənədin meyarlarından, xüsusiyyətlərindən, göstəricilərindən uzaq ola? Bu, mümkün deyil. Ali məktəb müəllimlərinin işə götürülməsi ilə məşğul olan qurumlar bu məsələdə qətiyyən səhlənkarlığa yol verməməlidirlər. Yüksək ixtisaslı, yaxşı və əlbəttə ki, tam ştat vahidi əsasında çalışan müəllimlər işə cəlb olunmalıdır. Və mən burada çalışan bütün müəllimlərə, habelə təhsil alan tələbələrə tövsiyə edirəm ki, əziz şəhidimiz Şəhid Mütəhhərinin – hansı ki Müəllimlər həftəsi də onun adı ilə bağlıdır – əsərləri ilə ünsiyyətdə olsunlar. O əsərləri bacardıqları qədər çox oxusunlar. Şəhid Mütəhhərinin bərəkətli ömründən artıq illər keçib, ancaq onun dediklərinin imza və möhürü onun pak qanı, şəhadətidir. O, doğrucul bir insan idi, həqiqətləri deyirdi, gözəl fikirləri var idi, istedadlı idi, güclü düşüncə qabiliyyətinə malik idi və Allaha şükürlər olsun ki, özündən sonra bu gün də istifadə olunan dəyərli bir miras yadigar qoyub. Təhsil sistemi və Pedaqoji Universitet barədə bu qədər.

Qısaca olaraq 2 məqama da toxunmaq istəyirəm: bunlardan biri Amerika ilə, digəri isə Birgə Kompleks Tədbirlər Planı adlandırılan nüvə anlaşması ilə bağlıdır. Yəqin ki, Amerika prezidentinin dünən axşam səsləndirdiyi fikirləri siz də eşitmisiniz; çıxış edib, axmaq və yüngül sözlər danışıb. Onun dediklərində 10-a yaxın yalan var idi. Həm nüvə anlaşmasından çıxmaları barədə danışdı, həm də İran xalqı və İslam Respublikasını hədələyərək “belə edəcəyik, elə edəcəyik” dedi. Mən də İran xalqının adından üzümü ona tutaraq deyirəm: “Cənab Tramp, siz qələt edəcəksiniz!”

Xahiş edirəm, düzgün diqqət yetirin; istərdim ki, siz gənclər və sonradan mənim bu sözlərimi eşidəcək hər kəs indi deyəcəklərimə diqqət yetirsin. Çünki bu, hazırda bizim mühüm və aktual məsələlərimizdən biridir. Amerika məsələsi ciddi bir məsələdir. Amerika bizə düşməndir, bu düşmənçilik də şəxsən mənə və ya başqa bir hökumət rəsmisinə yönəlməyib. Onlar bütövlükdə İslam dövlətinə düşmən kəsiliblər; bu gün İran xalqının qəbul edib alqışladığı, yolunda irəlilədiyi İslam dövlətinə. Bu belə bir düşmənçilikdir. Özü də təkcə Amerikanın hazırkı prezidentinə aid deyil; Amerika dövləti, Amerika administrasiyası İslam Respublikasının yarandığı ilk gündən ona düşmən kəsilib, pis münasibət göstərib, yıxmağa çalışıb. Hətta bundan əvvəlki Obama administrasiyası da mənə ünvanladığı məktublarda və çıxışlarında İslam Respublikasını devirmək niyyətində olmadığını ifadə etdiyinə bamayaraq, yalan danışırdı. Onların da məqsədi bu ölkədə İslam Respublikasını devirmək idi. Nüvə anlaşması məsələsi, bütün bu danışılanlar bəhanədir. Baxın, nüvə məsələsi, sanksiyalar hələ yenicə başladığı dövrdə ölkənin ziyalılarından, yüksək çinli rəsmilərindən bəziləri mənə müraciət edib söyləyirdilər ki, “Siz nəyə görə bu nüvə məsələsinin üzərində bu qədər israrla durursunuz? Nə üçün bu qədər israr edirsiniz? Tutalım, amerikalılar bəhanə axtarırlar, nacinslik edirlər, xəbislik edirlər, siz bu məsələni bir kənara buraxın, rahat olaq”; mənə bunu deyirdilər. Əlbəttə ki, bu, səhv fikir idi, çünki nüvə məsələsi ölkəmizin ehtiyacıdır. Mən bunu dəfələrlə demişəm; bir neçə ildən sonra bizim 20 min meqavat elektrik enerjisinə ehtiyacımız olacaq; aidiyyətli qurumların rəsmilərinin apardığı hesablamalar bunu göstərir. Yaxşı, bəs o ehtiyac yaranan zaman lazım olan elektrik enerjisini haradan gətirəcəyik? Deyirlər ki, bu gün sizin neftiniz var; yaxşı, bu neft əbədi deyil ki; bir gün bu neft olmasa və ya bu qədər çox olmasa, o zaman təzədən nüvə enerjisinin arxasınca düşməli olacağıq. Bu işə başlamaq üçün oturub o günü gözləməliyik? O günün nəsilləri bizi lənətləməyəcək ki, niyə bunu vaxtında etməmisiniz, başlamalı olduğunuz zaman başlamamısınız? Bu, səhv bir fikir idi ki, “nə ehtiyacımız var?” Niyə yoxdur, ehtiyacımız var. Tutalım, heç ehtiyacımız yox idi; mən onlara söyləyirdim ki, Amerikanın bu iradları, bizə qarşı tətbiq etdikləri sanksiyalar, bizimlə apardıqları bu düşmənçilik nüvə enerjisi ilə bağlı deyil, bütün bunlar bəhanədir. Bunu bir kənara qoysaq da, başqa bir bəhanə tapıb, düşmənçiliklərini edəcəklər. Onlarsa mənimlə razılaşmayıb deyirdilər ki, “yox, elə deyil”. İndi özləri də gördülər ki, mən deyəndir. Nüvə anlaşmasında biz nüvə məsələsini qarşı tərəfin istədiyi şəkildə tənzimlədik, onların dediyi ilə razılaşdıq, şərtlərini qəbul etdik, amma düşmənçilik yenə də bitmədi. Bizim Orta Şərq regionunda iştirakımız məsələsini ortaya atıblar, raket məsələsini qaldırırlar. Sabah siz daha raket istehsal etməyəcəyinizi, yaxud filan göstəricidən yuxarı raketlər istehsal etməyəcəyinizi elan etsəniz belə, bu problem qurtaracaq, başqa bir problem çıxacaq, ortaya başqa bir məsələ atacaqlar. Onların davası fundamental bir davadır – İslam Respublikasının özünə müxalifdirlər. 

Yaxşı, bəs bunlar nəyə görə İslam Respublikasına müxalifdirlər? Bu müxalifətin səbəbi budur ki, İslam Respublikası hakimiyyətə gəldiyi gündən bu ölkədə Amerikanın ağalığına son qoyub; məsələ tamamilə bundan ibarətdir. Amerikalılar İran kimi zəngin, imkanlı, həssas coğrafi mövqeyə malik olan bir ölkəyə tam şəkildə ağalıq edirdilər. İslam İnqilabı və İslam Respublikası gəlib, bu ölkədən onların əlini üzdü; elə buna görə də onlar inqilabın və İslam Respublikasının məhv olmasını arzulayırlar; regionumuzun bir çox ölkələrində, təəssüf ki, ağalıq etdikləri kimi, gəlib burada da ağalıq etmək istəyirlər. Onların istədiyi budur ki, bu strateji regionda istədikləri ölkəyə: “Filan işi görməlisiniz”, – deyib gösəriş versinlər, həmin ölkənin başçısı da “Gözüm üstə!” – deyib, buyruqlarını dərhal və sorğu-sualsız yerinə yetirsin; bunu istəyirlər. Diqqət edin! Bu, çox önəmli bir məqamdır; burada söhbət hiss və emosiyalardan, təsadüfən baş vermiş hansısa hadisəyə görə birdən-birə mövqeyini dəyişib başqa bir mövqe seçməkdən getmir; burada əsaslı və köklü bir məsələ var; onlara nökər lazımdır, İslam Respublikası isə qürur və başıucalıqla öz kimliyini onlara nümayiş etdirdiyinə görə buna dözə bilmirlər. Onlar bu regiondakı dövlətlərin başında elə insanların durmağını istəyirlər ki, pullarını alsınlar, imkanlarından istifadə etsinlər, verdikləri əmrlərə itaət etsinlər, istədikləri zaman da əvəzləmək mümkün olsun. Bir vaxtlar ingilislərin bu regionda yürütdüyü planda nəzərdə tutulduğu kimi; bir gün Rzaxanı hakimiyyətə gətirdilər, o biri gün hansısa səbəblərdən Rzaxanı hakimiyyətdən göndərmək fikrinə düşdülər, göndərib, yerinə oğlunu oturtdular; onlar bunu istəyirlər. Təəssüflər olsun ki, Fars Körfəzi və Qərbi Asiya regionlarındakı ölkələrin əksəriyyəti bu vəziyyətdədir; Amerikanın qarşısında mütidirlər; necə deyərlər, əli-qolu bağlı, zəlil bir qul kimi. Elə bir neçə gün bundan əvvəl Tramp Fars Körfəzi ölkələrinn başçılarına bir məktub göndərib; həmin məktuba bizim də əlimiz çatdı, gördük; məktubda yazır ki, “siz hamınız müttəfiq olub filan-filan işləri görməlisiniz, mən burada sizə 7 trilyon dollar pul xərcləmişəm”. Gəda! Bunlara 7 trilyon pul xərcləmisən?! Sən 7 trilyon dolları İraqda, Suriyada ağalığı ələ keçirmək üçün xərcləmisən; amma bacarmadın; indi cəhənnəm ol! Deyir, “filan işi görməlisiniz”, “filanı etməlisiniz”, “filan şey filan cür olmalıdır”; bütün cümlələrində “-malı, -məli” var, boyunlarına öhdəlik qoyur. Həmin məktubu o ölkə başçılarının hamısına yazıb göndərib. Onlar İslam Respublikasının da boynuna öhdəlik qoymaq istəyirlər, bunu bacarmadıqlarına görə də bizə düşməndirlər, İslam dövlətini aradan götürmək istəyirlər. Dava bunun üstündədir. İran xalqı müstəqil bir xalqdır, heysiyyətli bir xalqdır. Bu xalqın keçmiş hakimləri – Qacar və Pəhləvi şahları bu xalqın heysiyyətini əlindən alıb onu zəlil etmişdilər, geri salmışdılar, böyük dövlətlərin boyunduruğuna keçirmişdilər, bunlar da adət ediblər, ürəklərindən keçir ki, təzədən həmin vəziyyət geri qayıtsın. İslam – İslam Respublikası, İslam dövləti, İslam İnqilabı – gəlib, bu xalqı öz heysiyyətinə qovuşdurub, bu xalq ayaqdadır, onlar da buna dözə bilmirlər; dava bunun davasıdır. Bəziləri heç də düşünməsinlər ki, biz hansısa məsələyə görə boş-boşuna israr edirik; bəziləri bizi qınayırdılar, gəlib belə deyirdilər; Allah təqsirlərindən keçsin.

Bəli, Amerikanın məsələsi belədir. Odur ki baş verənlər, Amerikanın hazırkı prezidentinin çirkin və axmaq davranışları bizim üçün qətiyyən gözlənilməz deyil. Bu cür işləri onlar elə əvvəldən də görüblər; Amerikanın keçmiş administrasiyasının dövründə bir cür, hazırda bir cür, ondan əvvəl – oğul Buşun dövründə də bir başqa cür; bunlar İran xalqına münasibətdə öz xəbisliklərini, düşmənçiliklərini, bədzatlıqlarını hər dövrdə bir şəkildə nümayiş etdiriblər, İran xalqı isə bütün bunların qarşısında qüdrətlə durub. Onların çoxunun sümüyü çürüyüb torpağa qarışıb, bədəni yerin altında qurda-ilana yem olub, amma Allaha şükürlər olsun ki, İslam Respublikası sinəsini sipər edərək möhkəm durub. Bu cənabın da sümükləri çürüyüb torpağa qarışacaq, ilana-qurda yem olacaq, amma İslam Respublikası bu gün olduğu kimi, bundan sonra da qüdrətlə ayaqda duracaq. Amerika barədə bu qədər.

Nüvə anlaşmasına gəlincə; mən ilk gündən dönə-dönə demişdim ki, Amerikaya inanmayın! Bunu həm hökumət rəsmiləri ilə olan xüsusi iclaslarımızda deyirdim, həm də xalqla keçirdiyimiz kütləvi görüşlərdə. Xüsusi iclaslarda daha çox vurğulayırdım; deyirdim ki, onlara etimad etməyin. Anlaşma imzalamaq istəyirsinizsə, lazımi şərtləri zəmanət altına alın, ondan sonra söhbət edin, ondan sonra müqavilə imzalayın; onların sözünə inanmayın. O zaman mən bu müqaviləni yalnız müəyyən şərtlərlə qəbul etdiyimi – bir neçə şərt var idi – xüsusilə vurğulayır və bunu açıq-açığına deyirdim; mənim irəli sürdüyüm şərtlərdən biri bu idi ki, qoy Amerikanın o vaxtkı prezidenti sanksiyaların ortadan qaldırıldığı barədə sənəd yazıb imzalasın. Şərtlərdən biri bu idi; mənim şərtlərimdən biri bu idi. Düzdür, möhtərəm rəsmilərimiz zəhmət çəkdilər, çox çalışıb tər tökdülər, amma bacarmadılar, mənim bu şərtim təmin olunmadı, nəticəsi də bu gün gördüyünüz kimidir: aradan 2 il, 2 il yarım vaxt keçib, biz bütün öhdəlikləri yerinə yetirmişik, bu gəda isə ortaya çıxıb deyir ki, mən qəbul etmirəm, çıxıram, belə edirəm, elə edirəm. 

İndi belə bir fikir səslənir ki, nüvə anlaşmasını o 3 Avropa ölkəsi ilə davam etdirmək istəyirik; mənim heç o 3 ölkəyə də etibarım yoxdur. Mən deyirəm ki, heç onlara da inanmayın; anlaşma əldə etmək istəyirsinizsə, zəmanət əldə edin; həqiqi, praktik zəmanət; yoxsa sabah bunlar da başqa bir metodla olsa belə, yenə də eynən Amerikanın etdiyi hərəkəti edəcəklər. Siyasət və diplomatiyanın özünəməxsus metodları var; bəzən üzünə gülümsəyirlər və elə gülümsəyə-gülümsəyə də xəncəri sapına qədər adamın sinəsinə sancırlar; diplomatiya budur; xoş rəftarla, ədəb-ərkanla, “Siz çox yaxşısınız, siz kişi adamsınız, biz bilirik ki, siz müqaviləni pozmazsınız”, – deyə-deyə özləri xəyanət edirlər. Etimad ediləcək bir zəmanət əldə edə bilsəniz, lap yaxşı, ondan sonra işinizi davam etdirin; yox əgər onlardan belə bir qəti zəmanət ala bilməsəniz – ki mən də bunu çox uzaq bir ehtimal hesab edirəm – onda daha bu cür hərəkət edib, bu işi bu şəkildə davam etdirmək olmaz. 

Bu, çox həssas bir məsələdir; bu gün ölkə rəsmiləri çox böyük bir sınaq qarşısındadırlar. Görəsən, bu dəyərli xalqın qürur və iqtidarını qoruya biləcəklər, ya yox? Bu xalqın qürur və heysiyyəti təmin olunmalıdır, mənafeyi sözün əsl mənasında təmin olunmalıdır. Düzdür, sevindirici haldır ki, ölkəmizin rəsmiləri də milli mənafeyin təmin olunması məsələsinin üzərində ciddi durublar, “Bizim mənafeyimiz təmin olunmalıdır”, – deyiblər; bəli, təmin olunmalıdır, intəhası mənafeyin təmin olunması üçün gərək filan ölkə başçısının, filan baş nazirin, filan kanslerin dediyinə inanmayasınız. Onların sözünün heç bir etibarı yoxdur; bu gün bir şey deyirlər, sabah başqa cür hərəkət edirlər. Əsla üzləri utanmır, xəcalət də çəkmirlər. Təəssüf ki, diplomatiya aləmində əxlaq yoxdur; xüsusilə də bu qərblilərdə; qərblilər müxtəlif diplomatik münasibətlərdə və sairdə əxlaqın nə demək olduğundan tamamilə bixəbərdirlər. Sırf öz mənafelərinə uyğun düşünür, hərəkət edir və plan cızırlar. Bunlarla diqqətli davranmaq, ağılla hərəkət etmək lazımdır. Odur ki xalqın qüruru, mənafeyi qorunmalıdır; özü də sözün həqiqi mənasında qorunmalı, yadlara etimad olunmamalıdır.

Əziz gənclər, mənim əziz balalarım! Sizə bir şeyi də deyim: gələcək sizindir. Mənim buna əsla şübhəm yoxdur ki, İslam dini, İslam dövləti və islami dəyərlər istiqamətində hərəkət edən bu ölkənin gələcəyi bugünündən qat-qat yaxşı olacaq. (11) İnşallah, Allah-taala sizdə olan bu hazırlığı qorusun, sizi və bizi sabitqədəm etsin, hamımızın aqibətini xeyirli etsin, dünya və axirətdə bizə sevdiyimiz kəslərlə – əziz şəhidlərimizlə, dahi liderimiz İmam Xomeyni ilə birgə olmağı nəsib etsin, İmam Mehdi Sahibəzzamanın (ə.f) müqəddəs qəlbini bizdən razı salsın.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) Pedaqoji Universitetdə baş tutmuş bu görüşün əvvəlində Təhsil Naziri cənab Seyidməhəmməd Bəthayi məruzə etmiş, müəllimlərdən bir neçəsi çıxış edərək öz rəy və görüşlərini ifadə etmişlər. 
(2) Səhifeyi-İmam, c.8, səh. 91
(3) Nəhcül-bəlağə, 3-cü xütbə 
(4) Bu beyt Ali Məqamlı Rəhbərin özünün yazdığı qəzəldəndir; “Bir saman çöpü kimi dörd bir yana çəkər məni, onun-bunun  vəsvəsəsi, öz nəfsimin pıçıltısı”. 
(5) Görüş iştirakçılarının səsləndirdiyi şüarlara işarə olunur. 
(6) Təhsil Nazirliyinin və Pedaqoji Universitetin rəsmiləri ilə görüş (19.02.1397) 
(7) “Təhsildə əsaslı dəyişikliklər haqda sənəd” Ali Mədəni İnqilab Şurası tərəfindən 1390-cı ildə qəbul olunmuşdur. 
(8) Ölkənin orta məktəblərində çalışan müəllimlər və Pedaqoji Universitetin tələbələri ilə görüş (17.02.1396)
(9) Zaldan “İran müəllimi ölsə də “2030”u qəbul etməz!” şüarı səslənir 
(10) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülürlər. 
(11) Zaldan “Ey azad Rəhbər, hazırıq, hazır!” şüarları səslənir.