Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Müqəddəs Müdafiə həftəsinə həsr olunmuş tədbirdə etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1) 

Saat 10-a 20 dəqiqə qalıb, yəni təyin olunmuş vaxtdan da bir qədər keçib; hərçənd elə o da kifayət qədər uzun bir müddət idi. İndi mən heç, amma sizlərdən bəziləriniz, yəqin ki, yorulmusunuz və daha sizi bundan artıq saxlamaq düzgün olmaz. (2) Bəli, əlbəttə ki, xatirələr var, amma mənim xatirələrim bir o qədər də əhəmiyyətli deyil, əsas və həqiqətən də dəyərli olan siz döyüşçülərin xatirələridir. Mən çıxış üçün burada bir neçə məqamı qeyd etmişəm, onları deyim, sonra halımız və hövsələmiz olsa, ola bilsin, bir xatirəmi də sizinlə bölüşərəm.

Əvvəla, bu bayrağı daim zirvələrdə saxlayan insanlara təşəkkür etməyi özümə borc bilirəm. Xatirə gecələri təşkil edən, Müqəddəs Müdafiə iştirakçılarının xatirələrinin qələmə alınması, danışılması, o dövrdə baş vermiş hadisələrin daim yaddaşlarda qalması üçün çalışan insanlara, həqiqətən də, səmimi-qəlbdən təşəkkür edirəm. Onlar, doğrudan da, çox böyük bir iş görürlər. Bayaq cənab Sərhənginin qeyd etdiyi o məsələ tamamilə düzgündür. Bu, bir növ sərhədçilikdir, sərhədlərin keşiyində durma xidmətidir, özü də çox yüksək əhəmiyyət kəsb edən bir xidmətdir.

Bizim nə qədər xatirəmiz var, nə qədər hekayəmiz var! Bir neçə yüz min döyüşçümüz olub və onların hər biri bir xatirə kitabıdır. Onların hər birinin dostları, tanışları, ailə üzvləri, valideynləri, həyat yoldaşları və sairi olub; o insanların da hər biri həmin döyüşçü ilə bağlı xatirələri qəlbində gəzdirən bir mücrüdür. O mücrülərdən bəziləri, təəssüflər olsun ki, bu otuz, otuz neçə ildə açılmadan torpağın altına gedib, bizim daha onlara əlimiz çatmır. Heyf! Heyf! Dünən və ya bu gün öz xatirələrini qələmə almaq, yaxud gedib döyüşçülərin ata-analarından, həyat yoldaşlarından onlarla bağlı xatirələrini bölüşmələrini xahiş etmək fikrinə düşən insanlar, əslində, çox önəmli və ağır bir ziyanın qarşısını alırlar. Bu dəyərli, misilisiz xəzinələri dirçəldir, yenidən canlandırır, heç olub getməsinə imkan vermirlər. Bunlar xalqın sərvətidir; həm o savaşda iştirak etmiş və bu gün aramızda olan insanlar – əlil və veteranlar, azadələr, keçmiş döyüşçülər və sair – həm də onların xatirələri xalqımızın sərvətidir.

Müqəddəs Müdafiənin müxtəlif aspektləri var. Həmin aspektlərdən biri budur ki, Müqəddəs Müdafiə imperializmin ağalıq etdiyi dünyada beynəlxalq güclərin balansının – imperialistlərin və imperializmə boyun əyənlərin mənzərəsini yaratdı. Müqəddəs Müdafiə budur. Siz və digər döyüşçülər o 8 il ərzində çağdaş dünyanızın – sərsəm, vəhşi, zalım, mənəviyyatdan, vicdan və insafdan xəbərsiz olan dünyanın mənzərəsini yaratmağı və tarixə həkk etməyi bacardınız. Siz bunu öz əməlinizlə necə etdiniz? Qarşınızda elə bir tərəf-müqabil dururdu ki, bizim öz sərhədlərimizə tikanlı məftil çəkməyimizə belə imkan vermirdi; məndə olan məlumata görə, belə olub və elə bu cürdür də; biz tikanlı məftil çəkmək istəyirdik, o məftili bizə satmamaqları bir kənara qalsın, bizə həmsərhəd olan və ərazisindən o məftilin keçməli olduğu ölkə də bizimə razılaşmır, icazə vermirdi. Bu tərəfdə biz idik, o biri tərəfdə də ixtiyarında dünyanın ən müasir hərbi texnikası olan, həm də istədiyi qədər olan bir qüvvə. 92-ci Əhvaz diviziyasının tanklarının sayı heç 20-yə çatmırdı! Yəni zəruri tank qüvvəsinin 1/7, 1/8 hissəsinə malik idi; halbuki bir batalyonun qırx neçə tankı olmalıdır. Bizim gördüyümüz ordunun, yəni Əhvazda dislokasiya olunmuş briqadanın 20-dən az tankı var idi. Qarşı tərəfinsə tankı küçədə ilişib qalanda buldozer göndərib onu bir kənara atdırırdı ki, küçə açılsın; yəni onlar üçün qətiyyən əhəmiyyətli deyildi. Ürəyi nə istəsə, varı idi; quru, hava və dəniz qüvvələrinin ehtiyac duyduğu hər cür silah və texnikanı əldə edə bilirdi. Hətta kimyəvi silahdan da istifadə etməyə icazəsi var idi. Baxın, bu gün Avropa və Amerika kimyəvi silahdan istifadəni qınamaq üçün dünyada nə hay-küy salır, nə həyasızlıq edir! O vaxt isə Səddam rejiminin kimyəvi silahdan istifadə etməyə icazəsi var idi; özü də təkcə cəbhədə yox, dinc əhalinin yaşadığı şəhərlərdə də. Sərdəşt bu gün də bunun əzabını çəkir. Sərdəştin ətrafında hələ də kimyəvi silahın təsiri mövcuddur. Baxın, o vaxt dünya bu vəziyyətdə idi; bu onu göstərirdi ki, dünyada kim-kimdir, hansı qütbləşmələr var, güc balansı necədir. Müharibə, Müqəddə Müdafiə, o 8 il, döyüşçülərin o fədakarlıqları bütün bunları təsbit edərək bir fakt kimi tarixə yazdı. Səddama kömək edənlər elə o Fransa, Almaniya və digər Avropa ölkələri idi; qalanları da ki, öz yerində; o vaxtkı Sovet İttifaqı da bir yandan. Bundan əlavə, iqtisadi-siyasi blokadada olmağımız bir yana, üstəlik informasiya və təbliğat baxımından da ağır blokada şəraitində idik; yəni səsimiz, həqiqətən də, heç yerə çatmırdı, dünya mediası sionistlərin – bizə düşmən olan qüvvələrin əlində idi. Bunu Səddamın tərəfdarı olduqlarına görə etmirdilər, birbaşa İslam dövlətinə düşmən idilər, əleyhimizə əllərindən gəldiyi qədər təbliğat aparırdılar və bizim də səsimiz heç yana çatmırdı. Biz belə bir vəziyyətdə idik.

İndi mən soruşmaq istəyirəm ki, fransız və alman xalqları öz dövlətlərinin o 8 ildə İran adlı xalqın başına nələr gətirdiyini nəyə görə bilməməlidirlər? Nəyə görə bilməməlidirlər? Hazırda bilmirlər, bu isə bizim səhlənkarlığımızdır. Hazırda dünya ictimaiyyəti imperializm sisteminin bizim tərəfimizdən yaradılmış, şəffaf və açıq-aydın göz önündə olan rüsvayedici tablosunu görmür. Nə üçün? Bu bizim səhlənkarlığımızdır və biz bu istiqamətdə çalışmalıyıq.

Biz öz ədəbiyyatımızda, kinomuzda, teatrımızda, telekanallarımızda, qəzetlərimizdə, virtual məkanımızda Müqəddəs Müdafiə ilə bağlı indiyə qədər görmədiyimiz bir çox işləri görməliyik. Harada ki, məsuliyyətlə müəyyən işlər görmüşük – azacıq, əslində görməli olduğumuz işlərin məcmusu ilə müqayisədə çox kiçik həcmdə olsa belə – effekti, təsiri olub. Elə bu son vaxtlarda cənab Hatəmikiyanın Suriyada çəkdiyi o film harada yayımlanıbsa, çox yüksək səviyyədə qarşılanıb. Nəyə görə Avropada yayımlanmamalıdır? Nəyə görə Asiya ölkələrində yayımlanmamalıdır? İndoneziya, Malaziya, Pakistan və Hindistan xalqları bu regionda nələrin baş verdiyini, bizim kiminlə üz-üzə qaldığımızı nəyə görə bilməməlidirlər? Hələ bunlar bu son vaxtlarda baş vermiş hadisələrdir; Müqəddəs Müdafiə dövründə baş verənlərin əhəmiyyəti, mahiyyəti və miqyası bundan qat-qat artıqdır.

Bəzən İran filmlərini aparıb Avropada keçirilən kinofestivallarda göstərirlər; keyfiyyət və peşəkarlıq baxımından Müqəddəs Müdafiə, yaxud İslam İnqilabı mövzusunda çəkilmiş filmlərin əksəriyyətindən qat-qat aşağı olan filmləri. Onları bəh-bəhlə nümayiş etdirirlər, amma Müqəddəs Müdafiə barədə olan bir dənə də filmi nümayişə çıxarmırlar. Nəyə görə? Belə məlum olur ki, qorxurlar. Qorxurlar ki, dünya xalqları bu ifşaedici mənzərədən xəbər tutar, onun təsiri altına düşərlər; qorxurlar. Deməli, bu bizim ixtiyarımızda olan effektiv bir silahdır, böyük bir imkandır. Bu imkandan nəyə görə istifadə etmirik?

Biz özümüz işə girişib qəhrəmanlarımız üçün filmlər çəkməliyik. Bizim qəhrəmanlarımız var: Himmət qəhrəmandır, Bakiri qəhrəmandır, Xərrazi qəhrəmandır; o komandirlər qəhrəmandır; bu gün həyatda olanların da bəziləri qəhrəmandır. Heç də o demək deyil ki, bu gün sağ olanların ixlas və imanı şəhid olub dünyadan gedənlərdən azdır. Allah-taala onları ehtiyat kimi qoruyub saxlayıb. Allahın onlarla işi var; çoxları belədir. O simaları tanıtdırmaq lazımdır. Dünya bu simaları tanımalı, onların əzəmətini dərk etməli, bilməlidir.

Ölkəmizdə çap olunmuş yaxşı əsərlərin başqa dillərə tərcümə olunması sahəsində bir hərəkat başlatmaq lazımdır; dəyərli əsərlər tərcümə olunmalıdır. Sevindirici haldır ki, yazılı ədəbiyyatımızda yaxşı, dəyərli əsərlər heç də az deyil. Mən vaxt etdikcə, əlimə keçdikcə o kitabları oxumağı xoşlayıram və oxuyuram da. Çox yaxşı əsərlər yazılıb və onların başqa dillərə tərcümə olunması, həqiqətən də, yerinə düşər; indiyə qədər qələmə alınanları deyirəm. Bir tərcümə hərəkatına start verək; kənardan tərcümə yox, kənar üçün, olanları, baş vermiş hadisələri kənardakılara təqdim etmək üçün tərcümə. Qoy bilsinlər ki, Abadanda nələr olub, Xürrəmşhərdə nələr olub, o döyüşlərdə nələr olub, bizim kəndlərimizdə nələr baş verib. Mən o kirmanşahlı xanım – Firəngiz xanım (3) üçün yazılmış bioqrafiyanın kənarına bir qeyd etmişdim; yazmışdım ki, biz döyüş bölgələrində nələrin baş verdiyini, həqiqətən də, bilmirmişik.

Mən dəfələrlə demişəm ki, bu tablo gözəl bir tablodur, amma biz ona uzaqdan baxmışıq. İnsan bu tabloya yaxınlaşdıqca, onda işlənmiş detalları gördükcə ona daha çox heyran olur. O hadisələr qələmə alınıb, qoy dünya xalqları onlardan xəbər tutsunlar. Ərəbcəyə, ingiliscəyə, fransızcaya, urdu dilinə – dünyanın canlı dillərinə tərcümə olunsun. Qoy yüz milyonlarla insan dərk etsin, bilsin ki, bu regionda nələr baş verib, biz nə deyirik, İran xalqı kimdir; bu şeylər İran xalqını dünyaya tanıdacaq. Kitab tərcüməsini, yaxşı filmlərin istehsalını məqsədyönlü bir hərəkat şəklində həyata keçirmək lazımdır. Bu işdə İslami Maarifləndirmə Nazirliyinin, Mədəniyyət və Mədəni Əlaqələr Təşkilatının, “Səda və sima” Dövlət Teleradiosunun, Xarici İşlər Nazirliyinin və digər müxtəlif qurumların öhdəsinə məsuliyyət düşür.

Bu gün siz Müqəddəs Müdafiə ilə bağlı xatirələrin toplanması, bu sərmayənin artırılması işi ilə məşğul olmağa başlamasanız, düşmən meydanı sizdən alacaq. Bu isə təhlükədir; sizə deyirəm. Müharibə haqda siz – o döyüşlərdə olanlar danışmalısınız. Bu barədə siz danışmasanız, düşmən öz ürəyi istədiyi kimi danışacaq. Müəyyən nöqsanlardan da istifadə edəcək, öz istədiyi kimi qoşub-quraşdıracaq; sözsüz ki, istənilən hərbi və qeyri-hərbi hərəkatın müəyyən nöqsanları, zəif cəhətləri ola bilər və bunun da, mütləq, var; onlardan istifadə edəcəklər. Biz bu məsələdə özümüzdə son dərəcə böyük məsuliyyət hiss edərək çox işlər görməliyik.

Müqəddəs Müdafiədə baş vermiş hadisələr nəql olunarkən bu savaşın mesajının əzəməti özünü göstərməlidir. Müqəddəs Müdafiənin ümumilikdə vahid ruhu, dili və mesajı var; bu əks olunmalıdır; o ruh və mesaj iman, fədakarlıq, sevgi, mücahidə ruhundan ibarətdir, gəncləri, orta yaşlı, ahıl kişiləri kimi, yeniyetmələri də şövqlə döyüş meydanına atılan bir xalqın sarsılmazlığının mesajıdır. Bu, çox önəmlidir. Maddi dünyanın sıravi gənclərinin öz hiss və həyəcanını başqa formalarda sakitləşdirdiyi bir vaxtda bizim 16-17 yaşlı gənclərimiz döyüş meydanlarına yollanmış, gənclik həyəcanını Allah yolunda cihadla təmin etmişlər. Bunlar çox önəmlidir, çox dəyərlidir.

Əlbəttə ki, müharibə çox çətin, ağrı-acılı bir şeydir. Dostlarımızdan bəziləri də bayaq burda qeyd etdilər ki, müharibə çox acıdır. Quran isə bu ağrı-acılı hadisədən əzəmət, qurtuluş və sevinc mesajı çıxarır. Baxın, öldürülmək, dünyadan getmək dünyadakı bütün insanların, yəni insanların əksəriyyətinin gözündə itkidir, yoxluqdur. Amma Quran nə deyir? Quran deyir:

وَیَستَبشِرونَ بِالَّذینَ لَم یَلحَقوا بِهِم مِن خَلفِهِم اَلّا خَوفٌ عَلَیهِم وَ لا‌ هُم یَحزَنون

“Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onlar qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. (“Ali-İmran” surəsi, 170-ci ayə)

Quran qətlə yetirilməkdən, ölməkdən, bu dünyadan getməkdən, həyatdan məhrum olmaqdan bir şadlıq, qurtuluş mesajı – müjdə çıxarır;

وَیَستَبشِرونَ بِالَّذینَ لَم یَلحَقوا بِهِم مِن خَلفِهِم اَلّا خَوفٌ عَلَیهِم وَ لا‌ هُم یَحزَنون

 Mənim əzizlərim, mənim gözəl qardaş və bacılarım! Bilin ki, bu gün də biz şəhidlərin mesajını eşitsək, bu mesaj bizdən qorxu və kədəri uzaqlaşdıracaq. Qorxu və kədərə düçar olmuş kəslər bu mesajı almır, eşitmirlər, yoxsa şəhidlərin səsini eşitsək, bu səsin bərəkəti sayəsində qəlbimizdəki qorxu və hüzn də yox olub aradan gedər. Bu bizim qorxu və kədərimizi yox edər, əvəzində isə bizə qurtuluş, şücaət və addım atmaq əzmi bəxş edər.

Bu işi ciddi surətdə davam etdirin; həm İslami Təbliğat Komitəsinin İncəsənət şöbəsi, həm İslami Maarifləndirmə Nazirliyi, həm də digər müxtəlif qurumlar. Mən müxtəlif şəhərlərdə bəzi qurumların bu sahədə fəal şəkildə işlədiyinin şahidi olmuşam; elə bu yaxınlarda Qəzvində, Məşhəddə, Şahinşəhrdə – cənab Bulvərinin qələminin məhsulu idi – çap olunmuş kitabları oxumuşam. Bu məsələdə ölkənin dörd bir yanından hər kəs – gənclər, stimullu, canıyanan insanlar – hərə bir sahədə qolunu çırmayıb işə keçə bilər və elə keçiblər də. Bu fəaliyyətləri yüz dəfə artırmağa çalışın. Mən “yüz dəfə artırın” sözünü mübaliğə üçün demirəm; bu gün həyata keçirilən işlərin, Müqəddəs Müdafiə mövzusunda qələmə alınan kitabların, hazırlanan müxtəlif insəcənət nümunələrinin həcminin sözün həqiqi mənasında bundan yüz dəfə artıq olmasını arzulayıram. Yalnız o zaman biz bu sahədə uğur və qələbə hissi duya bilərik.

İnşallah ki, bu yolla imperializmin kompleks planını da pozarıq. İmperializmin ilk gündən planı bu olub ki, dünyanın bütün maddiyatpərəstlərinin, maddiyyat bataqlığında boğulanlarının – sionistlərin və digərlərinin əl-ələ verib qurduğu, mənəviyyatdan günbəgün uzaqlaşan, sırf maddiyyatçı dünyada mənəvi bir zəmin üzərində cücərib baş qaldıraraq müjdəverici mənəvi meyvələr gətirən körpə fidanı kökündən qoparıb atsın; bütün imperialistlər bunun üçün çalışıblar. Özü də ilk günlər elə bilmişdilər ki, bu asan olacaq; elə Səddamı da o ümidlə İslam Respublikasının canına salmışdılar. Paylarını aldılar, sillə yeyib geri oturdular; amma yenə də əlləşib-vuruşurlar. Biz onların bu səylərini, bu planını öz əzmimiz, Allaha təvəkkülümüz, özünəinamımız sayəsində, Allahın köməyi ilə, puç edə bilərik. İndiyə qədər elə puç etmişik də; inşallah, bundan sonra da tamamilə puç edəcəyik. Bunu etməyin yollarından biri isə odur ki, siz Müqəddəs Müdafiə ilə bağlı bu məsələlərin yaddaşlardan silinməsinə imkan verməyəsiniz, onları daim yaşadasınız.

Yaxşı, saat 11-ə 5 dəqiqə işlədi. Nə xatirə danışım? Gəlin mən sizə müharibənin başlaması ilə bağlı xatirəmi danışım. Müharibənin başladığı ilk saatlarda mən hava limanının yaxınlığında bir yerdə idim. Zavodda çıxışım var idi. Bir otaqda oturub çıxışın başlamasını gözləyirdik, pəncərədən – pəncərə var idi – hava limanının mənzərəsi görünürdü. Baxdıq ki, hay-küydür, bir də gördük, hə, təyyarələr gəldi. Əvvəlcə nə baş verdiyini anlamadıq, sonra xəbər verdilər ki, hücumdur; Mehrabad aeroportunu vurmuşdular. Fəhlələr toplaşıb məni gözləyirdilər. Gedib 4-5 dəqiqə çıxış etdim və bildirdim ki, getməliyəm, işim var, bizə hücum olunub.

Müştərək qərargaha gəldim; hamı ora yığışmışdı; mərhum Şəhid Rəcayi idi, Şəhid Beheşti idi, cənab Bənisədr idi; hamı orada idi. Biz müzakirəyə başladıq ki, indi nə etməliyik, dedilər – deyəsən, elə mən özüm təklif etdim ki – əvvəlcə xalqla danışmaq lazımdır, çünki camaat nə baş verdiyini bilmir. Hələ heç hadisənin miqyasından da doğru-düzgün məlumatımız yox idi ki, dəqiq neçə şəhəri vurublar. Təkcə bunu bilirdik ki, Tehrandan başqa, digər yerləri də vurublar. Mən təklif etdim ki, bir elan verək. Bu təxminən günortadan sonra saat 2-də, ya 3-də – İmam Xomeyninin (r.ə) bəyanatından əvvəl olan hadisələrdir. Mənə söylədilər ki, onda get, özün yaz. Mən kənara çəkilib bir mətn yazdım, radio vasitəsilə mənim səsimlə yayımlandı; yəqin ki, Dövlət Teleradiosunun arxivində qalır; sözümün canı budur ki, bir neçə gün biz burda olduq; təxminən 5-6 gün. Mən, demək olar ki, heç evə də getmirdim; bəzən bir-iki saatlıq evə baş çəkirdim, amma əksər vaxtlarda, demək olar, gecə-gündüz orada olurduq.

Dezfuldan, Əhvazdan və sair bu kimi yerlərdən ardı-arası kəsilmədən həmin mərkəzə zəng vurub deyirdilər ki, çatışmazlığımız var; silah-sursat çatmırdı, canlı qüvvə çatmırdı, imkanlar məhdud idi. Canlı qüvvədən söz düşəndə ağlıma gəldi ki, bir iş görə bilərəm: Dezfula gedim, hər yerdə elan verib deyim ki, gənclər gəlsinlər. Ağlıma belə bir şey gəldi; indi İmamdan icazə almaq lazım idi; onun icazəsi olmadan gedə bilməzdim ki; getdim Cəmərana. Elə bilirdim, qarşı çıxacaq, çünki İmam bəzən bizim bu tip qərarlarımızı – səfərə çıxmaq istəyimizi və sairi tərəddüdlə qarşılayırdı. Mərhum Hacı Əhmədağaya dedim ki, mən gedib İmama bunu söyləmək, cəbhəyə – Dezfula getməyim üçün icazə istəmək fikrindəyəm; dedim, siz də kömək edin, İmam mənə icazə versin. Hacı Əhmədağa da razılaşdı, dedi, olsun. Gəldik otağa. Gördüm, otaqda bir neçə nəfər oturub; mərhum Çəmran da orada idi. Mən İmama söylədim ki, fikrimcə, cəbhə bölgəsinə yollansam, orada olmağım burada olmağımdan daha effektiv olar; icazə verin, mən gedim. İmam düşünmədən dedi: “Bəli, bəli, siz gedin!” Yəni bizim düşündüyümüzün əksinə, İmam çox götür-qoy etmədən dedi ki, bəli, bəli, siz gedin! O mənə “gedin” deyəndə – yeri gəlmişkən, mən də buna çox sevinmişdim – mərhum Çəmran dedi ki, icazə verin, mən də gedim. İmam dedi, olsun, siz də gedin. Mən üzümü mərhum Çəmrana çevirib dedim: “Onda qalx da, nəyi gözləyirsən? Qalx, gedək”. Çölə çıxdıq, hələ günorta deyildi. Mən dərhal yola düşmək istəyirdim, amma o, axşama qədər gözləməyi təklif etdi. Mən tək idim, yəni təkbaşına getmək istəyirdim, özümlə kimisə götürmək fikrim yox idi, onunsa başında bir dəstəsi var idi – yola düşəndə gördüm ki, 60-70 nəfərə yaxın adamı var – gəlib onunla təlim keçmişdilər, hazırlaşmışdılar, o da onları özü ilə aparmaq istəyirdi, həmin adamları bir yerə toplamalı idi. Mərhum Çəmran mənə dedi ki, axşama qədər gözləyək, özü də Dezfula yox, Əhvaza gedək, Əhvaz yaxşıdır; dedim, olsun. O bu işlərdə məndən daha məlumatlı olduğuna görə razılaşdım. Evə gedib ailə üzvlərimlə sağollaşdım; 6-7 nəfər mühafizəçimiz də var idi; onlara dedim ki, siz azadsınız, mən müharibə meydanına gedirəm. Siz mənim ətrafımda olursunuz ki, məni qətlə yetirilməkdən qoruyasınız, mən isə hazırda döyüş meydanına gedirəm, orada daha mühafizəçi ilə gəzməyin mənası yoxdur! O uşaqlar da gözlərinin yaşını tökməyə başladılar ki, olmaz-filan; dedim, yox, mən sizi aparmıram. Dedilər, yaxşı, onda mühafizəçi kimi aparmayın, qoy, yol yoldaşı kimi biz də sizinlə gələk; biz də cəbhəyə getmək istəyirik, bizi bu cür aparın. Buna razılaşdım, beləcə, onlar da mənimlə həmin cəbhə bölgəsinə yollandılar, sona qədər də bizimlə oldular.

Axşam mərhum Çəmranla yola düşdük, bir “C 130”-a minib Əhvaza tərəf gəldik. Əhvaz zülmət qaranlıq idi! İndi mən görürəm, bəziləri döyüş bölgələri haqda roman yazıb, ya nəsə bir yazı yazıb, yazdıqları reallığın tamamilə əksinədir; axı mən döyüş bölgəsini, yəni Əhvazı müharibənin başladığı ilk günlərdə yaxından görmüşəm, bir müddət orada qalmışıq da. Yəni inqilab tərəfdarı olmayan o roman yazarları müharibə haqda nəsə hazırlamaq, nələrsə yazmaq istəyiblər, amma Əhvaz haqda yazdıqları həqiqətə tamamilə ziddir; bəzi digər yerlər haqda yazılanlar da eynilə; biri də Tehran haqda yazıb, o da reallığa tamamilə ziddir; yəni düzgün əks etdirmək istəməyiblər. Öz yazarlarımız, öz romançılarımız meydana keçib bu hadisələri qələmə almalıdırlar. Biz yazmırıq, ona görə də başqaları başqa cür yazırlar.

Qərəz, Əhvaz qaranlıq idi. Qaranlıqda 92-ci diviziyanın qarnizonuna getdik, bir qədər orda olduq, sonra ostandarlığa baş çəkdik. Elə çatdığımız gecə mərhum Çəmran gətirdiyi adamları yığıb dedi ki, gedirik əməliyyata. Dedik, nə əməliyyat? Dedi, gedirik tank ovuna. Mənim də bir kalaşnikov avtomatım var idi, özümün idi – şəxsi silahım idi, yanımda götürmüşdüm – dedim, mən də gəlim? Dedi, olsun, siz də gəlin. Mən də əmmaməni, qəbanı, əbanı bir kənara qoydum, bir dəst əynimdən tökülən, bəduğur hərbi forma verdilər, geydim və gecə bunlarla birlikdə getdik. Halbuki mən nə hərbi təlim görmüşdüm, nə də münasib silahım var idi; yəni tank ovuna heç kim kalaşnikovla getmirdi. Əlbəttə, heç onların da RPG-si və sairi yox idi. Elə onlar da eynilə mənim kimi adi silahla gedirdilər. Getdik, heç tank-filan da ovlamadıq, qayıtdıq gəldik. (4)

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) Görüşün əvvəlində iştirakçılardan bəziləri öz xatirələrini danışmışlar 
(2) Görüş iştirakçılarından bəziləri Ali Məqamlı Rəhbərdən Müqəddəs Müdafiə ilə bağlı xatirələrini danışmasını xahiş edirlər. 
(3) Xanım Firəngiz Heydərpurun xatirələri; Mihnaz Fəttahi tərəfindən qələmə alınmışdır
(4) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülürlər