Ali Məqamlı Rəhbərin informasiya bloku

Şərqi Azərbaycan camaatı ilə görüş

– Mehriban və bağışlayan Allahın adı ilə!

Təbrizin 29 bəhmən günü ‒ bu təntənəli və unudulmaz əlamətdar gün  münasibətilə uzaq yolun zəhmətinə qatlaşıb gələn və gəlişi ilə hüseyniyyəmizi nurlandıran əziz qardaş və bacılarıma: “Xoş gəlmisiniz!” ‒ deyirəm. Həqiqətən də, sizin hər zaman hiss olunan ilıq nəfəsiniz, haqq sözünü deməyi bacaran dilləriniz, susdurulması və durdurulması mümkün olmayan əzminiz bu gün hüseyniyyəmizdə səmimi, dərin təəssüratlar doğuran inqilabi ruhlu bir atmosfer yaratdı; Təbriz camaatı elə tarix boyu da bu kimi yüksək keyfiyyətləri özündə qabarıq formada təcəssüm etdirmişdir.

Elə yaxın keçmişimizdə ‒ məşrutə dövründə və ondan əvvəl baş vermiş olduqca həlledici əhəmiyyətə malik olan hadisələr zamanı Təbriz və bütövlükdə Azərbaycan camaatında iki spesifik xüsusiyyəti müşahidə etmək mümkündür: biri budur ki, Təbriz əhalisi müxtəlif hadisələr zamanı daim avanqard olmuş, olaylara start vermiş, heç bir zaman təşəbbüsü əldən buraxmamışdır. 29 bəhmən hadisəsi də bu qəbildəndir. Heç şübhəsiz, müdrik və uzaqgörən Təbriz camaatı Qumda baş vermiş hadisələrin 40-cı günü bu böyük hadisəyə imza atmasaydılar, ölkədə bu “ərbəin silsiləsi”nin əsası qoyulmazdı və məlum deyil ki, ölkəni başdan-başa bürümüş möhtəşəm, çağlayıb-daşan xalq hərəkatı necə ərsəyə gələr, hansı məcrada davam edərdi. Elə buna görə də çəkinmədən demək olar ki, təşəbbüs məhz təbrizlilərdən gəlmişdi. Ondan əvvəlki hadisələrə də baxsaq, görərik ki, məşrutə prosesində də eynilə bu cür olub: hadisələrə start verən, təşəbbüslə çıxış edən elə təbrizlilər olub. Bu gün ölkəmizin dörd bir yanında sevimli xalqımızın dilində əzbər olan şüarlardan bir çoxu da əksəriyyət etibarilə ilk olaraq təbrizlilərin irəli sürdüyü şüarlardır.
 
Təbriz və Azərbaycan camaatının ikinci səciyyəvi xüsusiyyəti isə onların sədaqəti və vəfadarlığıdır. Bəzi insanlar başladıqları yola axıra qədər davam etmir, vəfadar olmurlar. Cürbəcür hadisələr onları sarsıdır, tərəddüd etməyə, bəzən geri dönməyə, bəzən isə bundan daha betərinə ‒ başladığı hərəkatın ideya və prinsiplərini inkar etməyə vadar edir. Biz dəfələrlə belə işlərin şahidi olmuşuq. Təbriz və Azərbaycan camaatı isə vəfalıdır, sözünün üzərində möhkəm durur. Uca Yaradan Quranda belə buyurur:

و من اوفى بما عاهد عليه اللَّه فسيؤتيه اجرا عظيما
“Kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə, (Allah) tezliklə ona böyük bir mükafat verəcəkdir!” (“Fəth” surəsi, ayə 10)

Yəni vəfalı qalan, haqq sözün üzərində möhkəm duran, zamanın və hadisələrin axarının sarsıda bilmədiyi şəxsə Uca Yaradan, sözsüz ki, böyük bir mükafat verəcəkdir. Lakin bəzi insanlar bu cür deyillər; onlar bağladıqları əhd-peymanı qırırlar. Quran belələri haqda buyurur:

فمن نكث فانّما ينكث على نفسه
“Buna görə də kim əhdi pozsa, yalnız öz ziyanına pozur”. (“Fəth” surəsi, ayə 10)

Deməli, əhdinə sadiq olmayan şəxs, əslində, özünə ziyan vurmuş olur. Bağladığı əhd-peymanı qırmaqla o, sözün həqiqi mənasında, yalnız özünə zərər verir; haqq yoluna isə heç bir ziyan vurmaq mümkün deyil. Sizlər ‒ Təbriz və Azərbaycan camaatı həmişə vəfadarlıq etmisiniz, sözünüzün üstündə möhkəm durmusunuz!

Dahi liderimiz imam Xomeyni (r.ə) Təbriz şəhərini yaxından tanımasa da, təbrizlilərə yaxşı bələd idi. İslam İnqilabının ilk illərində ölkənin müxtəlif bölgələrində, o cümlədən Təbrizdə fitnəkar olaylar baş verdiyi zaman imam Xomeyni (r.ə) belə buyururdu: “Təbrizlilərin özləri fitnəkarların cavabını layiqli şəkildə verəcəklər!” Belə də oldu və təbrizlilər fitnəkarları öz yerlərinə oturtdular. İmanın, qeyrətin, əzmin, uzaqgörənliyin, ayıq-sayıqlığın gücündən başqa heç bir şey o fitnələri, o provokasiya alovlarını söndürməyə qadir deyildi!

Təbrizlilər bu gün də eynilə ogünkü kimidirlər. Bu gün Təbrizin sevimli gəncləri 8 illik Müqəddəs Müdafiə Hərəkatını yaşamadıqlarına, imam Xomeynini (r.ə), cəsur döyüş komandirlərini, o dövrdə yaşamış fədakar şəxsiyyətləri görmədiklərinə baxmayaraq eynilə həmin dövrdə ‒ 29 bəhmən günündə meydana atılmış, 8 illik məcburi müharibə müddətində müxtəlif cəbhələrdə cəsarət və fədakarlıq göstərmiş təbrizli gənclər kimi əzm, mübarizlik və uzaqgörənliklə meydanlarda hazır olmuşlar. Bu gün gənclərimiz eynilə həmin dövrün gəncləri kimidirlər. Bu, nə deməkdir?! Səbəb nədir? Nə baş verir? Bunun səbəbini, işin mahiyyətini bu kəlamın həqiqətində axtarmaq lazımdır: “İslam İnqilabının sözü haqq sözüdür!” Bu, haqqa məxsus bir keyfiyyətdir.

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللّهُ مَثَلاً كَلِمَةً طَيِّبَةً كَشَجَرةٍ طَيِّبَةٍ
“Məgər Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tovhidi) pak ağaca bənzədib”. (“İbrahim” surəsi, ayə 24)

Yəni o, münbit torpaqda əkilmiş sağlam, pak və gözəl bir ağaca bənzəyir.

اصلها ثابت و فرعها فى السّماء
“Kökü yerdə möhkəm, budağı isə göydədir”. (“İbrahim” surəsi, ayə 24)

تؤتى اكلها كلّ حين باذن ربّها
“O, Rəbbinin izni ilə həmişə (münasib olan hər bir vaxtda) öz meyvəsini verir”. (“İbrahim” surəsi, ayə 25)

Onun meyvəsi də həmişəlikdir; onun bəhrəsini hər fəsildə görmək olar. Yəni haqq sözü olan İslam İnqilabı dünyada həyata keçirilmiş əksər hərəkatlar kimi birdəfəlik istifadə üçün yararlı deyil. Dünyada “inqilab”, “çevriliş”, yaxud başqa adlar altında bir çox hakimiyyət dəyişiklikləri baş verir, lakin zaman keçdikcə onların öz aktuallığını və yararlılığını itirdiyi, birdəfəlik istifadə üçün olduğu aşkara çıxır, qısa zaman ərzində vəziyyət çevrilib əvvəlki kimi, ya da ondan da betər olur. Haqq sözü isə, əlbəttə ki, bu cür deyil! Haqq sözü əbədi və sarsılmazdır.

Bu gün İslam İnqilabının həyata keçirdiyi hərəkat, bu inqilabın amalları elə ilk gündə dahi və müdrik rəhbərimizin müəyyənləşdirdiyi həmin məqsəd və hədəflərdən ibarətdir. Bu hədəflər xalqın fitrəti ilə səsləşdiyi üçün xalq onları qəbul etdi; yoxsa ki, milyonlarla insanın qəlbini bir istiqamətə yönəltmək adi və asan bir iş deyil. İnsanlar məhz onların fitrətinə müraciət edən, Uca Yaradanın sözünü onlara çatdıran şəxsə diqqət yönəldirlər.

لو انفقت ما فى الأرض جميعا ما الّفت بين قلوبهم و لكنّ اللَّه الّف بينهم
“Əgər sən yer üzündə olan şeylərin hamısını xərcləsəydin, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı”. (“Ənfal” surəsi, ayə 63)

Məhz Allahın qüdrətli əli qəlbləri düzgün bir məqsədə doğru istiqamətləndirib və elə bu səbəbdən də belə bir parlaq nəticə əldə olunub. 22 bəhmən günü İslam İnqilabının dünyaya gəlişinin 31-ci ildönümündə küçələrdə toplaşmış insan izdihamı ötən illərdə olduğundan daha böyük idi. Bu izdiham nəinki azalmayıb, sönükləşməyib, hətta daha da qabarıq və möhtəşəm bir şəkil alıb. Bu, varlıq aləmində mövcud olan və hamımıza tanış olan bir təzahürün özünə də ziddir: belə ki, suya bir daş atsanız, atdığınız daş suda dalğa əmələ gətirəcək. Lakin getdikcə bu dalğalar kiçiləcək, azalacaq, sonda zəifləyərək bitəcək. Bunun kimi zamanın axarı da ictimai dalğaları yatırır. Bəs zamanın axarı hansı həqiqətləri zəiflədə bilmir, əksinə, günü-gündən daha da qabardır? Misal üçün, Kərbəla hadisəsi! Aşura günü dostların gözə dəymədiyi, düşmənlə dolu olan o kimsəsiz səhrada Hüseyn ibn Əli (ə) və onun silahdaşları şəhid olur, ailələri əsir aparılır, vəssalam! Bu gün üstündən neçə-neçə əsrlər ötdüyünə baxmayaraq, uzağı 10-15 günə yaddan çıxmalı olan bu hadisə, görün, necə möhtəşəm və qabarıq formada yad edilir. Hüseyn ibn Əlinin (ə) adı nəinki müxtəlif ölkələrdə yaşayan milyonlarla şiələrin, müsəlmanların, hətta qeyri-müsəlmanların arasında da günəş kimi parlayaraq qəlbləri nurlandırır, insanları doğru yola istiqamətləndirir.

İslam İnqilabı da belədir. Bu möhtəşəm inqilab zaman ötdükcə daha böyük həqiqətləri aşkara çıxarıb.

Əlbəttə ki, düşmən başqa cür danışır. Bəziləri də düşmənin dilində, onun leksikonunda danışırlar. Biz bilmirik ki, bunu qəsdən, yaxud bilməyərəkdən edirlər. Allah bilir! Lakin fakt budur ki, düşmənin dili ilə danışırlar. Elə qələmə verməyə çalışırlar ki, guya İslam İnqilabı öz kursundan sapınıb. Xeyr! Əgər İslam İnqilabı öz yolundan sapınmış olsaydı, günü bu gün onun adı, onun xatirəsi ilə bu qədər qəlb ehtizaza gəlməz, imanlı və qəlbi stimul dolu insanlar səfərbər olub ayağa qalxmazdı. Bu, dünyada da müşahidə olunur. Bu gün İslam İnqilabı müsəlman ölkələrində yaşayan insanların qəlbində də öz təsirini qoyur. Siz İslam Respublikası ilə ədavət aparan barmaqla sayılası ölkələrə əhəmiyyət verməyin; dünya xalqları bu inqilabı uca tutur, yüksək qiymətləndirir, ona ehtiramla yanaşır, öz-özlüyündə belə bir hərəkatın həsrətini çəkirlər. Bu, İslam İnqilabının haqq uğrunda həyata keçirilmiş bir hərəkat olduğunu, qalıcı və sarsılmaz olduğunu göstərir:

تؤتى اكلها كلّ حين
“Həmişə (münasib olan hər bir vaxtda) öz meyvəsini verir”. (“İbrahim” surəsi, ayə 25)

Mən də, sizlər də – bizim hamımız bu günə qədər Allahın dəstəyi və yardımı ilə İslam İnqilabının amallarına sədaqətli qaldığımız kimi, bundan sonra da bunu edə bilərik. Bu vəfadarlığı qoruyub-saxlaya bilsək, Tanrı bizə böyük əcr və mükafat verəcək:

فسيؤتيه اجرا عظيما
“(Allah) tezliklə ona böyük bir mükafat verəcəkdir”. (“Fəth” surəsi, ayə 10)

Həmin mükafat təkcə dünyaya, yaxud təkcə axirətə aid deyil. Bu, həm dünyaya, həm də axirətə aid olan bir mükafatdır: dünyada nüfuz və qüdrətdən, uca amallara yetişməkdən, axirətdə isə Allahın əcrindən, İlahi savabdan ibarətdir ki, bu da hər şeydən üstündür. Allah eləməsin, əhdimizə naxələf çıxsaq, yolun ortasında nəfsin istəkləri bizi ora-bura çəksə, bu da bizim öz ziyanımıza olacaq; İslam İnqilabı öz yoluna davam edəcək! Onu yarı yolda buraxıb gedənlər, düşmənin istəyinə uyğun olaraq İslam İnqilabına qarşı çıxanlar özlərinə zərər vurdular. Elə bilirlər ki, oturub inqilabın əleyhinə məkrli planlar cızmaqla, cürbəcür sözlər danışıb provokasiyalar törətməklə nə isə əldə edəcəklər. Xeyr! Səhv edirlər!

Bu il 22 bəhmən günü böyük bir İlahi möcüzə baş verdi və bu hadisə, xalqın belə bir izdihamlı iştirakı hər kəsin diqqətini özünə çəkərək düşünməyə vadar etdi. Düşmənlər və müxalif qüvvələr ‒ istər dövlətə qarşı qəsdən ədavət aparan, istərsə də nə etdiyini doğru-dürüst anlamayan əleyhdarlar başqa cür fikirləşirdilər, başqa bir plan cızmışdılar, başqa xəyallarda idilər. Onlar hələ bir müddət əvvəl bu inqilaba xalqın dayaq olduğunu bariz şəkildə təcəssüm etdirən 22 bəhmən gününü pozmaq üçün nə isə etməyə çalışırdılar. Onlar istər Tehranda, istərsə də başqa şəhərlərdə camaat arasında toqquşmaya səbəb olacaq bir iş görmək niyyətində idilər; planları yalnız və yalnız bu idi. Özləri deyirdilər ki, 22 bəhmən günü İranda vətəndaş müharibəsi başlayacaq! Görün, bu adamlar nə işlər görüblər ki, ölkədə vətəndaş müharibəsinin başlamasını səbirsizliklə gözləyirdilər. Bəziləri bu cür mənasız sözlər danışır, bəziləri isə 22 bəhmən gününü İslam Respublikasının əleyhinə bir çıxış kimi təqdim etməyə, xalqı İslam İnqilabından uzaqlaşmış, İslam Respublikasından ayrılmış, dövlətə qarşı ayağa qalxmış kimi qələmə verməyə ümid bəsləyirdilər; yalnız bunu fikirləşmişdilər, belə bir plan cızmışdılar. İran xalqı isə öz müdrikliyi, uzaqgörənliyi, əzmi və ona bu uzaqgörənliyi, ayıq-sayıqlığı bəxş etmiş Allahın qüdrətli əli sayəsində bütün bu əleyhdarlarının ağzının üstünə möhkəm bir yumruq vurdu, hüccəti tamamlayaraq hər kəsin öhdəsinə düşən vəzifəni açıq-aşkar bəyan etdi.

22 bəhmən günü artıq xarici düşmənləri də yuxudan oyatmış olmalıdır! Amerika prezidenti və onun kimiləri elə hey ağızdolusu İran xalqından danışırlar: “Biz İran xalqının tərəfindəyik!”, “İran xalqı İslam Respublikası rejiminin əleyhinədir!” ‒ deyə dəfələrlə təkrar edirlər. Belələri 22 bəhmən günü küçələrə toplaşmış izdihamı görəndə, görün, nə hala qalırdılar? Məgər Allah düşmənləri bundan artıq necə xar etməli idi ki?! Allah düşmənləri bundan artıq necə rüsvay etməli idi?! Ölkənin daxilində də bir qrup şəxs ‒ bəziləri qəflət, bəziləri ağılsızlıq, bəziləri isə inad və düşmənçilik ucbatından hey İslam Respublikası rejiminin, dövlətin həyata keçirdiyi ümumxalq hərəkatının əleyhinə danışırdılar. “Xalq, xalq, xalq!” ‒ deyirdilər. Bu da xalq! 22 bəhmən xalqın hansı mövqedə durduğunu, nə istədiyini, nə dediyini bir daha göstərdi! Onlar öz fantaziyalarından qürrələnmişdilər. Elə bilirdilər, yaxud özlərini qanmazlığa vurub deyirdilər ki, xalq İslam İnqilabından əl götürüb, camaat imam Xomeynidən (r.ə) qırılıb! 22 bəhmən günü isə xalqın müdrikliyi və ayıq-sayıqlığı, camaatımızın əzmi və imanı, Allahın xalqımıza verdiyi dəstək onlara sərt bir cavab verdi!

Eynilə xarici qüvvələr də özlərindən fantaziyalar uydurur, həqiqətə uyğun olmayan sözlər danışırlar. Hegemon dövlətlərin başçıları (bu dövlətlər bir neçədir) İslam Respublikası ilə bağlı cürbəcür fikirlər söyləyir, İslami rejimi elə qələmə verməyə çalışırlar ki, guya dünya ictimaiyyəti İslam Respublikasına qarşıdır. Hansı dünya ictimaiyyəti?! Məgər hansı dünya ictimaiyyəti İslam Respublikasının əleyhinədir? İslam dövlətinin, İslam Respublikasının əleyhinə olan yalnız və yalnız 4-5 hegemon imperialist dövlətidir ki, əksər hallarda öz milləti belə onların sözlərini qəbul etmir. Sionist kompaniyalarının, millətlərin qanını soran beynəlxalq şirkətlərin əlində olan hökumətlər, əlbəttə ki, İslam Respublikasına ‒ ədalət carçısı olan İslam dövlətinə qarşı çıxacaqlar! Çıxmalıdırlar da! Həqiqət budur ki, əgər günlərin bir günü qaniçən kapitalist şəbəkəsi bizi tərifləsə, bizim əleyhimizə çıxış etməsə, bax, həmin günü biz yas tutmalıyıq!

Bəli, bir neçə hegemon imperialist dövləti İslam Respublikasının əleyhinədir. Lakin dünya ictimaiyyəti heç bir vəchlə İslam Respublikasının əleyhinə deyil. Dünya ictimaiyyəti elə dünya xalqları deməkdir. Dünya ictimaiyyəti həmin imperialist qüvvələrdən özləri də narazı olan çoxsaylı dövlətlər deməkdir. Baxmayaraq ki, onların böyük əksəriyyəti bu narazılığı büruzə verməyə cürət etmirlər, amma biz onların narazı olduğundan xəbərdarıq; sözlərində, bəyanatlarında, bu açıq-aşkar özünü göstərir, bizim özümüzə də bunu deyirlər. Lakin etiraz bildirməyə cürət etmirlər; çünki qorxurlar. Biz isə qorxmuruq! Biz ürəyimizdəki sözü birbaşa, qətiyyətlə deyirik, həm də bu sözün əksər xalqların, əksər dövlətlərin qəlbində olduğunu da bilirik. Biz hegemonluğun əleyhinəyik, biz imperializmin əleyhinəyik, biz bir neçə ölkənin dünyaya ağalıq etməsinə şiddətlə etiraz edirik və bununla mübarizə aparırıq; şübhəsiz ki, bunların dünyanın müqəddəratı ilə oynamasına icazə verməyəcəyik! Əlbəttə, aydındır ki, həmin dövlətlər də bizə qarşıdırlar: gah nüvə məsələsini, gah insan haqlarını, gah da demokratiyanı bəhanə edirlər. Dünyada hər kəs onların yalan danışdığını, riyakarlıq etdiyini yaxşı bilir.

Bu yaxınlarda bura yenidən öz məmurlarını göndərmişdilər ki, Fars körfəzinin ətrafında biz az fırlanıb yenə də İslam Respublikasının əleyhinə həmin yalanları, mənasız sözləri təkrar etsin: “İran atom silahı əldə etmək niyyətindədir!” Sizin bu sözünüzə kim inanar? Kim inanar ki, siz region xalqlarının mənafeyini düşünürsünüz? Sizlər ‒ özünün qeyri-qanuni məqsədləri naminə bu regionun xalqlarını bacardığı qədər, icazə verildiyi qədər tapdalayıb əzənlər! Sizlər Fars körfəzini silah anbarına çevirmisiniz. Bu işləri görən məhz amerikalılardır! Fars körfəzi regionundakı ölkələrin pulunu və sərvətini sorub-apardılar, əvəzində özləri üçün silah bazası yaratdılar. Sizlər müharibə istəyirsiniz, siz İraqa hücum etdiniz, Əfqanıstanı məhv etdiniz, Pakistanın üstünə düşdünüz! İmkan tapdığınız hər bir yerdə də həmin cinayətləri təkrar edəcəksiniz! Hələ bir İslam Respublikası haqqında da danışırsınız?! Regionun bütün xalqları, əksər dövlətləri bilirlər ki, İslam Respublikası sülhün tərəfdarıdır, qardaşlığın tərəfdarıdır, regiondakı dövlətlərin, bütün müsəlman ölkələrinin nüfuz və qüdrətinin tərəfdarıdır. İşsiz-gücsüz sərsərilər kimi ortaya düşüblər! Bu günə qədər nə ediblərsə, təşviş və narahatlıqları ucbatından ediblər. 30 ildir ki, onlar İslam Respublikasına qarşı məkrli planlar qururlar və 30 ildir ki, bu planları boşa çıxır. Bu il İslam Respublikası imperializmə qarşı mübarizəsində artıq neçənci dəfə qələbə çaldı, imperialistlər isə məğlubiyyətə uğradı. Seçkidən sonra bir qrup şəxsin nadanlığı və yanlış mülahizələri ucbatından baş vermiş xoşagəlməz hadisələri düşmən İslam Respublikasını zəiflətmək üçün əldə bəhanə etdi. Lakin əksinə oldu! Elə həmin hadisələr İslam Respublikasının daha da qüdrətlənməsinə səbəb oldu. Əgər bu hadisələrdən öncə kimsə arqumentlər gətirərək düşmənin pusquda durduğunu sübut etməyə çalışırdısa, həmin olaylardan sonra insanlar bunu öz gözləri ilə gördülər. İran xalqı belə bir xalqdır! Düşmənin pusquda durduğunu görəndə dayanmır, əksinə meydana atılır. Bundan sonra da Allahın yardımı və dəstəyi ilə xalqın bütün təbəqələri, İnşaallah, işlərində daha da ciddi olacaq, daha da böyük bir stimulla irəliyə doğru hərəkət edəcəklər: elmdə, sənayedə, idarələrdə, iş yerlərində, ticarətdə, müxtəlif sferalarda! Hamı çalışmalı, hamı iş görməlidir!

Məsul şəxslərin öhdəsinə düşən məsuliyyət də ağırlaşıb. Xalqın bu əzəmətli hərəkatının, bu diqqətəlayiq ayıq-sayıqlığının müqabilində ölkə rəsmilərinin, üçlü hakimiyyət qüvvələrinin rəsmilərinin məsuliyyəti daha da ağırlaşıb. Bu xalq öz ölkəsini, inqilabını və dəyərlərini müdafiə etməyə hazırdır! Cəmiyyətə xidmət edən insanlar bu xalqın qarşısında itaət və ehtiramla, səriştə və ciddiyyətlə öz vəzifələrinə əməl etməli, xalq üçün çalışmalıdırlar! Düzdür, ölkədə qayğı və problemlər var, çətinliklər var. Lakin elə bir problem və çətinlik yoxdur ki, imana söykənən iradə və əzm ilə onu yoluna qoymaq, aradan qaldırmaq mümkün olmasın. İnşaallah, üçlü hakimiyyət qüvvələrində çalışan ölkə rəsmiləri, elə xalqın nümayəndələrinin özləri  də, ümumilikdə – hər kəs öz payına düşən qədər, öz növbəsində müxtəlif sahələrdə çalışıb səy göstərəcək və bu problemləri aradan qaldıracaq. Hər kəs bilsin ki, İran xalqını parlaq bir gələcək gözləyir! Bu xalq, əvvəldə qeyd etdiyim kimi, öz qəti qərarını verib. Bu xalq, İnşaallah, öz uca hədəflərinə yetişəcək və nəinki təkcə İslam dünyasına, hətta bütün xalqlara nümunə olacaq, izzət və əzəmət yolunun haradan keçdiyini öyrədəcək!

Ümidvaram ki, Uca Yaradan Öz lütfünü, mərhəmətini və yardımını bütün İran xalqına, o cümlədən sizlərə ‒ Təbriz və Azərbaycanın sevimli əhalisinə şamil edəcək. İmam Mehdi Sahibəz-Zəmanın (Ruhlarımız ona fəda olsun!) müqəddəs qəlbini hamımızdan razı salacaq! İmam Mehdi Sahibəz-Zəmanın (ə.f) duaları sizlərə şamil olsun, dahi imam Xomeyninin (r.ə) və şəhidlərin pak ruhları sizlərdən məmnun qalsın!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei
17 fevral, 2010-cu il