Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
    • XÜMSÜN TƏCİLİ ÖDƏNİLMƏSİ
    • XÜMSÜ AYIRIB KƏNARA QOYMAĞIN KİFAYƏT ETMƏMƏSİ 
    • XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
    • XÜMS DÜŞƏN MALIN XÜMS DÜŞMƏYƏN MALA QARIŞMASI
    • XÜMS İLİ
      Çap versiyası  ;  PDF
       
      XÜMS İLİ
       
      Xüms ili
      45. Xüms ili nədir və necə təyin edilir?
      Cavab: Xüms ili şərti deyil, həqiqi prosesdir. Yəni ilk gəliri əldə etdiyiniz tarix sizin xüms ilinizin ilk günüdür və hər ilin həmin günü xüms ilinizin başlanğıcı sayılır. İl ərzində yaşam ehtiyaclarınıza şəninizə uyğun olaraq xərclənən pula xüms düşmür. Xüms ili tamamlananda artıq qalan pula, həmçinin düyü, noxud və bu kimi istifadə oluna bilən və ilin sonunadək istifadəsiz qalan ərzaq məhsullarına, habelə ehtiyac xaricində alınan və ya şəninizdən artıq olan mallara xüms düşür. Əlbəttə, mehriyyə, irs, hədiyyə, bayramlıq və mükafatın xümsü yoxdur. Əgər xümsün hesablanmasında çətinliyiniz varsa, xümsün hesablanması ilə bağlı mərcəyi-təqlidin idarəsinə və ya onun şəri əmlak vergiləri üzrə səlahiyyətli nümayəndələrindən birinə müraciət edin. 

       

      46. Xümsün ödənilməsi üçün ilin başlanğıcı necə təyin edilir?
      Cavab: Xüms ilinin başlanğıcını mükəlləfin özü təyin etmir, əksinə, ilin gəlirinin əldə edilməsi əsasında təyin edilir. Deməli, fəhlə və işçilərin xüms ilinin başlanğıcı əmək qarşılığında ilk gəliri ala biləcəkləri gün, tacirlər və mağaza sahiblərinin xüms ilinin başlanğıcı alverə başladıqları gün, əkinçilərin xüms ilinin başlanğıcı əkinçilikdən ilk məhsulu götürdükləri gün olacaqdır.

       

      47. Mən xüms ilimin başlanğıcını ötən ilin üçüncü ayının ilk günü təyin etdim. Bu il həmin tarixdə bank hesabımın gəlirinin xümsünü hesablamaq üçün banka müraciət etdim. Xüms ilinin gəlirinin hesablanmasında bu qayda düzgündürmü?
      Cavab: Sizin xüms ilinizin başlanğıcı əldə edilə bilən ilk gəliri əldə etdiyiniz gündür. Xüms ilinin başlanğıcını həmin gündən geri çəkə bilməzsiniz. 

       

      48. Əgər bir şəxs xüms ili tamamlananda ilin gəlirindən heç nə artıq qalmayacağına və bütün gəlirinin il ərzində yaşam ehtiyaclarına sərf ediləcəyinə əmindirsə, bu halda özünə xüms ili təyin etməsi vacibdirmi? Əgər gəlirindən ilin sonunadək heç nə artıq qalmayacağına əmin olan şəxs özünə xüms ili təyin etməyibsə, hökmü nədir?
      Cavab: Xüms ilinin başlanğıcı mükəlləf tərəfindən təyin edilmir, əksinə, bu, həqiqi və təbii bir prosesdir. Belə ki, xüms ili tacir üçün alverə başladığı, əkinçi üçün məhsul yığımının vaxtı çatdığı, fəhlə və işçi üçün ilk zəhmət haqqını aldığı gündən başlanır. Xüms ili tamamlananda hesabat aparmaq və ilin gəlirini hesablamaq “müstəqil vacib əməl” deyildir, əksinə, xümsün miqdarını bilmək üçün bir yoldur. Mükəlləf xüms verməyin ona vacib olduğunu bildiyi, amma xümsün miqdarını bilmədiyi halda hesabat aparmaq ona vacib olur. Əgər ilin gəlirindən heç nə qalmasa və gəlirin hamısı məişət xərclərinə sərf edilsə, xüms vermək ona vacib olmur. 

       

      49. Xüms ilinin başlanğıcı ilk iş günüdür, yoxsa ilk maaşın alındığı gün?
      Cavab: Fəhlə və işçilər də daxil olmaqla maaş alanların xüms ilinin başlanğıcı ilk zəhmət haqqını və ya maaşı aldıqları, yaxud ala biləcəkləri gündür. 

       

      50. İlk çekin alındığı tarix xüms ilinin başlanğıcı hesab olunmalıdır, yoxsa çekdəki məbləğin nağdlaşdığı tarix?
      Cavab: Nağd pulun əldə edilməsinin mümkün olduğu tarix xüms ilinin başlanğıcı hesab olunacaqdır.
       
      Qəməri və şəmsi təqvim
      51. Xüms ili şəmsi təqvimlə olmalıdır, yoxsa qəməri təqvimlə?
      Cavab: Bu barədə mükəlləf seçim sahibidir.

       

      Xüms ilini dəyişmək
      52. Bir şəxs deyir ki, onun xüms ilinin başlanğıcı ilin onuncu ayı idi. Amma unutduğuna görə, onuncu ayda xümsü ödəməmiş və on ikinci ayda evə xalça, divar saatı və döşənəcək almışdır. İndi isə xüms ilini ramazan ayına salmaq qərarına gəlib. Alınan bu əşyaların “İmam (ə) payı və seyid payı” (yəni xüms) barəsində sizin rəyiniz nədir?
      Cavab: Xüms ilini irəli və ya geri çəkməyə icazə verilmir. Yalnız mərcəyi-təqlidin nümayəndəsinin icazəsi ilə ötmüş müddəti hesabladıqdan sonra və “xüms sahibləri”nin (yəni İmam (ə) və seyidlərin) ziyana düşməsinə səbəb olmamaq şərtilə buna icazə verilə bilər. Qeyd edilən ev əşyalarının alışına ödənilən pul ötən ilin gəlirindən olduğu üçün onun xümsü verilməlidir.

       

      Gəlir əldə edilən kimi onun xümsünü vermək
      53. Gəlir əldə edən kimi onun xümsünü vermək niyyətindəyəm. Beləliklə də, xüms ili təyin etmək və artıq qalan pulu-malı hesablamaq kimi işlərdən azad olmaq istəyirəm. Bu iş düzgündürmü və xümsün ödənilməsi baxımından kifayət edirmi?
      Cavab: Maneəsi yoxdur. Amma belə bir hesabatda gəlirlər müxtəlif və çoxsayda olduğuna görə çətinliklə üzləşə bilərsiniz, odur ki, bu işi görməyin. Bunun yerinə, əldə etdiyiniz ilk gəlirin tarixini xüms ilinizin başlanğıcı təyin edin və lazımi xərcləri gəlirinizdən götürün, xüms ili tamamlananda da gəlirdən artıq qalan məbləğin xümsünü ödəyin.

       

      Müvəqqəti işçinin xüms ili
      54. Mən tələbəlik illərində bir neçə yerdə müvəqqəti işləmiş və aldığım maaşı həmin il ərzində xərcləmişəm. Hal-hazırda da tələbəyəm. Görəsən, xüms ili təyin etməli idim?
      Cavab: Xüms ili şərti deyil, əksinə, həqiqi və təbii bir prosesdir. Yəni ilk gəlirinizi əldə etdiyiniz tarix sizin xüms ilinizin başlanğıcı idi və hər ilin eyni günü sizin xüms ilinizin başlanğıcıdır.

       

      Subay gəncin xüms ili
      55. Ata-anası ilə yaşayan subay gəncin özünə xüms ili təyin etməsi vacibdirmi? Onun xüms ilinin başlanğıcı nə zamandır və xümsü necə hesablamalıdır?
      Cavab: Əgər subay gəncin az da olsa şəxsi gəliri varsa, xüms ilinə sahib olmalı və ilin gəlirini hesablamalıdır. Əgər xüms ili tamamlananda gəlirindən artıq qalsa, onun xümsünü ödəməlidir. Xüms ilinin başlanğıcı isə ilk gəliri əldə etdiyi gündür.

       

      Ortaq xüms ili təyin etmək
      56. Maaşlarını müştərək şəkildə ev xərclərinə sərf edən ər və arvad müştərək xüms ilinə sahib ola bilərmi?
      Cavab: Onlar öz şəxsi gəlirlərinə əsasən ayrı və müstəqil xüms ilinə sahib olmalı, hər biri öz maaşından və ilin gəlirindən artıq qalan məbləğin xümsünü verməlidir.

       

      Evdar qadının xüms ili
      57. Mən evdar qadınam. Ərimin xüms ili var və vaxtı çatanda o öz əmlakının xümsünü ödəyir. Bəzən mənim də gəlirim olur. Mən də xüms ödəməliyəm və mənim də ayrıca xüms ilim olmalıdır? Xüms ilimin başlanğıcını ilk gəliri əldə etdiyim gün – belə ki, bu gəlirin xümsünü hələ verməmişəm – təyin etməli, il tamamlananda da məişət xərclərini çıxdıqdan sonra qalan məbləğin xümsünü ödəməliyəm? İl ərzində ziyarətə, hədiyyə almağa və bu kimi işlərə sərf etdiyim məbləğə xüms düşürmü?
      Cavab: İlin ilk gəlirini əlinizə aldığınız günü öz xüms ilinizin başlanğıcı təyin etməlisiniz. İl ərzində iş gəlirindən qeyd etdiyiniz şəxsi xərclərə sərf etdiyizin məbləğin xümsü yoxdur. İlin iş gəlirindən il tamamlananda məişət xərclərinizdən artıq qalan məbləğin xümsünü isə verməlisiniz.
       
      Təlim kursu keçən işçilərin xüms ili
      58. Mən təzəlikcə dövlət müəssisələrinin birində işə düzəlmişəm. Hicri-şəmsi1383-cü ilin aban (oktyabr) ayının əvvəlində təlim kursuna göndərildim və təlim kursu təxminən beş ay oldu. Bu müddətdə təlim kursunun maaşı ödənildi. Fərvərdin (mart) ayından etibarən isə maaş tam ödənildi. Sualım budur ki, mənim xüms ilim hansı tarixdən etibarən başlanır: ilk tam maaşı aldığım tarixdən, yoxsa təlim kursunun ilk maaşını aldığım tarixdən?
      Cavab: Əgər təlim kursunun maaşı sizə zəhmət haqqı ünvanında verilibsə, təlim kursunun ilk maaşını aldığınız tarix sizin xüms ilinizin başlanğıcıdır. Amma əgər yardım və hədiyyə ünvanında sizə verilibsə, onun xümsü yoxdur və sizin xüms ilinizin başlanğıcı ilk rəsmi maaşınızı aldığınız gündür.
       
    • XÜMSÜN SƏLAHİYYƏTLİSİ
    • XÜMSÜN MÜSALİHƏSİ(1), MÖHLƏT ALMAQ VƏ DƏSTGƏRDAN ETMƏK(2)
    • XÜMSÜN ÖDƏNİLMƏSİNƏ VƏKİL TUTMAQ
    • BİRİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /