Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
    • 1. İLİN MƏİŞƏT XƏRCLƏRİNDƏN ARTIQ QALAN GƏLİR
    • 2. SƏRMAYƏ VƏ ONUN GƏLİRİ
      Çap versiyası  ;  PDF
       
      2. SƏRMAYƏ VƏ ONUN GƏLİRİ

       

      115. Sərmayəyə və onun gəlirinə xüms düşürmü?
      Cavab: Əgər bir şəxs sərmayənin xümsünü verdiyi halda əlində qalan məbləğ ilə öz ürfi şəninə və ictimai mövqeyinə münasib olan məişət xərclərini təmin edə bilməyəcəksə, sərmayənin xümsü yoxdur.

       

      Qiymətli kağızlar
      116. Birjada olan qiymətli kağızların xümsü necə hesablanmalıdır? Nəzərə almaq lazımdır ki, xüms ili tamamlananda şəxs bir neçə şirkətin səhmdarıdır və adətən, şirkətlərdən bir neçəsinin səhminin alğı-satqısı mühasibat kimi məlum səbəblərdən dayandırılmış olur, nə zaman və hansı qiymətlə satışa çıxarılacağı da məlum olmur. Yaxud da səhmin günün məzənnəsi ilə alıcısı yoxdur, bu səbəbdən də gələcək günlərdə qiymətlərin aşağı düşməsini və alıcı tapılmasını (qanuna əsasən, hər gün qiymət 2% dəyişə bilər) gözləmək lazımdır ki, səhmin həqiqi qiymətini hesablamaq mümkün olsun.
      Cavab: Xüms ili başa çatdıqda sözügedən səhmlərin qiymətini çıxarmaq lazımdır və bu işi görmək nə zaman mümkün olarsa, xüms hesablanmalıdır.
       
      Sərmayə edilən şəri əmlak vergisi ilə ticarət etmək
      117. Bir mədəniyyət müəssisəsi gələcəkdə öz maliyyə ehtiyaclarını qarşılamaqdan ötrü ticarət şöbəsi yaradıb. Onun sərmayəsi isə şəri əmlak vergiləridir. Bu sərmayədən əldə edilən gəlirin xümsü vacibdirmi? Onun xümsünü müəssisəyə sərf etmək olarmı?
      Cavab: Mərcəyi-təqlidin və ya onun vəkilinin icazəsi olmadan şəri əmlak vergiləri ilə ticarət etməyin, hətta əldə edilən gəlir mədəniyyət müəssisəsinə xərclənsə belə, maneəsi vardır. Çünki şəri əmlak vergiləri şəriətdə müəyyən edilən yerlərə xərclənməlidir. Şəri əmlak vergiləri ticarət sərmayəsi edildiyi halda, əldə edilən gəlir sərmayəyə tabe olur və sərmayənin xərcləndiyi yerlərə sərf edilməlidir, xümsü də yoxdur. Əlbəttə, müəssisəyə bağışlanan hədiyyələrlə ticarət işi qurmağın iradı yoxdur və sərmayə müəssisənin əmlakı olduğu halda onun gəlirinin də xümsü yoxdur. 

       

      118. Kreditlərini ödədiyim bir evim və işlətdiyim bir ticarət obyektim var. Şəri vəzifəmə əməl etməkdən ötrü xüms ilinə sahibəm. Lütf edib, evin xümsünü ödəməkdən məni azad edin, amma ticarət obyektinin xümsünü hissə-hissə ödəməyə imkanım var.
      Cavab: Suala əsasən, yaşadığınız və nisyə aldığınız evin xümsü yoxdur. Amma ticarət obyektinizin xümsünü ödəməlisiniz. Amma əgər xümsü ödədiyiniz halda əlinizdə qalan pulla məişət xərclərinizi qarşılayacaq və ürfi şəninizə (cəmiyyətdəki mövqe) uyğun bir işlə məşğul ola bilməyəcəksinizsə, xümsü ödəməkdən azadsınız. 

       

      119. Ötən il Həcc Təşkilatı həcc karvanına lazım olan əşyaları məndən satın aldı. Amma satdığım əşyaların pulunun 200 manatını cari ilin yayında aldım. Ötən il isə 800 manatını almışdım. Nəzərə alsaq ki, mən xüms ilinə sahibəm və hər il “məunə”dən artıq qalan gəlirin xümsünü verirəm, həmçinin həcc karvanına rəhbərlik etdiyim vaxtlarda hacıları idarə etmək üçün mənim sözügedən əşyalara ehtiyacım var idi və onları satdığım zaman qiyməti alış qiymətindən baha oldu, onların satışından əldə etdiyim pulun və ya qiymət fərqinin xümsünü verməliyəmmi?
      Cavab: Əgər sözügedən əşyaları xümsü verilmiş pulla almısınızsa, onların satışından əldə etdiyiniz pulun xümsü yoxdur. Əks halda, onun xümsünü ödəməlisiniz. Hər iki halda isə, inflyasiya məbləğini çıxdıqdan sonra satış zamanı olan qiymət fərqi “satış ilinin gəliri”ndən hesab olunur.
       
      Xümsü verilməmiş pul ilə alınan mağaza
      120. Təxminən iyirmi il öncə bir mağaza almışam, amma xüms ilim olmayıb. Mağazanın alışına ödədiyim məbləğin xümsünü vermək kifayət edirmi, yoxsa mağazanın indiki qiymətinin xümsünü verməliyəm?
      Cavab: Mağazanı satmayanadək onun alışına ödədiyiniz pulun xümsünü verməyiniz kifayət edir. Amma suala əsasən, pulun dəyərinin düşməsi barəsində mərcəyi-təqlidin vəkillərindən birinə müraciət və onunla müsalihə etməlisiniz.
       
      İcarəyə verilən mənzil
      121. Üç qardaş üç mərtəbəli ev alıb onun bir mərtəbəsində məskunlaşmış, digər iki mərtəbəni isə icarəyə veriblər. İcarəyə verilən mənzillərə xüms düşürmü? Bu, onların məişət xərclərindən sayılırmı?
      Cavab: Əgər evi ilin gəlirindən yaşayış üçün alıb, amma hazırda yaşam ehtiyaclarını qarşılamaq üçün onun iki mərtəbəsini icarəyə veriblərsə, ona xüms düşmür. Amma əgər bəzi mərtəbələri icarəyə vermək və icarə pulu ilə yaşam ehtiyaclarını təmin etmək məqsədilə alıblarsa, evin həmin hissəsi sərmayə hökmündədir və xümsü var.
       
      Xümsü verilmiş puldan əldə edilən gəlir
      122. Əgər xümsü verilmiş pul ilə, məsələn, 100 manata bir xalça alsam və müəyyən vaxtdan sonra onu 150 manata satsam, xümsü verilmiş pula əlavə olan 50 manat gəlir sayılırmı və ona xüms düşürmü?
      Cavab: Alış qiymətindən artıq olan məbləğ gəlir sayılır və ilin məişət xərclərindən artıq qalanına xüms düşür.
       
      Banka depozit qoyulan pul
      123. Banka depozit pul qoymağın belə bir üsulu da var ki, pul heç vaxt hesab sahibinin əlinə verilmir, amma onun bank hesabına müəyyən seriya ilə köçürülür. Bu pula xüms düşürmü?
      Cavab: Əgər bu pul ilin gəlirindən olsa və bankdan onu almaq mümkün olsa, xüms ili tamamlananda onun xümsü verilməlidir.
       
      İcbari depozit
      124. Mən bankda işləyirəm. İşə düzəlmək üçün banka 5000 manat icbari depozit qoymuşam. Bu məbləğ öz adıma açılmış uzunmüddətli hesabdadır və hər ay pulun gəliri mənə ödənilir. Bank hesabına qoyduğum pulun xümsü mənə vacibdirmi? Qeyd etməliyəm ki, sözügedən məbləğ dörd ildir bankdadır.
      Cavab: Əgər hal-hazırda həmin məbləği bankdan götürmək mümkün deyilsə, geri götürənədək onun xümsünü verməyiniz vacib deyil. Amma pulun illik gəliri məişət xərclərindən artıq qaldığı təqdirdə, onun xümsü vardır.
       
      Qızıl sikkə
      125. Əgər bir şəxsin qızıl sikkəsi varsa, onun xümsünü verməlidirmi?
      Cavab: Əgər iş gəlirindən sayılsa, xümsün vacibliyi baxımından digər iş gəlirləri hökmündədir.

       

      Qızıl sikkənin xümsünü onun özündən ödəmək
      126. Qiymətlər artacaq deyə bir neçə qızıl sikkə aldım. Əgər xüms ili tamamlananda həmin sikkələrin beşdə birini xüms olaraq vermək istəsəm və niyyətim də bu olsa ki, sikkələrin özündən xüms verdiyimə görə daha gələcək illərdə sikkələrə və onların qiymət artımına xüms düşməsin, bu iş düzgündürmü?
      Cavab: Sikkələrin xümsünü onun özündən vermək onların il ərzindəki qiymət artımına xüms düşməməsinə səbəb olmur. Əksinə, onların il ərzindəki qiymət artımına xüms düşür.
       
      Qızılı yığmaq və ya banka qoymaq
      127. Əgər bir şəxs qızılı sərmayə kimi yığsa və ya banka qoysa, hökmü nədir?
      Cavab: Suala əsasən, onun xümsünü vermək vacibdir.

       

      Boş və istifadə edilməyən torpaqları becərmək
      128. Bir şəxs boş və istifadə edilməyən torpağı becərmək və meyvə ağacları əkib barından istifadə etmək məqsədilə orada dərin quyu qazıbdır. Nəzərə almaq lazımdır ki, əkilən ağaclar bir neçə ildən sonra bar verəcək və xərci də çoxdur. Bu şəxs bağa on min manatdan çox pul xərcləyib. Amma indiyədək onun xüms ili olmayıb və əmlakının xümsünü ödəməyib. Hal-hazırda isə xümsünü ödəmək üçün əmlakını hesablamaq qərarına gəlib. İndi görür ki, inflyasiya ilə əlaqədar olaraq quyu, torpaq və bağın qiyməti çəkilən ilkin xərclərin bir neçə misli qədər olmuşdur. Əgər onların indiki qiymətinin xümsünü vermək istəsə, buna maddi imkanı çatmaz. Yox əgər xümsü torpağın, bağın və s. özündən vermək istəsə, çətinliyə düşəcək. Çünki zəhmət çəkmiş və bağın barından özünün və ailəsinin məişət xərclərini təmin etmək ümidilə böyük xərclərə, çətinliklərə qatlaşmışdır. Əmlakının xümsünə dair onun vəzifəsi nədir? Xümsü rahat ödəyə bilsin deyə, xümsünü necə hesablamalıdır?
      Cavab: Bağ salmaq üçün iş gəlirindən xərclədiyi pula xüms düşür. Əlbəttə, pulun dəyərinin fərqi barəsində mərcəyi-təqlidin vəkillərindən biri ilə müsalihə etməlidir.
       
      Maşın növbəsini başqasına vermək
      129. Maşın almaq üçün beh ünvanında müəyyən məbləğ pul ödəmişdim. Amma maşın təhvil verilən zaman əlimdə pul olmadığına və pulun qalanını ödəyə bilmədiyimə görə növbəmi atama verdim. O da maşını aldı. Həmin vaxtdan bir il keçmişdir və mənim beh ünvanında ödədiyim pulu atam mənə indi qaytarır. Əgər sözügedən pulu mənzil girovu olaraq ev sahibinə vermək istəsəm, xümsünü ayrıca ödəməliyəm?
      Cavab: Əgər sözügedən pul il ərzindəki gəlirinizdən olubsa və xüms ilinin vaxtı keçibsə, xümsü var. 

       

      İş avadanlıqları
      130. İş yerində istifadə olunan avadanlıqlara xüms düşürmü?
      Cavab: İş alətləri və avadanlıqları sərmayə hökmündədir. Əgər iş gəlirindən alınıbsa, xümsü var.

       

      131. Klinikada mövcud avadanlıqlara, o cümlədən, masa, oturacaq, şkaf, tablo və başqa əşyalara xüms düşürmü?
      Cavab: Onlar sizin sərmayənizdir və xümsü var.

       

      Ədalət səhmləri
      132. Ədalət səhmlərinin xümsü varmı?
      Cavab: Əgər dövlət tərəfindən paydırsa, xümsü yoxdur. Amma əgər kredit kimi verilibsə, xüms ilinin sonunadək iş gəlirindən ödənilən kreditlərin xümsü var.
       
      Mağazadakı mallar
      133. Mağazada satışa qoyulan malların xümsünü vermək vacibdirmi?
      Cavab: Əgər iş gəlirindən alınıbsa, xümsü vacibdir.

       

      Kənara qoyulan “rəddi-məzalim” (1)
      134. “Rəddi-məzalim” ünvanında müəyyən məbləğ pul kənara qoymuşdum. Üzərindən bir il ötməsinə rəğmən, hələ də onu əlaqədar mərcəyi-təqlidə təhvil verə bilməmişəm. İndi ona xüms düşürmü? Əgər bu pulu banka qoysam, onun gəlirinə də xüms düşürmü?
      Cavab: Əgər sözügedən pul ilin gəlirindəndirsə, xüms ili tamamlananda onun, həmçinin ondan əldə edilən gəlirin xümsünü ödəməlisiniz.
       
      Həcc pulu
      135. Həcc və Ziyarət Təşkilatının bankla razılaşması əsasında təməttö həccinə getmək istəyən şəxs banka müraciət edib müzaribə(2) müqaviləsi ünvanında öz adına olan bank hesabına, məsələn, 1000 manat köçürür və qəbz alır. Bu məbləğ həcc səfərinə gedənə kimi həmin şəxsin bank hesabında qalır. Yazılı müqaviləyə əsasən, hər ilin sonunda müzaribənin gəliri onun hesabına köçürülür. Həcc və Ziyarət Təşkilatı həcc ziyarətinə ad yazdıranların növbəsini qorumaq şərtilə, təxminən üç ildən sonra müraciət edənlərin növbəsini onlara bildirir və həccə getmək istədikləri halda onları həccə göndərir. Həcc növbəsi çatan şəxs bank hesabında müzaribə ünvanında olan məbləği geri alıb, qalan xərclərlə birlikdə sözügedən təşkilatın hesabına köçürür və həccə yollanır. Nəzərə alsaq ki, qeyd edilən müqavilə yazılıdır və pul sahibi ilə bank arasında şifahi danışıq olmur, şəxsin müzaribə gəliri ünvanında aldığı məbləğin hökmü nədir?
      Cavab: Yuxarıda qeyd edildiyi şəkildə yazılı müqavilə əsasında olan bank əməliyyatlarının iradı yoxdur və müzaribə müqaviləsindən əldə edilən gəlir yatırımçı şəxsə halaldır. Hesaba qoyulan məbləğin özünə gəlincə, əgər xümsü verilməmiş iş gəlirindən olarsa, xümsü var. Əldə edilən gəlirə gəlincə isə, əgər həcc səfərinə getməmişdən öncə onu bankdan götürmək mümkün olmasa, əlinə aldığı ilin gəlirindən sayılacaqdır və həmin ildə həcc səfərinin xərclərinə sərf etdiyi təqdirdə xümsü yoxdur.

       

      136. Həcc və ya ümrə ziyarətinin xərcləri üçün kənara qoyulan pula xüms düşürmü?
      Cavab: Əgər il ərzindəki iş gəlirindən olarsa və xüms ilinin sonunadək xərclənməzsə, xümsünü vermək vacibdir.

       

      Şərikli sərmayə və onun gəliri
      137. Bir neçə şəxs şərikli şəkildə özəl orta məktəb açmaq qərarına gəldilər. İxtiyarlarında olan kiçik sərmayəni istifadə etdikdən sonra xərcləri qarşılamaqdan ötrü bankdan kredit götürməyi qərara aldılar. Həmçinin qərara aldılar ki, sərmayənin tamamlanması və bank kreditlərinin ödənilməsi üçün şəriklərin hər biri hər ay müəyyən məbləğ pul ödəməlidir. Sözügedən müəssisə hələ gəlirvermə mərhələsinə çatmayıb. Bu halda şəriklərin hər ay ödədikləri məbləğə xüms düşürmü? Müəssisənin dəyəri olan ümumi sərmayəyə xüms düşürmü?
      Cavab: Hər bir şərik sərmayə ünvanında hər ay ödədiyi məbləğin, həmçinin başlanğıcda ortaq sərmayə ünvanında qoyduğu məbləğin xümsünü verməlidir. Hər bir şərik sərmayədən öz payının xümsünü verdikdən sonra ümumi sərmayəyə yenidən xüms düşmür.

       

      138. Bir neçə ildir ki, mədəniyyət işçilərindən bir qrupu “Mədəniyyət İşçilərinin Əməkdaşlığı” adlı şirkət açmışdır. Başlanğıcda şirkətin sərmayəsi bir neçə mədəniyyət işçisinin qoyduğu məbləğdən – belə ki, onların hər biri 1000 manat qoymuşdu – ibarət idi. İlkin səmrayə az olsa da, səhmdarların sayının artması ilə hazırkı sərmayə təxminən 800000 manatdır və bundan əlavə, şirkətin maşınları da var. Şirkətin gəliri səhmdarlar arasında hər birinin səhmi nisbətində bölünür. Onların hər biri öz səhmini rahatlıqla götürüb, şirkətlə hesablaşa bilər. İndiyədək sərmayənin və gəlirin xümsü ödənməyib. Mən şirkətin idarə heyətinin sədri olaraq şirkətin sərmayə və gəlirinə xüms düşdüyü halda onu ödəyə bilərəmmi? Bu barədə səhmdarların razılığı şərtdirmi?
      Cavab: Şirkətin sərmayəsinin və əldə edilən gəlirin xümsünü ödəmək sərmayədəki səhmi nisbətində hər bir səhmdarın vəzifəsidir. Əgər idarə heyətinin sədri bu işi görmək istəsə, şirkətin səhmdarlarından icazə və vəkalət almalıdır.

       

      “99 illik layihə”nin satışından gələn gəlir
      139. “99 illik layihə”nin satışından gələcəkdə mənim səhmim olacaq pula xüms düşürmü?
      Cavab: Ondan gələn gəlir xüms ili tamamlananda ilin məişət xərclərinə sərf edilmədiyi təqdirdə, xümsü var.

       

      İş üçün nəqliyyat vasitəsi 
      140. Bir şəxs illər sonra böyük səy və zəhmət hesabına bir yük maşını alıb və onunla işləyib pul qazanır. Amma maşının xümsünü verə bilməyibdir. Hazırda maşının kredit borcu bitsə də, köhnə model olduğuna görə cari qanunlar ondan köhnəni dəyişib yeni model maşın almağı tələb edir. Bu da öz növbəsində xərc tələb edir. Bu üzdən o, yeni kredit borclarını ödəmək məcburiyyətindədir. Nəzərə alsaq ki, maşının gəliri məişət xərclərini, kreditləri və xümsü ödəməyə çatmır, xüms borcunu ödəmək barəsində onun vəzifəsi nədir?
      Cavab: Əgər maşının xümsünü ödədiyi təqdirdə onun satışdan qalan pul ilə öz ürfi şəninə uyğun məişət xərclərini təmin edə bilməyəcəksə, maşının xümsü yoxdur. 

       

      Torpaq sahəsinin qiymət artımı
      141. İyirmi il öncə aşağı qiymətə alınan və hazırda qiyməti təxminən iyirmi dəfə artan, eyni zamanda xümsü ödənməyən torpaq sahəsinin xümsü barəsində hökm nədir?
      Cavab: Əgər şəxs torpaq sahəsini iş gəliri və ya maaş ilə alıbsa, onun alışına ödədiyi məbləğin xümsünə zamindir. Amma alış qiyməti ilə hazırkı qiymət arasında böyük fərq olduğunu nəzərə alaraq, qiymət fərqi barəsində mərcəyi-təqlidin vəkili ilə müsalihə etməlidir.
       
      Torpaq sahəsini alıb bahalaşması üçün saxlamaq
      142. Bir şəxs əkin yeri və ya torpaq sahəsi alıb və qiymətlər bahalaşanda satmaq istəyir. Xüms ili başa çatdıqda onun xümsünü verməlidirmi? Halbuki onu hələ satmaq niyyətində deyildir? Əgər xümsünü verməlidirsə, alış qiymətinin xümsünü hesablamalıdır, yoxsa hazırkı qiymətin?
      Cavab: Əgər torpaq sahəsini xümsü verilməmiş pul ilə alıbsa, xüms ili tamamlananda onun xümsünü ödəməlidir. Amma əgər xümsü verilmiş pul ilə alıbsa, xüms ili tamamlananda qiymət artımı və satış imkanı olduğu təqdirdə, xüms ilinin sonundakı qiymət artımının xümsünü ödəməlidir.  
       
      Səhmlərin satış pulu
      143. Mən bir istehsal şirkətinin səhmdarı idim. Hər il şəri əmlak vergilərimi sizin nümayəndənizə ödəyirdim. Hazırda isə səhmimi satmış və şirkətlə hesablaşmışam. Aldığım məbləğə xüms düşürmü?
      Cavab: Əgər şirkətdəki səhminizi xümsü verilmiş pul ilə, yaxud hədiyyə, irs və bu kimi xüms düşməyən pul ilə almışdınızsa, şirkətlə hesablaşdıqdan və səhminizin pulunu aldıqdan sonra həmin pula xüms düşmür. Amma alış və satış qiymətləri arasındakı fərq səhminizi satdığınız ilin gəlirindən sayılır və xüms ilinin sonunadək ilin məişət xərclərinə sərf edilmədiyi təqdirdə, xümsü var.

       

      Xümsü verilmiş pul ilə alınan torpaq sahəsi
      144. Bir şəxs xümsü verilmiş pul ilə torpaq sahəsi alıb və bir neçə ildən sonra onu satıb. Həmin pulun üstünə il ərzindəki gəlirindən müəyyən məbləğ pulu qoyaraq, başqa bir torpaq sahəsi alıb. İndi o, bu torpaq sahəsini də satmaq istəyir. Onun xümsü varmı?
      Cavab: Əgər ticarət məqsədilə, yəni qiyməti bahalaşdıqdan sonra satıb gəlir əldə etmək məqsədilə alıbsa, xümsü verilmiş pulu çıxmaq şərtilə onun hazırkı qiymətinin xümsü var.
       
      İstifadə məqsədi dəyişdirilən məkan
      145. Bir obyekt başlanğıcda maşın duracağı məqsədilə tikilib, amma sonradan plan dəyişib və icarəyə verməkdən ötrü ticarət obyektinə çevrilib. Onun tikintisinə sərf edilən pula xüms düşürmü? Əgər xüms düşürsə, xümsü nə zaman ödənilməlidir?
      Cavab: Əgər qeyd edilən məkan başlanğıcda duracaq məqsədilə tikilib və ən azı xüms ilinin sonunadək şəxsi duracaq kimi istifadə olunubsa, istifadəsi dəyişdirildiyinə görə xümsü yoxdur. Amma tikildiyi ilin ortalarında duracağı ticarət obyektinə çeviriblərsə, bu məkan sərmayə hökmündədir və xümsü var.

       

      Yeni salınan bağ
      146. Bir şəxs bir torpaq sahəsində ticarət məqsədilə bağ salıb. Xüms ili başa çatdıqda ağacların hələ bar vermədiyini nəzərə alaraq, təkcə torpağın xümsü verilməlidir, yoxsa ağacların da xümsü verilməlidir?
      Cavab: Əgər meyvələrini satmaq məqsədilə bağ salıbsa, ilin gəlirindən ona xərclədiyi məbləğin hamısının xümsünü verməlidir. Əgər torpaq sahəsinə xüms düşmürdüsə və ya öncədən xümsü verilibsə, xümsü yoxdur. Əgər bağı satmaq istəsə, bağın satışa çıxarılması mümkün olduğu təqdirdə, xüms ili tamamlananda ona xərclənən məbləğin xümsündən əlavə, qiymət artımının da xümsünü ödəməlidir. 

       

      Pul şəklində qalan və ya mala çevirilən müzaribə pulu
      147. Əgər müəyyən məbləğ pul bir il müddətinə müzaribəyə verilsə, digər tərəfdən xüms ilinin başlanğıcı müqavilə müddətinin əvvəlinə təsadüf etsə, habelə sərmayə qoyan şəxs istədiyi vaxt pulu geri almaq icazəsinə malik olsa, bu halda sərmayə qoyan şəxs müqaviləni dayandırmalı və pulun xümsünü ödəməlidirmi?
      Cavab: Əgər müzaribəyə verdiyi pul il ərzindəki gəlirindən olsa, xüms ili tamamlananda bu pulun xümsünü ödəməlidir, baxmayaraq ki, həmin gün müzaribə müqaviləsinin əvvəlinə və ya ortasına təsadüf edir.

       

      148. Əgər bir şəxs iş görülməsi üçün öz pulunu müzaribə ünvanında banka, yaxud şəxsə versə və xüms ili tamamlananda həmin pul iş görən tərəfin əlində mala çevirilmiş (mal şəklində) olsa, bu şəxs öz pulunun xümsünü verməlidirmi?
      Cavab: Əgər banka qoyulan pul iş gəlirindən olub xümsü verilməmiş pul olsa və xüms ili tamamlananda geri alına bilsə, yaxud iş görən tərəfin aldığı mal satıla və pulu geri qaytarıla bilsə, xüms ili tamamlananda bu pulun xümsü verilməlidir.

       

      Ticarət işi üçün xərclənən pul
      149. Ticarətdən gəlir əldə etmək üçün çəkilən xərclərə xüms düşürmü?
      Cavab: Ticarətdən gəlir əldə etmək məqsədilə ticarətlə əlaqədar işlərə, o cümlədən anbar tutulması, yükün daşınması və qapanda çəkilməsi, satış vasitəçiliyi kimi işlərə ilin gəlirindən xərclənən pul həmin ilin gəlirindən çıxılır və xümsü yoxdur. 
       
      Xüms düşən gəlirdən inflyasiyanı çıxmaq
      150. İşim tikinti və satışdır. Xüms də verirəm. Torpaq sahəsi alıb orada bina tikir və satıram. Satışdan gələn pul üç qismə bölünür: əsas sərmayə, inflyasiya və gəlir. Nəzərə alsaq ki, mənim işim bina tikintisi və satışından ibarətdir və işin davamı üçün satılmış binanın (qeyd etməliyəm ki, xümsü verilmiş pulla tikilərək satılıb) yerinə başqa bir bina tikmək üçün əsas sərmayəni və inflyasiyadan irəli gələn xərcləri sərf etməliyəm, bu halda xümsü necə hesablamalıyam?
      Cavab: Xümsü verilmiş sərmayənin xümsü yoxdur. Amma camaatın nəzərində gəlir sayılan məbləğin xümsü verilməlidir. Amma inflyasiyadan irəli gələn qiymət artımının – pulun dəyəri aşağı düşdüyünə görə bütün materiallar baha qiymətə alındığına görə – xümsü yoxdur. 

       

      Malın qiymətinin artması
      151. İnflyasiya nəticəsində malın qiymətinin artması bazar qiymətinin qalxması hesab olunurmu?
      Cavab: Əgər qiymətin artması inflyasiya, yəni pulun dəyərdən düşməsi nəticəsində olsa və hər şey baha qiymətə alınıb-satılsa, bazar qiymətinin qalxması hesab olunmur və bazar qiymətinin qalxmasının hökmləri ona aid edilmir. 

       

      İnflyasiyanı nəzərə alaraq bank gəlirləri
      152. İnflyasiya olduğuna görə bankların depozitçilərə ödədiyi faiz (gəlir), əslində, pulun dəyər itkisinin qarşılığı olur. Bu halda bu gəlirə xüms düşürmü?
      Cavab: Xüms ilinin sonunda gəlir sayılan məbləğə xüms düşür.

       

      Borc sərmayə və onun gəliri
      153. Həyat yoldaşım xalça toxuyur və sərmayəsi bizə aiddir. Biz sərmayəni borc almışdıq. Hazırda xalçanın bir hissəsi toxunub, yarısı isə qalır. Xüms ilimin sona çatdığını nəzərə alaraq, xalça toxunub qurtardıqdan sonra onu yaşam ehtiyaclarının təmini üçün satdığımız zaman xüms ilinin sonunadək toxunan hissəyə xüms düşəcəkmi, yoxsa yox? Sərmayəmizin xüms baxımından hökmü nədir?
      Cavab: Xalçanın satış pulundan borc olan sərmayəni çıxdıqdan sonra qalan pul satış ilinin gəlirindən sayılır və məişət xərclərinə sərf edilmədiyi halda xüms ili tamamlananda xümsü var.
       
      Xümsü verilməmiş toxum
      154. Əkinçi xümsünü vermədiyi toxumla əkin əkib. Məhsul yığıldıqda təkcə məhsula xüms düşür, yoxsa toxumun da xümsü hesablanmalıdır?
      Cavab: Toxumun xümsünə zamindir. Xüms ili tamamlananda məhsuldan və ya onun pulundan artıq qalanına da xüms düşür.
       

      (1) Rəddi-məzalim – sahibi məlum olmayan və ya sahibi ilə əlaqə yaratmaq mümkün olmayan maldır və sahibi tərəfindən yoxsula sədəqə verilir. 
      (2) Müzaribə – ticarət məqsədilə iki şəxs arasında bağlanılan müqavilədir. Burada tərəflərdən biri sərmayə verir, digəri isə iş görür və gəlir əldə edildiyi halda müqaviləyə müvafiq olaraq bölünür.
    • 3. HARAMA QARIŞMIŞ HALAL MAL
    • 4. MƏDƏN
    • 5. TAPILAN XƏZİNƏ
    • İKİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /