Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
    Çap versiyası  ;  PDF

     

     
    Borc

     

    Sual 1758: Zavodlardan birinin sahibi xammal almaq üçün məndən müəyyən məbləğ pul borc aldı və bir müddətdən sonra borcunu müəyyən qədər artıq məbləğlə birlikdə mənə qaytardı. O, bu artıq məbləği özünün tam razılıığı ilə, habelə, öncədən heç bir şərt qoyulmadan və mənim də heç bir təvəqqem olmadan mənə verdi. Mən bu artıq məbləği ondan ala bilərəmmi?
    Cavab: Sualda deyilənləri nəzərə alaraq, borcda artıq məbləğin verilməsi şərt qoyulmadığına və borc alan şəxs bu məbləği özünün razılığı ilə verdiyinə görə, onu alıb istifadə etməyinizin maneəsi yoxdur.

     

    Sual 1759: Əgər borc alan şəxs borcunu verməkdən boyun qaçırarsa və bu səbəbdən də borc verən şəxs onun verdiyi pul çekini nağd pula çevirmək üçün məhkəməyə şikayət edərsə, nəticədə, borc alan şəxs borc aldığı məbləğdən əlavə, məhkəmə hökmünün icrası rüsumunu dövlətə ödəməli olarsa, bu rüsum şəri baxımdan borc verən şəxsin öhdəsindədirmi?
    Cavab: Əgər borcunu verməkdə səhlənkarlıq edən şəxsdən məhkəmə hökmünün icrası rüsumunu dövlətə ödəmək tələb olunarsa, bu xüsusuda borc verən şəxsin öhdəsinə heç nə düşmür.

     

    Sual 1760: Qardaşım mənə müəyyən məbləğ pul borclu idi. Mən ev alanda o, evimə bir xalça gətirdi və mən bunun hədiyyə olduğunu düşündüm. Amma sonra ondan borcumu istəyəndə, o, xalçanı borcunun əvəzində verdiyini söylədi. Onun bu barədə mənə heç nə söyləmədiyini nəzərə alaraq, xalçanı mənə olan borcun əvəzində verməsi düzgündürmü? Əgər mən xalçanı onun borcunun əvəzində qəbul etməsəm, xalçanı ona geri qaytarmalıyam? Pulun dəyəri və alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə mən borcun məbləğindən artıq məbləği ondan tələb edə bilərəmmi? Çünki o vaxt bu pulun dəyəri və alıcılıq qabiliyyəti indikindən daha çox idi.
    Cavab: Borc verən şəxsin razılığı olmadan, borc verilən şeylə eynicinsli olmayan bir şeyi – o cümlədən, xalçanı – borcun əvəzi olaraq vermək kifayət etmir. Əgər siz bu xalçanın borcun əvəzi olmasına razı olmasanız, xalçanı qardaşınıza geri qaytarmalısınız. Çünki belə olduğu təqdirdə, bu xalça hələ də onun mülkiyyətindədir. Pulun dəyəri aşağı düşdüyü təqdirdə isə, siz borc verdiyiniz məbləğdən əlavə, inflyasiya miqdarını da tələb edə bilərsiniz.

     

    Sual 1761: Borcu haram mal ilə qaytarmağın hökmü nədir?
    Cavab: Başqasının malı ilə borcu qaytardıqda borclu şəxs borcdan çıxmır.

     

    Sual 1762: Bir qadın almaq istədiyi evin qiymətinin üçdə biri məbləğində pul borc alır. Bu qadın ilə borc verən şəxs razılığa gəlirlər ki, qadının maddi durumu düzəldiyi zaman o, borcu qaytaracaqdır. Həmin vaxt qadının oğlu borca bərabər məbləğin qeyd olunduğu pul çekini zəmanət ünvanında borc verən şəxsə verir. İndi həmin vaxtdan dörd il keçmişdir və həm borc alan şəxs, həm də borc verən şəxs vəfat etmişlər. Onların varisləri isə bu məsələni həll etmək istəyirlər. Qadının varisləri borc pul ilə alınan evin üçdə bir hissəsini borc verən şəxsin varislərinə verməlidirlərmi? Yoxsa pul çekində qeyd edilən məbləği onlara vermələri kifayət edir?
    Cavab: Borc verən şəxsin varislərinin evdən bir şey tələb etməyə haqları yoxdur. Onların yalnız ev almaq üçün qadının borc aldığı məbləği (inflyasiya miqdarını da hesablayaraq) tələb etmək haqları vardır. Əlbəttə, bu şərtlə ki, qadın borcun ödənməsinə kifayət edəcək qədər pul irs qoymuş olsun.
     
    Sual 1763: Mən bir şəxsdən müəyyən məbləğ pul borc aldım və bir müddətdən sonra həmin şəxs yoxa çıxdı. Mən indi onu tapa bilmirəm. Ona olan borcuma görə mənim vəzifəm nədir?
    Cavab: Siz onu gözləməli və borcunuzu qaytarmaq üçün onu arayıb axtarmalısınız, beləliklə, borcu ya onun özünə, ya da onun varislərinə qaytarmalısınız. Onu tapa biləcəyinizdən ümidinizi üzdüyünüz təqdirdə, borc barəsində şəri-hakimə müraciət edə bilərsiniz, yaxud da borc sahibi tərəfindən həmin pulu sədəqə verə bilərsiniz.

     

    Sual 1764: Borc verən şəxs borc verdiyini isbatlamaq və pulunu geri ala bilmək üçün çəkdiyi məhkəmə xərclərini borc alan şəxsdən tələb edə bilərmi?
    Cavab: Borc verən şəxsin çəkdiyi məhkəmə xərcləri borc alan şəxsin öhdəsində deyildir. Hər bir halda, bu kimi məsələlərdə İslam Hökumətinin qanunlarına müvafiq əməl olunmalıdır.

     

    Sual 1765: Əgər borclu şəxs öz borcunu vermirsə və borcunu verməkdə səhlənkarlıq göstərirsə, borc verən şəxs verdiyi borcu onun malından götürə bilərmi? Məsələn, öz haqqını gizli şəkildə və ya başqa bir yolla onun malından götürə bilərmi?
    Cavab: Əgər borc alan şəxs öz borcunu inkar edərsə, yaxud heç bir üzrü olmadan borcunu verməkdə səhlənkarlıq göstərərsə, borc verən şəxs onun malından borcu götürə bilər. Amma əgər bu şəxs özünü borclu bilmirsə, yaxud onun boynunda borc verən şəxsin haqqı olub-olmadığını həqiqətən bilmirsə, bu halda borc verən şəxsin onun malından borcu götürməsi iradlıdır, hətta buna icazə verilmir.

     

    Sual 1766: Mərhumun borcu “həqqünnas” (insanlara olan borc) sayılırmı və mərhumun varislərinə bu borcu onun irsindən vermək vacibdirmi?
    Cavab: Borc istər fiziki şəxsə olsun, istər hüquqi şəxsə olsun, “həqqünnas”dır və varislərin mərhumun borcunu onun irsindən borc sahibinə və ya borc sahibinin varislərinə ödəmələri vacibdir. Mərhumun borcunu ödəməyənədək onun irsindən istifadə etmək haqları yoxdur.

     

    Sual 1767: Bir şəxsin bir torpaq sahəsi vardır, amma bu torpaq sahəsində tikilmiş ev başqa bir şəxsə aiddir. Torpaq sahəsinin sahibinin isə iki nəfərə borcu vardır. Borc sahibləri öz haqlarını almaq üçün torpaq sahəsini və orada tikilmiş evi müsadirə edə bilərlərmi? Yoxsa onlar yalnız torpaq sahəsini müsadirə edə bilərlər?
    Cavab: Onlar borclu şəxsin əmlakı olmayan şeyin müsadirə edilməsini tələb edə bilməzlər.

     

    Sual 1768: Borclu şəxsin özünün və ailəsinin yaşayış üçün ehtiyacları olan ev, əmlakın müsadirəsindən kənarda qalırmı?
    Cavab: Yaşayışının davam etməsi üçün borclu şəxsin ehtiyacı olan hər hansı bir şey, məsələn, ev və ev əşyaları, avtomobil, telefon, ümumiyyətlə, onun durumuna uyğun məişət ehtiyaclarından olan digər şeylər əmlakın müsadirəsi və satışa çıxarılması hökmündən kənarda qalır.

     

    Sual 1769: Bir tacir borcu çoxaldığına görə iflasa uğramışdır və onun bir evdən başqa heç nəyi qalmamışdır. O, bu evi satışa qoymuşdur, halbuki, evin pulu onun borcunun yalnız yarısını ödəyir. Buna görə də, o, borcunun qalan hissəsini qaytara bilməyəcəkdir. Belə olduğu təqdirdə, borc sahibləri onu bu evi satmağa məcbur edə bilərlərmi? Yoxsa borcunu tədricən qaytarması üçün ona möhlət verməlidirlər?
    Cavab: Əgər sözügedən ev onun və ailəsinin yaşadığı ev olmazsa, borcunu qaytarması üçün onu bu evi satmağa məcbur etməyin maneəsi yoxdur, baxmayaraq ki, evin pulu borcunun hamısını qaytarmasına yetməyəcəkdir. Evin qiyməti məbləğində borc sahiblərinin ona möhlət vermələri vacib deyildir. Amma borcunun qalan hissəsinə gəlincə, onu qaytarmaq imkanına malik olanadək borc sahibləri gözləməlidirlər.

     

    Sual 1770: Əgər bir dövlət müəssisəsi başqa bir dövlət müəssisəsindən pul borc alarsa, bu borcu qaytarması vacibdirmi?
    Cavab: Borcu qaytarmağın vacibliyi baxımından digər borcların hökmünü daşıyır.

     

    Sual 1771: Əgər borclu şəxs xahiş etmədən bir şəxs onun borcunu qaytararsa, bu şəxsin verdiyi pulun əvəzini ona qaytarmaq borclu şəxsə vacibdirmi?
    Cavab: Əgər borclu şəxs xahiş etmədən bir şəxs onun borcunu qaytararsa, verdiyi pulun əvəzini borclu şəxsdən tələb etmək haqqı yoxdur. Həmçinin borclu şəxsə də bu şəxsin verdiyi pulun əvəzini ona qaytarmaq vacib deyildir.

     

    Sual 1772: Əgər borc alan şəxs borcu qaytarmağı təyin edilmiş vaxtdan gecikdirərsə, borc verən şəxs borc məbləğindən artıq məbləğ tələb edə bilərmi?
    Cavab: Borc verən şəxs borc məbləğindən əlavə, inflyasiya miqdarını da tələb edə bilər.

     

    Sual 1773: Atam formal bir sövdələşmə (alğı-satqı) əsnasında bir şəxsə müəyyən məbləğ pul verdi. Əslində, bu pul, borc idi. Borclu şəxs isə, pulun gəliri ünvanında hər ay müəyyən məbləğ pul verirdi. Borc sahibi (yəni atam) vəfat etdikdən sonra borclu şəxs həmin məbləğ pulu gəlir ünvanında verməyə davam etdi və bir müddətdən sonra o da vəfat etdi. Pulun gəliri ünvanında verilmiş pullar sələm (riba) sayılırmı və borc sahibinin varisləri bunu borclu şəxsin varislərinə qaytarmalıdırlarmı?
    Cavab: Nəzərə alsaq ki, bu pul, əslində, o şəxsə borc verilibdir, əgər pulun gəliri ünvanında verilən məbləğ inflyasiya miqdarında olarsa, bunun maneəsi yoxdur. Əks halda, inflyasiya miqdarından artıq olan və pulun gəliri ünvanında ödənilən məbləğ riba sayılır və şəriət baxımından haramdır. Artıq məbləğ – inflyasiya miqdarı da hesablanaraq – borc verən şəxsin irsindən götürülüb, borc alan şəxsə və ya onun varislərinə qaytarılmalıdır.

     

    Sual 1774: Bir şəxs öz pulunu başqa bir şəxsə əmanət verə və hər ay pulun gəlirini ala bilərmi?
    Cavab: Əgər şəriət baxımından düzgün olan əqdlərdən biri əsasında istifadə etsin deyə bir şəxs öz pulunu başqa bir şəxsə əmanət verərsə, bunun maneəsi yoxdur və pulun istifadəsindən əldə edilən gəlirin də maneəsi yoxdur. Amma əgər pul borc verilərsə, borcun özü düzgün olsa da, borcda gəlirin verilməsinin şərt qoyulması şəri baxımdan düzgün deyildir. Pulun gəliri ünvanında borclu şəxsdən alınan pul sələm sayılır və haramdır.

     

    Sual 1775: Bir şəxs bir ticarət işi görmək üçün müəyyən məbləğ pul borc aldı. Əgər o, bu işdən gəlir əldə edərsə, bu gəlirdən müəyyən məbləği borc verən şəxsə verə bilərmi? Borc verən şəxs bunu tələb edə bilərmi?
    Cavab: Borc alan şəxsin borc pul ilə ticarət edərək əldə etdiyi gəlirdə borc verən şəxsin heç bir haqqı yoxdur və o, bu gəlirdən heç nə tələb edə bilməz. Amma əgər borc alan şəxsin özü öncədən heç bir razılaşma olmadan borc məbləğindən artıq məbləği borc verən şəxsə vermək və ona yaxşılıq etmək istəsə, bunun maneəsi yoxdur, hətta bu iş müstəhəbdir.

     

    Sual 1776: Bir şəxs bir malı üç ay müddətinə nisyə olaraq almışdır. Amma təyin edilən vaxt çatdıqda o, satıcıdan vaxtın üç ay da uzadılmasını xahiş edir, bu şərtlə ki, malın pulundan artıq məbləği ona ödəyəcəkdir. Onlar bu işi görə bilərlərmi?
    Cavab: Bu artıq məbləğ sələm sayılır və haramdır.

     

    Sual 1777: Zeyd Ömərdən sələmli borc alır. Üçüncü bir şəxs borc müqaviləsini və borcun şərtlərini onlar üçün yazır. Dördüncü şəxs isə mühasibatçıdır və o, müqavilə sənədlərini rəsmiləşdirir. Mühasibatçı da sələmli borcun həyata keçməsində şərikdirmi? Onun işi və bu işin qarşılığında ücrət alması haramdırmı? Beşinci şəxs müfəttişdir və aparılan hesabatları yoxlayır. Başqa sözlə, o, heç nə qeydə almır, yalnız sələmli sövdələşmələrin hesabatında yanlışlığın olub-olmadığını yoxlayır, sonra nəticə barəsində mühasibatçıya məlumat verir. Onun da işi haramdırmı?
    Cavab: Sələmli əqddə (mümailədə), yaxud sələmli borcun həyata keçməsində, yaxud da borc alan şəxsdən sələmin alınmasında iştirakı olan hər bir iş şəriət baxımından haramdır və bu işi görən şəxsə ücrət düşmür.

     

    Sual 1778: Müsəlmanların çoxu sərmayəyə malik olmadıqlarına görə kafirlərdən sərmayə almaq məcburiyyətində qalırlar və bu da onlara sələm verməyi labüd edir. Kafirlərdən sələmli borc almağın və ya qeyri-müsəlman dövlət tabeliyində olan bankdan borc götürməyin hökmü nədir?
    Cavab: Sələmli borc “təklifi hökm”[1] baxımından birmənalı olaraq - hətta müsəlman şəxs onu qeyri-müsəlmandan alsa belə - haramdır. Amma əgər bir şəxs belə bir borcu alarsa, borcun özü düzgündür.

     

    Sual 1779: Bir şəxs müəyyən müddətə müəyyən məbləğ pul borc götürür, bu şərtlə ki, borc verən şəxsin səfər xərclərini, məsələn, həcc ziyarətinin xərclərini çəkəcəkdir. Onlar bu işi görə bilərlərmi?
    Cavab: Borc əqdində (müqaviləsində) borc verən şəxsin səfər xərclərinin və bu kimi xərclərin çəkilməsinin şərt qoyulması, əslində, elə borc verilən pulun gəlirini almaq deməkdir. Bu isə, şəriət baxımından haramdır və düzgün deyildir. Amma borcun özü düzgündür.

     

    Sual 1780: Qərzul-həsənə müəssisələri borc verərkən şərt qoyurlar ki, əgər borc götürən şəxs iki və ya bir neçə kredit ödənişini təyin edilən vaxtdan gecikdirərsə, müəssisə borcun hamısını bir yerdə almaq hüququna malik olacaqdır. Bu şərtlə borc verməyə icazə verilirmi?
    Cavab: Maneəsi yoxdur.

     

    Sual 1781: Bir kooperativ şirkətin üzvləri sərmayə ünvanında şirkətə müəyyən məbləğ pul ödəyirlər və şirkət də kömək məqsədilə onlara faizsiz və ücrətsiz borc (pul krediti) verir. Şirkət üvzlərinin sileyi-rəhim və yardımlaşma məqsədilə etdikləri bu işin hökmü nədir?
    Cavab: Yardımlaşmanın və möminlərə borc verilməsini təmin etməkdə iştitak etməyin - hətta sualda qeyd edilən şəkildə olsa belə - icazəli və üstün bir əməl olmasında şübhə yoxdur. Amma əgər şirkətə ödənilən pul borc ünvanında olub, borc üçün bu şərt qoyulsa ki, şirkət gələcəkdə onlara pul krediti verəcəkdir, bu işə şəriət baxımından icazə verilmir. Bamayaraq ki, borcun özü “vəz`i hökm”[2] baxımından düzgündür.

     

    Sual 1782: Bəzi qərzul-həsənə müəssisələri camaatın onlara əmanət ünvanında verdikləri pullarla mülk və ya başqa şeylər alırlar. Bu alğı-satqının hökmü nədir? Nəzərə alsaq ki, əmanət qoyanların bəziləri bu işlərin görülməsinə razı deyildirlər, müəssisənin məsulu bu pullardan – məsələn, alğı-satqı etməklə - istifadə edə bilərmi? Bu işə şəriət baxımından icazə verilirmi?
    Cavab: Əgər camaat pulu qərzul-həsənə müəssisəsinə əmanət ünvanında və bu məqsədlə versə ki, müəssisə bu pulu uyğun gördüyü fərdlərə borc versin, bu halda bu pullardan mülk və ya başqa şeyin alınması “füzuli sövdələşmə”dir və sövdələşmənin düzgünlüyü pul sahiblərinin icazəsinə bağlıdır. Amma əgər camaat pulu müəssisəyə borc verərsə və məsullar onlara verilən səlahiyyətlər əsasında mülk və ya başqa şeylər alarsa, bunun maneəsi yoxdur.

     

    Sual 1783: Bəzi şəxslər başqalarından müəyyən məbləğ pul alır və bunun müqabilində hər ay onlara gəlir ünvanında müəyyən məbləğ pul ödəyirlər. Halbuki, bu işi “şəri müqavilələr”dən birinin adı altında görmürlər, sadəcə iki tərəfin razılığı əsasında görürlər. Bu işin hökmü nədir?
    Cavab: Bu kimi işlər “sələmli borc” hesab olunur və borcda gəlir şərtinin qoyulması düzgün deyildir. Artıq alınan məbləğ, “riba” (sələm) hesab olunur və şəriət baxımından haramdır, onu almaq olmaz.

     

    Sual 1784: Əgər qərzul-həsənə büdcəsindən borc götürən şəxs borcu qaytararkən öz istəyi ilə və onun qarşısında heç bir şərt qoyulmadan borc məbləğindən bir qədər artıq məbləğ verərsə, ondan bu artıq məbləği almaq və abadlıq işlərinə sərf etmək olarmı?
    Cavab: Əgər borc götürən şəxs bu artıq məbləği razılıqla və borcu qaytararkən görülən müstəhəb bir əməl ünvanında verərsə, bu məbləği ondan almağın maneəsi yoxdur. Amma müəssisə məsullarının bu pulu abadlıq işlərinə və ya başqa işlərə sərf etmələrinə gəlincə, bu məsələ onların bu barədə olan səlahiyyətlərinə bağlıdır.

     

    Sual 1785: Qərzul-həsənə müəssisəsinin işçisi bir şəxsdən borc aldığı pul ilə bir bina alır və bir aydan sonra həmin şəxsin borcunu camaatın müəssisəyə qoyduğu əmanət pul ilə onların razılığı olmadan ona qaytarır. Onun etdiyi bu müamailə şəriət baxımından düzgündürmü? Bu binanın sahibi kimdir?
    Cavab: Əgər müəssisə işçisi malik olduğu səlahiyyətlər çərçivəsində müəssisəyə borc verilən pul ilə müəssisə üçün bina alarsa, bunun maneəsi yoxdur. Alınan bina müəssisənin və müəssisənin sərmayəsinin sahiblərinin əmlakıdır. Amma pul sahiblərinin razılığı olmadan borcun qaytarılması üçün istifadə edilən pullar inflyasiya miqarı da hesablanaraq pul sahiblərinə qaytarılmalıdır.

     

    Sual 1786: Bankdan borc (pul krediti) götürərkən banka ücrət ödəməyin hökmü nədir?
    Cavab: Əgər bu pul borc vermək işinin ücrəti ünvanında ödənilərsə, məsələn, sənədləşdirmə işinə, həmçinin işıq pulu və bu kimi xərclərə görə ödənilərsə və borcun gəliri hesab olunmazsa, onu verməyin və almağın, həmçinin borcu almağın maneəsi yoxdur.

     

    Sual 1787: Bir müəssisə öz üzvlərinə borc (pul krediti) verir. Amma borc vermək üçün şərt qoyur ki, borc götürmək istəyən şəxs müəyyən məbləğ pulu üç və ya altı ay müddətinə müəssisəyə verməlidir və bu müddət keçdikdən sonra verdiyi pulun iki misli qədər ona pul borc veriləcəkdir. O, borcunu tam qaytardıqdan sonra isə öncədən verdiyi pul ona geri qaytarılacaqdır. Bu işin hökmü nədir?
    Cavab: Əgər həmin pul müəssisəyə müəyyən müddətə borc olaraq verilsə, bu şərtlə ki, müəssisə də sözükeçən müddət keçdikdən sonra həmin şəxsə borc verəcəkdir, yaxud müəssisə bu şərtlə borc versə ki, həmin şəxs öncədən müəyyən məbləğ pul büdcəyə qoymuş olmalıdır, bu şərt sələm hökmündədir, şəriət baxımından haramdır və düzgün deyildir. Amma borcun özü hər iki tərəf üçün düzgündür.

     

    Sual 1788: Qərzul-həsənə büdcələri borc vermək üçün müəyyən məsələləri şərt qoyurlar, o cümlədən, borc götürən şəxs büdcənin üzvü olmalıdır, büdcəyə əmanət pul qoymalıdır, büdcənin yerləşdiyi məntəqənin sakini olmalıdır və s. Bu şərtlər sələm hökmündədirmi?
    Cavab: Qərzul-həsənə büdcəsinin üzvü olmaq, yaxud büdcənin yerləşdiyi məntəqənin sakini olmaq, ümumiyyətlə, borcun məhdud sayda şəxslərə verilməsinə səbəb olan başqa şərtlərin maneəsi yoxdur. Qərzul-həsənə büdcəsinə əmanət pul qoymaq məsələsinə gəlincə, əgər bu, borcun yalnız büdcənin üzvlərinə verilməsi məsələsinə qayıdarsa, maneəsi yoxdur. Yox əgər gələcəkdə büdcədən borc götürməyin öncədən büdcəyə müəyyən məbləğ pul qoymaq şərtinə qayıdarsa, bu şərt borcda gəlir hökmündədir və düzgün deyildir.

     

    Sual 1789: Bank sövdələşmələrində ribadan uzaq olmaq üçün bir yol mövcuddurmu?
    Cavab: Həll yolu, “şəri əqdlər”dən (şəri müqavilələrdən) istifadə etmək və onların bütün şərtlərinə riayət etməkdir.

     

    Sual 1790: Bankın öz müştərilərinə konkret bir iş üçün verdiyi borc pulu (pul kreditini) başqa bir iş üçün istifadə etmək olarmı?
    Cavab: Əgər bankın öz müştərilərinə verdiyi pul həqiqətən borc olarsa və konkret bir iş üçün istifadə edilməsini şərt qoyarsa, bu şərtə zidd əməl etməyə icazə verilmir. Həmçinin əgər müştərinin bankdan götürdüyü borc pul müzaribə və ya şəriklik və ya bu kimi işlərin sərmayəsi olarsa, müştərinin bu pulu bankın verdiyi işdən qeyri bir iş üçün xərcləməyə haqqı yoxdur.

     

    Sual 1791: Bir müharibə əlili pul krediti götürmək üçün banka müraciət edir və özünün əlillik kitabçasını banka təqdim edir. O, əlillik dərəcəsinə görə müharibə əlillərinə verilən xüsusi güzəştli pul kreditindən yararlanmaq istəyir. Amma o özünün əlillik dərəcəsinin bu kitabçada qeyd ediləndən daha az olduğunu hesab edir və elə güman edir ki, mütəxəssis həkimlər onun barəsində səhvə yol veriblər. Bu şəxs həkimlərin onun barəsindəki rəyi əsasında bankın sözügedən güzəştli kreditindən yararlana bilərmi?
    Cavab: Əgər mütəxəssis həkimlər tibbi müayinə əsasında bu şəxsin əlillik dərəcəsini təyin edibdirlərsə və qanun baxımından da güzəştli kreditin verilməsində bank üçün həkimlərin rəyi meyar götürülürsə, həkimlərin onun üçün təyin etdikləri əlillik dərəcəsinin məziyyətlərindən istifadə etməsinin maneəsi yoxdur. Baxmayaraq ki, öz nəzərinə görə onun əlillik dərəcəsi həkimlərin təyin etdiyindən azdır.
     

    [1] Təklifi hökm – vasitə olmadan mükəlləfin əməlinə aid edilir və mükəlləfin vəzifəsini həmin əməli yerinə yetirmək və ya yerinə yetirməmək baxımından müəyyənləşdirir. Məsələn, “vacib” və ya “haram” hökmü kimi: namaz vacibdir, zülm etmək haramdır, sələmli borc almaq haramdır.
    [2] Vəz`i hökm – vasitə ilə mükəlləfin əməlinə aid edilir. Məsələn, şəxslərə və ya əşyalara aid edilən “evlidir”, “pakdır və ya napakdır”, “düzgündür və ya düzgün deyildir” hökmləri kimi.
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /