Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
    • Təkcə orucun qəzasının vacib olduğu hallar
    • Orucun qəzasının hökmləri
      Çap versiyası  ;  PDF

      Orucun qəzasının hökmləri

      267. Bir və ya bir neçə gün huşsuz halda olan şəxs vacib orucu tuta bilməsə, həmin günlərin orucunun qəzası yoxdur.

      268. Məst olduğu üçün oruc niyyəti etməyən şəxs bütün günü imsak etsə də, tutmadığı orucun qəzası ona vacibdir.

      269. Əgər bir şəxs oruc niyyətini etdikdən sonra məst olsa və bütün günü və ya günün bir hissəsini məst vəziyyətdə keçirsə – xüsusilə də, ağılın getməsinə bais olan şiddətli məstlik vəziyyətinə düşsə – ehtiyata görə həmin günün orucunun qəzasını tutmalıdır. Bu məsələ və əvvəlki məsələdə məstedici maddənin istifadəsinin ona haram olması, yaxud xəstəliyə görə və ya məsələni bilmədiyinə görə bu maddənin ona halal olması arasında fərq yoxdur.

      270. Heyz və ya nifas halında olan qadın oruc tutmadığı günlərin qəzasını Ramazan ayından sonra tutmalıdır.

      271. Əgər bir şəxs Ramazan ayında şəri üzrü olduğuna görə bir neçə gün oruc tutmasa və oruc tutmadığı günlərin sayını dəqiq bilməsə, ehtimal verdiyi günləri əsas götürüb, bu günlərin orucunun qəzasını tuta bilər. Məsələn, əgər bir nəfər Ramazan ayının iyirmi beşi,yoxsa iyirmi altısı səfərə çıxdığını, nəticədə, altı və ya beş gün qəza orucu tutacağını bilməsə, beş gün qəza orucu tuta bilər. Amma əgər şəri üzrünün hansı gündən etibarən başlandığını bilsə, məsələn, Ramazan ayının beşi səfərə çıxdığını bilsə, lakin səfərdən ayın onuncu, yoxsa on birinci gecəsi qayıtdığını, nəticədə, oruc tutmadığı günlərin sayının beş, yoxsa altı gün olduğunu bilməsə, bu halda ehtiyata görə, sayca çox olan günləri əsas götürüb, bu günlərin orucunun qəzasını tutmalıdır.

      272. Əgər bir nəfərin boynunda bir neçə Ramazan ayının orucunun qəzası varsa, onlardan hansını birinci tutarsa, maneəsi yoxdur. Amma əgər axırıncı Ramazan ayının qəzasının vaxtı daralarsa, məsələn, axırıncı Ramazan ayından beş gün qəza orucu varsa və qarşıdakı Ramazan ayına da beş gün qalıbsa, ehtiyata görə axırıncı Ramazan ayının orucunun qəzasını tutmalıdır.

      273. Ramazan ayının orucunun qəzasını tutan şəxs, orucun qəzası üçün vaxt dar olmadığı təqdirdə, zöhrdən qabaq orucunu batil edə bilər. Amma əgər vaxt dar olsa, yəni qarşıdakı Ramazan ayına qəza orucunun günlərinin sayı qədər gün qalsa, ehtiyata görə o, orucunu zöhrdən qabaq da batil etməməlidir.

      274. Əgər xəstəlik səbəbilə Ramazan ayının orucunu tutmayan şəxsin xəstəliyi gələn ilin Ramazan ayına qədər davam edərsə, ötən ilin Ramazan ayının orucu onun boynundan götürülür və o, hər gün üçün bir müdd təam verməlidir.

      275. Əgər səfər səbəbilə Ramazan ayının orucunu tutmayan şəxs gələn ilin Ramazan ayına qədər səfərdə olarsa, ötən ilin Ramazan ayının orucu onun boynundan götürülmür və sonradan onu tutmalıdır. Ehtiyat-müstəhəbə görə kəffarə də (hər günün orucu üçün bir müdd təam) verməlidir.

      276. Əgər bir şəxs Ramazan ayında müəyyən bir üzrə görə oruc tutmasa və Ramazan ayından sonra üzrü aradan qalxsa, amma o, gələn ilin Ramazan ayına qədər orucun qəzasını tutmasa, orucunun qəzasını tutmalı və hər gün üçün bir müdd təam verməlidir.

      277. Əgər bir şəxs Ramazan ayının orucunun qəzasını bir neçə il təxirə salsa, orucun qəzasını tutmalı və təxirə görə birinci ildə kəffarə (bir müdd təam) verməlidir. Sonrakı illərdə isə kəffarə ona vacib olmur.

      278. Hər gün üçün bir müdd təam verməli olan şəxs bir neçə günün kəffarəsini bir fəqirə verə bilər.

      279. Əgər ata və ehtiyat-vacibə görə ana səfərdən qeyri bir şəri üzrü olduğuna görə  orucunu tuta bilməsə və orucun qəzasını tuta bildiyi halda qəzasını da tutmasa, onlar vəfat etdikdən sonra böyük oğula vacibdir ki, özü və ya əcir tutduğu şəxs həmin orucun qəzasını tutsun. Amma səfər səbəbilə tuta bilmədikləri oruca gəlincə, hətta onlar orucun qəzasını tutmaq fürsəti və imkanı əldə edə bilməsələr belə, onların orucunun qəzasını tutmaq böyük oğula vacibdir.

      280. Əgər ata və ana heç bir şəri üzrləri olmadan, bilərəkdən oruc tutmayıblarsa, ehtiyata görə böyük oğul onların oruclarının qəzasını ya şəxsən özü tutmalı, ya da bu iş üçün bir nəfəri əcir tutmalıdır.

      Mükəlləfin boynunda qəza orucu olduğu halda müstəhəb və nəzir orucu tutması
      281. Boynunda vacib orucu olan şəxs müstəhəb oruc tuta bilərmi?
      Cavab: Boynunda Ramazan ayının qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz.

      282. Boynunda Ramazan ayının orucunun qəzası olan şəxs oruc nəzir edə bilərmi?
      Cavab: Əgər məqsədi qəza orucundan sonra nəzir orucunu tutmaq olarsa, nəziri düzgündür.

      Səfər səbəbilə tutulmayan orucların qəzası
      283. Ramazan ayında dini vəzifəni yerinə yetirmək məqsədilə səfər etdiyim üçün on səkkiz gün oruc tutmamışam. Mənim vəzifəm nədir? Bu orucların qəzası mənə vacibdirmi?
      Cavab: Ramazan ayında səfər səbəbilə tutmadığınız orucların qəzası sizə vacibdir.

      Şəri məsələni bilməmək səbəbilə orucu batil etmək
      284. Şəri məsələni bilməmək səbəbilə orucunu bilərəkdən iftar edən şəxs barəsində sizin nəzəriniz nədir? Ona təkcə orucun qəzası vacibdir, yoxsa kəffarə də verməlidir?
      Cavab: Əgər mükəlləf şəri məsələni bilmədiyinə görə orucu batil edən bir iş görsə – məsələn, dərman içməyin orucu batil etdiyini bilməsə və Ramazan ayının gündüzündə dərman içsə – orucu batil olur və onun qəzasını tutmalıdır. Amma kəffarə ona vacib deyildir.

      Qəza orucu günlərinin sayını bilməmək
      285. Əgər bir şəxs oruc tutmadığı və namaz qılmadığı günlərin sayını bilmirsə, vəzifəsi nədir? Həmçinin orucunu şəri bir üzrə görə iftar etdiyini, yoxsa bilərəkdən yediyini bilməyən şəxsin hökmü nədir?
      Cavab: Qəza etdiyini yəqinliklə bildiyi namaz və orucların qəzasını yerinə yetirməklə kifayətlənməsinə icazə verilir. Orucunu bilərəkdən iftar etdiyinə şəkk etdiyi təqdirdə, kəffarə vacib deyildir.

      Qəza orucunu tutub-tutmamaqda şəkk etmək
      286. Əgər mən boynumda olan qəza oruclarını tutub-tutmadığıma şəkk etsəm, vəzifəm nədir?
      Cavab: Əgər boynunuzda qəza orucunun olduğuna ilk əvvəldə yəqinliyiniz var idisə, vəzifənizi yerinə yetirdiyinizə əmin olana qədər qəza orucu tutmağınız vacibdir.

       Qəza oruclarını tutmaq iqtidarında olmamaq
      287. Bəzi insanlar kommunistlərin sapdırıcı təbliğatları nəticəsində illərcə namaz və başqa vacib əməlləri tərk etmişlər. Onlar İmam Xomeyninin (r.ə) keçmiş Sovet İttifaqı başçılarına ünvanladığı tarixi ismarıcından sonra öz səhvlərini başa düşmüş və tövbə edərək Allaha tərəf qayıtmışlar. İndi isə o dövrdə qılmadıqları namazlar və tutmadıqları orucların qəzasını yerinə yetirmək iqtidarında deyildirlər. Onların vəzifəsi nədir?
      Cavab: Onlara vacibdir ki, qılmadıqları namaz və tutmadıqları orucların qəzasını bacardıqları qədər özləri yerinə yetirsinlər, yerinə yetirə bilmədiklərini isə vəsiyyət etsinlər.

      Büluğun nişanələrini bilməmək səbəbilə oruc tutmamaq
      288. Mən təxminən altı aydır ki, şəri vəzifə yaşına çatmışam. Bu yaşa çatmamışdan bir neçə həftə öncə elə düşünürdüm ki, hicri-qəməri təqvimi ilə on beş yaşın tamamlanması büluğun yeganə nişanəsidir. Amma təzəlikcə oğlanların büluğunun nişanələrini bəyan edən bir kitab oxumuşam. Orada büluğun başqa nişanələri qeyd edilmişdir və məndə də həmin nişanələr mövcuddur. Amma bu nişanələrin məndə nə vaxt yarandığını bilmirəm. İndi mənim boynumda namaz və orucun qəzası vardırmı, yoxsa yoxdur? Qeyd etməliyəm ki, mən bəzi vaxtlar namaz qılmış və ötən ilin Ramazan ayını bütünlüklə oruc tutmuşam. Bu xüsusda mənim vəzifəm nədir?
      Cavab: Büluğ və şəri vəzifə yaşına çatdığınız bir halda qılmadığınız və tutmadığınızı yəqinliklə bildiyiniz bütün namaz və orucların qəzasını yerinə yetirməyiniz vacibdir.

      289. Mən on dörd yaşımdan qabaq möhtəlim olmağa başlamışam və möhtəlim olmağın büluğun nişanələrindən olduğunu bilməmişəm. Buna görə də on beş yaşına qədər oruc tutmamışam. Təkcə orucun qəzasını tutmağım kifayət edirmi, yoxsa kəffarəsi də vardır?
      Cavab: Orucun qəzası vacibdir.
    • Xəstənin orucunun qəzası
    • Valideynlərin orucunun qəzası
    • Orucun qəzasını tutmaqda səhlənkarlıq etmək və onu təxirə salmaq
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /