Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
    • Kəffarənin vacib olduğu hallar
    • Kəffarəni verməyin qaydası
    • Fidyə və təxir kəffarəsi
      Çap versiyası  ;  PDF

      Fidyə və təxir kəffarəsi

      Fidyədə fəqirə təam verməyin meyarı
      357. Alimlər qeyd edirlər ki, dörd dəstə fidyə verməlidir: qoca kişi, qoca qadın, zul-ətaş(1) , hamilə və süd verən qadın. Bəzi alimlər buyururlar:
      لَا يُجْزِى الْإِشْبَاعُ عَنِ الْمُدِّ فِى الْفِدْيَةِ.
      Yəni: Fəqiri doydurmaq kifayət etmir və fəqirə bir müdd təam verilməlidir. Necə ki, “Bəqərə” surəsinin 184-cü ayəsində“فِدْيَةٌ طَعَامُ مسْكِينٍ” (fəqirə bir müdd təam) buyurulur.
      Ayədə “إِطْعَامُ مِسْكِينٍ” (fəqiri yedirtmək) – deyə buyurulmur. Sizin bu barədə nəzəriniz nədir?
      Cavab: Ramazan ayında iftar etmələrinə icazə verilən, amma hər gün üçün fidyə verməli olan şəxslər fidyə verərkən fəqiri doydurmaları kifayər etmir. Onlar fəqirə hər gün üçün bir müdd təam verməlidirlər.

      Hamilə və süd verən qadının fidyəsi və təxir kəffarəsi
      358. Mən Mütəal Allahın lütfü sayəsində övlad sahibi olmuşam və hal-hazırda o, südəmər körpədir. İnşaallah, tezliklə mübarək Ramazan ayı daxil olacaqdır. Mən oruc tuta bilərəm, amma əgər oruc tutsam, südüm quruyacaqdır. Bədənimin zəif olduğunu və körpəmin də hər on dəqiqədən bir süd istədiyini nəzərə alaraq, mənim vəzifəm nədir?
      Cavab: Əgər oruc tutmaq nəticəsində südünüz azalsa və ya qurusa və bunun körpənizə zərəri olacağından qorxsanız, orucunuzu iftar edin. Amma hər gün üçün bir müdd təam fəqirə verməlisiniz. Sonradan orucun qəzasını da tutmalısınız.

      359. Əgər körpəyə süd verən qadına oruc tutmağın zərəri varsa və buna görə oruc tutmazsa, sonradan kəffarə də verməlidirmi, yoxsa verməli deyildir?
      Cavab: Əgər körpə üçün zərər qorxusu olsa, orucunu iftar etdiyi günlərin sayı qədər bir müdd təam (təxminən 750 qram buğda, çörək, düyü və bu kimi məhsullardan birini) fəqirə verməlidir və orucun qəzasını da tutmalıdır. Amma əgər özü üçün zərər qorxusu olsa, xəstə şəxs hökmündədir.

      360. Əgər hamilə və ya süd verən qadın özü üçün və ya körpəsi üçün zərər qorxusu olduğuna görə oruc tutmasa və onun üzrü gələn ilin Ramazan ayına qədər davam etsə, hər gün üçün iki fidyə vermək ona vacibdir, yoxsa bir fidyə kifayət edir?
      Cavab: Gələn ilin Ramazan ayına qədər üzrü davam etdiyi təqdirdə, ona bir fidyədən artıq vacib deyildir.

      361. Bir qadın iki il ardıcıl olaraq mübarək Ramazan ayında hamilə olmuşdur və həmin günlərdə oruc tutmaq iqtidarında olmamışdır. Amma indi oruc tutmağa qadirdir. Onun hökmü nədir? Ona cəm kəffarəsi vacibdir, yoxsa təkcə orucun qəzasını tutmalıdır? Orucun qəzasını təxirə salmasının hökmü nədir?
      Cavab: Əgər şəri üzrə görə Ramazan ayının orucunu tutmayıbsa, təkcə orucun qəzası ona vacibdir. Əgər orucunu yemək üçün onun üzrü orucun bətnindəki uşağına və ya körpəsinə zərəri olacağı qorxusu olubsa, orucun qəzasından əlavə hər gün üçün bir müdd təam fidyə ünvanında verməlidir. Əgər Ramazan ayından sonra orucun qəzasını sonrakı ilin Ramazan ayına qədər şəri bir üzr olmadan təxirə salsa, başqa bir fidyə də ona vacibdir. Yəni hər gün üçün bir müdd təam fəqirə verməlidir.
      Amma əgər orucunu yemək üçün onun üzrü orucun onun özünə zərəri olacağı qorxusu olubsa, zərər qorxusu olan başqa hallar hökmündədir. Bu qorxu sonrakı ilin Ramazan ayına qədər davam etdiyi təqdirdə, orucun qəzası onun boynundan götürülür və təkcə fidyə (bir müdd təam) ona vacibdir.


      362. Hamilə bir qadının doğuş vaxtı yaxınlaşdığına görə oruc tuta bilmir. O, bu orucların qəzasını doğuşdan sonra və gələn ilin Ramazan ayına qədər tutmalı olduğunu bilir. Əgər bilərəkdən və ya bilmədən bu qəza oruclarını bir neçə il tutmasa, təkcə həmin ilin kəffarəsi ona vacibdir, yoxsa orucu təxirə saldığı hər ilin kəffarəsi ona vacibdir?
      Cavab: Ramazan ayının orucunun qəzası bir neçə il təxirə salınsa belə, təxir fidyəsi bir dəfə vacibdir və bu fidyə hər gün üçün bir müdd təamdan ibarətdir. Fidyə isə Ramazan ayının orucunun qəzası gələn ilin Ramazan ayına qədər səhlənkarlıq və şəri bir üzr olmadan təxirə salındığı təqdirdə vacib olur. Amma əgər orucun düzgünlüyünə maneə olan şəri bir üzrə görə təxirə salınsa, fidyəsi yoxdur.

      Bu ilin Ramazan ayından gələn ilin Ramazan ayına qədər səfər üzrünün davam etməsi
      363. Dini vəzifəsini yerinə yetirməkdən ötrü Ramazan ayında səfərə gedən və buna görə oruc tuta bilməyən şəxslər əgər bir neçə il təxirdən sonra indi oruc tutmaq istəsələr, onlara kəffarə vacibdirmi?
      Cavab: Əgər oruc tutmağa maneə olan bir üzrün davam etməsi səbəbilə Ramazan ayının orucunun qəzasını gələn ilin Ramazan ayına qədər təxirə salsalar, tutmadığı orucların qəzasını tutmaları kifayət edir. Hər gün üçün bir müdd təam fidyə vermələri vacib deyildir, baxmayaraq ki, həm orucun qəzasını tutmaq və həm də fidyə vermək ehtiyata müvafiqdir. Amma əgər səhlənkarlığa görə və heç bir üzr olmadan orucun qəzasını təxirə salsalar, həm orucun qəzasını tutmaq və həm də fidyə vermək onlara vacibdir.

      Xəstənin orucunun kəffarəsi
      364. Mən xəstə olduğuma və dərman qəbul etdiyimə görə, təxminən üç il müddətində oruc tutmaqdan azad idim. Xəstəliyimə görə orucun qəzasını da tuta bilmirdim. Fidyə də verməmişəm. Amma bu il Allaha həmd olsun ki, sağalmışam və fidyə vermək imkanım da vardır. Bilmək istəyirəm ki, ötən üç il xüsusunda mənim vəzifəm nədir? (Qeyd etməliyəm ki, əvvəllər atamın himayəsi altında idim, amma h.ş. 1384-cü ilin əvvəlindən bir şirkətə işə düzəlmişəm.)
      Cavab: Xəstəliyiniz gələn ilin Ramazan ayına qədər davam etdiyi təqdirdə, xəstəliyinizə görə Ramazan ayında iftar etdiyiniz orucların hər günü üçün bir müdd təam (təxminən 750 qram) fidyə ünvanında fəqirə verin və bu orucların qəzası vacib deyildir. Amma axırıncı Ramazan ayı istisnadır. Belə ki, əgər axırıncı Ramazan ayından sonra sağalmısınızsa və bu ayın oruclarının qəzasını tutmağa qadirsinizsə, bu təqdirdə əgər gələn ilin Ramazan ayınadək orucların qəzasını tutmasanız, hər gün üçün bir müdd təam verməli və orucların qəzasını da tutmalısınız.

      365. Anam təxminən on üç il xəstə olmuşdur və buna görə oruc tuta bilməmişdir. Mən dəqiqliklə bilirəm ki, anam dərman qəbul etmək məcburiyyətində olduğu üçün oruc tuta bilməmişdir. Xahiş edirəm bizi məlumatlandırasınız ki, orucların qəzası ona vacibdirmi?
      Cavab: Əgər o, xəstəliyinə görə oruc tuta bilməmişdirsə, orucun qəzası yoxdur.


      366. Xəstəliyi bir neçə il davam etdiyinə görə Ramazan ayının orucunu və orucun qəzasını tuta bilməyən şəxsin vəzifəsi nədir?
      Cavab: Sağaldığı ildə qəza oruclarını tutmaq üçün kifayət qədər (gələn ilin Ramazan ayına qədər) vaxt olsa, axırıncı ilin Ramazan ayının orucunun qəzasını tutmalıdır. Amma ondan əvvəlki illərin orucunun qəzasını tutmaq lazım deyildir və təkcə hər gün üçün bir müdd təam fəqirə verməlidir.

      Göz həkiminin oruc tutmağı qadağan etməsi
      367. Mən tibbi eynəkdən istifadə edirəm və hal-hazırda da gözlərim çox zəif görür. Həkimə müraciət etdiyim vaxt o mənə dedi ki, əgər gözlərimin qüvvətlənməsi üçün səy göstərməsəm, daha da zəifləyəcəkdir. Beləliklə, əgər Ramazan ayının orucunu tutmamaqda üzrlüyəmsə, mənim vəzifəm nədir?
      Cavab: Əgər oruc tutmağın sizin gözlərinizə zərəri varsa, oruc tutmağınız vacib deyildir, əksinə, iftar etməyiniz vacibdir. Əgər sizin xəstəliyiniz gələn ilin Ramazan ayına qədər davam etsə, orucun qəzası da sizə vacib deyildir. Amma hər gün üçün bir müdd təam fəqirə verməyiniz vacibdir.

      Fidyəni verməyi təxirə salmaq
      368. Əgər bir neçə il ötsə və fidyə verilməsə, bunun hökmü nədir? Onun üstünə nə isə əlavə olunurmu?
      Cavab: Onun üstünə bir şey əlavə olunmur. Qeyd edək ki, fidyəni vermək təcili- vacib deyildir.

      Xəstə qadının fidyəsini vermək kimin öhdəsinədir
      369. Bir qadın xəstə olduğuna görə oruc tutmaqda üzrlüdür və gələn ilin Ramazan ayına qədər onların qəzasını da tutmağa qadir deyildir. Belə olduğu təqdirdə, kəffarə onun özünə vacibdir, yoxsa onun ərinə vacibdir?
      Cavab: Əgər Ramazan ayının orucunu xəstəliyə görə iftar edibsə və xəstəliyi davam etdiyinə görə orucun qəzasını təxirə salıbsa, hər gün üçün bir müdd təam vermək qadının özünə vacibdir və ərinin öhdəsinə heç nə düşmür.


      (1) Susuzluq xəstəliyi nəticəsində ağzı tez-tez quruyan şəxs
    • Orucun kəffarəsinin istifadəsi
700 /