Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Fransada baş vermiş son olaylarla bağlı Avropa və Şimali Amerika gənclərinə müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fransada baş vermiş son olayların ardınca ölkə jurnallarından birində İslam Peyğəmbərinin (s) karikaturasının nəşr edilməsi, Qərb rəsmiləri və mediası tərəfindən islamafobiya və anti-islam tendensiyasının gücləndirilməsi ilə əlaqədar olaraq, Avropa və Şimali Amerika gənclərinə mühüm bir məktub ünvanladı. İngilis dilində yayımlanmış məktubun tərcümə mətni aşağıdakı kimidir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Avropa və Şimali Amerikada yaşayan bütün gənclərə,

Fransadakı son olaylar və digər Qərb ölkələrində baş vermiş bənzər hadisələr məndə sizinlə bu barədə bilavasitə danışmalı olduğuma əminlik yaratdı. Üzümü siz gənclərə tuturam; ona görə yox ki, valideynlərinizə etinasız yanaşıram, daha çox ona görə ki, xalqınızın və vətəninizin gəlcəyini sizin əlinizdə görür, həqiqət axtarışı duyğusunun sizin qəlblərinizdə daha canlı və oyaq olduğunu düşünürəm. H
əmçinin bu məktubla sizin ölkələrinizin siyasətçilərinə və dövlət rəsmilərinə də müraciət etmirəm, çünki onların siyasəti doğruluq və dürüstlük yolundan bilərəkdən çıxardıqlarına əminəm.

Mən sizinlə İslam dini, özəlliklə də bu dinin sizə təqdim olunan mənzərəsi və siması barədə danışmaq istəyirəm. 20 il bundan öncədən üzü bəri – yəni təxminən Sovet İttifaqının dağılmasından sonra bu əzəmətli dinin qorxunc bir düşmən kimi tanıtdırılması üçün çox səylər edilib. Təəssüflər olsun ki, qorxu və nifrət hisslərini təhrik edərək bundan yararlanmaq Qərbin siyasi tarixində uzunillik keçmişi olan bir tendensiyadır. Mən burada indiyə qədər Qərb millətlərinə təlqin edilmiş cürbəcür “fobiya”lardan söz açmaq istəmirəm. Siz özünüz tarixlə bağlı son tənqidi araşdırmalara qısaca nəzər salsanız, yeni tarixi nəşrlərdə Qərb dövlətlərinin dünyanın digər xalqlarına və sivilizasiyalarına qarşı qeyri-səmimi və riyakar yanaşmasının məzəmmət olunduğunu görərsiniz. Avropa və Amerikanın tarixi quldarlıqdan utanc içərisindədir, müstəmləkəçilik dövründən başıaşağıdır, qaradərililərə və qeyri-xristianlara edilən zülmlərə görə xəcalətlidir. Sizin öz ölkələrinizin tarixçi və tədqiqatçıları din adı altında katoliklərlə pravoslavlar arasında, yaxud 1-ci və 2-ci dünya müharibələrində etnik və milli mənsubiyyət zəminində axıdılmış qanlardan dərin utanc hiss etdiklərini bildirirlər.

Bu, öz-özlüyündə təqdirəlayiqdir. Mənim də bu uzun siyahının bir hissəsini sadalamaqda məqsədim tarixi məzəmmət etmək deyil. İstəyim budur ki, siz öz ziyalılarınıza belə bir sualla müraciət edəsiniz: nəyə görə Qərbdə ictimaiyyətin vicdanı həmişə bir neçə onillik, bəzən də bir neçə yüzillik gecikmə ilə oyanmalıdır? Nəyə görə ictimaiyyətin vicdan məhkəməsi günün problemlərini yox, uzaq keçmişdə baş verənləri mühakiməyə çıxarmalıdır? Nəyə görə İslam məfkurəsi və İslam mədəniyyətinə yanaşma kimi mühüm bir mövzuda ictimai maariflənmənin və düzgün ictimai rəyin formalaşmasının qarşısı alınmalıdır?

Siz yaxşı bilirsiniz ki, “başqaları”na qarşı təhqir, dözümsüzlük, nifrət və qorxu öz mənfəətini güdən bütün istibdadçı tendensiyalar üçün müştərək zəmin olmuşdur. İstərdim, siz özünüzə belə bir sual verəsiniz ki, nəyə görə kökü keçmişə dayanan nifrət və fobiya yaratma siyasəti bu dəfə İslamı və müsəlmanları görünməmiş bir kəskinliklə hədəfə alıb? Nəyə görə qlobal güc strukturu bu gün İslam məfkurəsinin marginallaşaraq təcrid olunmasını istəyir? İslamın hansı təlim və dəyərləri super-dövlətlərin planlarını pozur? İslam haqqında yanlış təsəvvürün formalaşdırılması sayəsində hansı mənafelər təmin olunur? Xülasə, sizdən birinci istəyim budur ki, İslam əleyhinə geniş yayılmış bu qaralama kompaniyasının motivlərini soruşub araşdırasınız.

İkinci istəyim budur ki, bu önmühakimə və mənfi təbliğat selinə reaksiya verərkən bu dinlə bağlı bilavasitə və müstəqim məlumat əldə etməyə çalışasınız. Sağlam məntiq tələb edir ki, ən azından, sizi qorxutduqları, çəkindirdikləri şeyin nə olduğunu, mahiyyətini öyrənəsiniz. Demirəm ki, mənim fikirlərimi və ya İslamla bağlı hər hansı digər baxışları qəbul edin, dediyim odur ki, müasir dünyadakı bu dinamik və effektiv reallığın sizə çirkin qərəz və niyyətlərlə təqdim olunmasına imkan verməyin. İmkan verməyin ki, özlərinə işləyən terroristləri riyakarcasına sizə müsəlman kimi təqdim etsinlər. İslamı orijinal mənbələrindən, ilkin məxəzlərindən öyrənin. Bu dinlə onun müqəddəs Quranı, əzəmətli Peyğəmbərinin (s) həyat yolu vasitəsilə tanış olun. Bu yerdə sizə belə bir sual vermək istərdim ki, indiyə qədər bilavasitə özünüz müsəlmanların Quranına müraciət etmisinizmi? İslam Peyğəmbərinin (s) təlimləri, onun əxlaq və humanizm dərsləri ilə tanış olmusunuzmu? Bu günə qədər İslam dininin mesajlarını mediadan başqa bir mənbədən almısınızmı? Heç özünüzə sual vermisinizmi ki, İslam dini necə və hansı dəyərlərin bazasında uzun əsrlər boyu dünyanın ən böyük elmi-fəlsəfi sivilizasiyasını yaradaraq, ən görkəmli alim və mütəfəkkirlərini yetişdirib?

Mənim sizdən istəyim budur ki, çirkin və qorxunc təsvirlər yaratmaqla sizinlə gerçəklik arasında emosional sədd qurmalarına, bitərəf mühakimə yürütmək imkanını əlinizdən almalarına icazə verməyəsiniz. Kommunikasiya texnologiyalarının coğrafi sərhədləri aşdığı bir zəmanədə sizi qondarma zehni baryerlərin çərçivəsində saxlamalarına icazə verməyin. Hərçənd yaranmış uçurumları heç kəs təkbaşına doldura bilməz, amma sizdən hər biriniz özünü və ətrafını maarifləndirmək üçün bu uçurumların üzərindən vicdan və düşüncə körpüsü sala bilər. İslam dini ilə siz gənclər arasındakı, planı çoxdan cızılmış bu problem xoşagəlməz olsa da, sizin hər şeyi öyrənməyə can atan zehinlərinizdə yeni-yeni suallar yarada, bu suallara cavab tapmaq istiqamətində göstərdiyiniz səylər isə bilmədiyiniz həqiqətləri aşkara çıxarmağınız üçün dəyərli bir fürsət ola bilər. Odur ki İslam dinini önmühakimələrə yer vermədən, düzgün dərk etmək fürsətini əldən verməyin ki, bəlkə sizin reallıqlara qarşı məsuliyyətliliyinizin müsbət nəticəsi olaraq, gələcək nəsillər Qərblə İslam arasındakı qarşılıqlı münasibətlərin tarixinin hazırkı etapını daha az təəssüf və daha rahat vicdanla qələmə ala bilsinlər.

Seyid Əli Xamenei
1 bəhmən 1393



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /