Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər nano-texnologiyalar sahəsində əldə edilmiş nailiyyətləri əks etdirən sərgiyə baxış keçirdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunmuş, nano-texnologiyalar sahəsindəki nailiyyətləri əks etdirən sərgiyə saat yarım ərzində baxış keçirərək ölkənin gənc alim və tədqiqatçılarının bu sahədə gördüyü işlər və qazandığı uğurlarla yaxından tanış oldu.

Ali Məqamlı Rəhbərin ölkə başçısının elm və texnologiya məsələləri üzrə müavini cənab Dr. Səttarinin müşayiəti ilə gəzdiyi sərgidə İran tədqiqatçılarının nano-maddələr, dərman preparatları və tibbi ləvazimatlar, tekstil, kənd təsərrüfatı, su və meliorasiya, AES, inşaat, neft və enerji, avtomobil istehsalı kimi sahələrə aid ən son elmi nailiyyətləri nümayiş olunurdu. Təşkialtçılar sərgilənən bütün məhsullar barədə Ali Məqamlı Rəhbərə qısaca məlumat verdilər.

Daha sonra nano-texnologiyalar sahəsində fəaliyyət göstərən alim və tədiqatçılar, habelə sözügedən sferanın rəsmiləri qarşısında çıxış edən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, sənayenin bu sahəsinin inkişafı ölkənin digər müxtəlif sferalarının inkişafı üçün nümunə və meyardır. O əlavə etdi: “Bu inkişaf onu göstərir ki, işinə can yandıran və uğur əldə etməkdə maraqlı olan bir qrup mütəxəssisin konkret bir sahəyə yönəlməsi ilə diqqətəlayiq və sıçrayışlı nailiyyətlər əldə etmək mümkündür”.

“İnkişafın davamlı olması üçün inkişaf amillərini qoruyub saxlamaq lazımdır” – deyən Ali Məqamlı Rəhbər elm, özəlliklə nano-texnologiyalar sahəsində inişafı qarant altına alan amillərin hansılar olduğunu açıqladı.

Ali Məqamlı Rəhbər bu amillər sırasında dəqiq planlama, sabit formada idarəçilik və parlaq istedadların tanınıb üzə çıxarılması üçün müvafiq mədəniyyət və diskursun formalaşdırılması məsələlərinə toxunaraq dedi: “Davamlı inkişafın daha bir mühüm amili siyasi maraqların elmi-tədqiqat sferasına nüfuz etməsinə imkan verməməkdir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, davamlı və sürətli elmi inkişafın digər bir amili qazanılmış uğurlardan qürrələnməmək, əldə edilmiş nailiyyətlərin hazırkı səviyyəsi ilə qane olmamaqdır. O dedi: “Düzdür, bu gün İran gənclərinin istedad səviyyəsi və ölkəmizin elmi inkişaf tempi dünya ölkələri üzrə orta göstəricidən çox-çox yüksəkdir və misal üçün, İran nano sənayesi üzrə dünyada 7-ci yeri tutur, lakin ölkəmiz tarixən elmi inkişaf baxımından geri qaldığı üçün elmi inkişafımızı günü-gündən daha da artan templə davam etdirməliyik”.

Daha sonra Ali Məqamlı Rəhbər hegemon dövlətlərin siyasi, ictimai və ideoloji müstəqillik təbiəti ucbatından İran xalqı ilə düşmənçilik etmələrinə toxunaraq dedi: “Bu düşmənçilik özünü bir çox sahələrdə büruzə verir. Odur ki lazımınca qüdrətli olmaq üçün günü-gündən özümüzü daha da gücləndirməliyik”.

Ali Məqamlı Rəhbər nano-texnologiyanın nailiyyətlərini ticariləşdirməyin, nano-məhsulları istehlak bazarına, sərvət istehsalına istiqamətləndirməyin vacib olduğunu vurğulayaraq dedi: “Nano-sənayedə davamlı inkişafı qarant altına alan mühüm amillərdən biri də odur ki, xalq sizin elmi-tədqiqat işlərinizin təsirini öz gündəlik yaşamında hiss etsin”.

Həzrət Ayətullah Xamenei həmçinin nano-texnologiyalar sahəsində fəal olan digər ölkələrlə müqayisədə İranda bu sahəyə daha az dövlət büdcəsinin ayrıldığı barədə mövcud olan məlumatlara da toxunaraq prezidentin elm və texnologiya məsələləri üzrə müavininə xitabən problemə daha da diqqətli yanaşmaq lazım olduğunu vurğuladı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /