Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər dövlətin əsas ekoloji siyasətlərini elan etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 110-cu maddəsinin icrasına müvafiq olaraq, hakimiyyətin 3 qolunun başçılarına ünvanladığı məktubda dövlətin başlıca ekoloji siyasətlərini elan etmişdir.

Ali Məqamlı Rəhbərin elan etdiyi siyasətlərin əsas mehvərini təşkil edən mövzular sırasında vahid milli ekologiya sisteminin yaradılması, həyat əhəmiyyətli resursların sistemli və koordinasiyalı şəkildə idarə olunması,  ekologiyanın korlanmasına görə cinayət məsuliyyətinə cəlb edilmə, ölkənin ekosistem atlasının hazırlanması, ekoloji diplomatiyanın gücləndirilməsi, yaşıl iqtisadiyyatın genişləndirilməsi, ekoloji etika və mədəniyyətin oturuşması kimi mövzular yer alır.

Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra hazırlanmış bu siyasətlərin tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Başlıca ekoloji siyasətlər:

1. Su, hava, torpaq, biomüxtəliflik kimi həyat əhəmiyyətli resurslar kompleks, sistemli və koordinasiyalı surətdə, ekosistemin imkanları və dayanıqlığı əsasında idarə edilməli, xüsusilə də əlverişli hüquqi baza və struktur vasitəsilə imkan və potensial daha da artırılmalı, paralel olaraq ictimaiyyətin iştirakına da önəm verilməlidir.

2. Vahid milli ekoloji sistem yaradılmalıdır.

3. Cəmiyyətin sağlam ətraf mühitdən yararlanmasını təmin etmək, nəsillərarası ədalət və hüquqa riayət etmək məqsədilə ekoloji şərait yaxşılaşdırılmalıdır.

4. Ətraf mühitin yolverilməz şəkildə çirkləndirilməsi hallarının yayılmasının qarşısı alınmalı və bu kimi davranışlar qadağan edilməli, ekologiyanın korlanmasına görə cinayət məsuiliyyəti müəyyən edilməli,  ətraf mühiti çirkləndirən və korlayan şəxlsər üçün effektiv, çəkindirici cəza tədbirləri seçilməli, dəyən ziyanın kompensasiyası tələb edilməlidir.

5. Hava, su və torpağı çirkləndirən mənbə və faktorların, gurultu çirkləndirməsinin, ekologiyanı korlayan dalğa və şüaların, münasib olmayan iqlim dəyişikliklərinin daimi monitorinq və nəzarəti həyata keçirilməli, qanun və qərarlarda, inkişaf proqramlarında və torpaqdan istifadənin planlaşdırılmasında ekoloji standart və meyarlara riayət etmə vacib şərt kimi irəli sürülməlidir.

6. Ölkənin ekoloji atlası hazırlanmalı, (dənizlər, göllər, çaylar, su anbarları, su hövzələri, yeraltı sular, meşələr, torpaqlar, əkin yerləri, bioloji müxtəliflik, xüsusilə də vəhşi fauna kimi) yenilənə bilən təbii resurslar qorunmalı, dirçəldilməli, yaxşılaşdırılmalı və inkişaf etdirilməli, bu resurslardan onların ekoloji imkanlarına (bərpa gücünə və dözümlülük potensialına) uyğun surətdə, sabit meyar və göstəricilər əsasında yararlanmada qanunla məhdudiyyətlər müəyyən edilməli, həssas və dəyərli ekosistemlər (milli parklar və milli təbii abidələr kimi) idarə edilməli, genetik resurslar qorunmalı və beynəlxalq standartlara uyğun səviyyədə inkişaf etdirilməlidir.

7. İqlim dəyişiklikləri idarə edilməli, səhralaşma, toz-torpaq, xüsusilə də qum fırtınaları, quraqlıq, biloji və radiaktiv çirkləndirmə kimi ekoloji təhlükələrə qarşı mübarizə aparılmalı, yeni yarana biləcək ekoloji təzahürlərin proqnozlaşdırılması sahəsində işlər genişləndirilməli və gözlənilən təhlükə halları idarə edilməlidir.

8. Aşağıdakı məqamlara xüsusi diqqət ayırmaqla yaşıl iqtisadiyyat inkişaf etdirilməlidir:

8.1 – azkarbonlu sənaye, saf enerjidən istifadə, sağlam və orqanik kənd təsərrüfatı məhsulları, iqtisadi, sosial, təbii və ekoloji imkan və potensialdan yararlanmaqla tullantıların və çirkab suların idarə edilməsi.

8.2 – müxtəlif iqtisadi və sosial sferalarda istehsal göstəricisi ilə bağlı islahatların aparılması, su, təbii resurslar, qida və digər məhsullar, habelə enerjidən istifadə göstəricisinin optimallaşdırılması, xüsusilə də ekoloji baxımdan münasib yanacaq maddələrindən istifadənin genişləndirilməsi.

8.3 – qeyri-mədən yanacaqlı, “yaşıl ictimai nəqliyyat”ın, o cümlədən elektrik nəqliyyatının genişləndirilməsi, xüsusilə meqapolislərdə ictimai nəqliyyatdan istifadənin artırılması.

9 – kanallar, suayrıcları və su hövzələrinin reallaşdırılması yolu ilə yeraltı sular balanslı surətdə paylanmalı və keyfiyyəti qorunmalı, yeraltı sulardan bəhrələnmənin azalmasına yol açan amillər, buxarlanma idarə edilməli, çirkləndirici maddələrin daxil olmasına nəzarət həyata keçirilməlidir.

10. Ekoloji dəyər və xərclər (korlanma, çirklənmə və bərpa) nəzərə alınmaqla ölkədə ekoloji audit sistemi bərqərar edilməlidir.

11. Uyğun mexanizmlərdən, o cümlədən “yaşıl vergi” və “yaşıl xəta” siyasətlərinin tətbiqindən istifadə etməklə ekologiya ilə səsləşən texnologiya və investisiyalar dəstəklənməli və təşviq edilməlidir.

12. Ekoloji Etika Nizamnaməsi işlənib hazırlanmalı, cəmiyyətdə iranlı-müsəlman vətəndaşına xas, konstruktiv mahiyyətli dəyər və meyarlara əsaslanan ekoloji etika və mədəniyyət genişləndirilməli və oturuşmalıdır.

13. Elmi tədqiqat və araşdırmaların səviyyəsi yüksəldilməli, ekosistemlərin balansının  qorunması, ekologiyanın korlanması və ətraf mühitin çirklənməsinin qarşısının alınması sahəsində innovativ ekoloji texnologiyalardan və konstruktiv yerli təcrübədən istifadə olunmalıdır.

14. Cəmiyyətdə ətraf mühitlə bağlı maarifləndirmə işləri aparılmalı, insanların bilik və məlumatı genişləndirilməli, bütün sosial təbəqələr arasında ekologiyanın qorunması üçün dinin ictimai məsuliyyət və iştirakla bağlı təlimləri, xüsusilə də “əmr be məruf və nəhy əz münkər” mədəniyyəti gücləndirilməlidir.

15. Aşağıdakı məqamlar önə çəkilməklə ekoloji diplomatiya gücləndirilməlidir:

15.1 – qum fırtınalarına, suların çirklənməsinə qarşı mübarizə məqsədilə regional qurumların yaradılması və gücləndirilməsinə səy göstərmək;

15.2 –  ekologiya sahəsində ikitərəfli, çoxtərəfli, regional və beynəlxalq səviyyədə effektiv və məqsədyönlü əməkdaşlığın, ortaq səylərin genişləndirilməsi;

15.3 – azkarbonlu iqtisadiyyata doğru irəliləyişdə beynəlxalq səviyyədə yaradılan imkan və güzəştlərdən effektiv istifadə, bununla əlaqəli texnologiya və innovasiyaların ölkəyə gətirilməsinin asanlaşdırılması və genişləndirilməsi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /