Ali Məqamlı Rəhbərin informasiya bloku

Məscidin hökmləri

 
1-  Bəzi məşhur fəqihlər bildirmişlər ki, bir məkanı məscid etmək istədikdə, onun üçün vəqf cümlələri (“vəqf siğəsi”) oxunmalıdır. Məsələn, deyilməlidir: “Allaha xatir (qürbətən iləllah) bu məkanı məscid ünvanında vəqf etdim”. Amma əqvaya görə* əgər Allaha xatir həmin məkanda məscid tikilsə və bir nəfər də məscid tikənin icazəsi ilə orada namaz qılsa, bu, kifayət edir və həmin məkan məscid olur.

* Bu ifadə fətvanı bildirir.
 
2- Məscid xüsusunda “muatat”* o təqdirdə kifayət edir ki, müəyyən bir məkan məscid məqsədilə tikilir və təmir edilir, xüsusilə də, əgər ümumi mübah məkan məscid tikintisi üçün götürülür və həmin məqsədlə istifadə edilir. Amma əgər həmin məkanda kiminsə mülkü olarsa, məsələn, ev və ya dükan olarsa, sonra həmin məkanın məscid olmasını niyyət edərsə və camaatı orada namaz qılmağa sövq edərsə, oranın məscid olması üçün xüsusi cümlələr (vəqf siğəsi) oxunmadan “muatat” ilə kifayətlənməyin maneəsi vardır.

 * Bu müamilədə müamilənin tərəfləri xüsusi cümlələri oxumadan bir tərəf öz malını digər tərəfə verir.
 
3-  Bir məkan məscid ünvanında tikildikdən sonra xüsusi bir tayfaya, dəstəyə, qəbiləyə və şəxsə aid deyildir və bütün müsəlmanlar oradan istifadə edə bilərlər.

4- Əgər məscidin suyu məhz namaz qılanların dəstəmaz almaları üçün vəqf edilməyibsə və məscidin yerləşdiyi məhəllədə, adətən, qonşular və yoldan keçənlər də oranın suyundan istifadə edirlərsə, məscidin suyundan dəstəmazdan qeyri işlər üçün istifadə etməyin maneəsi yoxdur, baxmayaraq ki, bu xüsusda ehtiyata riayət etmək bəyənilir.

5-  Məsciddə məscidin şəninə zidd olan işləri görməkdən (məsələn, idman etməkdən) çəkinmək lazımdır.

6-  Məsciddə Quran, şəriət hökmlərini və əxlaqı öyrənməyin, habelə, ilahi musiqiləri oxumağın maneəsi yoxdur. Amma hər bir halda məscidin şəni, müqəddəsliyi və məqamını qorumaq vacibdir və namaz qılanlara mane olmaq caiz deyildir.

7-  Namaz vaxtının daxil olduğunu elan etmək üçün səsucaldan vasitəsilə azanın adi qaydada yayımlanmasının maneəsi yoxdur. Amma Quran ayələri, dualar və başqa mətnlərin qiraətinin məscidin səsucaldanı vasitəsilə yayımlanması əgər məscidin qonşuluğunda yaşayanların narahatçılığına səbəb olarsa, işkalı vardır.
 

Məscid xüsusunda haram olan işlər

8- Məscidin yerini, tavanını, divarını və damını murdarlamaq haramdır. Əgər murdarlanarsa, dərhal oranı paklamaq vacibdir.

9- Əgər bir məscid qəsb edilərsə, ya uçurdularsa, ya da tərk edilərsə və onun yerində başqa bir bina tikilərsə, yaxud da tərk edildiyinə görə məscid əlamətləri aradan gedərsə və oranın yenidən bərpa edilməsinə ümid olmazsa – məsələn, həmin yaşayış məntəqəsinin əhalisi başqa bir yerə köçürülərsə – oranı murdarlamağın haram olması məlum deyildir. Baxmayaraq ki, oranı murdarlamamaq ehtiyata müvafiqdir.

10-  Məscidi qızıl ilə zinətləndirmək əgər israfçılıq sayılarsa, haramdır. Qeyri halda isə bu iş məkruhdur.

11- Kafirlərin Məscidül-hərama daxil olmaları şəri baxımdan qadağandır. Digər məscidlərdə də, əgər məscidə qarşı hörmətsizlik sayılarsa, caiz deyildir. Hətta digər  məscidlərə də ümumiyyətlə daxil olmasınlar.

12-  Heyzli və nifaslı qadının, cənabətli şəxsin Məscidül-hərama və Məscidün-nəbiyə daxil olması haramdır. Digər məscidlərdə isə dayanmaq, hətta oraya daxil olmaq – hər hansı bir surətdə olursa olsun – haramdır. Amma əgər məscidin bir qapısından daxil olub, başqa bir qapısından xaric olarsa, yaxud bu məscidlərdən bir şeyi götürmək üçün oraya daxil olarsa, maneəsi yoxdur. Vacib ehtiyata görə, məscidin hökmləri İmamların (ə) pak hərəmlərinə də aiddir. Hətta Məscidül-həram və Məscidün-nəbinin hökmlərinin də İmamların (ə) pak hərəmlərinə aid olması ehtiyata daha yaxındır.
 

Məscid xüsusunda müstəhəb olan işlər
13-  Məscid tikmək və uçulub dağılmaq üzrə olan məscidi təmir etmək müstəhəbdir. Əgər məscid elə bir şəkildə uçulub dağılmış olsa ki, oranı təmir etmək mümkün deyildir, bu məscidi tam uçurub yenidən tikmək olar. Hətta uçulub dağılmayan bir məscidi camaatın ehtiyacını nəzərə alaraq uçurub və daha böyük bir məscid tikmək olar.

14- Məscidi təmizləmək və abadlaşdırmaq müstəhəbdir. Məscidə gedəndə ətirlənmək, təmiz və yaxşı paltar geyinmək, həmçinin ayaqqabı və ya ayağın nəcasətə və ya natəmiz bir şeyə bulaşmaması üçün ehtiyatlı davranmaq, hamıdan tez məscidə getmək və hamıdan sonra məsciddən çıxmaq, məscidə daxil olduqda və oradan çıxdıqda dildə zikir demək və bunu qəlbdən keçirmək müstəhəbdir.

15- Məscidə daxil olduqda məscidə hörmət niyyətilə iki rəkət namaz qılmaq müstəhəbdir. Başqa bir vacib və ya müstəhəb namazı qılmaq da kifayət edir.

16- Məscidə getməyin fəziləti qadınlara da şamildir.

17- Məscidin işığını yandırmaq, məscidi süpürmək, məscidə daxil olanda sağ ayağı içəriyə qoymaq və məsciddən çıxanda sol ayağı çölə qoymaq, məscidə daxil olduqdan sonra üzü qibləyə dayanıb izzətli və cəlalətli Allahı çağırmaq, Allaha həmd-səna söyləmək, salavat demək, həmçinin məscidə dəstəmazlı daxil olmaq müstəhəbdir.

18-  Namazı məsciddə qılmaq müstəhəbdir. Bir üzr (məsələn, yağışın yağması və s. kimi) olmadan məscidə getməmək, xüsusilə də məscidin qonşuluğunda yaşayanların öz namazlarını məsciddə qılmamaları məkruhdur. Hətta hədisdə buyurulur: “Məscidin qonşusu namazını məsciddə qılmalıdır”. Ən fəzilətli məscid Məscidül-həramdır. Sonra Məscidün-nəbi, daha sonra Kufə məscidi və Məscidül-əqsa, daha sonra şəhərin mərkəzi məscidi, daha sonra qəbilənin məscidi, daha sonra isə bazarın məscididir.

19-  Məscid tikmək təkid olunan müstəhəb əməllərdəndir və böyük savabı vardır. Hədislərin birində Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kim dünyada bir məscid tiksə, Allah-Taala onun hər qarışının – yaxud buyurmuşdur ki, onun hər arşınının – qarşılığında qırx min il müddətində qət edilən bir şəhər, özü də qızıl və gümüş, dürr və yaqut, zümrüd, xrizolit (qiymətli daş) və ləldən bir şəhər bəxş edər”.
 

Məscid xüsusunda məkruh olan işlər
20-  Məsciddə yatmaq – əgər insan çarəsiz qalmazsa – və dünya işləri barədə danışmaq, əl işləri ilə məşğul olmaq, nəsihətamiz olmayan şerlər oxumaq məkruhdur. Həmçinin ağız və burun suyunu, bəlğəmi məscidə tökmək, uca səslə itmiş bir şeyi tələb etmək, səsi yüksəltmək məkruhdur. Amma azanı uca səslə deməyin maneəsi yoxdur.

21-  Dəlinin məscidə daxil olmasına imkan yaratmaq məkruhdur. Soğan və sarımsaq yemiş şəxsin – onun ağzının iyi camaatı narahat etdiyinə görə – məscidə getməsi məkruhdur.

22- Məscidi bağlamaq məkruhdur. Hədisdə buyurulur ki, Qiyamət günü izzətli və cəlalətli Allaha şikayət edən üç şikayətçidən biri məsciddir. Digər iki şikayətçi isə nadanlar arasında olan alim və toz-torpaq basmış və oxunmayan Qurandır. Hədisdə buyurulur: “Hər kim Allahın məscidlərindən birinə getsə, məscidə gedənədək və evə dönənədək atdığı hər addıma on savab yazılar, onun on günahı silinər və dərəcəsi on dərəcə artar”.

23- Məscidül-haramdan qeyri məsciddə meyit namazı qılmaq məkruhdur.
700 /

Şəri məsələlər

Şəri sual
Fiqh və şəri hökmlər