Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qüdsdə camaat namazı qılacağınız gün tezliklə gələcək

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Suriyanın vəqflər naziri və alimlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirdi ki, İslam Respublikası İslam düşmənləri ilə mübarizənin ön xəttində Suriyaya dəstək verir. Mömin və mücahid xalqların qələbə çalacağını qeyd edən Ali Rəhbər İslamın ortaq dəyərləri üzərində möhkəm dayanmağın zəruri olduğunu vurğuladı: “Sizin Qüdsdə camaat namazı qılacağınız günü görəcəyimizə ümidvarıq”.

Həzrət Ayətullah Xamenei Suriyanın prezidenti cənab Bəşşar Əsədi hörmətlə xatırlayaraq əlavə etdi: “Suriya bu gün ön cəbhədədir. Buna görə də Suriyanın müqavimətini dəstəkləmək bizim vəzifəmizdir. Əlbəttə, böyük bir mübariz insan simasında meydana atılan Bəşşar Əsəd tərəddüd etmədən və qətiyyətlə müqavimət göstərdi. Bu, bir millət üçün çox mühümdür”.

Bəzi millətlərin zillətinin onların rəhbərlərinin zillətindən qaynaqlandığını deyən İnqilabın Rəhbəri vurğuladı ki, düşmən İslam və kimlikləri ilə fəxr edən, qürur duyan rəhbərləri olan izzətli millət qarşısında heç nə edə bilməz: “Dünyanın ABŞ, SSRİ, NATO və irticaçı region qüvvələri kimi birinci dərəcəli gücləri, ilk gündən başlayaraq İslam Respublikasını məhv etmək üçün birləşsələr də, İran İslam İnqilabı qırx yaşına girdi; İnqilab yaşadı və inkişaf etdi”.

Bu ümidverici və güc bəxş edən həqiqətə aydınlıq gətirən İslam İnqilabının Rəhbəri əlavə etdi: “İran xalqının əldə etdiyi İnqilabın qalıcılığı göstərdi ki, ABŞ, Avropa və dünyanın atom güclərinin istədiyi əlbəttə, olmayacaq. Əgər biz hamımız və regionun müqavimət cəbhəsinin üzvləri qətiyyətli olsaq, düşmənlər heç nə edə bilməzlər”.

O bildirdi ki, iman və mübarizə qələbənin şərtidir: “Qələbə mübariz möminə məxsusdur. Bizim vəzifəmiz İslamı və İslam hərəkatını müdafiə etməkdir. Buna görə də ixtilafları bir kənara qoymalı, vəhdətə qarşı çıxan, addım atan insanlara - əgər beynəlxalq və imperialist siyasətlərə bağlı deyillərsə - etina göstərməməliyik”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam ümmətinin imperialist siyasətlərdən qaynaqlanan təxribatlara, bunun bir nümunəsi olan səudiyyə davranışlarına qarşı vəzifəsi qətiyyətli mübarizədir: “Biz Londonun hamilik etdiyi şiəçiliyi, ABŞ və İsrailin himayə etdiyi sünniliyi qəbul etmirik. Çünki İslam küfr, zülm və imperializmə qarşıdır”.

O. İslamın ortaq cəhətlərini vurğulayaraq dedi: “Sizin Qüdsdə camaat namazı qılacağınız günü görməyə hamımız ümidvarıq. O gün də uzaq deyil, tezliklə gələcək, bizim kimilər olsun, ya olmasın”.

İslam İnqilabının Rəhbəri dedi: “Bir neçə il bundan öncə sionist rejim deyirdi ki, gələcək 25 ildə İranı elə edəcəyik, belə edəcəyik. Həmin vaxt dedim ki, siz 25 il sonranı görməyəcəksiniz”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Suriyanın vəqflər naziri cənab Əbdüssəttar Əs-seyyid Suriya prezidenti cənab Bəşşar Əsədin salamlarını İslam İnqilabının Rəhbəri və böyük İran xalqına çatdıraraq dedi: “Suriya xalqının, sionis-təkfirçi terrorizmlə mübarizədə, habelə haqqın müdafiəsində nümayiş etdirdiyi qüdrətli mövqelərinə görə İran İslam Respublikasına davamlı təqdir və təşəkkür etdiyini elan edirik”.

Suriyanın vəqflər naziri əlavə etdi: “İran İslam Respublikası hegemonolarla mübarizə cəbhəsini Tehrandan Dəməşqə və Livana qədər uzadıb və üzərimizə Qüdsün azadlığı üçün bir yumruq kimi birləşib proqram hazırlamaq kimi mühüm bir vəzifə qoymuşdur”.

O dedi: “Allahın mücahidlərə və səbr edənlərə yardım edəcəyi vədinə və cənabalinin rəhbərliyinə iman və etiqad edirik”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /