Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu günün gənc nəsli düşməni geri qovmağa daha hazırlıqlıdır

Bu gün (şənbə) səhər “Nur yolçuları” ekskursiya qruplarının iştirakçısı olmuş şagird və tələbələrdən bir qrupu ilə görüşdə Müqəddəs müdafiə dövrünün ölkə və inqilab tarixinin qızıl səhifəsi və işıqlı bir parçası olduğunu deyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei vurğuladı ki, “Nur yolçuları” ekskursiya qrupları o dövrün qorunub saxlandığını gösətərən amillərdəndir: “Beynəlxalq güclər İslam İnqilabını məhv etmək üçün İran xalqını 8 illik məcburi müharibəyə cəlb etdilər, ancaq gənclərin böyüklüyü, fədakarlığı, imanı, tədbiri, şücaət və ayıqlığı müharibənin xalqın xeyrinə tamamlanmasına, İslam İnqilabının daha da kök atıb güclənməsinə səbəb oldu”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, dövlət və xalq bu günkü izzətini, iqtidarını, təhlükəsizliyini, müstəqilliyini, azadlığını və asayişini 8 illik Müqəddəs müdafiəyə borcludur: “Müqəddəs müdafiə dövrü onu unutdurmağa çalışan düşmənlərin istəmədiyi bir sərmayədir. Ölkənin inkişafı, milli tərəqqi, xalqın və gənclərin ayrı-ayrı arenalardakı hazırlığı üçün bu sərmayə daim yaşadılmalı və cilalandırılmalıdır”.

Şanlı dövrün yaşadılmasına xidmət edən “Nur yolçuları” ekskursiya qruplarının böyük bir xalq mübarizəsi olduğunu deyən İnqilabın Rəhbəri Müqəddəs müdafiənin qatı açılmamış müxtəlif cəhətlərinə toxunaraq dedi: “Bu cəhətlərdən biri məcburi müharibənin nə üçün başladılmasını analiz etməkdir. Məcburi müharibənin səbəbini İslam İnqilabının əzəmət və böyüklüyündə, o dövrdə dünyaya ağalıq edən güclərin qorxusunda axtarmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam İnqilabının 1979-cu ildəki qələbəsi Qərb və Şərqin güc subyektlərinin hökmranlıq taxtını İslam adı ilə lərzəyə gətirdi: “İslam İnqilabı mədəniyyətinin elə ilk illərdə regionda və müsəlman xalqlar arasında yayılması ilə imperialist güclər narahat oldular və nəyin bahasına olursa olsun, İslam İnqilabını məhv etmək qərarına gəldilər. Buna görə də eqoist və zalım adam olan Səddamı İrana hücum etməyə və müharibəni başlatmağa təhrik etdilər”.

O, ABŞ, Avropa, xüsusilə İngiltərə, Fransa, Almaniya, habelə SSRİ-nin Səddamın BƏƏS rejiminə maliyyə, silah və informasiya dəstəkləri verdiklərinə işarə edərək dedi: “Müharibənin ortalarında Fransa ən qabaqcıl təyyarə və helikopterləri, Almaniya da rəsmən açıq şəkildə kimyəvi maddələri ilə Səddama yardım göstərdi. Müharibədən 30 il keçməsinə baxmayaraq, müharibədən sağ çıxmış çoxlu sayda insan həmin kimyəvi maddələrin zərərlərindən əziyyət çəkir, çoxlu sayda adam da şəhid olmuşdur”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “BƏƏS rejiminə verilən bu dəstəklərə qarşı İslam Respublikasının malik olduğu yeganə şey imanlı xalq və böyük İmam kimi qüdrətli rəhbər idi. Nəticədə, dünyanın şeytani güclərinin bütün səyləri ox kimi daşa dəydi və İran xalqı 8 illik Müqəddəs müdafiədə bütün güclərə qalib gəldi”.

İslam İnqilabının Rəhbəri Müqəddəs müdafiənin qatı açılmamış yönlərindən birinin döyüşçülərin müdafiə keyfiyyəti və forması olduğunu dedi: “İran xalqının gənc nümayəndələrinin 8 illik müharibə dövründəki müdafiə hərəkatı güclü iradə və əzmkarlıq, möhkəm iman, şücaət və fədakarlıq, təşəbbüs və innovasiya, ibadət və mənəvi təvəssüllər kimi fövqəladə xüsusiyyətlərlə səciyyələnirdi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Müqəddəs müdafiə dövrü insan tərbiyə edən bir dövr olmuşdur: “Himmətlər, Xərrazilər, Bakirilər, Borunsilər, Çitsaziyanlar və minlərlə başqa gənclər adi insanlar idilər, ancaq müharibə onları böyük əfsanələrə, əbədi simalara və parlaq ulduzlara çevirdi”.

İslam İnqilabının Rəhbəri Müqəddəs müdafiə dövrünün gənclərinin bariz xüsusiyyətlərindən söz açaraq dedi: “İbadət, müdriklik, tədbir, cəsarət, şücaət, fədakarlıq, müqavimət və ayıqlıq bu gənclərin üstün xüsusiyyətləri olmuşdur. Bu xüsusiyyətlər onları gündüzün şirləri və gecənin abidlərinə çevirmişdi. Bu cəhətdən də İmam (r.ə) dərin baxışı ilə belə gənclərin tərbiyə edilməsinin fəthlər fəthi olduğunu demişdi”.

Həzrət Ayətullah Xamenei gənclərə səslənərək ded: “Ölkənin gələcəyi sizə məxsusdur. Əgər özünüzü bu xüsusiyyətlərlə tərbiyə etsəniz, mütləq yaxın gələcəkdə bütün sahələrdə ucalıq və kamillik zirvəsinə nail olacaqsınız”.

O əlavə etdi: “Növbə indiki nəslin gənclərinə yetişdikdə bu xalqın düşmənləri və pisliyini istəyənlər İslamın və İnqilabın unutdurulmasını və ABŞ-ın bütün ölkəyə hakim kəsilməsini qarşılarına məqsəd qoydular. Bu məqsədlə sərt və yumşaq hücumlarını davam etdirdilər. Lakin, indi elə gənclərlə qarşı-qarşıyayıq ki, imanı, istedadı, inkişafı və iqtidarı əvvəlki nəsildən çoxdur. Bu nəsil düşməni geri qovmaq üçün əvvəlki nəsillərdən daha hazırlıqlıdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu cür gənclər və “Nur yolçuları” kimi hərəkatlar olduğu üçün düşmən İran xalqının qarşısında, keçən qırx ildə olduğu kimi, heç bir qələt edə bilməz”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, iqtisadi sanksiyalar və zərərli təbliğatlar kimi narahatlıqlar yaradacaqlar, ancaq bu narahatlıqlar İran xalqının böyük hərəkətini saxlamayacaq”.

O, çıxışının davamında “Nur yolçuları” ekskursiya qruplarına tövsiyələr də verdi.

İslam İnqilabının rəhbəri dedi: “Bütün qurumlar bu hərəkata köməklik göstərsin, “Nur yolçularının” mədəni və sosial yönləri dərinləşdirilsin, hadisə və məsələlər haqqında məlumat verilərkən əmanətə riayət edilsin, şişirtməyə yol verilməsin, Müqəddəs müdafiə dövrünün parlaq hadisələri dərsliklərə salınsın, “Nur yolçuları” ekskursiya qruplarının təhlükəsizliyi mütləq təmin edilsin”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Abidələrin Qorunması və Müqəddəs Müdafiə Dəyərlərinin Təbliği Fondunun rəhbəri Sərdar Kargər “Nur ylçuları”nın ölkənin müdafiə gücü və qabaqlayıcı tədbir imkanını artıracaq bir potensial olduğunu dedi: “Keçən il əksəriyyəti gənclərdən ibarət olan altı milyon nəfər yeddi əyalətdə 57 Müqəddəs müdafiə abidəsini ziyarət etdi”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /