Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

48 saatlıq qalibiyyətdən daha böyük qələbələrin müjdəsi

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Fələstin İslami Cihad Hərəkatının (HƏMAS) baş katibi Ziyad ən-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə dedi: “Fələstin qüdrətli qalacaq və Allahın lütfü ilə yaxın gələcəkdə Fələstin xalqının yekun qəlbəsi reallaşacaq”.

Həzrət Ayətullah Xamenei Fələstin məsələsi ilə bağlı parlaq bir düstura işarə edərək dedi: “Bu düstura əsasən, əgər müqavimət göstərsəniz, qələbə çalacaqsınız, yox əgər müqavimət göstərməsəniz, qələbə çalmayacaqsınız. Ancaq Allahın lütfü ilə Fələstin xalqı sionist rejimi ilə mübarizədə bu vaxta qədər müqavimət göstərmiş və qalib olmuşdur”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Fələstin xalqının son illərdəki qələbəsi Təl-Əvivdə hökumət təşkil edilə bilməsi ilə izah edilmir. Təbii ki, bu da Allahın izni ilə gerçəkləşəcək. Əsl qələbə ərəb ordularının məğlub edə bilmədiyi sionist rejiminin Fələstin xalqı və müqavimət qrupları tərəfindən diz çökdürülməsi olmuşdur. Allahın izni ilə daha böyük qələbələri də görəcəksiniz”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Sionist rejimi müqavimət qrupları ilə əvvəlki iki döyüşdən, yəni bir dəfə 22 günlük, bir dəfə də 8 günlük döyüşdən sonra atəşkəs olmasını istədi. Son qarşıdurmada isə 48 saatdan sonra atəşkəs olmasını istədi. Bu, qəsbkar sionist rejiminin diz çökdürülməsi deməkdir”.

İslam İnqilabının Rəhbəri bu hadisələrin Allahın lütfü və eyni zamanda çox mühüm hadisələr olduğunu dedi: “Son illərdə Fələstin xalqının davamlı olaraq qələbə çalmasının səbəbi müqavimət olmuşdur. Gələcəkdə müqavimət nə qədər davam edəcəksə, sionist rejiminin tənəzzülü və süqutu da davam edəcək”.

Həzrət Ayətullah Xamenei imperializm cəbhəsinin İran İslam Respublikasına qarşı göstərdiyi ağır təzyiqlərə işarə edərək dedi: “Bu təzyiqlər Fələstinin müdafiəsində bizim üzərimizə düşən ilahi, dini və rasional vəzifədən əl çəkməyimizə səbəb olmayacaq”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində Fələstin İslami Cihad Hərəkatının müqavimət və mübarizələrini yüksək qiymətləndirərək HƏMAS-ın sabiq baş katibi cənab doktor Ramazan Abdullahın tezliklə şəfa tapmasını Allahdan istədi.

Bu görüşdə HƏMAS-ın baş katibi cənab Ziyad ən-Nəxalə də İşğal olunmuş Fələstində baş verən son dəyişikliklər, habelə müqavimət qruplarının yüksək hazırlıqları haqqında məlumat verərək dedi: “Qəzza əhalisi bütün təzyiqlərə baxmayaraq, sionist rejimi və əsrin müqaviləsi adlı plana qarşı müqavimət göstərmişdir. “Qayıdış cüməsi” adlı həftəlik nümayişlərin davam etdirilməsi bunun bariz nümunəsidir”.

O, Fələstin İslami Müqavimət Hərəkatının sionist rejimi üzərindəki son qələbəsinə, habelə 48 saatdan sonra bu rejimin atəşkəs istəməsinə işarə edərək dedi: “Bu gün Fələstin İslami Müqavimət Hərəkatının gücü, qüdrəti və imkanları hər zamankından çoxdur. Belə ki, əgər müharibə olsa, Təl-Əviv və sionist rejiminin bütün şəhər və qəsəbələri müqavimət hərəkatının minlərlə raketinin hədəfində olacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /