Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

HBFP-dakı öhdəliklərimizi azaltmağa başlamışıq

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər ölkənin imam cümələri ilə görüşdə imam cümələrin ədəb-ərkanlı davranmasının zəruri olduğunu vurğulayaraq Cümə namazının zikr, toplaşma və qarşılıqlı sevgi vasitəsilə cəmiyyətin ehtiyacını təmin edən, ali və ayıqlıq bəxş edən diskursların bərqərar olmasına zəmin yaradan çox mühüm bir ayin olduğunu dedi. O, avropalıların tələbkar davranışı və Hərtərəfli Birgə Fəaliyyət Planının 11 öhdəliyinə əməl etməmələrini şiddətli şəkildə tənqid edərək dedi: “İranın öhdəliklərin icrasını azaltma prosesi qəiyyətlə davam edəcək, xalqın və İslam dövlətinin qərblilərin həsrətlə baxan gözləri önündəki uğurları günbəgün daha da artacaq”.

İslam İnqilabının Rəhbəri İnqilabın qələbəsindən sonra Cümə namazının təşkilinin qırx illiyi ərəfəsinə təsadüf edən bu görüşdə hər kəsi İmam Rzanın (ə) mövludu münasibəti ilə təbrik edərək insanların qəlbinin ilahi zikrə yönəlməsinin Cümə namazının mühüm xüsusiyyətlərindən olduğunu dedi: “Cümə namazının xüsusiyyətlrindən biri də möminlərin bir yerə toplaşması, qəlblərin qarşılıqlı ülfəti, birliyi və vəhdətinə zəmin yaratmasıdır”.

O, Cümə namazının bir-birinə bağlı olan bir şəbəkə və zəncir kimi ölkənin dörd bir yanına yayılması faktına işarə edərək dedi: “Bu geniş kompleks ölkənin əsas və zəruri mövzuları ilə bağlı ən ali və çətin diskurslarını institutlaşdırmaq potensialına malikdir. Bu da Cümə namazının ən üstün xüsusiyyətlərindəndir”.

İslam İnqilabının Rəhbəri ölkənin imam cümələrinə Cümə namazının əhəmiyyəti və rolunu izah etməyi dönə-dönə tövsiyə edərək çıxışının birinci hissəsini yekunlaşdırdı: “Bilməliyik ki, Cümə namazı üstün xüsusiyyətlərə malik böyük və ağır məsuliyyəti olan bir ayindir. Bu fürsəti qənimət bilmək lazımdır”.

Həzrət Ayətullah Xamenei çıxışının ikinci hissəsində bildirdi ki, Cümə namazının xütbələrində təqvanın tövsiyə edilməsi zəruri məsələdir: “Cəmiyyətimizin bugünkü ehtiyaclarından biri təqvadır. Təqva cəmiyyətin maddi və mənəvi problemlərinin həllinə zəmin yaradacaq. Ancaq Cümə namazlarının xütbələrində təqva, konkret nümunələr qeyd etmədən, ümumi tövsiyələrlə deyil, əyani şəkildə, konkret nümunələrlə izah edilməlidir”.

O bildirdi ki, internet məkanında təqvalı olmaq cəmiyyətin ehtiyaclarındandır: “Bu günkü çətinliklərimizdən biri virtual məkanda yalan, iftira, şayiə və bu kimi məsələlərin geniş yayılmasıdır. Cümə namazlarının xütbələrində virtual məkanda təqvaya riayət edilməsinin zəruriliyi qeyd edilməlidir”.

İslam İnqilabının Rəhbəri dedi: “Ailə məsələlərində təqvaya riayət edilmə keyfiyyəti, övladların dini və əxlaqi tərbiyəsində ata və anaların vəzifələrinin qeyd edilməsi, təqvanın ər-arvad münasibətləri, habelə cəmiyyətin israf məsələlərini ehtiva edən nümunələrini qeyd etmək, biznes və alğı-satqı sahəsində yalan və iftiradan uzaq durmaq cəmiyyətin ehtiyac duyduğu əyani və əməli nümunələrdəndir. Cümə namazlarında bu məsələlər qabardılmalıdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, təqvanın riayət edilməsi zəruri olan nümunələrindən biri gənclərdə ümidsizlik yaratmaqdan çəkinməkdir: “Bəziləri məktəblərdə, universitetlərdə, hətta biznes mühitlərində elə danışırlar ki, gənclərdə gələcəyə ümidsizlik yaranır. Gənclərdə ümidsizlik yaratmaq, yəni gənclik fürsəti və qüdrətini ölkə və İslam cəmiyyətindən almaq günahdır”.

İslam İnqilabının Rəhbərinin toxunduğu üçüncü məsələ imam cümələrin əməli davranışı və onların xalqla necə davranması ilə bağlı oldu.

Həzrət Ayətullah Xamenei dedi: “İmam cümələrin əməl və davranışı elə olmalıdır ki, camaat onlardan din, təqva, sədaqət və inqilabçılıq qoxusu almalıdır”.

O bildirdi ki, süni yox, həqiqi şəkildə insanlarla ünsiyyət və xalqla bir olmaq imam cümələrin zəruri davranışlarındandır: “Xalqın problemləri ilə açıq üzlə maraqlanmaq, sərvət, qüdrət sahibləri, yaltaqlara meyl göstərməkdən çəkinmək, qohumlar və övladlardan muğayat olmaq imam cümələrin əməli davranışlarının mühüm cəhətlərindəndir”.

İslam İnqilabının Rəhbəri dördüncü nüansı qeyd edərkən cümə namazlarının xütbələrinin zənginləşdirilməsinin zəruri olduğunu dedi: “Xütbələr məzmunlu və təlimatlandırıcı olmalı, problemlərə aydınlıq gətirməli, xalqın, xüsusilə gənclərin müxtəlif suallarına cavab verəcək gücdə olmalıdır”.

Gənclərlə əlaqə və üsniyyətin onların zehnində yaranan problem və şübhələri dərk etməyin ən yaxşı yolu olduğunu deyən Ali Rəhbər imam cümələrə tövsiyə etdi ki, istifadəyə yararlı xütbələrin olması üçün hər həftənin bəlli bir gününü gənclərə həsr etsinlər.

Cümə namazlarında mömin, düşüncəli və etibarlı gənclərdən istifadə edilməsinin zəruri olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei imam cümələrə xütbələri qısa, aydın və rəvan dillə oxumağı israrla tövsiyə etdi.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, inqilabçı cərəyan və istiqamətlərin dəstəklənməsi ölkənin imam cümələrinin vəzifələrindəndir: “İnqilabçı cərəyanları himayə etməklə yanaşı bütün tərəflərə xoş üz göstərməlisiniz”.

İnqilabın Rəhbərinin imam cümələrə təkidlə tövsiyə etdiyi məsələlərdən biri ölkənin dörd bir yanında mədəni spontan və gənc təşkilatların himayə edilməsi, dövlətin siyasətlərinə uyğun və inqilabçı mövqelərin seçilməsi ilə bağlı oldu.

O dedi: “Ölkə inqilabçı ruhiyyəsi ilə inkişaf edə, inqilabçı hərəkətlə təkamülün zirvəsinə yüksələ bilər. Bu mövqelərdə istənilən səhlənkarlıq təkcə inqilabın deyil, həm də xalqın, ölkənin və İranın gələcəyinin zərərinə olacaq”.

İslam İnqilabının Rəhbəri imam cümələri Cümə namazlarında dövlət qurumlarına qarşı ümbarizədən çəkinməyə çağırdı: “Bəzən elə bir günah və böyük bir problem olur ki, onunla davamlı məşğul olunsa da, həll olmur. Çox nadir hallarda təsadüf edilən bu cür məsələlərin cümə namazlarında qabardılmasının problemi yoxdur. Ancaq dövlət qurumları, məhkəmə orqanı və ya hər hansı digər mərkəzlərdə hər hansı problemi görən kimi xütbələrdə danışmaq olmaz. Çünki müsbət təsiri yoxdur, problem və ixtilafların yaranmasına səbəb olur, insanlar arasında təşviş yaradır”.

O, Cümə namazında müsbət və ümidverici məsələlərin deyilməsinin zəruri olduğunu dedi: “Ölkədə istehsalın daha da yaxşılaşdırılması sahəsində hərəkətə start verilib. Xütbələrdə bu ümidverici cərəyanın nümunələrini qeyd etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, düşmənin təbliğat qurumları dövlətin yararsızlığını göstərmək və xalqda ümidsizlik yaratmaq üzərinə köknlənmişdir: “Ümidverici həqiqətləri danışmaqla xarici media qurumlarınının hücumları qarşısında xalqa köməklik göstərmək lazımdır”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda ölkənin ümumi və cari məsələlərindən danışdı: “Xoşbəxtlikdən xalq və dövlət öz əzəmətini, iqtidarını və sabitliyi dünyaya göstərdi və bunu düşmənlərə zorla qəbul etdirdi”.

Həzrət Ayətullah Xamenei ayrı-ayrı ölkələrin rəsmilərinin dünyanın yüksək siyasi arenalarında apardıqları müxtəlif müzakirələrdə əsasən, gizli şəkildə etdikləri etiraflara işarə edərək dedi: “Hətta bizim olmadığımız müzakirələrdə və iclaslarda İran xalqının və İslam dövlətinin gücündən danışılır. Bu həqiqət göstərir ki, İran demokratik dövləti düşmənlərin acığına öz əzəmət və iqtidarını sübuta yetirə bilmişdir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, xalqın düşmənlərin qırx illik təzyiq və planları qarşısında dirənişi və uğurunun əsl səbəbi Allahın yardımıdır: “Düşmənlərin həsrət dolu gözləri önündə İslam Respublikasının hər gün artmaqda olan iqtidarı şübhəsiz ki, Allah-taalanın İslam İnqilabını və İran xalqını himayə etdiyini göstərir”.

Həzrət Ayətullah Xamenei HBFP-nin cari məsələlərində qərblilərin, o cümlədən avropalıların İrana qarşı həyasıcasına davranışının əsl köklərindən danışarkən onların təkəbbür xislətini qeyd etdi: “Özünü böyük görmək qərblilərin həqiqətləri dərk edə bilməməsinə səbəb olur. Əlbəttə, zəif ölkələr qarşısındakı bu təkəbbür onlara uğur gətirir. Ancaq qərblilər öz haqlarını müdafiə edən qorxmaz xalqlar qarşısında məğlubiyyətə uğrayırlar”.

İslam İnqilabının Rəhbəri xarici işlər nazirinin avropalıların İran qarşısında daşıdıqları 11 HBFP öhdəliyi və onların heç birinə əməl etməmələri ilə bağlı çıxışına işarə edərək dedi: “Həqiqətən də, zəhmət çəkən və diplomatik məsələləri də diqqət mərkəzində saxlayan xarici işlər naziri avropalıların öhdəliklərin hətta birinə belə, əməl etmədiyini açıq şəkildə qeyd etdi”.

O dedi: “Biz HBFP-dəki öhdəliklərimizə əməl etdik, hətta ondan artığını da etdik. İndi biz onlara cavab olaraq öhdəliklərimizin icrasını azaltmağa başladığımızda avropalılar tələbkarcasına və həyasıcasına bir tərzdə nə üçün belə etdiyimizi deyirlər”.

O vurğuladı: “Siz avropalılar öz üzərinizə düşən öhdəliklərdən heç birinə əməl etmədiyiniz halda, bizdən hansı haqla öz öhdəliklərimizə sadiq qalmağımızı tələb edə bilərsiniz? Bilin ki, biz öhdəlikləri azaltmağa hələ təzə başlamışıq və bu proses heç şübhəsiz, davam edəcək”.

İnqilabın Rəhbəri mənfur ingilislərin dəniz quldurluğunu kəskin şəkildə tənqid edərək dedi: “Onların çirkinlikləri hər kəsə məlumdur. Quldurluq edərək bizim gəmimizi oğurlayıb, indi də ona qanuni don geyindirməyə çalışırlar. Təbii ki, İslam Respublikasının möminnləri bu işi cavabsız qoymayacaq, münasib fürsətdə və məkanda cavab verəcəklər”.

İslam İnqilabının Rəhbəri xalqın və məsulların yadlardan imtina etməsindən məmnunluq duyduğunu dedi: “Bu imtina sayəsində ölkə daxildən çiçəklənməkdədir. Bu təqdirəlayiq hərəkət mütləq, daha öyük uğurlarla nəticələnəcək”.

O bildirdi ki, ölkənin qürurverici müdafiə imkanları müdafiə dövründə yadlardan imtina edilməsinin və təzyiqlərin nəticəsidir: “İndiki hərəkət də müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində özünə əsaslanma sayəsində mühüm nəticələrə varacaq”.

İnqilabın Rəhbəri dövlət qurumlarının təşəbbüskar, fəal və sağlam düşüncəli gənclərə müraciətinin yadlardan imtina edilməsinin nəticələrindən olduğunu dedi: “Spontan hərəkətin davamlılığı Allahın lütfü ilə əziz İranın, həqiqətən, yadlardan tamamilə ehtiyacsız olması ilə nəticələnəcək”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən İmam Cümələrin Siyasi Şurasının sədri Höccətül-İslam Hacı Ələkbər Cümə namazının İnqilabın bərəkətlərindən və İslam dövlətinin əsas qoruyucu amillərindən olduğunu dedi: “Bu gün 900 şəhərdə Cümə namazı qılınır. Keçən 40 il ərzində fasiləsiz olaraq 2079 həftə ölkənin şəhərlərində cümə namazları təşkil edilmiş və namazlarda təqdim edilən xütbələrin müddəti təqribən 200 min saatı əhatə etmişdir”.

Höccətül-İslam Hacı Ələkbər Cümə namazının effektiv bir media olduğunu dedi: “İkinci addım bəyanatını reallaşdıran xalq qərargahı kimi Cümə namazının əsas məqsədi sosialoji və mədəniləşdirmə xüsusiyyətləri ilə İslam İnqilabına layiq Cümə namazına nail olmaqdır. İmam cümələr İslam İnqilabının diskursunun çatdırılmasında üzərlərinə düşən vəzifəni mövcud şəraitə və cəmiyyətin ehtiyaclarına uyğunlaşdırmağa çalışırlar”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /