Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Əsas prioritet təhlükəsizliyi təmin etməkdir

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün səhər Xatəmül-ənbiya (s) adına Hava Hücumundan Müdafiə Akademiyasında təşkil edilmiş İran İslam Respublikasının hərbi akademiyalarının müdavimlərinin on altıncı birgə məzun və andiçmə tədbirində iştirak etdi.

Həzrət Ayətullah Xamenei meydana daxil olduqdan sonra əvvəlcə adsız şəhidlərin məzarını ziyarət etdi, ruhlarına mübarək “Fatihə” surəsi oxudu, İslam və vətənin müdafiəçilərinin xatirəsini əziz tutdu.

Daha sonra Ali Baş Komandan meydanda düzülmüş hərbi birləşmələri salamladı.

İslam İnqilabının Rəhbəri habelə meydanda olan şərəfli veteranlarla görüşüb hal-əhval tutdu.

Daha sonra çıxışı zamanı təhlükəsizliyin qorunmasının İslam Respublikasının Silahlı Qüvvələrinin müqəddəs və həssas məsuliyyəti olduğunu deyən Həzrət Ayətullah Xamenei düşmənlərin bəzi region dövlətlərinin sabitliyini pozmaq üçün planlar hazırladığını qeyd edərək dedi: “İraq və Livana ürəyi yananlar bilsinlər ki, onların əsas prioriteti təhlükəsizliyin təmin edilməsidir. Bu ölkələrin əhalisi də bilsin ki, onların haqlı tələbləri qanuni strukturlar çərçivəsində təmin edilməlidir”.

İslam İnqilabının Rəhbəri habelə yenidən məsul şəxsləri, fikir müstəvisində nüfuz sahibi olan insanları, habelə xalqın bütün nümayəndələrini onların hesablamalarını pozmaq üçün göstərilən səylər qarşısında ayıq olmağa çağırdı və bildirdi ki, bu sahədə yeganə mübarizə üsulu ayıqlıqdır. Sonra Ali Rəhbər bir neçə mühüm məsələyə toxundu: “Gələcəyə və ilahi vədlərin reallaşmasına ümidvar olmaq lazımdır. Düşmənə güvənmək olmaz. Düşmənin hərəkətlərini bir an da gözdən qaçırmaq olmaz. Qalibiyyətlərlə qürrələnməməliyik. Silahlı Qüvvələr təxribatla mübarizəyə lazımi səviyyədə hazır olmalıdır”.

Ali Baş Komandan çıxışının əvvəlində təhlükəsizliyin hər bir cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını dedi və bildirdi ki, Silahlı Qüvvələrin mühüm vəzifəsi təhlükəsizliyin təmin edilməsidir: “Əgər hər hansı cəmiyyətdə təhlükəsizlik olmasa, iqtisadi, elmi, tədqiqat fəaliyyətləri, intellektual və mədəni işlər görmək üçün imkan olmayacaq. Buna görə də təhlükəsizliyi qorumaq həddən artıq qiymətli bir vəzifədir. Bu vəzifənin qədrini bilmək lazımdır”.

Bir ölkə üçün onun təlükəsizliyinin pozulmasının ən böyük zərbə olduğunu deyən Ali Rəhbər düşmənlərin bəzi region ölkələrində qarışıqlıq yaratmaq və sabitliyi pozmaq üçün proqram işləyib hazırladığını dedi: “Bu çirkinliklərin və təhlükəli kin-küdurətin subyektləri müəyyən edilmişdir. Bu hadisələrin arxasında ABŞ və regionun bəzi mürtəce dövlətlərinin pul yardımı ilə Qərbin agentura şəbəkələri dayanır”.

İslam İnqilabının Rəhbəri İraq və Livana ürəyi yanan insanlara səslənərək dedi: “Əsas prioritet təhlükəsizlik probleminə əlac etməkdir. Bu ölkələrin əhalisi də diqqətli olmalıdır, çünki düşmən bu ölkələrdə qanuni strukturları qarışdırmaq və xaos yaratmaq məqsədi güdür. Xalqın öz haqlı tələblərinə nail olmasının yeganə yolu bunu qanuni strukturlar çərçivəsində həyata keçirməkdir”.

Həzrət Ayətullah Xamenei dedi: “Düşmənlər əziz İran dövləti üçün də bu cür planlar düşünürdülər, ancaq xoşbəxtlikdən xalq ayıqlıq göstərib vaxtında meydana çıxdığı, silahlı qüvvələr də hazır olduğu üçün məkrli plan puça çıxdı”.

Ali Baş Komandan çıxışının davamında imperialist qüvvələrin ordularının təbiəti ilə İslam Respublikası ordusunun təbiətinin bir-birindən fərqləndiyini dedi: “İmperialist qüvvələrin ordularının əsas vəzifəsi təcavüz, qəsb, digər dövlətlərə zərbə endirməkdir. Ancaq İslam Respublikasının Silahlı Qüvvələrinin fəlsəfə və məntiqində lazım olduqda möhkəm və qüdrətli müdafiə mövcud olduğu halda, təcavüzə əsla yer yoxdur”.

O, İngiltərə, Fransa və ABŞ ordularının son yüzillikdə Hindistan subkoninenti, Şərqi və Qərbi Asiya , Şimali və Mərkəzi Afrikadakı bəzi cinayətlərinə işarə edərək dedi: “Bu orduların əsas problemi onların imperializm sisteminə əsaslanmasıdır. Bu səbəbdən biz həmişə dövlətin ayrı-ayrı sütun və komponentlərinin Quran və İslama əsaslanmasının zəruri olduğunu vurğulayırıq”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İslam dövləti silahlı qüvvələrinə - ordu, SEPAH, bəsic və hüquq mühafizə orqanlarına qiymət verir. Onlar İslam dövlətinin mühüm və nüfuzlu komponentlərindəndir”.

İslam İnqilabının Rəhbəri keçən qırx ilin bütün imtahanlarından alnıaçıq çıxmağın və bütün meydanlarda göstərilən fədakarlıqların İslam Respublikası Ordusunun digər xüsusiyyətlərindən olduğunu dedi: “Ordunun şəhid Səyad Şirazi, şəhid Səttari, şəhid Babayi, şəhid Fəllahi, şəhid Fəkuri, habelə mərhum Zəhirnəjad, mərhum Səlimi kimi çoxlu sayda imanlı nümayəndələri İslam Respublikası sistemini yaxşı qarşıladılar və böyük ordu birliklərini öz arxalarınca apardılar”.

Ali Baş Komandan qeyd etdi ki, ordunun qürurverici fəaliyyətlərindən biri son illərdə müqavimət cəbhəsinə dəstək verməsidir: “Bu mühüm rol gələcəkdə və öz vaxtında elan ediləcəkdir”.

O dedi ki, təşkilatlanma, əməliyyat taktikaları, fikir, mədəniyyət və strategiyalarda dəyişiklik İslam Respublikası ordusunun bariz xüsusiyyətlərindəndir. Daha sonra o, Silahlı Qüvvələrin, o cümlədən ordunun gələcək vəzifələri ilə bağlı bir neçə nüansa aydınlıq gətirdi.

İslam İnqilabının Rəhbəri azad bir xalqın hansı xüsusiyyətlərə malik olmalı olduğunu dedi: “Azad şəkildə iradə və əməl edən, öz həqiqi maraqlarını düzgün şəkildə müəyyən edən, öz iradəsi ilə müstəqil şəkildə hərəkət edib həmin maraqları təmin edən bir xalq azad xalqdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, azad xalqın xüsusiyyətlərindən biri də düşmənin hesablamaları pozmasından təsirlənməməsidir: “Düşmənin proqramlarından biri dövlətin öz həqiqi və milli maraqlarını düzgün şəkildə təyin edə bilməməsi üçün məsul şəxslərin, fikir mərkəzlərinin, habelə xalqın hesablamalarını pozmaqdır”.

O, hər hansı kompüter sisteminə zərərli proqram daxil etmək, informasiya monipulyasiyası, səhv informasiyaların daxil edilməsi kimi fəaliyyətlərlə məsul şəxslərin və xalqın hesablamalarını pozmaq cəhdlərinə toxunaraq dedi: “Bəzi vaxtlar düşmən bir ölkənin ümumi idarəetmə kompüterinə, onların düşüncə və hesablamalarına təsir göstərir. Lakin azad bir xalq bu addımdan təsirlənmir, şücaətlə öz milli maraqlarını izləyir”.

İslam İnqilabının Rəhbəri dedi ki, düşmənin hesablamaları pozmasından təsirlənməməyin şərti ayıqlıqdır: “Əgər göz açıq və ayıq olmasa, nə həqiqi maraqları və onlara nail olmağın yolunu müəyyən etmək olar, nə də bu böyük yükü öz çiyinlərində daşımalı olan şəxsi düzgün tanımaq olar”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu xüsusiyyətlər olsa, xalq arzuolunan nəticələrə nail olacaq: “Xalqın bütün nümayəndələri, xüsusilə Silahlı Qüvvələr məsuliyyətli olmalı və düşmənin onların intellektual hesablamalarına təsir göstərməsinə imkan verməməlidirlər”.

O, daha sonra haqqında danışdığı məsələləri yekunlaşdırarkən dedi: “Düşmənə güvənmək, ona qarşı sadəlövhcəsinə nikbin olmaq olmaz; 2. Düşmənin hərəkətlərini bir an belə, gözdən qaçırmaq olmaz; 3. Düşməni aciz və kiçik hesab etmək olmaz. Onu qədərincə tanımaq və mübarizəyə hazır olmaq laızmdır; 4. Qailibiyyətlərlə qürrələnmək olmaz. Çünki bir anlıq qəflət Ühüd döyüşündə olduğu kimi, hətta Peyğəmbərin (s) özünün meydanda olmasına baxmayaraq, qələbənin məğlubiyyətə çevrilməsinə səbəb olur”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, iman, mücahidlik, davamlı çalışmaq, vəhdət, qarşılıqlı əlaqə, dünyanın kiçik işləri ilə məşğul olamaq qələbə və onun qorunması amillərindəndir: “Əgər bu amillər qorunmasa, qələbələr əldən çıxar”.

Ali Baş Komandan Silahlı Qüvvələrə məxsus olan bir vəzifənin uğurla icrasında rol oyanayan amillərin qorunması məsələsinə toxunaraq dedi: “Silahlı Qüvvələr fitnə və təxribatdan ehtiyatlı olmalı, fitnə və təxribatla mübarizə üçün lazım olan hazırlıqlara malik olmalıdır. Çünki Allah-taalanın Qurandakı buyuruğuna əsasən, fitnə qətl və qırğından da pisdir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, gələcəyə ümidin qorunması, ilahi vədlərin realaşacağından əmin olmaq məkrli planlara qarşı iki ən mühüm mübarizə amilidir: “Bu gün Allahın lütfü ilə, düşmənlərin acığına ölkənin gəncləri ümidlidirlər. İlahi vədlərin gerçəkləşməsi təsəvvürü keçmişdə onlar üçün bəlkə də çətin idi, ancaq indi bunu öz gözləri ilə görürlər”.

Həzrət Ayətullah Xamenei sionist rejimin 33 günlük, 22 günlük və 7 günlük müharibələr zamanı Hizbullahın mömin və Fələstinin əzmkar gəncləri qarşısındakı ardıcıl məğlubiyyətlərinin ilahi vədlərin reallaşmasının əyani nüminələri olduğunu dedi: “Külli miqdarda xərclər sərf etməsinə baxmayaraq, İmperializmin Qərbi Asiya regionundakı uğursuzluğu və özlərinin bu məğlubiyyəti etiraf etməsi ilahi vədlərin reallaşmasının nümunələrindəndir”.

O, çıxışının sonunda vurğuladı: “Allahın lütfü ilə Qəzzadakı qayıdış yürüşü bir gün fələstinlilərin öz torpaqlarına qayıdışı ilə nəticələnəcək”.

Mərasimdə çıxış edən ordunun ali komandanı general-mayor Musəvi ordunun mömin və motivasiyalı gənclərinin İslam İnqilabının ikinci addımının məqsədlərini reallaşdırmaq üçün tam hazır olduqlarını vurğuladı: “Ordu Quran təlimlərinə əsaslanaraq düşmənlər qarşısında qüdrətli, xalqın yanında isə fədakarcasına dayanmışdır. Ordunun gənc nəsli ayıqlıq, məsuliyyət və fədakarlıq hissi ilə, habelə SEPAH-dakı qardaşları ilə əl-ələ verərək mübarizə və müqavimət yolunu seçmiş, zaman, məkan və səviyyəsindən asılı olmayaraq fədakarlığa hazırdırlar”.

Xatəmül-ənbiya (s) Hava Hücumundan Müdafiə Akademiyasının komandanı ikinci dərəcəli briqada generalı Saidi də akademiyanın fəaliyyətləri, təhsil və təlim-tərbiyə proqramları haqqında məlumat verdi.

Mərasimdə ordunun nümunəvi komandirləri, ruhaniləri, müəllimləri və məzunlarından bir neçəsi Ali Baş Komandan tərəfindən hədiyyələrlə təltif edildi. İki nümunəvi tələbə də rütbə və apoletlə təltif edildi.

Köhnə və yeni tələbələr tərəfindən bayraq verilməsi, nitq söylənməsi və “Qaim günəşinin doğması” adlı döyüş proqramının təqdim edilməsi Xatəmül-ənbiya HHMA-nın bu günkü mərasim proqramlarından oldu.

Mərasimdə meydanda olan hərbi birliklər Ali Baş Komandanın önündən keçdilər, eyni zamanda sahə və özgüvən əməliyyatlar proqramı təqdim edildi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /