Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hizbulahçı gənc dövlət ölkənin problemlərinin əlacıdır

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin bu gün (bazar günü) günortadan sonra tələbə gənclər və tələbə təşkilatarının bir qrup nümayəndəsi ilə videobağlantı formatında iclası oldu. O, zülm, küfür və imperializm cəbhəsi ilə mübarizədə ölkənin malik olduğu ümidverici reallıqlarına işarə edərək gəncləri həqiqi idealtələblik və tələbkarlıq bayrağını yüksəkdə saxlamağa çağırdı. Daha sonra tələbkarlığın aqressivlik və söyüşdən ayrılması, diskurs yaradılması zərurəti, rəqibi tutma texnikası vasitəsilə inqilab cəbhəsinin genişləndirilməsinə çalışmaq, baxışlar müxtəlifliyinə əsas verməmək, inqilab prinsiplərində şübhəçilərə sərhəd qoymaq, elmi inkişafa köklənmək, düşmənin gənclərə sərmayə qoyuluşu qarşısında ayıq olmaq, gənc və inqilabçı dövlət anlayışının düzgün izahı kimi on mühüm məsələ ilə bağlı tövsiyələr verdi.

İslam İnqilabının Rəhbəri hər il ramazan ayı tələbələrlə təşkil edilən iclasın korona şəraitində də davam etdirilməsinə görə Allaha təşəkkür edərək tələbələrin çıxışlarının yaxşı, püxtələşmiş və nizam-intizamlı olduğunu dedi: “Mövzuların səviyyəsi ötən iclasların mövzuları ilə müqayisədə daha yüksək idi. Bu da mövzular üzərində fikirləşildiyini və iş görüldüyünü göstərir”.

O, tələbələrin bu görüşdə vəzifə təyinatları və ya rəhbərliklə əlaqəsi olan qurumlarla bağlı verdikləri suallara və qaranlıq məqamlara işarə edərək dedi: “Bu məsələlərlə bağlı cavablar və aydın izahlar var. İclasın vaxtı onların hamısını qeyd etməyə imkan vermir. Ancaq rəhbərliyin universitetlərdə olan nümayəndələri, rəhbərlik idarəsində tələbə və universitetlərlə əlaqəsi olan şöbələr suallara cavab verməli və qaranlıq məqamlara aydınlıq gətirməlidirlər”.

O, tələbələrin bəzi irad və təkliflərinin onların nəzər nöqtəsi olan mövzularla bağlı tam əhatəli məlumata malik olmamaları ilə izah etdi: “Bəzi təkliflər üzərində isə çox işləyib qərar qəbul etmək lazımdır. Rəhbərlik idarəsi onları bütün xırdalıqlarına qədər incələyəcək”.

Həzrət Ayətullah Xamenei üzbəüz danışıqların sual və qaranlıq məqamların həllinə zəmin yaradacağını dedi: “Qeyd edilən məsələlərin bir çox doğru idi. Onların bu iclasda səsləndirilməsi ümumi və zəruri diskursun yaranmasına kömək edəcək”.

Ali Rəhbər tələbə və və qeyri-tələbə olmasından asılı olmayaraq, bu iclasın ölkənin bütün gənclərinə aid olduğunu dedi: “Mən gənclərin bu qəti və tərəddüdsüz önfərziyyə ilə bağlı dialoqlarında dəfələrlə vurğulamışam ki, İranın gələcəyi gənclərindir. Bu sinif yaxın və ya çox yaxın gələcəkdə idarəetmə və rəhbəlik işlərində təmsil olunacaq. Buna görə də ölkənin gələcəyini istəyən hər kəs daha gözəl gələcək qurmaqda gənclərə kömək etməlidir”.

İnqilabın Rəhbəri gənclik təbiətinin gənclərlə dialoq məntiqinin əsasını təşkil edən bazanın başqa bir hissəsi olduğunu dedi: “Gəncin təbiəti ümid, təşəbbüs, şəffaflıq, təhlükə və yorulmazlıq ünsürləri ilə müşayiət olunur. Bütün bu ünsürlər cəmiyyətin idarə edilməsində zəruri və qiymətlidir. Hal-hazırda mövcud olan problemlərin bəzisi də bu komponentlərin bəzisinin olmamasından irəli gəlir”.

İslam İnqilabının Rəhbəri ölkənin indiki vəziyyətində gənclərlə dialoqun ikiqat əhəmiyyətə malik olduğunu dedi: “Bütün növ qərar və tədbir üçün ölkənin indiki çox həssas və mühüm mövqeyinə diqqət yetirmək lazımdır”.

O, ölkənin mövqeyi ilə bağlı ümumi baxışını belə ifadə etdi: “Reallıq ondan ibarətdir ki, bu gün İranın qarşısında hər növ vasitə, hiylə və imkanlardan istifadə edərək İslam dövlətinin geri çəkilməsi və təslim olmasına çalışan geniş və çox böyük zülm, küfür və imperialist cəbhəsi dayanır. Əgər onların qarşılarına qoyduqları məqsəd reallaşsa, bu, gələcəkdə ölkə üçün çox baha başa gələcək. Əlbəttə, Allahın lütfü, xalqın ayıqlığı və müqaviməti sayəsində imperialist cəbhə bu məqsədinə çatmayacaq”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, düşmənin İran xalqı ilə mübarizədə qarşısına qoyduğu əsas məqsəd xalqlar üçün cazibədar bi meyarın yaranmasının qarşısını almaqdır: “Diqqətdən qaçırmaq olmaz ki, İslam Respublikası imperialistlər cəbhəsi ilə siyasi, intellektual, yumşaq və sərt müharibə şəraitindədir”.

Həzrət Ayətullah Xamenei qüdrətli zülm və imperializm cəbhəsi ilə mübarizə aparmaq və ona qalib gəlmək üçün ölkənin çox yüksək potensiala malik olduğuna diqqət yetirilməsinin tərəddüdsüz bir gerçəklik olduğunu dedi: “Son 40 ilin hərbi və qeyri-hərbi təcrübələri sübuta yetirir ki, əziz İran xalqı öz inadkar düşməninə qalib gəlmək imkanına malikdir”.

O bildirdi ki, orta dünya statisikası ilə müayisədə İranın elmi hərəkətinin çox böyük sürətə malik olması, dövlətin dini, inanc və mədəni prinsiplərinə bağlı olan böyük gənclik ordusunun mövcudluğu, korona, zəlzələ və sel kimi ümumi və təbii hadisələr zamanı xalqın təqdirəlayiq iştirakı ölkənin elmi, mədəni və sosial mübarizədəki qələbəsi üçün böyük imkana malik olduğunu göstərən cəhətlərdir: “İntellektual mübarizədə çoxlu işlər görülmüşdür ki, tələbələrin bu günkü mövzuları bu işlərin nəticələrindəndir”.

İnqilabın Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Qeyd edilən gerçəklərin məcmusu İslam dövlətinin mədəni, sosial, hərbi və digər sahələrdə düşmən chbəsinə qalib gəlmək üçün çox yüksək potensiala malik olduğunu göstərir. Bu aydın reallıq ürəklərdə həqiqi ümid yaradır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, böyük zülm, küfür və imperializm cəbhəsi ilə mübarizə aparmaq üçün bütün İran xalqının institutlaşmış qüdrət və izzət hissinə malik olması ölkənin başqa bir yüksək potensialıdır: “Öz zəifliklərini İslam cəmiyyəti və dövlətinə aid edən, sayca da az olan bəzi neqativ düşüncəli insanların olmasına baxmayaraq, ölkədə ümumi və dərin biz izzət və qüdrət hissi mövcuddur”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, imperialist və istismarçı güclərin mühüm hiylələrindən biri xalqlarda kiçiklik və şəxsiyyətsizlik hissi yaratmaqdır: “İslam İnqilabının qələbəsi İran xalqı və gənclərində gözəgörünməz bir qüdrətə malik olması, yəni xarici dövlətlər, xüsusilə də ABŞ tərəfindən himayə edilən diktatura hökumətinin kökünü kəsərək dünyanı heyrətləndirmək iqtidarında olması hissini yaratdı”.

İslam İnqilabının Rəhbəri hal-hazırda ölkənin zorakılıqlara qarşı güclü və açıq müqaviməti və milli iqtidarına işarə edərək dedi: “Əlbəttə, bir məsələni unutmaq olmaz ki, düşmən xalqı alçaltmaq və milli özgüvəni məhv etmək məqəsdindən məyus olmamışdır. Lakin düşmənlərin səylərinə baxmayaraq, Allah bunun əksini təqdir etmişdir”.

Həzrət Ayətullah Xamenei dedi: “Korona ilə bağlı hadisələr, o cümlədən Qərblə müqayisədə ölkədə bu xəstəliyin nəzarət altında saxlanması forması, bu virusun öyrənilməsi üçün həyata keçirilən elmi çalışmalar, çox böyük mömincəsinə yardımlar, habelə peykin göyə buraxılması İran xalqında qüdrət və izzət hissinin daha da çoxalmasına səbəb olmuşdur”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında gənclərə diqqət göstərilməsi məsələsi üzərində israrla dayanılmasına işarə edərək dedi: “Xoşbəxtlikdən bu gün gənclərin müxtəlif sahələrdəki iştirakına xüsusi diqqət göstərilir, onların orta idarəetmə sahələri ilə bağlı görüşləri və iştiraklarına əhəmiyyət verilir”.

Həzrət Ayətullah Xamenei tələbə mühitləri və elmi-teoloji mərkəzlərdə həyata keçirilmiş bəzi gözəl tədbirlərə işarə edərək dedi: “Əsas fəaliyyət çərçivəsində bəzi fəaliyyətlərin həyata keçirilməsi, müxtəlif beynəlxalq fəaliyyətlərlə məşğul olmaq və heyrətamiz cihad fəaliyyətləri bu tədbirlərdəndir”.

O qeyd etdi ki, cihad qruplarının nümayəndələrinin qərar qəbul edən qurumların bu qrupların nümayəndələrini dəvət etməməsi və onların görüşlərini nəzərə almaması ilə bağlı şikayətlərinin haqlı şikayət olduğunu və gənclərin vəzifə təyinantları məsələsinə həssas olduqlarını dedi: “Bu iş, əslində, yaxşı bir addım idi və məsul şəxslərin üzərlərinə düşən vəzifələrdə diqqətli olmasına səbəb oldu. Ancaq bu sahədə bəzi ifratlara da yol verildi”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, bəzi spontan təşkilatlarda ailə və qadın məsələlərinin diqqət mərkəzində saxlanması gənclərdən ibarət təşkilatların yaxşı fəaliyyətlərindən bir başqasıdır: “Bu ciddi şəkildə izlənməsi zəruri olan mühüm məsələlərdəndir. Çünki bu sahədə heç şübhəsiz, ciddi səhlənkarlıqlara yol verilmişdir”.

Həzrət Ayətullah Xamenei daha sonra gənclər və fəal tələbə təşkilatlarına on əməli tövsiyə verdi. Onun birinci tövsiyəsi fərdi və sosial özünüislahla bağlı oldu.

O dedi: “Mübarək Ramazan ayının son günləri olsa da, Quranla ünsiyyət, diqqətli və vaxtında qılınan namaz, dua və yalvarış vasitəsilə özünü islah üçün ən yaxşı fürsətdir. Bu ayın başa çatması ilə mənəvi əlaqə kəsilməməlidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, gənclərdə intellektual, qərar vermə və fəaliyyət imkanlarının yüksəldilməsi və təhlükəli maneələrdən sağlam keçmək üçün güclü mənəvi və ruhi bazaya ehtiyac var: “Bu təhlükələrdən biri qorxu, şübhə, zəiflik və sağlam olmayan maraqlardır”.

Həzrət Ayətullah Xameneinin gənclərə verdiyi ikinci tövsiyə epistemoloji əsasların gücləndirilməsi ilə bağlı oldu.

O vurğuladı ki, passivlik və yoldan sapma gənclər mühitinin, xüsusilə universitetlərin iki böyük problemidir: “İnqilabın qələbəsinin əvvəllərində güclü epistemoloji prinsiplərə malik olmayan bəzi müsəlman gənclər eklektik qrupların təsirinə məruz qaldılar və sonda bir-birlərinin üzərinə silah çəkərək Səddamın bayrağı altına keçdilər. Amma güclü prinsiplərə malik olan gənclər möhkəm dayandılar”.

O, başqa bir nümunəyə işarə edərək dedi: “İnqilabın ilk vaxtlarında bəzi adamlar çox inqilabçı davranırdılar, ancaq zəif epistemoloji prinsiplər üzündən bu gün peşmançılıq çəkirlər. Bu gün inqilabın problemlərindən biri həmin peşman olmuş cənablardır”.

İslam İnqilabının Rəhbəri epistemoloji prinsiplərin gücləndirilməsi üçün “Səhifeyi-Səccadiyyə” dualarını, xüsusilə “Məkarimül-əxlaq” adlı iyirminci duanı oxumağın çox mühüm əhəmiyyət daşıdığını dedi və gəncləri bu çox dərin məzmunlu duaları oxuyub onlar haqqında dərindən düşünməyə çağırdı.

İnqilabın Rəhbərinin vətən övladlarına verdiyi üçüncü tövsiyə idealtələblik və tələbkarlıq bayrağının daim yüksəklərdə saxlanılması ilə bağlı oldu. O, tələbələrin bu gün qaldırdıqları mövzuların həmin idealtələbliyin bir nümunəsi olduğunu dedi: “Bütün tələblər icra edilməyə bilər. Mühüm olan onların dilə gətirilməsidir. Səsləndirilməlidirlər ki, çox qiymətli olan idealtələblik prinsipi daim yaşasın və İnqilab yolundan çıxmağa və ya onun itirilməsinə imkan verməsin”.

İnqilabın Rəhbəri ədalətpərvərlik, korrupsiyanın aradan qaldırılması və ən nəhayət İslam mədəniyyətinin yaradılmasının idealtələbliyin təzahürlərindən olduğunu dedi: “Tələbkarlıq təbii ki, bir növ etiraz, mövcud problemlərin və qüsurların aradan qaldırılmasında israrlı olmaqdır. Amma çox ehtiyatlı və ayıq olmaq lazımdır. Tələblər irəli sürülərkən dövlətə etiraz kimi qiymətləndirilməməli və düşmən ondan dövlətə etiraz kimi istifadə etməməlidir”.

Həzrət Ayətullah Xamenei idealtələbliyin zərurətini göstərən başqa bir nüansa da toxundu: “Əgər mömin və pak gənclər bu bayrağı yerə qoysalar, onu məqsədləri xalqın problemlərini həll etmək yox, dövlətə zərbə vurmaq olan insanlar qaldıracaqlar”.

O, bu barədə belə dedi: “Təbii ki, solçu Marksizmin dünyada heç bir dəyəri qalmamışdır, düşüncə, siyasət və effektiv meydan gücünün yoxsulluğundan əziyyət çəkir. Ancaq hər bir halda bir qrup adam yaxşı şüarlardan sui-istifadə edə bilər”.

Rəhbərin gənclərə verdiyi dördüncü mühüm tövsiyə bu oldu ki, daha faydalı və qalıcı olması üçün tələblər, tənqidlər və etirazları gözəl və icra edilə bilən təkliflər kontekstində irəli sürsünlər. İslamda da pisdən çəkindirmə prinsipi yaxşıya dəvət .yəni həlledici və gözəl təkliflərlə birlikdə tövsiyə edilmişdir.

Tələbkarlığın həddi aşma və söyüşlə müşayiət olunmasından çəkinməyin zəruriliyi Həzrət Ayətullah Xameneinin başqa bir tövsiyəsi oldu.

O dedi: “Həmişə məsul şəxslərə israrla demişəm ki, universitetlərə və gənclər təşkilatarına getsinlər. Ancaq onların bəzisi deyir ki, bu toplantılarda tələblər destruktivlik və söyüşlərin müşayiəti ilə irəli sürülür. Buna görə də heç bir faydası olmur”.

İnqilabın Rəhbəri dedi: “Destruktivlik dialoq mühitini bağlayır. Buna görə də tələblər dəlil və məntiqlə, təhqir və söyüşsüz irəli sürülməlidir”.

Dövlətin mühüm problemləri və onların həlli yolları ilə bağlı diskurs yaradılması İnqilabın Rəhbərinin gənclər təşkilatlarına verdiyi növbəti tövsiyə oldu.

O dedi: “Bu iclasların faydalarından biri də budur ki, iclaslarda irəli sürülən məsələlər tədricən ictimai rəydə özünə bəlli bir yer və mövqe qazanır, sonda diskursa çevrilir və xalq tərəfindən qəbul edilərək rəhbərlərin seçiminə təsir göstərir”.

İnqilabın Rəhbəri bu istiqamətdə medianın köməyinin tərəddüdsüz bir zərurət olduğunu dedi: “Milli media gənc, yüksək əhval ruhiyyəli və inqilabçı sahələrə malikdir. Tələbələrin bu günkü çıxışlarında bu məsələyə diqqət gösətrilmədi. Hər bir halda, teleradio şirkəti gənclərin baxışlarına diqqət ayrımalı və diskurs yaradılmasında onlara köməklik göstərməlidir”.

Həzrət Ayətullah Xamenei gənclər, gənc və hizbullahçı dövlət anlayışlarının həqiqi izahını verərək dedi: “Belə bir dövlətin olacağına inandığımı və ümidvar olduğumu dəfələrlə demişəm. Bu, heç də otuz neçə yaşlı bir gəncin dövlət başçısı olması demək deyil. Gənc və hizbullahçı dövlətin mənası problemləri həll edən, ölkəni çətin yollardan keçirə bilən xidmətçi, hazır və yüksək əhval ruhiyyəli dövlət deməkdir”.

O əlavə etdi: “Bəzi adamlar yuxarı yaşlarda da gənc, çalışqan və yüksək əhval-ruhiyyədə olurlar. Buna yaşı 60-dan yuxarı olan böyük şəhid Hacı Qasim Süleymanini misal göstərə bilərik. Əgər şəhid olmasaydı, onu hələ on il bundan sonra da eyni vəzifədə saxlayardım”.

Rəhbərin gənclərə ünvanladığı altıncı tövsiyə prinsiplərə bağlı olan insanlar arasında İnqilab cəbhəsinin genişləndirilməsi və rəqibin önünü kəsmək məsələsi ilə bağlı oldu.

O əlavə etdi: “Bəzi adamların İnqilab prinsiplərinə inamı var, ancaq bəzi məqamlarda üslubları sizin üslubdan fərqlənə bilər. Onları rədd etməyin. Bacardığınız qədər İnqilab cəbhəsini bu cür insanları cəlb etməklə genişləndirin”.

Həzrət Ayətullah Xameneinin gənc və tələbələrə ünvanladığı yeddinci tövsiyə işləri ölkənin inkişaf əlamətlərini inkar etmək, düşmən ornamentlərindən istifadə edərək yanlış yolları ölkənin problemlərinin həlli yolu kimi təqdim emək, bununla da İnqilab prinsipləri ilə bağlı şübhə yaratmaq olan insanlar qarşısında açıq, güclü və şəffaf sərhədlər müəyyən edilməsi ilə bağlı oldu.

Şübhə və tərəddüd yaradılmasının düşmənin mədəni işinin fəqərə sütunları və inqilab əleyhinə olan yumşaq işin əsasını təşkil etdiyini deyən Ali Rəhbər vurğuladı ki, düşmənə bu işdə kömək edənlərin qarşısında dayanmaq lazımdır: “Amerikalıların cazibədar bir sima yaratmaq üçün uzun illər dayanmadan çəkdikləri ağır xərclərə baxmayaraq, bu gün ABŞ-a və onu idarə edən hökumətə dünyanın böyük bir hissəsində nifrət edilir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, dünyanın bir çox ölkələrində, hətta ABŞ-ın öz daxilində də ABŞ bayrağının yandırılması xalqların bu rejimə nifrət nümunələrindən biridir: “Xalqlarla yanaşı, hətta ABŞ-la əməkdaşlığı olan bəzi dövlətlərin başçıları da ürək sözlərini dilə gətirərkən ABŞ-ın hökumət rəhbərləri və idarəedicilərinə nifrət etdiklərini, onlara etimad və etina etmədiklərini deyirlər”.

O, bu gün ABŞ-a nifrətin bir hissəsinin onun hazırki rəhbərləri, o cümlədən bu rejimin savadsız, məntiqsiz, mənasız və çox danışan prezident və dövlət katibinin davranışından qaynaqlandığını dedi: “Təbii ki, ABŞ-a olan nifrətin səbəbi təkcə bu deyil, onun uzun illərdir etdikləri, o cümlədən qırğın, cinayət, ədalətsizlik, terrorçu yetişdirməsi, diktator və bədnam hökumətlərə yardım, sionist rejimin günbəgün artmaqda olan zülmlərinə dəstək vermək, sonda korona hadisəsindəki rüsvayçı idarəçiliyidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ayrı-ayrı ölkələrdə, o cümlədən Əfqanıstan, İraq və Suriyada müharibə odunu yandırması ABŞ-a qarşı nifrət səbəblərindəndir: “Amerikalılar açıq şəkildə deyirlər ki, Suriyada neft olduğu üçün oraya qoşun yeritdik. Əlbəttə, onlar nə Suriyada, nə də İraqda qalıcıdırlar. Oradan mütləq çıxmalıdırlar, şübhəsiz ki, çıxarılacaqlar da”.

İslam İnqilabının Rəhbəri səkkizinci tövsiyəsində elmi inkişafın davam etdirilməsi və ölkənin elmi sürətinin qorunmasının zəruriliyini vurğulayaraq universitetlər, elmi və tədqiqat mühitlərinin ölkənin iqtidarında elmin mühüm əhəmiyyətini artıracağını dedi: “Fərdi qısamüddətli məqsədə xidmət edən elmi inkişafın elə də dəyəri yoxdur. Elm ölkənin inkişafına və gələcək üfüqlərin açılmasına xidmət etməlidir. Bir neçə il bundan əvvəl də dediyimiz kimi, elə bir nöqtəyə çatmalıyıq ki, tədqiqatçılar elmi yeniliklərdən istifadə etmək üçün fars dilini öyrənmək məcburiyyətində qalsınlar”.

Həzrət Ayətullah Xameneinin doqquzuncu tövsiyəsi universitetlərdə hicab və islami həya məsələsi ilə bağlı oldu.

O dedi: “Mənim bu məsələ ilə bağlı narahatlığım var. Xahiş edirəm universitetlərin rəhbərləri, məsul şəxsləri, aidiyyatı nazirliklər, xüsusilə tələbələr və qızlar hicab məsələsinə, İslamın əhəmiyyət verdiyi kişi və qadın arasında məsafənin saxlanması məsələsinə əhəmiyyət versinlər, universitetlərdə şəriət normalarına riayət etsinlər”.

O dedi: “Hamı, xüsusilə gənclərin problemləri ilə məşğul olan təşkilatlar bilsinlər ki, İslam dövləti və ölkənin gələcəyi üçün gənclər mühüm əhəmiyyətə malikdirlər. Düşmən də destruktiv fəaliyyətlərində və İnqilabı diz çökdürmək üçün ona əhəmiyyət verir, gənclərdən sui-istifadələr etmək üçün iş görüb proqram hazırlayır. Təbii ki, bəzi məqamlarda öz proqramlarını həyata keçirmək üçün ölkənin daxili amillərinə ehtiyac duyur”.

Həzrət Ayətullah Xamenei iranlı gənclərdən sui-istifadələr etmək üçün düşmənin işləyib hazırladığı layihələrə, bəzi ünsürləri ölkəyə arxa çevirməyə vadar etmək, bəzi fərdlərdən təbliğat, siyasi və analitika komponentləri kimi istifadə etməsinə işarə edərək dedi: “Hamı diqqətli olmalıdır ki, düşmənə əsgəri xidmətdə ölkənin gənc cəmiyyətindən istifadə edilməsin”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda gənclərin hidayəti, xoşbəxtliyi, məşğulluq problemlərinin həlli və onların evlənməsi məsələsi ilə bağlı etdiyi həmişəki duasına işarə edərək dedi: “Allahın köməkliyi və Həzrət Vəliyyi-əsrin (ruhumuz ona fəda olsun) duası ilə bizim gənc cəmiyyətimizin sabahı mütləq bu günkündən daha yaxşı olacaq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən tələbə təşkilatlarının yeddi nümayəndəsi öz görüşləri və narahatlıqlarını bildirdilər. 

Çıxışçılar:

Məhəmməd Zadmehr – Tələbələrin İslam Cəmiyyəti Birliyinin katibi;

Əli Tülui – Bütün ölkə üzrə Könüllü Tələbə Təşkilatının nümayəndəsi;

Əli Dehqan – Vəhdətin Möhkəmləndirilməsi Birliyinin katibi;

Əli İsgəndər – Tələbə Ətalətpərvərlik Hərəkatı Birliyinin katibi;

Məhəmmədhüseyn Həbibi – Əmir Kəbir Sənaye Universitetinin Ruhullah Cihad Şöbəsinin rəhbəri;

Milad Məfaxiri – Elmlər Nazirliyinin Tələbə Nəşriyyatının nümayəndəsi;

Səccad Əsədi – Müstəqil Tələbələrin İslami Cəmiyyətləri Birliyinin katibi

Çıxışçılar aşağıdakı məsələlərdən danışaraq təkliflər verdilər:

- Təhsil ədalətinin gerçəkləşdirilməsi üçün yarım mərkəzləşmiş təhsil xidmətlərinin genişləndirilməsi zərurəti;

- İnvestisiya bazarında lazımi tədbirlərin nəzərə alınmasının zəruriliyi, likvidikliyin istehsalın maliyyə təminatına doğru istqamətləndirilməsi;

- İnformasiya Ali Şurasının təşkil edilməsi təklifi;

- Müxtəlif sahələrdə, o cümlədən imperializmlə mübarizə, məsullara nəzarət və korrupsiya ilə mübarizə kimi sahələrdə xalqın imkanlarından daha çox istifadə edilməsinin əhəmiyyəti;

- Ölkənin idarə edilməsi və onun bəzi fəsadlarının qarşısının alınması sahələrində gəncləşmə aparılması üçün ədalətli və rasional mexanizmin tərifinin zəruriliyi;

- Məsul şəxslərin cavab verməsi zərurəti, Müqəddəs Müdafiə dövrünün dəyərləndirmə sisteminə qayıdış. Yəni Məsuliyyət artdıqca daha çox şəffaflıq, cavabdehlik və daha az istifadə;

- Bəzi fəaliyyətlərin tənqid edilməsi, İqtisadi Koordinasiya Ali Şurasının vəzifə və səlahiyyətləri ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirilməsi;

- Konstitusiyanın 27-ci maddəsinə əsasən, xalqın görüşləri və etirazlarını bildirməsi üçün qanuni bir mexanizmin hazırlanmasının əhəmiyyəti;

- Ümumi seçki siyasətləri əsasında münasib seçki sisteminin qəbul edilməsi zərurəti;

- Düşmənin ictimai rəyə qarşı koqnitiv müharibəsində teleradio şirkətinin daha da aktiv olması təklifi;

- Vəzifələrə əməl edilməsində ailə və cəmiyyət üzrə məsul şəxslərin süründürməçiliyi və səhlənkarlğının tənqidi;

- Əsgərlik xidmətinin keyfiyyətinin yaxşılaşdırılması layihəsinin hazırlanması üçün qrup işinin təşkilinin təklifi;

- Ümumi və inqilabçı institutların şəffaflığı üçün tələb olunan modelin təşkil edilməsi zərurəti və bu təşkilatlarda rəhbərlik strategiyalarının həyata keçirilməsinə nəzarətin keyfiyyəti;

- Cihadçı tələbə fəaliyyətlərinin məhrum kənd regionlarına xidmətlərdən şəhərkənarı regionlara qədər genişləndirilməsi;

- Xalq və cihad qruplarının nümayəndəsinin böhranla mübarizə rəsmi və qərar qəbul edən strukturlardakı iştirakının təklifi;

- Daxili sosial şəbəkələrin potenisalının artırılması və milli informasiya şəbəkəsinin infrastrukturlarının genişləndirilməsi zərurəti;

- Virtual Məkan və Mədəni İnqilab Ali şuralarının fəaliyyətlərinin qüsurlarının öyrənilməsi zərurəti;

- İslam Respublikasının investisiya və onun strukturları, incəsənət və media, təhsil və səhiyyənin özəlləşdirilməsi kimi kateqoriyalara nəzəri nisbətinin izah edilməsi zərurəti;

- Son illərdə ölkənin problemlərinin həllinin xarici siyasətə bağlanmasının tənqidi;

- Benzinin qiymətinin artımı hadisəsində dövlət tərəfindən xalqa sürpriz edilməsinin tənqidi;

- Ölkənin müxtəlif sahələrinin idarəçiliyi üçün Şəhid Süleymaninin siyasi və idarəetmə xəttinin inqilabçılığın rasional yüksəlişi üçün meyar müəyyən edilməsi zərurəti.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /