Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkənin xroniki xəstəliklərinin əlacı izdihamlı seçkilərdədir

İslam İnqilabının Ali Rəhəbri bu gün (çərşənbə) səhər Təbriz əhalisinin bir qrup nümayəndəsi ilə videokonfrans formatında təşkil edilən görüşü zamanı qeyd etdi ki, 29 bəhmən 1356-cı ilin tarixi və unudulmaz qiyamının bu regionun əhalisinin çoxsaylı qürurverici fəaliyyətlərinin yalnız bir parçasıdır.

İran xalqı imperializm sisteminin normalarına qarşı çıxdığı üçün imperialistlərin ona qarşı düşmənçiliyinin davam etdiyini bildirən Ali Rəhbər dedi: “İslam İnqilabının çox böyük nailiyyətləri olmuşdur. Məişət problemləri və siniflərarası məsafələr kimi zəif və qəbuledilməz cəhətləri ortadan qaldırmaq üçün bu nailiyyətlərdən istifadə etmək lazımdır”.

Əhalinin gələn ilin prezident seçkilərindəki izdihamlı iştirakı, ondan sonra düzgün və daha layiqli seçimin ölkənin gələcəyinin sığortalanmasına səbəb olacağını deyən Ali Rəhbər Hərtərəfli Birgə Fəaliyyətlər Planı haqqında bunları dedi: “İslam Respublikası bu dəfə söz və vəd qəbul etmir; meyar yalnız qarşı tərəfin əməlidir”.

Həzrət Ayətullah Xamenei Azərbaycan əhalisinin qürurverici fəaliyyətlərindən danışarkən elm, sənət və siyasət sahəsində seçkin insanların yetişdirilməsi, ölkənin tarixi və siyasi inkişaf mərhələlərində əsas aparıcı qüvvə olmaq ruhiyyəsinin bu regionun əhalisinin fəxr ediləcək iki xüsusiyyəti olduğunu dedi: “Yadların hücumları qarşısında Azərbaycan həmişə İranın möhkəm qalası olmuşdur. Əgər bu diyarın əhalisinin müqaviməti və canfəşanlığı olmasaydı, düşmənlərin təczvüzləri digər regionlara da sirayət edərdi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslama olan dərin bağlılığı və İranın qeyrətini çəkmək Azərbaycan əhalisinə xas olan iki mühüm xüsusiyyətdir: “Bu regionun əhalisi müasir tariximizdə ölkənin bütün sahələrində mühüm rol oynayan simalara malik olmuşdur. Mirzəcavad ağa Müctəhid Təbrizi tənbəkinin qadağan edilməsində, Səttarxan və Bağırxan məşrutə inqilabında, Şeyx Məhəmməd Xiyabani, şəhid Ayətullah Qazi Təbatəbai və şəhid Ayətullah Mədəni inqilab dövründə, şəhid Bakeri Müqəddəs Müdafiə hərəktında böyük rol oynamışlar”.

İnqilabın Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Azərbaycan tarixi haqqında düzgün məlumat vermədən İran tarixi haqqında verilən istənilən məlumat natamam və yanlışdır”.

O, Təbriz əhalisinin 29 bəhmən 1356-cı il tarixi qiyamının ayrı-ayrı yönlərini şərh edərkən İmamın (r.ə) həmin hadisədən sonra verdiyi bəyanatdan danışaraq dedi: “Böyük İmam şücaət, qeyrət və dindarlığın Təbriz əhalisinin üstün xüsusiyyətlərindən olduğunu dedi. Bu üç xüsusiyyət bir toplumun qiymətləndirilməsi və dəyərələndirilməsi istiqamətində mühüm parametrlər hesab edilir”.

İnqilabın Rəhbəri əlavə etdi: “Mühüm olan cəhət ondan ibarətdir ki, Təbriz əhalisi Pəhləvi rejiminin Qum əhalisinin 19 dey tarixli qiyamını yatırarkən hansı vəhşiliklərə əl atdığını görmüşdü. Lakin təbrizlilər İmamın qeyd etdiyi bu xüsusiyyətlərlə Qum şəhidlərinin qırxı günü meydana atıldı, qırxların təyinedici silsiləsinə təşəbbüs edərək Qum qiyamının unudulmasına imkan vermədilər”.

Həzrət Ayətullah Xamenei inqilabın əvvəllərində Təbriz əhalisinin öz şücaət, qeyrət və dindarlığına əsaslanaraq separatçı əllərə qarşı canla-başla mübarizəyə qalxmasını, cəngavər Aşura ordusu və onun cəsur komandanı şəhid Bakerinin qəhrəmanlığını, inqilabın əvvəllərində müsəlman xalqın fitnə ilə mübarizəsini, habelə 88-ci il fitnəsinin yatırılmasında Təbriz əhalisinin ayıq iştirakınını qeyd edərək dedi: “88-ci ilin dey ayında Təbiz əhalisi hətta Tehran və ölkənin digər şəhərlərindən daha çox sayla meydana axışdı”.

Həzrət Ayətullah Xamenei mühüm əhəmiyyəti olan “Təbriz əhalisinin 29 bəhmən 1356-cı il tarixli qiyamı ölkənin bu günkü vəziyyəti üçün hansı dərsi verdi?” sualına cavab axtararkən super güclərin İslam İnqilabı ilə dərin düşmənçiliyinin köklərindən danışdı.

O dedi: “İnqilabın qələbəsi vaxtı imperialistlər dünyanı ağa və ona boyun əyən olmaqla iki yerə bölmüşdülər. Lakin İslam İnqilabı imperializmin həyat damarı olan bu cərəyanı açıq şəkildə rədd etdi. Qərb və Şərqin hegemonları bu səbəbdən və aralarında ixtilafların olmasına baxmayaraq, İran xalqının inqilabı qarşısında böyük bir cəbhə yaratdılar”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, imperializmin İnqilab və İslam Respublikası ilə düşmənçiliyinin əsl səbəbini heç vaxt unutmaq olmaz: “Təbii ki, onlar hiylələrini və ziddiyyətli fikrilərini müxtəlif bəhanələrlə, o cümlədən insan hüquqları, İslam qanunları, nüvə, raket, regional və digər məsələlər adı altında həyata keçirirlər. Lakin unutmaq olmaz ki, bu məsələlər yalnız bəhanədir”.

İnqilabın Rəhbəri imperialistlərin ədavət və düşmənçiliyinin davam etməsinə işarə edərək dedi: “İran xalqının bu hücumlar qarşısında iki şeyə ehtiyacı var: kimlik komponentlərinin möhkəmləndirilməsi, daxili gücün artırılması”.

O, sistemli inanc və düşüncə bazası və sisteminə malik olmanın milli kimliyi möhkəmləndirən ən mühüm komponent olduğunu dedi: “İnqilabın möhkəm fikir və düşüncə bazası İslamdan götürülmüşdür. İmamın (r.ə) çox qiymətli bəyanatlarında, Şəhid Mütəhhəri və Şəhid Behiştinin dərslərində izah edilir ki, düşünən subyektlər bu düşüncə sistemini yeni problemlərə yeni cavablar verməklə çiçəkləndirməli və yeni-yeni çalarlarda təqdim etməlidirlər”.

İnqilabın Rəhbəri dedi: “Bəzilərinin təkrarladıqları ideologiyasızlaşma fikrinin nəticəsi İnqilab xəttindən sapma olacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Təbii ki, sırf müstəqil düşüncə bazası da kifayət deyil. Əməldə də müəyyən xüsusiyyətlərə malik olmaq lazımdır. Bu xüsusiyyətlərin ən mühümləri ibarətdir: qorxmazlıq, yorulmazlıq, ümidsiz olmamaq, tənbəllik etməmək, bilmədən düşmənin planına daxil olmamaq, lazım olan məqamlarda fədakarlığa hazır olmaq”.

İnqilabın Rəhbəri bu bariz xüsusiyyətlərin İran xalqında mövcud olmasına və şəhidlərin fədakarlığına işarə edərək dedi: “İran xalqı, insafən, yorulmamışdır. Bunun nümunələrini şəhid Süleymaninin misilsiz dəfn mərasimindəki işatirakında, habelə bu ilin 22 bəhmən tarixindəki izdihamlı tədbirdə gördük”.

O vurğuladı: “Əgər bu mübarizə və səylər dayanıqlıq və xəttən sapmama ilə müşayiət olunarsa, problemlər də həll olacaq”.

Həzrət Ayətullah Xamenei İnqilabın nailiyyətlərinin böyük və heyrətamiz olduğunu dedi və bu nailiyyətlərin tanıtdırılması istiqamətində az işlər görülməsindən gileylənərək əlavə etdi: “İslam İnqilabı ölkəni elmi cəhətdən geri qalmış, güclərin siyasi oyuncağı olmuş, iqtisadi cəhətdən asılı olan bir ölkədən azad, müstəqil, əziz, başıuca, abırlı, böyük elmi uğurları olan bir ölkəyə çevirə bildi”.

O qeyd etdi ki, İnqilabın nailiyyətlərindən biri İran xalqını əzginlik, məqsədsizlik və təqlidçilik vəziyyətindən çıxararaq dinamik, yüksək əhval-ruhiyyəli və məqsədi olan bir xalqa çevirdi: “Ölkədə minlərlə elmi mərkəzin yaradılması, gənclərin korona hadisəsində mömincəsinə yardımları kimi geniş sosial fəaliyyətləri İran xalqının dinamikası və yüksək-əhval ruhiyyəsinin bariz nümunələridir”.

Həzrət Ayətullah Xamenei ölkənin diktatura, monarxiya və şahənşahlıq üsul-idarəçiliyindən xalq, respublika və demokratik bir hökumətə çevrilməsinin İnqilabın başqa bir nailiyyəti olduğunu dedi: “Bu gün xalq ölkənin taleyinə hakimdir və özü seçir. Pisi və ya yaxşını seçə bilər, ancaq özü seçir. Halbuki İnqilabdan əvvəl heç bir səlahiyyətə malik deyildi”.

Ölkə quruculuğunun İnqilabın digər bir nailiyyəti olduğunu deyən Ali Rəhbər bəzi fərdlərin bu geniş xidmətləri görməzdən gəlməsindən təəccübləndiyini bildirdi: “Ölkədə bəndlərin tikilməsi, su təchizatı, elektrikləşdirmə, qazlaşdırma, sənayenin inkişafı, kənd təsərrüfatı, universitetlərin heyrətamiz şəkildə çoxalması istiqamətlərində əsaslı infrastrukturların olması İslam İnqilabının bəhrəsidir”.

İslam İnqilabının Rəhbəri hərbi və müdafiə gücünün artırılması, İranın böyük bir regional gücə çevrilməsinin İnqilabın nailiyyətlərinin bir başqa nümunəsi olduğunu dedi: “ABŞ, sionist rejim və bəzi Avropa dövlətlərinin müxtəlif hiylə və kələklərinin əsas səbəbi İnqilabın irəli doğru hərəkətidir. İnşallah, xalqın və məsul şəxslərin gücü bu hiylələri iflasa uğradacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Biz nailiyyətlərlə yanaşı, bəzi sahələrdə olan gerilikləri heç vaxt gizlətmədik. Hesab edirik ki, bu geriliklər İslam İnqilabına yaraşmır və qəbuledilməzdir. Həmin geriliklər aradan qaldırılmalıdır. Biz məsul şəxslər kimi bu geriliklərin meydana gəlməsində müqəssirik. Əlbəttə, xalqın da müəyyən sahələrdə rolu ola bilər”.

O əlavə etdi: “Bu geriliklərin əsas səbəbi inqilabçı kimi fəaliyyət göstərməməkdir. Harada inqilabçı kimi davrandıqsa, orada geriliyimz olmadı. Harada inqilaba laqeyd yanaşdıqsa, diqqətsizlik və süstlük göstərdiksə, gerilik yarandı”.

İslam İnqilabının Rəhbəri dedi: “Geriliklər məsələsinə gəlincə, birinci yerədə zəif təbəqələrin yaşayış vəziyyəti, ondan sonra sinflər arasında fasilənin olmasıdır. Bu geriliklər ortadan qaldırılmalı və iqtisadi ədalət bərqərar edilməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Qeyd edim ki, ölkənin bu günkü vəziyyəti bütün bu geriliklərlə İnqilabdan əvəvlki vəziyyətindən çox yaxşıdır”.

O, düşmənin uğursuzluqlar, nailiyyətlərin görməzdən gəlinməsi, psixoloji fəaliyyətlər, ümidsizlik yaratmaq üçün yalan danışmaq, xalqı və gəncləri bədbinləşdirmə məsələləri üzərinə köklənməsinə işarə edərək dedi: “Təəssüflər olsun ki, ölkə daxilindəki ünsürlərin bəzisi qəflət, bəzisi qərəzli şəkildə düşmənin eyni məzmunlu sözlərini təkrar edirlər”.

İslam İnqilabının Rəhbəri çatışmazlıqları, xüsusilə korrupsiya və siniflərarası fasiləni gördükdə xalqın İnqilabın əvvəlki illərinə qarşı daha həssas olması məsələsinə işarə edərək dedi: “Bu həssaslıq çox yaxşıdır, xalqın inqilab ideyalarına meylini göstərir. Bu cəhətdən harada korrupsiya ilə mübarizə, zəif təbəqələrə kömək və ədalətin bərqərar edilməsi istiqamətində hərəkət varsa, həvəslənib dəstək verirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bizim vəzifəmiz İnqilabın böyük nailiyyətlərindən istifadə edib uğursuzluqları aradan qaldırmaqdır. Bu nailiyyətlərə həvəsli, təşəbbüskar, işləməyə hazır gəncləri nümunə göstərmək olar. Qüsurları ortadan qaldırmaq üçün xalqın inqilabçı ruhiyyəsi ilə yanaşı, bu imkandan faydalanmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində gələcək prezident seçkilərinə işarə edərək seçkilərin ölkə üçün böyük bir fürsət olduğunu dedi: “Əlbəttə, İslam Respublikasının müxalifləri ölkənin inkişafı üçün dövlətin bu mühüm fürsət və imkandan istifadə etməsini istəmirlər. Lakin xalqın seçkilərdəki izdihamlı və inqilabçı iştirakı ölkənin təhlükəsizliyinə, düşmənin geri çəkilməsinə, onların tamahının azalmasına səbəb olacaq. Buna görə də bu fürsəti əldən vermək olmaz”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Seçkilər nə qədər izdihamlı olsa və daha ümumi səciyyə alsa, ölkə üçün nəticələri və faydaları daha çox olacaq”.

O qeyd etdi ki, düşmənin seçkilərlə bağlı iddialarını təkrar etməsinin məqsədi xalqı seçkilərdən soyutmaqdır: “Bu iddialara rəğmən, seçkilər ölkə üçün mühüm bir imkan və ehtiyatdır. Seçkilər xalqın izdihamlı iştirakı ilə müşayiət olunmalıdır. Əgər izdihamlı iştirak düzgün bir seçimlə, yəni işbilən, imanlı, motivasiyalı, istəkli və işgüzar bir qüvvənin seçimi ilə müşayiət olunsa, nur üzərinə nur olar və ölkənin gələcəyini sığortalayar”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Ölkənin xroniki xəstəliklərinin əlacı seçkilərin izdihamlı keçirilməsində, xalqın prezident seçkilərindəki ümumi iştirakında, ardınca da daha layiqli və münasib olanın seçilməsindədir”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda HBFP və dövlət siyasətləri ilə bağlı son açıqlamalarına işarə edərək dedi: “HBFP ilə bağlı fikirlər səsləndirilir, vədlər verilir. Ancaq biz əməldə öz əksini tapmayan və tam əksi müşahidə edilən yaxşı söz və vədlər çox eşitmişik. Buna görə də söz və vədlərin faydası yoxur. Bu dəfə yalnız əməl əhəmiyyətlidir”.

O vurğuladı: “Əgər qarşı tərəfin əməlini görsək, biz də əməl edəcəyik. Bu dəfə İslam Respublikası söz və vədlə qane olmayacaq”.

Həzrət Ayətullah Xamenei habelə bərəkətli rəcəb ayının gəlişi münasibətilə təbriklərini çatdıraraq dedi: “Xüsusi karantin rejimi ilə bağlı ictimai ibadətlərin müvəqqəti olaraq keçirilməməsinə baxmayaraq, evlərdə bu ayın çox gözəl və mənalı dualarından, təvəssüldən, Allah-taala ilə razü-niyaz edilməsindən yetərincə faydalanmaq lazımdır”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi və Təbrizin imam-cüməsi Höccətül-İslam vəl-müslimin Ali Haşim xalqın ayrı-ayrı təbəqələrindən olan nümayəndələrinin və əyalətin cihad qruplarının korona ilə mübarizə və səhiyyə sahəsinin mücahidlərinə kömək etmək üçün böyük səylər göstərdiyini dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /