Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkənin bütün problemləri üçün elmi həll yolu tapmaq olar

Bu gün səhər gənc elita və elmi potensialları yüksək olan istedadlı gənclərlə görüşdə elitanın xalqın gözünün işığı olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri problemlərin elmi həlli üçün elita və elmi cəmiyyətin bir yerə toplaşmasının zəruri olduğunu vurğuladı: “İran gənclərinin elitarlıq potensialı ölkənin elmi boşluğunun dünya səviyyəli elmlə doldurulmasına, elmin qlobal sərhədlərinin aşılmasına, yeni İslam mədəniyyətinin yaradılmasına, ölkənin parlaq gələcəyinin gerçəkləşməsinə zəmin yarada bilər”.

Həzrət Ayətullah Xamenei bu görüşdə səsləndirdikləri faydalı fikirlərə görə elit gənclərə öz təşəkkürünü bildirərək elitanın Allahın neməti və hədiyyəsi olduğunu dedi: “İstedad və intellektual potensial elitanın gerçəkləşməsinin yeganə şərtləri deyil. Bu nemətə görə şükr edib, iş, fəaliyyət, qətiyyət və əzmkarlıqla istedad və potensialı elitaya çevirmək lazımdır”.

İnqilabın Rəhbəri əlavə etdi: “Qeyd etmək lazımdır ki, gənc elita nemətinin qədrini bilmək, buna görə əməli şəkildə şükr etmək ata, ana, müəllim və hökumət qurumlarının da vəzifəsidir”.

Həzrət Ayətullah Xamenei dedi: “İran xalqı potensial elitadır. Bu səbəbdən də çoxdandır ki, müstəmləkəçilərin təhqiredici yumşaq müharibəsinin hədəfinə çevrilib. Çalışırlar ki, İran xalqı öz istedad və bacarıqlarını unutsun, hətta inkar etsin, böyük “Biz bacarmarıq” yalanını qəbul etsin”.

O, hindistanlı Cəvahirləl Nehrunun hind xalqının bacarıq və özgüvənini yox etmək üçün ingilislərin göstərdikləri birbaşa və dolayı fəaliyyətlər haqqındakı xatirələrinə işarə edərək dedi: “İranın son iki yüz illik tarixində də müstəmləkəçilər və o dövrün hakimləri səs-səsə verərək İranın bacarıqsızlığını təbliğ etdilər. İnqilabın qələbəsi ilə bu prosesə son qoyuldu”.

İnqilabın Rəhbəri qeyd etdi ki, qəflət və qarət bacarıqsızlığı xalqlara təlqin edən müstəmləkəçilərin iki mükəmməl məqsədidir: “Hər hansı bir xalq öz bacarıqlarını görməsə, onu qarət etmək asan olar. Əslində, qəflət qarət üçün bir giriş, qarət isə xalqların öz daxili bacarıq və istedadlarından xəbərsiz qalmasını daha da artıran amildir”.

Həzrət Ayətullah Xamenei Qurani-Məcidin qəflətin mənfi nəticələrindən bəhs edən aşkar ayələrinə istinad edərək dedi: “Allah öz səmavi kitabında xəbərdarlıq edir ki, düşmən üzərinizə asanlıqla hücum etmək üçün sizə öz silah və sərvətlərinizi unutdurmaq istəyir. Bu məsələni müasir dünyada pilotsiz təyyarələr və raketlərlə bağlı təzyiqlər və hay-küylərin fonunda görmək olar”.

Elitanın məsuliyyət hissi İnqilabın Rəhbərinin bu görüşdə toxunduğu başqa bir məsələ oldu: “Həm məsul şəxlsər elita ilə bağlı vəzifələrinə əməl etməlidirlər, həm də elit gənclər ölkənin problemləri qarşısında məsuliyyətli olmalıdırlar. Maneələrlə mübarizə apararkən və bəzən qaçılmaz olan çətinlikləri qəbul edərkən bəzi qurumlarda elit şəxslərə qarşı kobudluqlar edilməsinə, onların öz yollarını davam etdirməsi, çalışması və məsuliyyət hissi keçirməsinin qarşısının alınmasına imkan verilməməlidir”.

İnqilabın Rəhbərinin gənc elita və yüksək elmi potensiala malik istedadlarla görüşərkən qeyd etdiyi başqa bir məsələ İran üçün planlaşdırılmış və hədəf seçilmiş gələcəyə diqqət yetirilməsi ilə bağlı oldu.

O, bir neçə il bundan qabaq İranın gələcəyi və dünya elmi sahəsində tərəqqiyə nail olmağın zəruriliyi ilə bağlı qeyd etdiyi fikirlərini xatırladaraq dedi: “Tarixin ayrı-ayrı dövrlərində iranlılar dünya elminin zirvələrində olduğu, İran alimlərinin kitabları Qərb və Şərqin universitetlərinə tədris edildiyi, elm əhlinin istinad mənbəyi olduğu kimi, elə hərəkət etməliyik ki, ağlabatan gələcəkdə də İran dünya elminin mənbəyinə çevrilsin, hər kəs yeni elmi kəşfələri əldə etmək üçün fars dilini öyrənmək məcburiyyətində qalsın.”

Həzrət Ayətullah Xamenei bu parlaq və qürurverici gələcəyə nail olmaq üçün üç mərhələnin olmasının zəruriliyini vurğuladı: 1. Dünyanın qabaqcıl elmi pillələrinə qədər olan mövcud boşluğu doldurmaq üçün çox çalışmaq; 2. Dünyanın elm sərhədlərini aşaraq yeni elmi kəşfləri insan cəmiyyətinə təqdim etmək; 3. Faydalı elm bünövrəsi üzərində yeni İslam mədəniyyətini inşa etmək.

O vurğuladı: “Əgər vətənin gənc elitası işıqlı üfüqə istiqamətlənsə, elmi hərəkəti düzgün istiqamətdə olar və problemlər də ortadan qalxar”.

İnqilabın Rəhbərinin qeyd etdiyi başqa bir məsələ elmi yaradıcılığın zəruriliyi ilə bağlı oldu: “Bu gün ölkədə mühüm elmi işlər həyata keçirilir. Yaradılmış elmi sahələrin bir hissəsi, əsasən, başqalarının əlindədir. Halbuki bundan əlavə, innovasiya ilə təbiətin bilinməyən qanunlarını kəşf edib elm istehsalında innovasiyaya imza atmaq lazımdır”.

Ölkənin əsas mövzusu və problemlərinin həllinin ölkənin elmi cəmiyyətinin mühüm məqsədlərindən olduğunu deyən Ali Rəhbər su, ekologiya, tıxac, sosial çatışmazlıqlar, kəndlərin boşalması, pul, maliyyə, vergi, bank və istehsal sistemlərinin problemləri kimi məsələlərə də toxundu: “Ölkənin bütün problemləri üçün elmi həll yolu tapmaq olar”.

Həzrət Ayətullah Xamenei dedi: “Bəzi ölkələrdə universitetlərin əksəriyyəti özəl olsa da, onlara dövlət büdcəsindən çox xərclər ayrılır. Təbii ki, bu xərclər paket şəklində yox, başqa bir şəkildə olur. Dövlət universitetə müəyyən problemlər təklif edir. Əgər universitet həmin problemlərin həllində nailiyyət əldə etsə, ona büdcə ayrılır”.

İnqilabın Rəhbəri süni intellektin mühüm və tale yüklü bir məsələ olduğunu dedi: “Bu məsələ dünyanın gələcəyinin idarəçiliyində rol oynayır. Elə emtəliyik ki, İran süni intellekt sahəsində 10 ən üstün ölkələr sırasında yer alsın”.

İnqilabın Rəhbəri elitanın ölkənin tərk edib getməsindən söz açaraq dedi: “Bu gün ölkədə elit gənclər inkişaf edə bilərlər. Lakin daha öncə də qeyd etdiyim kimi bir elitin ölkəyə borclu olduğunu nəzərə alıb təhsilini başa vurduqdan sonra ölkəyə qayıdacağını düşünərək başqa bir ölkəyə getmək istəməsinin heç bir maneçiliyi yoxdur”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mühacir göndərmək və bəzi universitetlərdə müəyyən ünsürlərin elit gəncdə gələcəyə ümidsizlik yaradıb onu vətəni tərk etməyə təşviq etməsi açıq şəkildə vətənə xəyanət, onunla düşmənçilikdir; bu, həmin gəncin özü ilə də dostluq deyil”.

O, çıxışının davamında istehsala mane olan amillərin aradan qaldırılmasının zəruriliyini vurğulayaraq ölkədə istehsala mane olan ən mühüm amillərin ümidsizlik, gələcəyin olmaması hissi, qətiyyətsizlik, hövsələsizlik, rahatlıq axtarışı, zərərli məşğuliyyətlər, bacarıqsızlıq hissi, təhlükəli olmamaq kimi mədəni amillər olduğunu dedi.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir hissəsində elm əsaslı şirkətlərin sayının artmasından məmnun olduğunu qeyd edərək həmin şirkətlərin keyfiyyətinin yaxşılaşdırılmasının zəruriliyini vurğuladı: “Elm əsaslı qaydalara riayət edilməsi ciddi xarakter almalıdır”.

O, ölkənin iri sənayelərinin elm əsaslı olmamasına işarə edərək dedi: “Elm əsaslı şirkətlərdən isitfadə edərək avtomobil istehsalı kimi iri sənaye sahələri də elm əsaslı olmalıdır”.

İnqilabın Rəhbəri qeyd etdi ki, elm əsaslı şirkətlərin inkiafı və gücləndirilməsi üçün ölkə daxilində onların məhsullarından geniş şəkildə istifadə etmək lazımdır: “Ölkə daxilində elm əsaslı bir məhsul istehsal edilərsə, onun bənzəri idxal edilməməli, xüsusilə hökumət mənsubları və böyük şirkətlər daxili məhsullardan istifadə etməlidirlər”.

O əlavə etdi: “Bir daha qeyd edirəm, bir qrup adam ev əşyaları kimi məhsulların filan ölkədən nə üçün gətirilməməsini problem etməsinlər. Çünki daxili şirkətlərin inkişafı daxili bazarın yaradılması ilə şərtlənir”.

Həzrət Ayətullah Xamenei daxili istehsalçılara səslənərək dedi: “İdxalatın qarşısı alındıqda daxili müəssisənin də qarşısında vəzifələr dayanır. Yaranmış bu vəziyyətdən isitfadə edib qiymətləri qaldırmaq və ya keyfiyyəti aşağı salmaq olmaz”.

O qeyd etdi ki, elm əsaslı məhsulların ixracatına şərait yaratmaq dövlət orqanlarının vəzifələrindəndir: “İranla bağlı xoş xatirələri olan bəzi ölkələrin vətəndaşları İran məhsulunun, hətta ikisinin də adını çəkə bilməz. Buna görə də dövlət və şirkətin markeitnq fəaliyyəti ilə yanaşı, tele-radionun xarici filialları İran məhsullarının təbliği ilə bağlı proqramlar hazırlayıb yayımlamalıdırlar”.

O, prezidentin elmi məsələlər üzrə müavininin elm əsaslı şirkətlərin ümumdaxili məhsul istehsalındakı payının 1%-dən aşağı olması ilə bağlı hesabatına işarə edərək dedi: “Bu pay mütləq artırılmalı və 3-4 il ərzində minimum 5%-ə qədər qaldırılmalıdır”.

İnqilabın Rəhbəri çıxışının sonunda elitanın ölkənin gözünün işığı və gələcəyinin yaradıcıları olduğunu dedi: “Mən indiki və əvvəlki hökumətlərə orta idarəetmə sahələrində, hətta yüksək səviyyələrdə elit gənclərdən istifadə edilməsini göstəriş vermişəm. Ancaq siz də özünüzü hazır etməli və ölkə idarəçiliyindəki rolunuzu tapmalısınız”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezidentin elm və texnologiya məsələləri üzrə müavini cənab Səttari innovasiyanın elmi inkişaf və düşmənçiliklərə qarşı mübarizədəki roluna işarə edərək dedi: “Sanksiya ilə mübarizədə elm əsaslı şirkətlərin çox olduğu yerlərdə problemlərə qalib gəldik”.

Bu görüşdə çıxış edən altı elit gənc öz fikirlərini bölüşdü:

- Elm və Sənaye Universitetinin idarəetmə ixtisası üzrə doktorantı Məhəmməd Əmini Roya;

- Tibb Universitetinin tələbəsi, Tələbə Olimpiadasının qızıl medalçısı Məhəmmədrza Gəncdaneş;

- Kimya Mühəndisliyi ixtisası üzrə doktoranturanın məzunu Mehdi Şərifzadə;

- Virtual məkan sahəsi üzrə tədqiqatçı Cavad Azadi;

- Süni intellekt sahəsi üzrə tədqiqatçı və fəal Rəzan Çaharduli;

- Ümumrespublika Olimpiadasının gümüş medalçısı müəllimə Faizə Fədakar.

Çıxışların əsas mövzuları:

- Qərarların qəbul edilməsi məsələsində məsul şəxslərin hər hansı təsirə məruz qalmasının qarşısını almaq üçün maraqların toqquşması problemlərinin həll edilməsi;

- Dövlətin ümumi siyasətlərinə nəzarət etmək üçün ağıllı mexanizmlərin seçilməsi;

- Təşkilatlanma mədəniyyətinin yüksəldilməsi və Təşkilatlanma Mədəniyyəti Milli Mükafatına qiymət verilməsi;

- Həkim əsgərlərdən daha çox istifadə etmək üçün Silahlı Qüvvələrin Səhiyyə Nazirliyi ilə əməkdaşlığının artırılması;

- Süni intellektdən istifadə edərək uşaqların virtual məkandakı təhlükəsizliyi və bunun üçün çıxış yolunun tapılmasının əhəmiyyəti;

- Enerji subsidlərinin qeyri-məhsuldar sahələrdən məhsuldar sahələrə yönəldilməsinin əhəmiyyəti;

- İslam İnqilabına uyğun olan insan yetişdirmək üçün uyğun müəllim yetişdirilməsi mexanizmində islahat zərurəti;

- Elitanın elm sektorundan ticarət sektoruna qaçması prosesinə əlac edilməsi;

- Prezidentin elm və texnologiya məsələləri üzrə müavinliyində islahat aparılması zəruriliyi və yeni relslər çəkilməsi;

- Daxili imkan yaratmadan dicital sahədə dəyişikliyin aparılmasının zərərlərinin qarşısının alınması.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /