Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hər kəslə ata şəfqəti ilə davranın, sadə olun, şübhələrə qarşı mübarizə aparın

İslam İnqilabının Rəhbəri bu gün səhər (27 iyul) ölkənin imam-cümələri ilə görüşündə cümə namazını İslam Dövlətinin “yumşaq güc” silsiləsinin çox mühüm bir halqası, eləcə də özəl bir dini ayin kimi qələmə verərək dedi: “İmam-cümə İslam İnqilabının sözcüsüdür. Onun əsas vəzifələrindən biri İslam İnqilabının mahiyyətini və əsaslarını işıqlandırmaq, bildirilən iradları günün dili ilə cavablandırmaq və məntiqi sübutlarla izah etmək, həmçinin xalq kütləsi ilə bir ata kimi rəftar etməkdir.”

Həzrət Ayətullah Xamenei söhbətinin əvvəlində Əhli-beyt (ə) ilə əlaqədar olan əlamətdar günlərdən söz açdıqdan sonra cümə namazının əhəmiyyətli mövqeyini açıqladı. O, dini ayinlər arasında cümə namazının fərqli və özünəməxsus mövqeyə malik olduğunu vurğulayaraq dedi: “Allaha yönəlmək ilə toplu şəklində ictimai səhnədə hazır olmağın vəhdəti”, “toplu şəklində Allahı yad etmək və bunun xeyir-bərəkətinin topluma nazil olması”, “cümə namazının hər həftə istisnasız olaraq təşkil olunması”, “cəmiyyətin müxtəlif məsələlərinə, o cümlədən, ideologiya və dünyagörüşünə dair məsələlər, ictimai xidmətlər, insanların qarşılıqlı yardımlaşması, hərbi sahədə birlik kimi məsələlərə aydınlıq gətirilməsi üçün mühüm bir tribuna”, “mənəviyyat ilə siyasətin vəhdəti” kimi məqamlar cümə namazının mühüm xüsusiyyətlərindəndir. Məhz bu xüsusiyyətlər cümə namazını böyük və özəl bir fürsətə çevirmişdir.”

O, sözlərinə əlavə etdi: “Cümə namazı bu xüsusiyyətlərinə görə İslam Dövlətinin geniş və uzunmüddətli “yumşaq güc” silsiləsinin mühüm halqası hesab olunur.”

İslam İnqilabının Rəhbəri daha sonra bu sualı: “Görəsən, İslam Respublikasında cümə namazı öz uca və layiqli yerini tapa bilibdirmi?” – ortaya qoyaraq, dedi: “Belə görünür ki, müəyyən səhlənkarlıqlara yol verilib. Bu səhlənkarlıqların fəsadlarını aradan qaldırmağa ciddi şəkildə çalışmalıyıq. Bu məsələdə bəzi işlər şəxsən imam-cümələrin öhdəsinə düşür, bəzi işlər isə imam-cümələrin ümumi idarəçiliyinə aiddir.”

İslam İnqilabının Rəhbəri imam-cümələr barəsində iki məsələ üzərində dayandı: 1- İmam-cümələrin rəftarları və həyat tərzi; 2- Cümə namazı xütbələrinin məzmunu.

Həzrət Ayətullah Xamenei imam-cümələrin rəftarları və həyat tərzi barəsində dedi: “İmam-cümələr cümə namazı xütbələrində insanları təqvalı olmağa səslədikləri kimi, özləri də təqvaya yiyələnmək və əməl etmək üçün bütün imkanları ilə səy göstərməlidirlər. Çünki əgər belə etməsələr, onların sözləri əks nəticə verəcəkdir.”

O, “xalq kütləsi ilə bir ata kimi rəftar etməy”i imam-cümələrin rəftarlarında vacib məqamlardan biri olduğunu bildirib, dedi: “Cümə namazında müxtəlif təbəqələrdən olan və müxtəlif səviyyəli insanlar iştirak edirlər. İmam-cümənin rəftarı atanın öz övladı ilə rətfarı kimi olmalıdır və o, hamını mənəviyyat və din süfrəsi başına əyləşdirməlidir.”

İslam İnqilabının Rəhbəri Tehranda müxtəlif təbəqələrdən və müxtəlif görkəmdə olan milyonlarla insanın iştirak etdiyi “Ğədir-xum” bayramına toxunaraq, bu hadisəni heyrətamiz bir hadisə kimi dəyərləndirərək dedi: “Bu bayramda hər tip insan iştirak edirdi. Müxtəlif zahiri görkəmlərinə rəğmən, onların hamısı din tərfədarıdır.”

Həzrət Ayətullah Xamenei sözlərinə əlavə etdi: “Mən bölgələrin birinə etdiyim səfərdə o bölgənin alimləri ilə görüş zamanı diqqəti məni qarşılamağa müxtəlif təbəqələrdən olan insanların çıxdığına çəkərək dedim: “Ora toplaşan insanlar arasında elə insanlar göz yaşı axıdırdılar ki, bəlkə də siz onlarla başqa yerlərdə qarşılaşsaydınız, onların hətta dinə etiqadı olmadığını ehtimal edərdiniz. Halbuki onların hamısı dini qəbul edirlər.””

Həzrət Ayətullah Xamenei daha sonra imam-cümələrə xalq ilə insiyyətdə olmağı və onları dinləməyi tövsiyə etdi, dedi: “Hətta insanlar arasına çıxmaq belə mühüm bir məsələdir. Odur ki, insanlardan uzaq gəzməyin və yalnız xüsusi bir dəstə ilə ünsiyyət saxlamaqla kifayətlənməyin. Əlbəttə, qeyd etməliyəm ki, bu illər ərzində imam-cümələr şəbəkəsi İslam İnqilabının xalq ilə daha çox ünsiyyətdə olan orqanlarından biri olmuşdur.”

İslam İnqilabının Rəhbərinin digər tövsiyəsi isə gənclər ilə ünsiyyətdə olmaq və bunun üçün lazımi şəraiti yaratmaq oldu.

O, diqqəti ölkə ərazisində gənclərdən ibarət saysız dəstələrin könüllü və təmənnasız fəaliyyətinə çəkərək, qeyd etdi ki, imam-cümələrin vəzifəsi bu dəstələr isə əlaqədə olmaq və onları himayə etməkdir. Daha sonra dedi: “İctimai xidmətlərdə iştirak etmək, o cümlədən, təbii fəlakətlər zamanı və koronovirus ilə mübarizədə insanlara kömək etmək, ehtiyaclı insanlara xeyriyyəçilərin maddi yardımlarını toplamaq imam-cümələrin öhdəsinə düşən vacib işlərdəndir. Həqiqətən, bəzi imam-cümələrin bu zəmində fəaliyyəti təqdirəlayiq idi.”

İslam İnqilabının Rəhbəri bu məqamı vurğuladı: “Biz ədalət tərəfdarıyıq və ədalət bayrağını qaldırmışıq. Amma məhrum və zəif təbəqəyə əl tutmadan ədalətin gerçəkləşməsi mənasızdır.”

Həzrət Ayətullah Xamenei ölkə səviyyəsində cümə namazının təşkil olunmasında əməyi keçən orqanlara öz təşəkkürünü bildirdikdən sonra imam-cümələrə tövsiyə etdi ki, bu orqanların sağlam fəaliyyət göstərmələrinə nəzarət etsinlər, amma iqtisadi fəaliyyətlərə əsla daxil olmasınlar: “İmam-cümələr iqtisadi fəaliyyətlərə, hətta cümə namazının xərclərinin təmin olunması ünvanında olan iqtisadi fəaliyyətlərə daxil olmasınlar. Çünki bəzi şəxslərin bu qəbildən olan fəaliyyətlərinin fəsadları hələ də dövləti məşğul edir.”

O, ruhani təşkilatlarının və din elmləri hövzələrinin hər zaman xalq tərəfindən maddi dəstək aldıqlarını vurğulayaraq dedi: “Din elmləri hövzələri, mərcəyi-təqlidlər və din alimləri xalqdan asılıdır və onların dövlətlərə və hakimiyyətlərə ehtiyacı yoxdur. Bu isə onlar üçün bir iftixar və məziyyətdir. Elə bu səbəbdən din elmləri hövzələri müxtəlif hadisələr zamanı dövlətlərdən çəkinmədən xalqın yanında olmuşdur. Cümə namazı da bu şəkildə və xalqın maddi yardımları ilə idarə olunmalıdır.”

İnqilab Rəhbəri daha sonra cümə xütbələri və onların məzmunu barəsində bir neçə məqama toxundu. O, cümə xətiblərini İslam İnqilabının sözcüsü və inqilabın mahiyyət və əsaslarının şərhçiləri adlandıraraq dedi: “Cümə xətibinin böyük məharəti bu ola bilər ki, o, inqilabın şüarlarını, o cümlədən, çox əhəmiyyətli olan ədalət, istiqlaliyyət, gücsüzləri himayə etmək və dinə əməl etmək kimi məsələləri günün tələblərinə uyğun şəkildə və yeni üslublarla açıqlasın.”

Ayətullah Xamenei təkid etdi ki, cümə xütbələri zəngin və maarifləndirici məzmuna malik olmalı, xalqı düşündürən suallara cavab verməlidir: “Cümə xütbələrinin məzmunu səmimi olmalı, cəmiyyətdə birlik, ümid, uzaqgörənlik və ruhi dinclik yaratmalıdır. Nəinki cəmiyyətdə iztirab və şübhə, hazırkı vəziyyətə və gələcəyə bədbinlik yaratmalı, həmçinin düşmənlərin basqısına bəhanə verməlidir.”

O, daim insanların zehninə şübhə toxumu səpməyə cəhd göstərən bədxah düşmənlərlə mübarizə aparmağı cümə namazı xütbələrinin öhdəsinə düşən vəzifələrdən biri hesab etdi və dedi: “Bugünkü mübarizə meydanı “yumşaq güc” meydanıdır. Düşmən bu meydanda insanların zehninə şübhə toxumlarını səpməklə onların iman adlı yenilməz qalasına soxulmağa və onları bu yolla məhv etməyə çalışır. Çünki İslam İnqilabının qələbə çalması və Müqəddəs Müdafiədə xalqın müqavimət göstərməsi amili, ümumiyyətlə, hər bir sahədə xalqın qələbə amili onların imanı olmuşdur.”

İnqilab Rəhbəri qeyd etdi ki, İslam Respublikası qərb mədəniyyətinin mahiyyətini təşkil edən “dinin siyasətdən ayrı olması” düşüncəsinin yanlışlığını sübut etdi və bu, İslam Respublikasının böyük nailiyyətidir: “İslam Respublikası din şüarı ilə təkcə özünü qorumadı, eləcə də İranı inkişaf etdirməklə dinin siyasətlə uyğun gəlmədiyini göstərmək istiqamətində qərbin uzunmüddətli səylərini boşa çıxartdı. Odur ki, qərb qüdrətlərinin mafiyası, başda siyonistlər və onların sərmayədarları olmaqla – hansı ki, Amerika da onların vitrinidir – bu parlaq həqiqətə görə çox aqressivdirlər və daim İslam Respublikasına zərbə endirmək üçün planlar hazırlayırlar.”

İnqilab Rəhbəri söhbətinin davamında son vaxtlar qadın və hicab mövzusu barəsində gündəmə gələn məsələlərə toxunaraq dedi: “Bu mövzular İslam İnqilabı qələbə çaldığı elə ilk vaxtlardan gündəmdə olmuşdur və son vaxtlar düşmənlərin daim puça çıxan cəhdləri hicab bəhanəsilə təkrarlanmaqdadır.”

Ayətullah Xamenei bunu əlavə etdi: “Bir neçə il əvvəl məndən soruşdular ki, qadın mövzusuna görə qərbin qarşısında hansı müdafiəniz vardır? Mən dedim ki, müdafiəyə qalxmıram, əksinə hücum edirəm. Qadını bir əmtəəyə çevirənlər özlərini müdafiə etsinlər və cavab versinlər.”

İnqilab Rəhbəri belə bir sual ortaya qoydu: “Görəsən, nə üçün Amerika və İngiltərənin, onların muzdurlarının rəsmi dövlət kanallarında birdən və yenidən hicab bəhanəsilə qadın mövzuna dair basqı kompaniyasına başlanılıbdır? Qərblilər, həqiqətənmi, Iran qadınının haqlarını müdafiəyə qalxıblar?” O, dedi: “Əgər qərblilərin imkanı olsa, suyu İran xalqının üzünə bağlayarlar. Necə ki, nadir xəstəlikləri olan uşaqların dərmanlarının ölkəyə idxalına embarqo qoyublar və bu uşaqlara dərmanların çatdırılmasına icazə verimirlər. İndi sizcə qərblilər, həqiqətənmi, İran qadınına ürək yandırırlar?”

İslam İnqilabının Rəhbəri vurğuladı: “Məsələnin həqiqəti budur ki, Iranın şərafətli və istedadlı qadını qərb mədəniyyətini iddialrına və yalanlarına ən böyük və əhəmiyyətli zərbələrdən birini vurmuşdur. Onlar məhz buna görə çox aqressivdirlər.”

Ayətullah Xamenei dedi: “Qərblilər illərdir deyirlər ki, qadın əxlaq və din çərçivəsindən xaric olmayanadək inkişaf edə və ali elmi, siyasi və ictimai dərəcələrə yüksələ bilməz. Amma Iran qadını ötən qırx ildə islami örtük və çadra ilə müxtəlif elmi, ictimai, siyasi və mədəni sahələrdə, idmanda və idarəçilikdə iştirak edə və böyük nailiyyətlər əldə edə bildi.”

O, sözlərinə əlavə etdi: “İranın müsəlman qadınının uğurları qərbin iki yüz-üç yüz illik cəhdlərini puça çıxartdı. Elə bu səbəbdəndir ki, onlar İran qadınına qarşı aqressivdirlər və hicabı bəhanə edərək zehinlərə şübhə toxumu səpməyə çalışırlar.”

İnqilab Rəhbəri ötən həftənin cümə namazı xütbələrində, eləcə də sosial şəbəkələrdə hicab məsələsinə toxunulduğunu qeyd edib, dedi: “Bu məsələlərə təmkinlə, məntiqlə və emosiyalardan uzaq şəkildə aydınlıq gətirilməlidir. Aydın dəlillər vasitəsilə qərbin istismarçı məntiqi ifşa edilməli və açıqlanmalıdır.”

Ayətullah Xamenei başqa problemlərdən də danışarkən təmkin və vüqarı qorumağı zəruri hesab edərək, sözlərinə əlavə etdi: “Ola bilər ki, hansısa bir bölgədə müəyyən problem ortaya çıxsın. İmam-cümə də bütün cəhətləri nəzərə alaraq bu problemi cümə namazında ortaya qoymaq istəsin. O, imam-cümənin mövqeyinə layiq bir şəkildə problemi bəyan etməli və həll yolu göstərməlidir.”

İnqilab Rəhbəri düşmənin şübhə və iradları qarşısında dayanmağı və bəyan cihadı vəzifəsinə ciddi yanaşmağı bir daha vurğulayaraq dedi: “Bəzi insanlar ağır döyüşlərdə qılınc zərbələri qarşısında müqavimət göstərdilər, amma yumşaq güc meydanında düşmənin şübhələri qarşısında məğlub oldular. Əlbəttə, bu hadisənin başlıca səbəblərindən biri dünyapərəstlik idi.”

O, imam-cümələrə xitabən deyilən bu tövsiyələrin İmam Hüseynin (ə) əzadarlıq məclislərinə də aid olduğunu qeyd etdi. İnsanları cümə namazına cəzb etməyin və bu ayinin daha da izdihamlı keçirilməsinin zəruriliyini vurğulayaraq dedi: “İnsanların əqidəsinin zəiflədiyini söyləyən bəzi şəxslərin əksinə olaraq, Ğədir-xum bayramı, məhərrəm və səfər əzadarlığı, Ərbəin yürüşü kimi böyük mərasimlər, həmçinin xalq tərəfindən din elmləri hövzələrinə göstərilən maddi yardımlar insanlarda iman və dindarlığın daha da möhkəmləndiyini göstərir. Kiminsə hansısa bir məclisə insanları cəzb edə bilməməsi cəmiyyətin dinsizliyi kimi dəyərləndirilməməlidir. Çünki xalq meydandadır. Əslində, biz öz vəzifələrimizə əməl etməli və özümüzü meydandan kənara çəkməməliyik.”

Görüşün əvvəlində “İmam-cümələr şurası”nın sədri Hüccətül-İslam vəl-müslimin Hacı Əli Əkbəri ölkə ərazində 900 mərkəzdə cümə namazının təşkil edildiyini qeyd etdi, gələcək planlar və cümə namazının təşkilinin daha yaxşılaşdırılması istiqamətindəki fəaliyyətlərdən söz açaraq, hesabat verdi.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /