Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Təlim-tərbiyə sisteminin edilməli və edilməməli olan mühüm məsələləri

Müəllimlərin cəmiyyətin ən yaxşı və şərəfli sinfi olduğunu deyən Həzrət Ayətullah Xamenei ölkənin bütün şəhər və kəndələrinin bu dözümlü, zəhmətkeş və məsuliyyətli mücahidlərinə çəkdikləri zəhmətlərə görə təşəkkür etdi: “Ölkənin gələcəyini qurmaq üçün ayıq, savadlı, düşüncəli, məntiqli, imanlı, iradəli, İslam əxlaqına malik və milli məsuliyyəti olan bir nəsil yetişdirilməsinin əhəmiyyəti heç bir işlə müqayisə edilə bilməz”.

Həqiqi və kamil bir müəllim nümunəsi kimi ustad şəhid Mütəhhərinin xatirəsini hörmətlə anan İnqilabın Rəhbəri müəllimlərə onun əsərlərindən faydalanmağı tövsiyə etdi və 5 min şəhid müəllimin müəllim cəmiyyətinin son 45 ilin müxtəlif sınaqlarından başıuca çıxdığını göstərən nümunələrdən olduğunu dedi: “Əziz müəllimlər xalqın övladlarını öz övladlarına arzu etdikləri kimi xoşbəxt, başıuca, ağıllı, savadlı, hörmətə layiq davranışlara malik xarakterdə yetişdirsinlər. Bu mühüm məqsəd tədrislə yanaşı, müəllimlərin davranışı və əməli fəaliyyətləri sayəsində gerçəkləşəcək”.

Həzrət Ayətullah Xamenei müəllimlərdən şagirdlərin faydalı və bərəkətli mərkəzlərdə, o cümlədən məscidlər və heyətlərdə iştiraka həvəsləndirmələrini təvəqqe etdi: “Məktəblərdə olmağın öyrənməklə yanaşı, digər faydaları da var. Nəzərə almaq lazımdır ki, təhsil və təlim-tərbiyə prosesi korona, fitnələr, iğtişaşlar, küçə münaqişələri və digər məsələlərdən zərbə almışdır”.

İnqilabın Rəhbəri qeyd etdi ki, ölkənin zəkalı yeniyetmələri və gənclərində iranlı - müsəlman kimliyi və milli şəxsiyyət hissini diriltmək əsas vəzifədir: “Bu prosesdə fars dili, dövlət bayrağı, özünə hörmət hissi, iranlı kimliyi ilə fəxr etmək çox mühüm bir məsələdir. Təbii ki, bu məsələlər dildə deməklə və tövsiyə etməklə gerçəkləşmir. Mədəni, elmi və tarixi keçmişimizi, qürur mənbələrimizi şagirdlərə həqiqi şəkildə öyrətmək lazımdır”.

O, istək və təvəqqelərini qeyd etdikdən sonra hökumət tərəfindən müəllimlərə qarşı tam şəkildə məsuliyyətli olmağın həqiqi bir zərurət olduğunu dedi: “Müəllimlərin məişət məsələsi çox önəmlidir. Amma onların problemləri təkcə məişətlə bitmir, daha geniş miqyası əhatə edir. Pedoqoji vərdişlərin təkmilləşdirilməsi, praktika və Pedoqoji Universitetə diqqət ayrılması bu məsələlərdəndir”.

O, təhsil və təlim-tərbiyə məsələlərindən danışarkən bildirdi ki, ölkənin hərtərəfli inkişaf istiqamətində çətin sınaqlardan keçməsi üçün təhsil və təlim-tərbiyənin rolu danılmazdır. O, ölkənin idarəçiliyində bu sahənin oynadığı böyük rolun dərk edilməsinin əhəmiyyətli olduğunu vurğulayaraq dedi: “Keçmişdəki bəzi məsul şəxslərin strateji səhvi bunda idi ki, təhsil və təlim-tərbiyənin dəyərini, təsir gücünü və əzəmətini bilmirdilər. Bu sahəyə bir maneə və büdcənin faydasız xərc aparan bir sahəsi kimi barxırdılar”.

Həzrət Ayətullah Xamenei bir çox mütəxəssis və ekspertin ölkə problemlərinin həllində məktəbin mərkəz rolu oynaması məsələsindəki fikir birliyinə işarə edərək dedi: “Bu mütəxəssislər bildirirlər ki, əgər 20 il bundan əvvəl məktəb məsələsini diqqət mərkəzində saxlasaydıq, problemlərin çoxu bu gün yox idi. Buna görə də çarə məktəbin islah edilməsi istiqamətində düzgün proqram işləyib hazırlamaq və ciddi cəhdlə çalışmaqdır. Bütün məsul şəxslər, qərar verənlər, qərar qəbul edənlər, xalqın hər tək-tək nümayəndəsi təhsil müəssisəsinin həyati əhəmiyyətini dərk etməlidir”.

İnqilabın Rəhbəri təhsil və təlim-tərbiyə sisteminin idarəçiliyindəki qeyri-sabitliyi tənqid edərək bildirdi: “Belə böyük müəssisə nazirin davamlı şəkildə dəyişməsi ilə zərbə alır. Xüsusilə nəzərə almaq lazımdır ki, nazirin dəyişməsi müavinlərin, şöbə müdirlərinin, hətta məktəb direktorlarının dəyişməsi ilə müşayiət olunur”.

İnqilabın Rəhbəri təhsil və təlim-tərbiyənin strukturunun, dərslik sistemi və məzmununun ölkənin ehtiyacları ilə uyğunluq təşkil etməsinin zəruriliyini vurğulayaraq dedi: “Ölkənin düşünən və savadlı qüvvəyə ehtiyacı olduğu qədər, işbilən və peşəkar qüvvəyə də ehtiyacı var. Hal-hazırda məktəblərdə tədris edilən dərslərlə bacarıq və texniki-peşə təhsili arasında tarazlıq varmı? Məktəbdən universitetə aparan yol, insan resurslarının ölkənin müxtəlif sahələri üzrə bölgüsü düzgün müəyyən edilibmi?”

Həzrət Ayətullah Xamenei məsul şəxslərdən təhsilin hazırki xətti üzərində düşünmələrini, ona yenidən baxmalarını, onun ölkə üçün istifadə edilmə əmsalını qiymətləndirmələrini istədi: “Təhsil və təlim-tərbiyənin əsas siyasəti faydalı elm öyrətmək, ölkənin bu günü və sabahının ehtiyaclarının təmin edilməsindən ibarət olmalıdır”.

İnqilabın Rəhbərinin toxunduğu əsas mövzulardan biri təhsilin fundamental inkişaf sənədi ilə bağlı oldu. O, məsul şəxslərə səslənərək bu barədə beş tövsiyə verdi: “Birincisi, inkişaf sənədi davamlı şəkildə təkmilləşdirilməli və yenilənməlidir. İkincisi, inkişaf sənədinə qətiyyətlə dəstək verilməli və icrasına köməklik göstərilməlidir. Üçüncüsü, yaxşı və etibarlı olan inkişaf sənədinə alternativ və rəqib yaradılmamalıdır. Dördüncüsü, inkişaf sənədinin qərar mərkəzindən tutmuş məktəblərə qədər olan dəqiq icra yolunun xəritəsi hazırlanmalı, hökumət və parlament tərəfindən himayə edilməlidir. Beşincisi, yol xəritəsində ölçülə bilən parametrlər müəyyən edilməli və onlaırn əsasında sənədin icrasının inkişafına daim nəzarət edilməlidir”.

Həzrət Ayətullah Xameneinin təhsil sistemi ilə bağlı toxunduğu başqa bir taleyüklü məsələ müəllimlərin cəlb edilməsi məsələsi oldu.

O, keçən illər ərzində düzgün proqnozların olmaması səbəbindən kadr çatışmazlığının olduğuna işarə edərək dedi: “Ölkədə çoxlu sayda müəllimlər can qoyurlar, amma məsuliyyətli və səmərəli kadr çatışmazlığımız var. Bu problemin həlli yolu pedoqoji müəssisələrin, xüsusilə Pedoqoji Universitetin imkanlarının və infrastrukturlarının gücləndirilməsi istiqamətində çalışmaq və bu sahəyə investisiya yatırımı etmək, təcrübəli, imanlı müəllimlərdən istifadə edilməsidir”.

İnqilabın Rəhbəri qeyd etdi ki, xidmət etdiyi dövr ərzində müəllimin ümumi və peşə bacarıqlarının araşdırılması və xidmətə başladıqda etdiyi seçimlərlə kifayətlənməmək zəruridir: “Seçim qaydaları solğun olmamalıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, dərsliklərin cəzbedici, aktual və innovativ formada tərtib edilməsi də zəruridir: “Bütün ixtisaslar üzrə dərsliklər elə şəkildə tərtib edilməlidir ki, gənc nəsli öyrənməyə daha da həvəsləndirsin”.

O qeyd etdi ki, İslam dininə aid məzmunların dərsliklərə salınması, İslam və İran tarixinin böyük şəxsiyyətlərinin, elm sahəsinin görkəmli simalarının, İran tarixinin elmi kəşflərinin tanıtdırılması dərsliklərin yenilənməsi və müasir dövrə uyğun şəkildə təqdim edilməsi də zəruri işlərdəndir: “Bəzi adamlar zəmanənin dəyişdiyini deyərkən prinsiplərin dəyişdiyini nəzərdə tuturlar. Halbuki ədalət, insaf və sevgi heç vaxt dəyişmir, dəyişən yalnız yazı və ifadə forması kimi üstqurumlardır”.

İnqilabın Rəhbərinin bu görüşdə verdiyi son tövsiyə məktəblərdə tərbiyə məslələrinə əhəmiyyət verilməsi ilə bağlı oldu. O, təhsil və təlim-tərbiyə müəssisəsində bu məsələyə diqqət yetirildiyi üçün təşəkkürünü bildirdi: “Əlbəttə, məktəblərdə təlim-tərbiyə işləri də genişləndirilməlidir. Bu gün onun təsirləri elə də görünmür. Bir çox məktəblərin təlim-tərbiyə öhdəliyi yoxdur. Onu da qeyd etmək lazımdır ki, təlim-tərbiyə işi cəzbedici olmalı və şagirdləri qaçırmamalıdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu qurumda işlərin daha yaxşı və qətiyyətli şəkildə aparılması üçün təhsil və təlim-tərbiyə sahəsinin rəhbərliyi çox tez bir zamanda öhdəlik müəyyən etməlidir: “Biz təhsilin və təlim-tərbiyənin gələcəyinə, möhtərəm müəllimlərin böyük işlərinə ümidvarıq”.

Bu görüşün əvvəlində təhsil və təlim-tərbiyə naziri cənab Səhrayi keçən ilin fəaliyyətləri və bu nazirliyin önündə duran proqramlarla bağlı hesabat verdi.

İnkişaf sənədinin icraya verilməsi, sıralama ilə bağlı qanunun icra mərhələlərinin təkmilləşdirilməsi, dərsliklərin yaxşılaşdırılması, praktiki təlimlərin inkişaf etdirilməsi, şagirdlərin kimlik və həyat tərzi məsələlərini nəzərdə tutan təhsil sisteminin yenilənməsi, təhsildən qalan şagirdlərin vəziyyətinin müəyyən edilməsi, dövlət məktəblərinin keyfiyyətinin artırılması, müəllim hazırlığının ixtisas konkursları, tərbiyəçi müəllimlər yetişdirən xüsusi kampusların təsis edilməsi məsələləri təhsil və təlim-tərbiyə nazirinin hesabatında yer alan əsas məsələlərdən oldu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /