Ali Məqamlı Rəhbərin informasiya bloku

Cənab Zərğaminin “Səda və Sima” dövlət teleradiokompaniyasının rəhbəri vəzifəsinə yenidən təyin olunması

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei verdiyi fərmanla cənab Seyid İzzətullah Zərğaminin “Səda və Sima” dövlət teleradiokompaniyasında rəhbərlik müddətini uzatmaqla yanaşı bir sıra mühüm məqamlara da toxundu: “"Səda və Sima" dövlət teleradiokompaniyasının hazırkı nailiyyətlərindən və güclü cəhətlərindən istifadə etməklə, həmçinin nöqsanların aradan qaldırılmasına səy göstərməklə maarifçilik və mədəniyyət istiqamətində çalışan bu orqan ən bariz simvolları din, əxlaq, optimist ruh və intellekt olan bir KİV səviyyəsinə çatdırılmalıdır”.
    
Ali Rəhbərlik Məqamının verdiyi fərmanın tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Cənab Seyid İzzətullah Zərğami,

Sizin “Səda və Sima” dövlət teleradioşirkətində  beşillik rəhbərlik müddətinizin başa çatması ilə əlaqədar olaraq bu böyük və əhatəli KİV-in idarəçiliyində göstərdiyiniz yorucu səylərə, Sizin və həmkarlarınızın müxtəlif sahələrdəki dəyərli xidmətlərinə görə Sizə dərin təşəkkür və  qədirdanlığımı bildirərək yenidən növbəti beşillik mərhələ üçün bu çətin və məsuliyyətli işi Sizə həvalə edirəm.

“Səda və Sima” dövlət teleradiokompaniyasının çatışmayan cəhətləri və nöqsanları ilə yanaşı gözəçarpan nailiyyətləri və güclü cəhətləri də daim Sizin və qurumun digər məsul şəxslərinin diqqət mərkəzində duraraq müqayisə və götür-qoy olunmalı, nöqsanların aradan qaldırılması istiqamətindəki gərgin səy və təşəbbüs heç bir vəchlə azalmağa doğru getməməlidir.

Mənim əsas tövsiyəm budur ki, maarifçi bir KİV olan “Səda və Sima” dövlət teleradiokompaniyası ən bariz simvolları din, əxlaq, optimizm və intellekt olan bir informasiya orqanı səviyyəsinə çatdırılsın, tamaşaçı və dinləyici auditoriyasının ictimai davranışı, həmçinin ailə kimi həssas və mühüm  bir qurum  məhz bu KİV-in əsasında formalaşsın, incəsənət, müxtəlif sınanmış, yaxud yenicə yaranan peşə istiqamətlərinin hamısı bu meyarların  inkişaf və yüksəlişinə xidmət etsin. Əlbəttə, bu KİV-in belə bir yüksək səviyyəyə çatdırılması üçün uğurlu və uğursuz təcrübələrdən yararlanmalı, tədbir planlarınızı vaxt baxımından bölüşdürmək və ölçü meyarlarını müəyyənləşdirməklə ümumi fəaliyyətinizi təkmilləşdirərək daha da müsbət istiqamətə yönəltməlisiniz. Ümidvaram ki, bu dəyişikliyin nəzərəçarpan əlamətləri Sizin məsuliyyətlərinizi icra etməyə başladığınız birinci ildən açıq-aşkar şəkildə müşahidə olunacaq. Uca Yaradandan Sizə dəstək və yardımçı olmasını diləyirəm.

Seyid Əli Xamenei
9 noyabr, 2009-cu il

700 /