Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sionistlərin Qüdsü yəhudiləşdirmək cəhdləri böyük bir cinayətdir

Bu gün – mübarək Ramazan bayramı günündə İran İslam Respublikası bütünlüklə nur, dua və səcdəyə qərq oldu, mömin və şərəfli İran xalqı bir aylıq oruc və ibadətdən sonra Uca Tanrıdan dilədi ki, bu böyük xalqa bayram hədiyyəsi olaraq, Məhəmməd (s) və onun pak Əhli-Beytinin (s.ə) xeyir, bərəkət və gözəlliklərini nəsib etsin.

Tehran şəhərinin imanlı sakinləri isə bu əzəmətli milli birlik təzahürünün mərkəzində duraraq mübarək Fitr bayramının namazını İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə qıldılar.
   

Ali Məqamlı Rəhbər namazın xütbələrində İslam ümmətini və əziz İran xalqını mübarək Fitr bayramı münasibətilə təbrik edərək bildirdi ki, Ramazan ayını yaşamaq böyük bir ilahi nemətdir. O, hamıya bu ilahi nemətin qədrini bilməyi və Ramazanda toplanan dəyərli mənəvi ehtiyatı il boyu qoruyub saxlamağı tövsiyə etdi.

Ali Məqamlı Rəhbər Ramazan ayı boyunca təşkil olunan zikr, dua və ibadət məclislərində xalqın müxtəlif təbəqələrinin nümayəndəsi olan, müxtəlif dünyagörüşünə, davranışa və zahiri görünüşə malik insanların, xüsusilə də gənclərin iştirak etməsini “insanların vahid və yeganə olan Allaha fitri məhəbbətinin gözəl bir təzahürü” adlandıraraq əlavə etdi: “Mömin İran xalqı vahid və bənzərsiz Allahla Ramazan ayında yaratdığı rabitəni qoruyub saxlamaq və daha da dərinləşdirməklə mənəvi yüksəliş və təkamül kimi keyfiyyətləri özündə möhkəmləndirir. Əlbəttə ki, belə bir xalq bütün maddi və mənəvi meydanlarda uğur qazanacaq”.

Namazın ikinci xütbəsində Ramazan ayı boyunca xalqın müxtəlif təbəqələrinin nümayəndələri, o cümlədən tələbələr, müəllimlər, hökumət nümayəndələri, iş adamları və s. ilə görüşdüyünü xatırladan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qəlbi optimist ruh, əzm, iradə və stimulla dolu olan İran xalqı, heç şübhəsiz, tərəqqi, izzət və iftixarın ən uca zirvələrini fəth edəcək”.

Ümumdünya Qüds Gününü möhtəşəm şəkildə qeyd etdiyinə görə İran xalqına öz təşəkkürünü bildirən Ali Məqamlı Rəhbər xalqın bu emosional iştirakını “məhz belə bir əhval-ruhiyyə, əzm və iradənin təzahürü” adlandıraraq dedi: “Ötən 31 il ərzində İslamın və İmam Xomeyninin (r.ə) düşmənləri xalqın Qüds Günü nümayişlərində zəif iştirak etməsini arzulamışlar, lakin zəruri anı qiymətləndirməyi bacaran İran xalqı bu il daha da böyük şövqlə və daha da emosional şəkildə, Asiya, Yaxın Şərq, Afrika, Avropa və Amerika müsəlmanlarının ön sıralarında meydanlara tələsdi”.

Ali Məqamlı Rəhbər sionist rejiminin törətdiyi cinayətlərin, habelə ABŞ və İsrailin digər himayədarlarının Fələstin problemini arxa plana keçirmək cəhdlərinin bu il Ümumdünya Qüds Günü yürüşündə iştirak üçün İran xalqına daha çox stimul verdiyini bildirərək əlavə etdi: “Davranışında və mövqe seçimində yüksək dərəcədə ümid və stimul olan bu böyük xalqa eşq olsun!” 

Fələstin probleminin hələ də İslam dünyasının bir nömrəli problemi olaraq qalmaqda davam etdiyini deyən Həzrət Ayətullah Xamenei sionist cinayətlərinin davam etdiyini, Fələstin xalqının Qəzzada və İordan çayının qərb sahilində hərtərəfli şəkildə və şiddətlə əzildiyini xatırladaraq əlavə etdi: “Fələstin xalqının düşmənləri və təcavüzkar İsrailin himayədarları sionistlərin törətdiyi cinayətləri ört-basdır etmək üçün Vaşinqtonda iclas çağırdılar, adını isə “Sülh Konfransı” qoydular. Lakin məlum deyil ki, bu sülh kiminlə kimin arasında olmalıdır? İşğal altında olan Fələstində baş verənlərə və oradakı reallığa diqqət yetirilsə, bu sülh, ümumiyyətlə, bir məna kəsb edirmi?”

Sionistlərin Qüdsü yəhudiləşdirmək cəhdlərini “böyük bir cinayət” adlandıran Ali Məqamlı Rəhbər onların yəhudiləşmənin qəbulunun zəruri olduğu haqda həyasızcasına dediyi sözlərə toxunaraq əlavə etdi: “Müsəlman xalqları və dövlətləri bu məkrli plan qarşısında öhdələrinə düşən həssas və məsuliyyətli vəzifəyə əməl etməlidirlər”.

Həzrət Ayətullah Xamenei Fələstin xalqının qondarma İsrail rejimi və onun himayədarlarına qarşı mübarizədə nümayiş etdirdiyi iman, qeyrət və mətanəti yüksək qiymətləndirdiyini bildirərək dedi: “Bu gün Fələstin xalqı hər zaman olduğundan daha qətiyyətli və daha güclüdür. Bu xalq, heç şübhəsiz, qondarma və yalançı sionist rejiminin Fələstin torpağındakı büsatına son qoyacaq!”

Bayram namazının xütbələrinin digər hissəsində Həzrət Ayətullah Xamenei Pakistanın üzləşdiyi sel faciəsini “hal-hazırda İslam dünyasının həllini gözləyən ən təxirəsalınmaz problemi” adlandırdı. Dağıdıcı daşqının ağır və faciəli nəticələrinin həddən artıq geniş miqyası əhatə etdiyini qeyd edən Ali Məqamlı Rəhbər müsəlman Pakistan xalqının çəkdiyi əzab-əziyyət və müsibətlərə görə sonsuz kədər hissi duyduğunu bildirdi. Həzrət Ayətullah Xamenei bütün dünya müsəlmanlarını faciə ilə üzləşmiş mömin Pakistan xalqına yardım etməyə çağırdı.

Ali Məqamlı Rəhbər İran İslam Respublikası və İran xalqının seldən ziyan çəkmiş pakistanlılara göstərdiyi yardımların kifayətləndirici olmadığını deyərək əlavə etdi: “Dövlətimiz və xalqımız, digər müsəlman ölkələri və xalqları, beynəlxalq müsəlman təşkilatları, o cümlədən İslam Konfransı Təşkilatı və dünyanın istənilən nöqtəsində yaşayan müsəlmanlar əllərindən gələni əsirgəməyərək Pakistan dövlətinin və xalqının köməyinə tələsməli, seldən ziyan çəkmiş pakistanlıların müxtəlif ehtiyaclarını təmin etməlidirlər”.

Ali Məqamlı Rəhbər həmçinin fürsətdən istifadə etmək niyyətində olan bəzi təcavüzkar dövlətlərin Pakistanda siyasi cəhətdən qeyri-sabitlik yaratmağa çalışmasından nigarançılıq hissi keçirdiyini bildirərək dedi: “Bəziləri Pakistanı özləri üçün hərbi qarnizona çevirmək məqsədi güdürlər. Ümidvarıq ki, Pakistan hökuməti və pakistanlılar öhdələrinə düşən vəzifələrə əməl edərək bu çətin vəziyyətdən ən gözəl şəkildə çıxacaqlar”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /