Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bütün sanksiyalar İran xalqının düşmənlərinin ziyanına işləyəcək!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün 7 saata yaxın müddət ərzində “Elmi cihad və müdafiə gücü” adlı sərgiyə baxış keçirərək Silahlı Qüvvələrin elmi-tədqiqat sahəsində əldə etdiyi nailiyyətlərlə tanış oldu.

Sərgiyə daxil olan Ali Məqamlı Rəhbər əvvəlcə şəhidlərin anıldığı məkanda oldu, Müqəddəs Müdafiə şəhidlərinin xatirəsini sonsuz ehtiramla yad edərək Allahdan dərgahında onlara ən ali dərəcələri nəsib etməsini dilədi.

Sərgidə İİR Ordusunun, Keşikçi Korpusun, Polis Qüvvələri və Müdafiə Nazirliyinin 300-dən artıq hava, quru və dəniz təyinatlı elmi-texnoloji nailiyyəti, müdafiə məhsulu nümayiş olunurdu.

Sərginin əsas sektorlarında müxtəlif sahələrə, o cümlədən hava hücumundan müdafiə sistemləri, təyyarə, helikopter və pilotsuz təyyarələr, suüstü və sualtı gəmilər, iki və üçölçülü innovativ radar modelləri, ən müasir, sabit və etibarlı rabitə sistemləri, elektron müharibə və buna qarşı mübarizə avadanlıqları, kiber müharibə sistemləri, müasir simulyator modelləri və müdafiə təyinatlı tibb sahəsinə aid olan elmi-texnoloji nailiyyətlər və müdafiə məhsulları yer alırdı.

Ali Baş Komandan həmçinin Silahlı Qüvvələrin digər sahələrdəki, məsələn, qumluqda irəliləyən taktiki və hücum maşınlarının, müxtəlif təyinatlı zirehli maşınların layihə və konstruksiyası, yer səthindən havanı, səthdən səthi və havadan yer səthini nişan alan smart raketlərin konstruksiyası və təkmilləşdirilməsi sahəsindəki nailiyyətlərini və bacarığını əks etdirən stendlərə də baxış keçirdi.

Sərgidə istedadlı bəsici gənclər də lazer, sualtı gəmilər və nano antenalar sahəsindəki bacarıqlarını nümayiş etdirdilər.

Sərgidə informasiya və kommunikasiya texnologiyaları, etibarlı elektron sənədlərin verilməsi, habelə sərhədlərə, küçə və yollara elektron nəzarət sahəsində əldə edilmiş müxtəlif nailiyyətlər də nümayiş olundu.

Silahlı Qüvvələrin elmi-tədqiqat nailiyyətlərini əks etdirən sərginin digər bir hissəsi isə İran İslam Respublikasının raket imkanlarına həsr olunmuşdu.

Bu bölmədə yer səthindən yer səthini nişan alan müxtəlif uzaqvuran raket növləri, o cümlədən hədəfi 2000 kilometrdən vuran “Səcil” və hədəfi 750 kilometrdən vuran “Qiyam” raketləri, “Fateh” raketinin müxtəlif uzaqlıqdakı hədəfləri vura bilən modelləri nümayişə çıxarılmışdı.

İran İslam Respublikasının raket sahəsindəki digər imkanları sırasına bərk və maye yanacaq əsasında işləyən müxtəlif ballistik raketlər, hava hücumundan müdafiə raketləri, sualtı və gəmi əleyhinə raketlər də daxildir.

Sərginin ayrıca bir bölməsi isə peyk raketləri və peyklərə həsr olunmuşdu.

Sərginin bu bölməsi “Səfir”, “Ümid” və “Rəsəd” peyk raketlərinin, gələcək layihələrin, kosmik qurğu və sistem laboratoriyalarının nümayiş olunduğu ayrı-ayrı sektorlara bölünürdü.

Sadalanan elmi nailiyyətlərin layihə və konstruksiyası Silahlı Qüvvələrin tədqiqat mərkəzlərində həyata keçirilib və bu işdə universitetlərin, universitet elmi şuralarının və elmi əsaslı şirkətlərin görkəmli elm xadimləri potensialından istifadə olunub.

Silahlı Qüvvələrin elmi cihad nailiyyətlərini və müdafiə qabiliyyətini əks etdirən sərgiyə baxış keçirdikdən sonra çıxış edən Həzrət Ayətullah Xamenei bu dolğun və mənalı sərginin təşkilatçılarına təşəkkürünü bildirməklə yanaşı, qeyd etdi ki, elmi tədqiqatlar innovativ məhsulların istehsalı üçün başlıca şərtdir. Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Silahlı Qüvvələrin elmi-tədqiqat mərkəzləri bu irəliləyişi daha böyük güc, qüdrət və sürət tempi ilə davam etdirməlidir”.

Silahlı Qüvvələrin müxtəlif strukturlarında çoxsaylı elmi-tədqiqat mərkəzlərinin fəaliyyət göstərməsinin zəruri olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Elmi-tədqiqat mərkəzlərinin gördüyü işlər biri-birini tamamlamalıdır ki, paralel mahiyyətli işlərin, maddi vəsait və insan potensialından hədər yerə istifadənin qarşısı alınsın”.

Ali Baş Komandan aşağıdakıları da vurğuladı: “Elmi tədqiqatlarda təkcə məhsula diqqət yönəlməməlidir. Tədqiqat mərkəzləri elm və texnologiyanın səviyyəsinin yüksəlməsinə də önəm verməlidirlər”.

Silahlı Qüvvələrin elmi-tədqiqat mərkəzlərinin gücləndirilməli olduğunu, həmçinin görkəmli elm xadimləri və tədqiqatçılara lazımi dəstək verilməsinin vacibliyini vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Tədqiqat mərkəzləri, hökmən, öz nizam-intizam qaydaları çərçivəsində universitetlərlə elmi əməkdaşlıq etməlidir”.

Həzrət Ayətullah Xamenei dedi: “Silah istehsalında İran İslam Respublikasının əsas məqsədi özünümüdafiə və hegemon düşmənlərə qarşı mübarizədir. Halbuki Qərbin silah istehsalında başlıca hədəfi biznesdir, silah istehsal edən zavod və kompaniya sahiblərinin sərvətini artırmaqdır”.

Sonda Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Silahlı Qüvvələrdə müşahidə etdiyimiz əzm və zəhmətkeşlik sayəsində, bütün sanksiyalar təsirsiz qalacaq və İran xalqının düşmənlərinin ziyanına işləyəcək!”

“Silahlı Qüvvələrin elmi cihad nailiyyətləri və müdafiə qabiliyyəti” sərgisinin keçirildiyi məkanda Ali Məqamlı Rəhbərin imamətliyi ilə zöhr və əsr namazları da qılındı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /