Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ölkənin maraqlarının həyata keçməsi iqtisadi müstəqillik və özünütəminetmə ilə bağlıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər (bazar günü) Milli İstehsal ilində Zəhmətkeşlər günü ərəfəsində əczaçılıq zavodlarının zəhmətkeşləri ilə görüşərək dərman istehsalı sahəsindəki son nailiyyətlərlə yaxından tanış oldu. Ölkənin dörd bir yanından gəlmiş minlərlə nümunəvi fəhlənin iştirak etdiyi bu görüşdə Ali Məqamlı Rəhbər vurğuladı: “Ölkənin qarşısında duran müxtəlif məqsədlər, o cümlədən siyasi istiqlal, daxili iqtisadi müstəqillik və özünütəminetmə ilə bağlıdır. İqtisadi müstəqillik isə milli sənayenin formalaşmasından asılıdır. Milli istehsal da öz növbəsində İranın sənayesinə və kapitalına “həqiqi, birgə və əməli” hörmətlə həyata keçəcəkdir.

İslam İnqilabının Rəhbəri gəlişinin əvvəlində əczaçılıq zavodların ərazisindəki fəhlə şəhidlərin xatirə kompleksini ziyarət etdi və “Fatihə” oxuyaraq Uca Yaradandan onlara ən uca dərəcə bəxş etməsini dilədi.

Həzrət Ayətullah Xamenei sonra iynə və damçı dərmanların sterilləşməsi sexində bu sənayenin müxtəlif mərhələləri, dərmanların kontrol edilməsi və qablaşdırılması ilə tanış oldu.

Göz və burun damcı və inyeksiyalarının istehsalı, kontrol edilməsi və qablaşdırılması sexi bir il ərzində daxili mütəxəssisilər tərəfindən tikilmiş, istifadəyə verilmiş və təchiz olunmuşdur.

Bu sahədə istehsal olunan dərmanlardan biri də böyümə hormonudur ki, onun istehsal prosesi çox mürəkkəbdir və yalnız bir neçə ölkədə istehsal olunmaqdadır.

Bu gün Ali Məqamlı Rəhbərin dərman istehsal edən zavodlarlın zəhmətkeşləri ilə görüşü zamanı ilk dəfə bu qəbildən olan “İnoksaparin 6000” ticarət markalı ampulalar istehsal olunaraq satışa buraxıldı.

Bu görüşdə həmçinin Səhiyyə, Dərman və Tibbi Təhsil; Yardım, Əmək və Əhalinin Sosial Müdafiəsi; Sənaye, Mədən və Ticarət nazirlikləri də iştirak edirdilər.

Səhiyyə, Dərman və Tibbi Təhsil naziri xanım doktor Vəhid Dəstcerdi, əczaçılıq sənayesi ilə məşğul olan zavodların nailiyyətlərindən və bu sahədə mövcud olan embarqolardan söz açaraq dedi: “Embarqolar eyni zamanda elə bir fürsətdir ki, onun sayəsində daxili mütəxəssislər əczaçılıq və mütərəqqi texnologiyalarla istehsal edilən dərmanlar sahəsində irəliyə doğru addımlamış və İran İslam Respublikası dərman istehsalında regionda birinci dövlətə çevrilmişdir”.

Xanım Dəstcerdi əlavə etdi ki, hal-hazırda ölkədə dərman istehsal edən 100 zavod mövcuddur ki, onlardan 14-ü bioloji şirkətlərlə bağlı olan zavodlardır. Səhiyyə, Dərman və Tibbi Təhsil naziri çıxışında ABŞ və Avropa dövlətlərinin inhisarında olan dərmanların istehsalı, bitki mənşəli və nano texnologiyaları ilə istehsal edilən və biotexnoloji dərmanların istehsalına sərmayə qoyulması məsələlərindən də bəhs etdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Şeyxülislami bu görüşdə əczaçılıq zavodlarında 800 adda məhsul və ilkin dərman maddəsi hazırlanmasına işarə edərək dedi: “Bu zavod ölkənin dərman məhsullarının 40 faizini təmin edir və onun məhsulları dünyanın 50-dən artıq ölkəsinə ixrac olunur”.

O, vurğuladı: “Cari ilin “Milli istehsal ili” elan olunması münasibətilə mütərəqqi texnologiyalarla xərçəng və MS xəstəliklərinin müalicəsi üçün istehsal edilmiş 7 adda dərman məhsulunun bazara çıxarılması qərara alınmışdır”.

Sənaye, Ticarət və Mədən naziri cənab Qəzənfəri də bu ilin “Milli istehsal, İran insanının əməyinə və sərmayəsinə dəstək ili” elan edilməsinə işarə edərək İran əmək və sərmayə sektorunu dəstəkləyərək dedi: “18 min yarımçıq layihənin tamamlanması, qabaqcıl layihələrə sərmayə qoyulması, ixracatın artırılması, əmək və məşğulluq atmosferinin dirçəlməsi, yeni və təkmilləşmiş texnologiyalara kapital qoyulması, gəlir göstəricilərinin yüksəldilməsi cari ildə bu nazirliyin proqramlarının bəhrəsidir”.

Sonra dərman məhsullarının istehsalı və paylanılması şirkətinin icraçı direktoru doktor Nəqdi bu şirkətdə müxtəlif dərmanların istehsalı və şirkətin gələcək planları, o cümlədən insulin üçün xam maddə hazırlanması barədə məlumat verdi.

İslam İnqilabının Rəhbəri həmçinin ölkənin dörd bir yanından gəlmiş nümunəvi fəhlə və zəhmətkeşlərin və sənaye müəssisələrinin nümayəndələrini, böyük İran xalqının əziz və vahid zəhmətkeşlərini Zəhmətkeşlər həftəsi münasibətilə təbrik etdi. Onlarla bu günkü görüşündən başlıca məqsədin İran zəhməti və zəhmətkeşlərinə öz təşəkkür və ehtiramını bildirmək olduğunu qeyd edərək və əlavə etdi: “Böyük İslam Peyğəmbərinin bir fəhlənin əllərindən öpməsi hamı üçün qiymətli bir dərs və islamda zəhmətə və zəhmətkeşə verilən yüksək dəyərin ibrətamiz bir örnəyidir”.

Ali Məqamlı Rəhbər əməyi, o cümlədən sözün geniş mənasında əl əməyi, cismani, zehni, elmi, idarəçilik sahəsindəki çəkilən zəhmətləri həyatın məhvəri, hər bir toplumun hərəkət və ardıcıl inkişafının başlıca amili hesab etdi. Sosialist və kapitalistlərin fəhlələrin əməyindən sui-istifadə etməsinə işarə edərək əlavə etdi: “İslam dini bu quruluşların əksinə olaraq zəhmətkeşə sadiqdir, möhkəm bir məntiqlə əməyi dəyər hesab edir və onu yüksək qiymətləndirir”.

Həzrət Ayətullah Xamenei islam məntiqinin və fəlsəfi cərəyanlarının zəhmətə, zəhmətkeşlərə aid fikirlərini mümkün olduğu qədər çox işıqlandırılmasının zəruriliyini qeyd etdi, sərmayə və işçi qüvvəsini ölkə sənayesini hərəkət və inkişaf etdirən qoşa qanad kimi səciyyələndirdi.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Gərək İranın ümumi işinə və sərmayəsinə ehtiramla yanaşaq ki, milli sənayemiz sözün həqiqi mənasında geniş imkanlara malik olsun”.

O, özünün son bir neçə ildə düşmənin iqtisadi məsələlərdə fitnəkarcasına təmərküzləşməsi barədəki ardıcıl xatırlatmalarına işarə edərək əlavə etdi: “Bu böyük fitnənin əlamətləri indiki dövrdə hər gün daha aydın şəkildə özünü büruzə verir. Lakin İran xalqı indiyə qədər güclü əzmlə yolunda duran bütün digər maneələri aradan qaldırdığı kimi, inşaallah, bu maneəni də yolundan qaldıracaqdır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, düşmənin iqtisadi fitnələrinə qalib gəlmək üçün zəhmətkeşlərin, sərmayədarların, dövlət və özəl sektorda çalışan müdirlərin səylərinin birləşdirilməsinə ehtiyac vardır.

Ali Məqamlı Rəhbər xatırlatdı: “Xalqın bütün təbəqələri daxili istehsal məhsullarını istifadə edərək düşmən qarşısında mübarizə əzmini nümayiş etdirməlidirlər”.

Həzrət Ayətullah Xamenei dövlətin milli istehsala önəm verməsinə işarə edərək vurğuladı: “Bu zəmində ölkənin iqtisadi stabilliyi və möhkəmlənməsi istiqamətində əsaslı işlərin görülməsində dayanmadan əməli, qanunvericilik, məhkəmə sahələrində səy göstərmək lazımdır”.

Ali Məqamlı Rəhbər iqtisadiyyatın sağlam cərəyanlarına qayğı göstərmək və dəstəkləmk, əmək, sənaye, sərmaye qoyulmasını üçlü hakimiyyət qüvvələrinin əsas vəzifələri hesab etdi. Səylərin genişləndirilməsində milli sənayenin gücləndirilməsi zəminində İran əməyi və İran sərmayəsini dəstəkləməyin əhəmiyyətini qeyd edərək əlavə etdi: ”Bacarıqların möhkəmləndirilməsi, iş qüvvəsinin gücləndirilməsi, müdiriyyətin düzgün nəzarəti və əmin-amanlıq hissinin bərqərar olması fəhlə və sərmayədarlar üçün əsas iş prinsipi olmalıdır”.

İslam İnqilabının Rəhbəri iqtisadi çatışmazlıqlarla düzgün mübarizə aparmağı milli istehsalın gücləndirilməsi üçün zəruri hesab edərək əlavə etdi: “Qaçaqmalçılıq və əmtəə sərmayələrindən, banklarda insanların əmanətlərindən suyi-istifadə edilməsi faktları da iqtisadi qüsurlardandır”.

Ali Məqamlı Rəhbər milli sərmayələrdən və xalqın əmanətlərindən sui-istifadə hallarının daha ətraflı şəkildə izah edərək əlavə etdi: “Müəyyən bir adla və xüsusi bir iş üçün banklardan yüksək məbləğdə subsidiyalar götürən, lakin bu subsidiyalardan başqa sahələrdə istifadə edən şəxslərin əməlləri qəti şəkildə xəyanət, xalqın cibinə girməkdir və belələrinə qarşı mübarizə etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei səylərinə və daxili sənaye sahəsindəki yüksək səviyyəli işlərinə görə zəhmətkeşlərə təşəkkür etdi. Sağlam rəqabət atmosferinin yaradılması, keyfiyyətin yüksəldilməsi, daxili istehsal mallarının maya dəyərinin aşağı salınmasını milli istehsalın möhkəmləndirilməsində gərəkli amillər olduğunu bildirdi və əlavə etdi: “Dövlət bu sahədə sənaye qurumlarına yardım göstərməlidir”.

İslam İnqilabının Rəhbəri iqtisadiyyata əsaslanan siyasət, daxili sənaye xərcləri sahəsində maarifləndirmə, maşınların, texniki avadanlıqların, məhsulların və idarəçiliyin yenilənməsinin milli istehsalın inkişafı üçün zəruri olduğunu qeyd etdi və çıxışının sonunda vurğuladı: “Üçlü hakimiyyət qüvvələri, müxtəlif dövlət strukturları, özəl sektor, cəmiyyətin maarifpərvər qüvvələri, “Səda və Sima” Dövlət Teleradio Şirkətinin təbliğatı - hamı və hər kəs milli istehsala xidmət etməlidir ki, İlahi fəzilət sayəsində xalqın qaniçən düşmənlərinə daha ağır zərbə vurulsun”.

 İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei həmçinin zəhmətkeşlər qarşısında çıxışından öncə, şəhid olmuş fəhlə ailələrinin bir qrupu ilə görüşdü və onlara diqqət və qayğı göstərdi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri görüşün sonunda daxili istehsal məhsulu olan dərmanlar, xüsusilə də qabaqçıl texnologiyalar əsasında hazırlanan əczaçılıq məhsulları və eksport üçün nəzərdə tutulan dərman preparatlarının nümayiş etdirildiyi sərgiyə baxış keçirdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /